Məhkəmə qərarları › İş №1(008)-369/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-369/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-369/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırki cinayət iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,990 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİnin 42-ci PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə, saat 14:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlarında “Karyer yolu” adlanan ərazidə saxlanılıb 42-ci PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,990 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildən artıqdır ki, narkotik vasitə heroin istifadə edir, narkotik vasitələri tanımadığı, adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün almış, satışı ilə məşğul olmamışdır. “İnstaqram” sosial şəbəkəsində tanış olduğu, adını və anket məlumatlarını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə “Vhatsap” proqramı vasitəsi ilə +98 902 *** **** saylı nömrə ilə əlaqə saxlayıb razılığa gəlmişdirlər ki, əgər o həmin şəxsin bank kart hesabına pul göndərsə həmin şəxs ona heroin sata bilər. Beləliklə də İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin şəkilini göndərdiyi "xxxx"ASC-yə məxsus **********965564 saylı kart hesabına 150 manat pul göndərdikdən sonra, həmin şəxs ona Bakı şəhəri “Vişnovka” adlanan ərazisində siqaret qutusunun içərisində 10 qram heroin qoyulduğunu, gedib oradan götürə biləcəyini deyib hazırda dəqiq xatırlamadığı ünvanı bildirmişdir. Qeyd olunan ünvana gedib oradan narkotik vasitəni götürüb şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Həmin narkotik vasitədən bir qismini özü istifadə etmişdir. 06 sentyabr 2022-ci il tarixdə saat 14:25 radələrində Sabunçu rayonu Nardaran qəsəbəsi, Ləhic bağlarında küçədə olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlayıb daşıması barədə məlumat əldə etdiklərini, məlumatın yoxlanılması məqsədi ilə onu Sabunçu RPİ-in 42-ci PB-yə dəvət etmişdirlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə bölməyə getmiş, orada xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona bölməyə gətirilməsinin səbəbi, dövlət hesabına vəkil dəvət ediləcəyi izah edilmişdir. Bundan sonra öz istəyi ilə vəkil seçməkdən ötrü vəkillərin siyahısı ona təqdim edilmişdir. Siyahını nəzərdən keçirmiş və onun istəyi ilə təhqiqatçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gələcəkdə hüquqlarının müdafiə edəcəyini, etibar və inamı itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, heroini İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsdən aldığını etiraf etmişdir. Daha sonra İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə əlaqə saxladığı, tanışı Şahid3 məxsus «Xiomi Redmi» markalı 01 ədəd mobil telefonu da təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş, götürülməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, o və iştirakçılar protokolun doğruluğunu imzalar ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz olaraq narkotik vasitə əldə etmələri, üzərlərində saxlamaları və daşımaları barədə əldə olunmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs və Şahid3 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata kçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 42-ci PB-nin rəisinə məruzə olunmuş, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq, bölmə rəisi Emil Cavadov tərəfindən qərar təsdiq edilmiş, ondan və 42-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrdən istifadə etmələri və şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımaları barədə əvvəlcədən məlumatları olduğu üçün və müvafiq olaraq tərəflərindən həmin şəxslərin üzərində əməliyyat tədbiri keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı İsa Süleymanova bu barədə məlumat verilmişdir ki, əməliyyat nəticəsində bölməyə şəxs gətirilə bilər. O, da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmiş, tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində bölməyə gətirilmiş Təqsirləndirilən şəxs və Şahid3 müdafiəçi ilə təmin edilmişdirlər. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Şahid1lə birlikdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağları «Karyer yolu» adlanan ərazidə tərəflərindən saxlanılmışdırlar. Özlərini təqdim etdikdən sonra onlara birlikdə 42-ci PB-yə getməyi təklif edib, polis bölməsinə getmələrinin səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid3 etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdirlər. Təqsirləndirilən şəxs və Şahid3 saxlanılıb polis bölməsinə aparılıb təhvil verilmələri ilə bağlı tərəflərindən raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ilə Şahid3 barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması 42-ci PB-nin təhqiqatçısı İsa Süleymanova həvalə edilmişdir. Polis Bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına hər birinə ayrı- ayrılıqda vəkillər dəvət olunaraq, Şahid3 və Təqsirləndirilən şəxs təqdim edilmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, Kamranın razılığı əsasında vəkilin iştirakı olmadan onun və Şahid1 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olsmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd «Xiomi» markalı mobil telefonu çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini “instaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim etmiş şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, həmin şəxslə “Vhatsap” proqramı vasitəsi ilə +98 902 *** **** saylı nömrə ilə əlaqə saxladığını, həmin şəxsin **********965564 saylı "xxxx" hesabına 150 manat pul göndərdikdən sonra, həmin şəxs heroini “Vişnovka” adlanan ərazidə qoyduğunu deyib ona həmin ünvanı bildirdiyini, bundan sonra gedib oradan götürdüyünü, bir qismini tanışı Şahid3 ilə birlikdə istifadə etdiklərini, bir qismini Vüsaləyə istifadə etmək üçün əvəzsiz, təmənnasız olaraq verdiyini, bir qismini isə sonradan özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları “Karyer yolu” adlanan ərazidə küçədə dayanarkən, həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib onu 42-ci PB-nə dəvət etmişlər. Onların müşayiəti ilə polis bölməsinə gəlmiş, 42-ci PB-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazı olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki yaşıl rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs əldə etmiş, Kamran da həmin narkotik vasitəni tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsdən onlayn formada əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Kamrandan xahiş edib götürmüş, əvəzində Kamrana heç nə verməmişdir. Kamran onun danışdığı oğlan olduğundan həmin narkotik vasitəni ona əvəzsiz olaraq vermişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olsmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd «Xiomi» markalı mobil telefonu çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini “instaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim etmiş şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını, həmin şəxslə “Vhatsap” proqramı vasitəsi ilə +98 902 *** **** saylı nömrə ilə əlaqə saxladığını, həmin şəxsin **********965564 saylı "xxxx" hesabına 150 manat pul göndərdikdən sonra, həmin şəxs heroini “Vişnovka” adlanan ərazidə qoyduğunu deyib ona həmin ünvanı bildirdiyini, bundan sonra gedib oradan götürdüyünü bir qismini tanışı Şahid3 ilə birlikdə istifadə etdiklərini, bir qismini Vüsaləyə istifadə etmək üçün əvəzsiz, təmənassız olaraq verdiyini, bir qismini isə sonradan özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i.v. 30-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 6/4825 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,990 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.44-48). “Telefona baxış keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan “Xiomi Mİ 9SE” markalı, “M1903F2G” modelli mobil telefonun yaddaşında olan qovluqlara baxış keçirildikdə “Qalereya” qovluğunda **********965564 rəqəmləri həkk edilmiş bank kartının fotoşəklinin olması müəyyən edilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat (foto, video, SMS mesajlar və.s) aşkar edilməmişdir (i.v.75). Məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 5345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (i.v.132-133). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 2812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, cinayəti törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli və hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (i.v.134-136). 22 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş “Xiomi Mİ 9SE” markalı, “M1903F2G” modelli mobil telefon təqsirləndirilən şəxsə qaytarılmışdır (i.v.139). “Sübutların qiymətləndiriməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,990 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, eskpertiza tədqiqatınan sonra qalan 1,920 qram heroin saxlanması üçün Sabunçu RPİ-ninsaxlancına təhvil verilmiş, şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.182-191). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 14:30-dan tutulmuş hesab edilmişdir (i.v.19). “Şübhəli şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.52). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmişdir (i.v.94-96). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.97-98). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.101). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 4(003)-12/2023 saylı qərarından görünür ki, AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 4(003)-12/2023 saylı qərarına əsasən həbsdə olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 06 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 4(003)-12/2023 saylı qərarına əsasən onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,940 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 184 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar