Məhkəmə qərarları › İş №1(008)-365/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-365/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-365/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin noyabr ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 347/t və 347a/t saylı bağ sahəsinə qanunsuz olaraq daxil olub oradan bir ədədinin dəyəri 5000 manat təşkil edən su avtomobili üçün nəzərdə tutulan tutumu 10 ton olan iki ədəd dəmir su çənini, bir ədəd 3000 manat dəyərində tutumu 3 ton olan kustar üsulla hazırlanmış dəmir su çənini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 13.000 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən sözü gedən bağ sahəsi əvvəllər onun rəhmətlik babası X1 məxsus olmuşdur. Onun məlumatı olmuşdur ki, həmin bağ sahəsində 02 ədəd 10 tonluq dəmir su çəni və 01 ədəd 3 tonluq su çəni vardır, bağ sahəsinin sahibi isə arada-bir bağ sahəsinə gəlib baş çəkir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün, anası onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün pula ehtiyacı olduğundan qərara almışdır ki, həmin bağ sahəsinə gedib həyətdə olan su çənlərini metal yığan şəxslərə satıb qazanc əldə etsin. Buna görə də o, 2024-cü ilin noyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə həmin bağ sahəsinin qarşısına gəlmiş, qapının üzərində olan asma qıfılı qırıb kənara atıb içəri daxil olmuşdur. Bağ sahəsinin dörd tərəfi mişar daşı ilə hasara alınmışdır. Həmin bağ sahəsində təxminən bir ıııetr yarım hündürlükdə mişar daşlarının üzərinə qoyulmuş avtomobilin üzərinə qoyulan 10 tonluq dəmir su çəni var idi. Həmin su çəninin alt hissəsi çürüyüb deşilmişdir. Bağın digər tərəfində isə yerdə daha bir ədəd avtomobilin üzərinə qoyulan 10 tonluq dəmir su çəni var idi. Yerdə olan 10 tonluq dəmir su çəninin ümumiyyətlə yerə qoyulan hissəsi çürüyüb məhv olmuşdur. Bundan başqa həyətdə 01 ədəd də 03 tonluq dəmir su çəni var idi. O, küçələrdə gəzib qara metal qırıntısı yığan tanımadığı şəxsləri həyətə gətirib su çənlərini satdığını bildirmişdir. Metal qırıntısı yığanlar gəlib çənlərə baxmışlar, çənlərə görə 350 manat pul verəcəklərini bildirmişlər. O, metal yığan şəxslər ilə razılaşmış, metal yığan şəxslər dəmir su çənlərini özləri ilə gətirdikləri qaynaq aparatı ilə doğramışlar, daha sonra gəldikləri “Qazel” markalı yük avtomobilinə yığıb qarşılığında ona 350 manat pul verib getmişlər. Bağ sahəsinin darvazasının üzərinə yazılan mobil nömrə onun nömrəsi olmamışdır. Çənləri satdığı adamın telefon nömrəsini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs adının İlqar olduğunu və bağın sahibi olduğunu bildirmişdir. O, İlqara demişdir ki, ‘‘Balaxanı qəsəbəsindəyəm, qəsəbədə Kamranın çayxanası var, həmin yerə gəlsin, görüşüb söhbət edək”. Həmin gün axşam saatlarında İlqar sözü gedən çayxanaya gəlmişdir. O, çayxanada İlqar ilə masa arxasında əyləşib onunla söhbət etmişdir. İlqar adlı şəxs ona demişdir ki, sözü gedən bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan 02 ədəd 10 tonluq su çəni, 01 ədəd 03 tonluq su çəni də ona məxsusdur, həmin əşyaları aparıb yerinə qoysun. O, isə özünə haqq qazandırmaq üçün İlqara demişdir ki, həmin torpaq sahəsi onun dədə-baba torpağıdır, ona görə də həmin su çənlərini bağ sahəsindən götürüb satmışdır. İlqardan bir az kənarda 3 nəfər mülki geyimli şəxs olmuşdur. Sonradan bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Onu məlum olmuşdur ki, İlqar ondan polisə şikayət etmişdir. O, sözü gedən bağ sahəsindən iki ədəd 10 tonluq dəmir su çənini və bir ədəd 3 tonluq dəmir su çənini metal qırıntısı yığan şəxslərə 350 manata satmışdır. Bağ sahəsində iki ədəd beton panel olmuşdur, həmin beton panellər bağ sahəsində torpağın altındadırlar. Sözü gedən bağ sahəsində olan iki ədəd 10 tonluq, bir ədəd 3 tonluq dəmir su çənlərini satmağa ona heç kim kömək etməyib, oğurluğu tək etmişdir. O, sözü gedən bağ sahəsində olan iki ədəd 10 tonluq, bir ədəd 3 tonluq dəmir su çənlərini oğurlayıb metal yığan şəxslərə satarkən ətrafda olan qonşulardan heç kim bağ sahəsinə gəlməmişdir. Əmisinin 2007-ci ildə zərərçəkmiş şəxsin bağından oğurluq etməsindən onun həmin vaxt 6 yaşı olduğu üçün məlumatı olmamışdır. Rəhmətlik əmisi Mübarizin ailəsi ilə münasibətləri yaxşı olmadığından bu barədə məlumatı ola bilməzdi. Əməlindən peşmandır. Anası onkoloji xəstə olduğundan müalicə üçün pula ehtiyacı olduğundan oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sabunçu rayonu Pirşağı qəsəbəsi 347/T ünvanında 20 sot torpaq sahəsindən ibarət bağ sahəsi vardır. Həmin bağ sahəsinin 10 sota bir sənədi, digər 10 sota isə bir sənədi var. Bağ sahəsinin ona məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin **********02 nömrəli və **********76 nömrəli çıxarışları var. Bağ sahəsi alındığı gündən 4 tərəfi mişar daşları ilə hasara alınıb. O, mütamadi olaraq həmin bağ sahəsinə gedib baxış keçirmişdir. Bağ sahəsinin darvazası dəmirdəndir. Bağ sahəsində uzun müddətdir ki, ona məxsus 2 ədəd 10 tonluq dəmir su çəni, 1 ədəd 3 tonluq dəmir su çəni və 2 ədəd beton panel vardır. xx.xx.2024-cü il tarixdə o, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən sözü gedən bağ sahəsinə gedəndə aşkar etmişdir ki, həyətin giriş qapısının kilidi sındırılmışdır. Həyətə daxil olan zaman 02 ədəd 10 tonluq dəmir su çəninin, 01 ədəd 3 tonluq dəmir su çəninin, 2 ədəd beton panelinin oğurlanmasını akar etmişdir. O, həyətin darvazasının üzərinə qeyd edilmiş mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrə zərərçəkmiş şəxsin nömrəsi olmamışdır. O, həmin nömrə ilə əlaqə saxlayaraq su çəni almaq istədiyini bildirdikdə həmin şəxs ona Vilayətin mobil nömrəsini vermişdir. O, Vilayətlə danışaraq torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. O, Vilayət adlı şəxsə demişdir ki, onunla görüşmək istəyir. Vilayət ona bildirmişdir ki, Balaxanı qəsəbəsində yerləşən Kamranın kafesi adlanan kafeyə gəlsin, söhbət etsinlər. Bundan sonra o, Sabunçu RPİ-nin 15-ci PB-nə yaxınlaşaraq bu barədə məlumat vermiş, şikayət ərizəsi yazmış, həmin gün axşam saatlarında o, 15-ci PB-nin polis əməkdaşları ilə birlikdə Vilayətin dediyi Kamranın kafesi adlanan kafeyə getmişdir. Orada Vilayət onu qarşılamış, onlar masa arxasında əyləşib söhbət etmişlər. O, Vilayətə demişdir ki, sözü gedən bağ sahəsi ona məxsusdur, bağ sahəsində olan 02 ədəd 10 tonluq su çəni, 01 ədəd 03 tonluq su çəni də ona məxsusdur, həmin əşyaları aparıb yerinə qoysun. Lakin Vilayət ona demişdir ki, həmin torpaq sahəsi onun dədə-baba torpağıdır, ona görə də çənləri oradan götürmüşdür. O, da Vilayətə bildirmişdir ki, onun bu hərəkətlərindən poilisə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb Vilayəti 15-ci polis bölməsinə dəvət etmişlər. Bağ sahəsindən bir ədədinin dəyəri 5000 manat olan iki ədəd 10 tonluq dəmir su çəni, 3000 dəyərində olan bir ədəd 3 tonluq dəmir su çəni, bir ədədinin dəyəri 200 manat olan iki ədəd beton paneli oğurlanıb. Ona 13.400 manat dəyərində maddi zyan dəymişdir. Təqsirləndirilən şəxs ona iki ədəd su çəni vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 347/T nömrəli bağ sahəsinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Zərərçəkmiş şəxs sənədlərinin surətinə baxış keçirilmiş, baxış zamanı həmin sənədlərin surətinin 25 vərəq olmaqla, bağ sahəsinə dair **********02 nömrəli və **********76 nömrəli çıxarışların surətindən, torpaq sahəsinin planı və ölçüsünün surətindən, bağlar sahəsinin məktublarının surətindən, 01 ədəd 10 tonluq su çəninin alınması barədə qəbzinin surətindən, bağ sahəsində tikinti işlərinin aparılması ilə bağlı tikinti materiallarının alınması ilə bağlı qaimələrin surətindən, bağ sahəsinin icarəyə götürülməsi barədə müqavilənin surətindən ibarətdir. - X3 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **********02 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 347a/t saylı bağ sahəsi Zərərçəkmiş şəxs adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - xx.xx.1990-cı il tarixli ödəniş fakturadan görünür ki, Qədirov.Q.M tərəfindən 10 tonluq su çəni əldə olunmuşdur. - axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-63/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və 04 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 aprel 2025-ci il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs oğlunun məhkumluğu barədə məlumat yoxdur. - ifadənin yerində yoxlanılması haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs ifadəsində qeyd edilənləri yerində göstərdi. Ona məxsus Pirşağı qəsəbəsində yerləşən bağ sahəsindən 03 ədəd dəmir su çənləri oğurlanmış, həmin bağ sahəsinin darvazası dəmirdəndir, bağ sahəsində br mərtəbəli yarımtikili vardır. Bundan başqa bağ sahəsində iki ədəd dəmir su çəninin olduğu müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin iki ədəd dəmir su çənini Təqsirləndirilən şəxs oğurladığı iki ədəd dəmir su çənlərinin əvəzinə bağ sahəsinə gətirmişdir. İfadənin yerində yoxlanması zamanı müəyyən olunmuşdur ki, oğurluq hadisəsi baş vermiş bağ sahəsi Bakı şəhəri, Pirşağı qəsəbəsi, 347/t və 347 a/t saylı bağ sahəsidir. Protokola əlavə edilməsi üçün fotoşəkillər çəkilmişdir. - vəsattin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasına dair Sabunçu RPİ-nin İŞ-müstəntiqi, polis mayoru Samir Ağayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qərar ona xx.xx.2025-ci il tarixdə elan edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir....” AR CM-nin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli qərarına əsasən “AR CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin düzgün həll edilməsi məqsədi ilə CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. AR CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ev dustaqlığında olduğu müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin” Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu olduğu 2 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 18 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 198 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar