Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-366/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CMnin 177.2.2, 177.2.3, 180.2.2, 333.2, 333.4, 335.1-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda digər cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ünvan 3 ünvanın qarşısında saxlanılan, Zərərçəkmiş şəxs məxsus «Hyundai Sonata» markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındıraraq salonundan 1275 manat məbləğində nağd pulu, bir ədəd 200 manat dəyərində «Texno» markalı mobil smartfonu, bir ədəd 35 manat dəyərində “Powerbank” tipli şarj cihazını, bir cüt 65 manat dəyərində simsiz qulaqcığı, bir ədəd 20 manat dəyərində təsbehi, bir ədəd 20 manat dəyərində “Vuse Go” markalı elektron qəlyanı gizli olaraq talayıb əmlak sahibi Zərərçəkmiş şəxs ümumilikdə 1615 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ünvan 3 ünvanında «Hyundai Sonata» markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini orada yerdən götürdüyü dəmir parçası ilə sındırıb sınmış pəncərədən bir ədəd “Vuse Go” markalı elektron qəlyanı və «Texno» markalı mobil smartfonu oğurlamışdır. O avtomobildən pul oğurlamamışdır. Oğurladığı əşyaları istintaq zamanı qaytarmışdır. Əməlindən peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, həqiqətən də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ünvan 3 ünvanının qarşısında dayanmış, sahibini əvvəlcədən tanımadığı «Hyundai Sonata» markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini orada yerdən götürdüyü dəmir parçası ilə sındırıb sınmış pəncərədən bədənini avtomobilin salonuna yarımçıq şəkildə salaraq salonundakı qoltuqaltından aşkar etdiyi bir ədəd tünd rəngli dəri portmanenin içərisindən müxtəlif pul əskinazları ilə ümumilikdə 1275 manat məbləğində nağd pulu və bir ədəd “Vuse Go” markalı elektron qəlyanı, avtomobilin sürət qutusu ötürücüsünün yanında olan bir ədəd displeyi və arxa göy rəngli qapağı çatlamış vəziyyətdə olan «Texno» markalı mobil smartfonu oğurlamışdır. Oğurladığı nağd pulu bir neçə gün ərzində xərcləyərək öz şəxsi ehtiyaclarına sərf etmiş, əsasən də yeyib-içməyinə xərcləmiş, oğurladığı digər əşyaları isə istifadə etmədən yaşadığı evdə özünə aid əşyalarının arasında gizlətmişdir, onları sonradan polis əməkdaşlarının təklifi ilə özü könüllü surətdə 13-cü Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Amma oğurluq etdiyi həmin avtomobilin sahibinin ərizəsində göstərilən bir ədəd telefon enerji blokunu o, oğurlamayıb. Hazırda törətdiyi əməldən peşmandır, söz verir ki, törətdiyi oğurluq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qısa müddət ərzində ödəyəcək. Törətdiyi oğurluq hadisəsində ona hər hansı bir şəxs məlumat verməklə, taladığı əmlakın satılmasını və ya gizlədilməsini vəd verməklə, onu həmin hadisə yerinə öz nəqliyyat vasitəsi ilə gətirib-aparmaqla, yaxud hər hansı bir digər üsulla köməklik göstərməyib, o, həmin oğurluğu tək törətmiş, heç kimin köməkliyindən istifadə etməmişdir. O, həmin avtomobildə nağd pulun olmasını qabaqcadan bilmirmiş, orada dayanan digər avtomobillərə nisbətən «Hyundai Sonata» markalı ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil daha gözəgəlimli və bahalı, dayandığı yer oğurluq üçün daha əlverişli olduğundan, həm də ki, avtomobilin salonuna kənardan baxdıqda həmin avtomobilin salonunda mobil smartfonun olduğunu gördüyündən, o, məhz həmin avtomobilin şüşəsini sındırmış, nağd pulun olması isə təsadüfdən rastına çıxmışdır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçi deyil, heç bir şikayəti və tələbi yoxdur, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi həyət evində yaşayır. Salonundan oğurluq baş vermiş «Hyundai Sonata» markalı göy rəngli ** MK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, 2019-cu ildən özü idarə edir, axşamlar həmin avtomobilini yaşadığı evin qarşısında, küçədə saxlayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmişəki kimi işdən evə gələrək avtomobilini evinin qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində evdən çıxıb avtomobilinə əyləşdikdə aşkar etmişdir ki, avtomobilinin qabaq sağ qapısının pəncərəsinin şüşəsi sındırılıb, salonundakı əşyaları dağınıq vəziyyətdədir. Avtomobilin salonundakı əşyalarını çeşidlədikdə müəyyən etmişdir ki, avtomobilinin qabaq panelinə keçirilmiş vəziyyətdə saxladığı özünə məxsus bir ədəd 200 manat dəyərində göy rəngli “Tecno” markalı, üzərində sim-kartı olmayan mobil smartfon cihazı, sürət qutusunun ötürücüsünün yanında olan bir ədəd 35 manat dəyərində “Powerbank” tipli şarj cihazı, qabaq oturacaqların arasında yerləşən qoltuqaltının içərisində saxladığı 1275 manat məbləğində nağd pulu, mobil smartfon üçün istifadə olunan bir ədəd 65 manat dəyərində simsiz qulaqcığı, bir ədəd 20 manat dəyərində qara rəngli təsbehi, bir ədəd 20 manat dəyərində “Vuse Go” markalı elektron qəlyanı oğurlanıblar. Baş vermiş oğurluq hadisəsi barədə anası Nazilə zəng vurub Azərbaycan Respublikası DİN-in “102” Xidmətinə məlumat vermişdir. Məlumatları əsasında ərazi aidiyyəti üzrə hadisə yerinə 13-cü Polis Şöbəsinin əməkdaşları gəlmişlər, hadisə yerinin müayinəsini keçirmişlər, hadisə ilə bağlı ərizə və izahatını almışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1615 manat məbləğində maddi ziyan dəymişdir. İlkin ərizə və izahatını yazarkən o, hələ avtomobilində olan əşyalarının çeşidini tam yadına salaraq dəqiq siyahısını çıxarmadığı üçün oğurlanan əşyalarını təxmini sadalamışdır, lakin sonradan avtomobilinin salonuna tam dəqiq baxdıqdan sonra müəyyən etmişdir ki, hazırda sadaladığı əlavə əşyaları da oğurlanmışdır. O ki, qaldı ilkin ərizə və izahatında göstərdiyi şəxsiyyət vəsiqəsinə və sənədlərinə, o, şəxsiyyət vəsiqəsini və avtomobilinin sənədlərini həmişə sükan tərəfdən olan qoruyucu günlüyün arasında saxlayır, hadisə zamanı həmin qoruyucu günlüyün də açılmış vəziyyətdə olduğunu görüb və sənədlərini arasında aşkar etməyib elə zənn etmişdir ki, hadisə zamanı həmin sənədləri də oğurlanmışlar, lakin sonradan artıq ərizə və izahatını yazdıqdan sonra avtomobilinin sınmış şüşəsini dəyişdirmək üçün ustaya apardıqda müəyyən etmişdir ki, sənədləri oturacağının altına düşmüşdür(i.v.21-23). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanının qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v.08-09); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 180.2.2, 333.2, 333.4, 335.1-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 06 ay 29 gün hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2024cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır(i.v.36-37); Sabunçu RPİ-nin 13-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq maddi sübutlarla birlikdə 13-cü PB-nə təhvil verilmişdir(i.v.38,40); Əşyanın təqdim edilməsi haqqında 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 01 ədəd “Tecno” markalı mobil smartfon cihazı, bir ədəd təsbeh, bir ədəd “Vuse Go” markalı elektron qəlyanı təqdim etmiş, bu barədə saat 10:30-da protokol tərtib edilmişdir(i.v.41); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmi tarixdə saat 11:00-da CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir(i.v.59-60); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardam görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.73-74); Maddi sübut kimi tanınma haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Tecno” markalı mobil smartfon cihazı, bir ədəd təsbeh, bir ədəd “Vuse Go” markalı elektron qəlyanı maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs tanınma üçün təqdim edilməsi və tanıdığı təqdirdə saxlanması üçün ona verilməsi qərara alınmışdır(i.v.76); Əşyaların tanınmaya təqdim edilməsi və sahibinə qaytarılması haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “Tecno” markalı mobil smartfon cihazı, bir ədəd təsbeh, bir ədəd “Vuse Go” markalı elektron qəlyanını ona məxsus olduğunu təsdiq etmiş, həmin əşyalar zərərçəkmiş şəxsə saxlanması üçün təhvil verilmiş, fotoşəkil çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.77); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-163/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəli 22 mart 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs avtomobildən pulun götürülməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü oğurluq hadisəsində tam təqsirli bilərək digər əşyalarala yanaşı 1275 manat pulu da götürdüyünü etiraf etmiş, bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində həmin avtomobildən bir ədəd “Vuse Go” markalı elektron qəlyanı və «Texno» markalı mobil smartfonu oğurladığını, başqa heç nə oğurlamadığını göstərsə də, əşyanın təqdim edilməsi, təqdim edilmiş əşyaların tanınmaya təqdim edilməsi haqqında yuxarıda qeyd edilən protokollardan görünür ki, o, bir ədəd “Vuse Go” markalı elektron qəlyan və «Texno» markalı mobil smartfonla yanaşı zərərçəkmiş şəxsə məxsus olan təsbehidə istintaq orqanına təqdim etmişdir. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə üçün göstərilən məzmunda ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsi, zərərçəkmiş şəxslə barışaraq ondan şikayət və tələbinin olmaması CM-nin 59.1.12 və 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməllərini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, o, məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən, hazırda eyni xarakterli oğurluq əməllərinə görə həbsdə saxlanıldığından ona azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 06 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən həbsdə saxlanması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, maddi sübutların zərərçəkmiş şəxsə saxlanılması üçün verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 04(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-163/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən həbsdə saxlanması nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutların zərərçəkmiş şəxsə saxlanması üçün verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-366/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-366/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver