Məhkəmə qərarları › İş №1(008)-368/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-368/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-368/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Useynova Kəmalə Vaqif qızının iştirakı ilə xx xxxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikasında doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küç., ev 02/20, mənzil 36-da qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ramazanov Rakif Qeybəli oğlu tamah niyyəti ilə xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində təsadüfən rast gəldiyi əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Vaqif qızının əmlakını ələ keçirmək məqsədi ilə onu yaşadığı R.Axundov küç., 5 saylı binanın blokun birinci mərtəbəsinə qədər təqib edərək, Zərərçəkmiş şəxs binanın liftinə minib, lakin Təqsirləndirilən şəxsda liftə minməsini zənn edib onunla birlikdə getməməsi üçün liftən çıxmaq istəyəndə Təqsirləndirilən şəxs onun çıxmasına mane olaraq boynundakı boyunbağının üzərində olan «kəpənək» formalı 200 manat qiymətində qızıl klonu dartıb boyunbağıdan çıxarıb ələ keçirmiş, bununla kifayətlənməyib onun müqavimət göstərdiyindən onun boyunundan, çənəsindən tutub sıxmış, saçlarından dartmaqla yerə yıxıb sol qulağındakı 75 manat qiymətində bir ədəd nal formasında qızıl sırğanı dartıb çıxararaq zərərçəkmiş K.Q.Useynovaya ənsə, sol qulaq, boyun və sol kürək nahiyələrinin qançırları, alt çənə və sol çənə şaxəsi nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirib həyat və sağalmlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin K.Q.Useynovanın əmlakını açıq talayıb ona 275 manat ziyan vuraraq soyğunçuluq edib hadisə yerindən qaçmışdır. Bundan başqa R.Q.Qeybəliyev narkotik vasitədən asıllığını təmin etmək niyyəti ilə xx xxxx 2020-ci il tarixdə, Bakı şəh., Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 40 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0.631 qram heroin əldə etmiş, cibində saxlamaqla Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə daşımış, həmin gün saat 17:00 radələrində Sabunçu RPİ-in 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsində saxlanılaraq, Polis Bölməsinə gətirilmiş və şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli, göy damalı qısaqol köynəyin döş cibindən bir ədəd şəffaf polietilendə 0.631 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Qeybəli oğlu ona Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 14:00- 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsində olan «Oba» marketdən 750 ml-lik araq alıb coca-cola ilə içdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Evdə ərzaq olmamasını, evə ərzaq alıb gətirə bilməməsini və evdəkilərə yük olduğunu düşünmüşdür. Bir qadının boynundan və qulağından sırğanı dartıb aparmağı, satıb evə ərzaq, lazım olan əşya almaq qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişdir. Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə hərəkət edərək üzərində qızılzinyət əşyası olan qadın axtarmağa başlamışdır. Həmin günü saat 20:00 radələrində Bakı şəh., Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi ilə orta yaşlı boynunda nazik qızıl boyunbağı olan qadın görmüşdür. Həmin qadının arxası ilə gedib, yaşayış binasının blokuna girən zaman həmin qadının boynunda olan qızıl boyunbağını boynudan dartıb qırıb aparmaq istəmişdir. Bu məqsədlə həmin qadının arxasınca getməyə başlamışdır. Qadın R.Qənbərov küçəsində olan «Al» marketə girdiyindən onu gözləməyə başlamışdır. 5-10 dəqiqədən sonra qadın marketdən çıxmış, R.Qənbərov küçəsindən R.Axundov küçəsinə keçmişdir. Həmin qadının arxası ilə getməyə davam etmişdir. Qadın Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sürücülük» məktəbi ilə üzbə-üz doqquz mərtəbəli bir bloklu binanın blokuna girib liftin düyməsini basmışdır. Lift açılan kimi qadın liftə girmiş və üzünü liftin qapısına tərəf çevirmişdir. Bu zaman o tez əli ilə qadının boynunda olan qızıl boyunbağıdan tutmuş, lakin boyunbağı nazik olduğu üçün qırılmışdır. Qadın əlini sinəsinə atmış, eyni zamanda əlində olan torba ilə onu vurub söymüşdür. Qadının qışqırmasına məhəllədən iki cavan oğlanın gəldiyini görüb tez qaçmışdır. Boyunbağı liftin içinə düşmüşdür. xx xxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində heroin almaq üçün Bakı şəh., Suraxanı rayonu, Qara Çuxur qəsəbəsinə getmiş və orda tanımadığı şəxsdən 40 manata bir büküm narkotik vasitə olan heroin alıb həmin bükümü əynində olan qısaqol köynəyinin döş cibinə qoymuş, Bakıxanov qəsəbəsinə gəlmişdir. Həmin gün saat 17:00 radələrində Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Sabunçu RPİ-in 13-cü Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ondan kimliyini soruşanda özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onu 13-cü Polis Bölməsinə dəvət etmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etmək təklif olunanda, o əynində olan ağ rəngli göy damalı qısaqol köynəyin döş cibindən bir ədəd şəffaf sellofana bükülünü təqdim edib bükümün içində narkotik vasitə olan heroin olmasını, istifadə etmək üçün Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində qızı Ləman evdə, əri Rüfət isə işdə olmuşdur. Çörək lazım olduğu üçün məhəllədə olan mağazadan çörək və başqa ərzaq almaqdan ötrü qızı Ləmanı evdə tək qoyub getmişdir. R.Axundov küçəsində olan «Oba» marketə girmiş, ağ çörək və şor almış, lakin qara çörək olmadığı üçün aldığı çörəyi və şoru götürməyib, başqa mağazadan qara çörək almağa getmişdir. «Oba» marketdən çıxıb R.Qənbərov küçəsində olan ərzaq mağazasından qara çörək alıb, «Oba» marketə qayıdıb ağ çörək və şoru götürüb evinə tərəf getməyə başlamışdır. Evin birinci mərtəbəsində əvvəl liftə daxil olmuş, lakin tanımadığı şəxs də liftə girmək istəyəndə onunla bir liftdə getməmək üçün liftdən çıxmaq istəmişdir. Həmin şəxs liftdən çıxmasına mane olanda, onu itələmək istəyəndə həmin şəxs boyunbağının aşağı hissəsindən kulon olan hissəsindən yapışıb dartmışdır. Boyubağının kulon bağlandığı qıfıl hissəsi zədələndiyindən açılmış və kulon çıxaraq onda qalmış boyunbağı isə sinəsinə düşmüşdür. Liftən çıxmağa nail olub qışqırmağa başlayanda, hücum edən boynundan və saçından tutub onu yerə yıxmış, silkələməyə başlamışdır. Yerə yıxılanda isə sırğanın bir tayını dartıb çıxartmışdır. Sırğanında qıfılı açıldığından qulağından çıxmış və qulağından xəsarət almışdır. Sol qulağında olan xəsarət sırğanı qulağından dartanda, ənsə nahiyəsindəki xəsarət saçını tutub darması nəticəsində, boynundakı və çənədəki xəsarətlər boynunu çənəsini tutub sıxmasından, boyunbağının dartılmasından, kürək nahiyəsinin qançırları isə yerə yıxılanda yaranmışlar. Hal-hazırda şikayətçidir. Təqsiləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Rakif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və soyğunçuluq cinayəti törətməsinə dair məlumat almışdır. Rakif adlı şəxsin müəyyən olunması və məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat-axtarış tədbirləri planı hazırlanmışdır. Əməliyyat qrupuna əməliyyat müvəkkili Şahid3 daxil edilmişdir. İlk növbədə Rakif adlı şəxsin Təqsirləndirilən şəxs olması əməliyyat yolu ilə müəyyən edilmişdir. Bundan sonra onun saxlanılması üçün əraziyə çıxmışlar. Təqsirləndirilən şəxs mütəmadi olaraq H.Balakişiyev küçəsində olmasına dair məlumat alıb, həmin küçəyə getmişlər. Məlumatda bildirilən xarici görkəmi oxşayan bir nəfər şəxsi görüb yaxınlaşıb özlərini təqdim edib, saxladıqları şəxsə özünü təqdim etməyi təklif etmişlər. O özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumatla əlaqədar 13-cü Polis Bölməsinə getməli oldğunu bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis bölməsinə gətiriləndən sonra onun saxlanması barədə raportla bölmə rəhbərliyinə məlumat verilmişdir. Araşdırmanın aparılması 13-cü Polis Bölməsinin təhqiqatçısına tapşırılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı İ.Məmmədov xidməti otağında Təqsirləndirilən şəxs bir daha narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən gətirildiyini, bununla əlaqədar şəxsi axtarışa məruz qalacağını elan etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış hər hansı predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs köynəyinin döş cibindən bir ədəd polietilendən xırda bağlama çaxardıb masanın üzərinə qoymuş, həmin bağlamada narkotik vasitə heroin olmasını, heroini özünün istifadəsi üçün tanımadığı şəxsdən 40 manata almasını söyləmişdir. Bağlama açılanda içərisində narkotik vasitə heroinə oxşar maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxsla söhbət edərkən və başqa hansı cinayətləri törətməsi soruşularkən o könüllü olaraq bir gün əvvəl Bakıxanov qəsəbəsində, R.Axundov küçəsində yerləşən binanın birinci mərtəbəsində bir qadının boynundan qızıl boyunbağını dartıb aparmaq istədiyini, qadın qışqırdığı üçün qonşuların gəlməsini görüb boyunbağını götürə bilməyib qaçdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev X2 Nadir Müslüm oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Dövran oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində evə getmək üçün R.Axundov küçəsi ilə 9 mərtəbəli yaşayış binasının həyətindən keçərkən binanın blokunda qadın qışqırıq səsləri eşitmişdir. Bloka daxil olanda bir nəfərin blokdan qaçmasını, liftin qarşısında ağlamış və qorxmuş vəziyyətdə qadının yerdə oturmuş vəziyyətdə olmasını görmüşdür. Həmin qadın boyunbağının sırğasının talanmasını bildirmişdir. Onun qışqırığına tanımadığı qonşuları gəlmiş qadını sakitləşdirməyə başlamışlar. O telefonunu təqdim edib polisə məlumat verməyi təklif etmişdir. Qonşulardan biri onun telefonu ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat vermiş, bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o evinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1069 saylı, 13 iyun 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs Qeybəli oğlunun üzərindən aşkar olunmuş…..» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.531 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 0.631 qram, qalıq 0.05 qramdır, qalıq 0.581 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X1 2396 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Ramazanov Rakif Qeybəli oğlunda tiryək alkoloidlərini tərkibindən saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 886 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, vət.Üseynova Kəmalə Vaqif qızında ənsə, sol qulaq, boyun və sol kürək nahiyyələrinin qançırları, alt çənə və sol çənə şaxəsi nahiyyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 11 iyun 2020-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)392/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət qanunvericiliyinin tələblərinə görə Təqsirləndirilən şəxs Qeybəli oğlunun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yenicinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Qeybəli oğlunun Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu məhkəmə iclasında dindirilmiş və elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qeybəli oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8,41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs Qeybəli oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qeybəli oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, xx xxxx 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götrülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarətlər hərəkətlər başa düşülür. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının qanunsuzdövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməyə görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan 12 iyun 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qeybəli oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur(səh.,42). Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Qeybəli oğlu 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona ittiham elan edilmişdir (səh., 85). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)346/2020 saylı, 13 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qeybəli oğlu barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay, 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,104). Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların təhlil və müqayisə edilməsi qiymətləndirilməsi, əməlin tösvif olunması və cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Qeybəli oğlunun əməli Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrindən Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-cü maddələrinə tövsif edilməklə, ona yenidən ittiham elan edilmişdir (səh.,144). Təqsirləndirilən şəxs Qeybəli oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə, Ramazanov Rakif Qeybəli oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı, onun barəsində həbs qətimkan tədbiri seçildiyi «12» iyun 2020-ci il tarixdən hesablanmalıdır. Ramazanov Rakif Qeybəli oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.581 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalı, bir ədəd boyunbağının zərərçəkmiş şəxs Üseynova Kəmalə Vaqif qızına qaytarılması nəzərə alınmalıdır. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qeybəli oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0 ********* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Ramazanov X5 Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Qeybəli oğluna Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən 04 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Ramazanov Rakif Qeybəli oğlunun üzərində 05 (beş) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Qeybəli oğlu cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «12» iyun 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.581 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın, bir ədəd boyunbağının zərərçəkmiş şəxs Üseynova Kəmalə Vaqif qızına qaytarılması nəzərə alınsın. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Qeybəli oğlundan tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********0 ********* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Ramazanov Rakif Qeybəli oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar