Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-362/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Ballıqaya kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Tofaş Şahin” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətindən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Əliyev prospekti 280 ünvanında yerləşən “HM House" kafesinin qarşısında “X13” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin t-ci hissəsinin, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön sağ hissəsi ilə yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyada X7 vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. İ-İİ-İİİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin kontuziyası, sağ tərəfli ll-İİİ-İV-V, sol tərəfli İ- lll-İV qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasında cırılma, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqiarı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla Kamil Fətəliyevin ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, sonuncunun almış olduğu xəsarətlərlə əlaqədar baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi nəticəsində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Tofaş Şahin” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında etibarnamə ilə idarə edir. Avtomobil idarə etmək üçün B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 09:15 radələrində yaşadığı ünvandan çıxıb “Tofaş Şahin” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Məmmədli qəsəbəsi ilə Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində yük olmamış, sərnişin olaraq bir nəfər şəxs ön sağ oturacaqda əyləşmişdir. Həmin sərnişini də müştəri kimi Abşeron rayonu, Məmmədli qəsəbəsindən mindirmişdir. Belə ki, arabir xərclərini ödəmək üçün işə gedərkən taksi kimi yoldan müştərilər götürür. xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində “Tofaş Şahin” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən Abşeron rayonu, Məmmədli qəsəbəsi ilə Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində orta hərəkət zolağı ilə saatda 70-80 km sürətlə hərəkət etdirmişdir. Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “HM House” kafesinə çatmamış bir nəfər əvvəllər tanımadığı kişinin yolun hərəkət hissəsinə daxil olaraq soldan sağa doğru adi yerişlə yolun hərəkət hissəsini keçməsini görmüşdür. Həmin şəxs təxminən yolun yarısına kimə adi yerişlə keçdikdən sonra dayanmadan adi qaçışla yolun hərəkət hissəsini keçməyə davam etmişdir. Həmin kişini vurmamaq üçün əyləcdən istifadə edib sükanı sola doğru döndərmişdir. Lakin avtomobilini saxlaya bilməyib avtomobilinin ön sağ hissəsi ilə həmin kişini vurmuşdur. Sonra əks istiqamətli hərəkət hissəsinə keçərək avtomobilini əks istiqamətli hərəkət hissəsində yolun kənarında saxlamışdır. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonra bilmədiyi kimsə TTYS-na zəng etmişdir. Həmin müddətdə avtomobillə vurduğu kişiyə yaxınlaşmış və onun hadisə yerində rəhmətə getdiyini görmüşdür. Sonra kişinin meyitini Sabunçu Rayon MTE və PA Birliyinə aparmışlar. O isə hadisə yerində qalaraq polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. Zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə olunmuşdur. Ona qarşı şikayət və tələbləri yoxdur. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq məqsədilə fəhləliklə məşğul olur. X4 onun atasıdır. Mərhum atası da onunla eyni ünvanda yaşamışdır. Atası Abşeron rayonu Məmmədli kəndində yerləşən X1 fəhlə kimi işləmişdir. 05 avqust 2024-cü il tarixdə atası həmişə olduğu kimi işlədiyi müəssisədə olmuşdur. Həmin gün işdə olduğu zaman həyat yoldaşı onun mobil telefonuna zəng edərək atası Kamili işdə olduğu zaman avtomobil vurduğunu bildirmişdir. O, hadisə yerinə yaxın olduğundan dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda ona məlum olmuşdur ki, atası dünyasını dəyişmişdir. Sonradan ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində idarə etdiyi “Tofaş Şahin” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən Abşeron rayonu, Məmmədli qəsəbəsi ilə Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində saatda 70-80 km sürətlə hərəkətdə olarkən Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “HM House” kafesinə çatmamış yolu soldan sağa doğru keçən atası X7 vurmuş, atası aldığı ağır xəsarətlərdən hadisə yerində ölmüşdür. X3 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin və mərhumun avtomobillə vurulmasının şahidi olmamışdır. Həmçinin qeyd olunan hadisənin şahidlərinin kimlər olmasını bilmir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş maddi, mənəvi ziyan ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmağının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Əliyev pr 280 ünvanında yerləşən “HM House” kafesinin qarşısına baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 1/7035 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə müayinə olunan Təqsirləndirilən şəxs ayıq olmuşdur. Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2024-cü il tarixli 180 nömrəli rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. İ-İİ-İİİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. İkitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması). Ağciyərlərin kontuziyası. Sağ tərəfli ll-lll-İV-V, sol tərəfli l-lll-İV qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasında cırılma. Sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub K.R.Fətəliyevin ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X2 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş beyin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2719 nömrəli rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tofaş Şahın” markalı, 77G0951 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq otmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-198203/2024 saylı məktubundan görünür ki, DİN-nin Baş X16i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2006cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD 083013 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastıı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 14 mart 2025-ci il tarixli məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən təqdim olunmuş koordinat, yəni yol nəqliyyat hadisəsinin baş verdiyi yerin kordinatlarının Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun şikayətinin və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-362/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-362/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver