Məhkəmə qərarları › İş №1(008)-37/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-37/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-37/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 İnzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi-0.265 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 19 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində saxladığı təmiz çəkisi-0.265 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,18 yanvar 2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov stansiyası yaxınlığında üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 10 manata istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroin almışdır. Həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə üzərində sonra istifadə etmək üçün saxlamışdır. 19 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi ilə piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİin 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. PŞ-də üzərinə video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Bundan sonra polis əməkdaşı ona üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açılqdıqa içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşan da, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəisndə göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik, psixotrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 19 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin sahə inispektoru, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altmda olması, eləcə də üzərində narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, həmin şəxsi işlədikləri Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs də etiraz etməmiş və bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə kakos olduğunu deyərək, Bakıxanov qəsəbəsində yerləşən Bakıxanov stansiyası deyilən yerdən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/360 saylı, 20 yanvar 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.265 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz şəkisi 0.265 qram, sərf edildi 0.05 qram, qalıq 0.215qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 X4 Tibbi Yoxlamanın 1389 saylı, 18 mart 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 fevral 2022-cı il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinib 1.000 manat cərimə cəzasına məhkum edilmişdir. 01 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 aprel 2022-ci il tarixdən hesablanmaqla, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair» 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 11:00 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,17). Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,56). Dindirmə protokolu 21 yanvar 2022-ci il tarixdə saat 09:10-da başlanmış, saa 09:50 qurtarmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,80). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 21 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,83). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)37/2023 saylı, 20 aprel 2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 24 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə Sabunçu RPİ-in CAŞ-in əməkdaşları tərəfindən tutularaq 23 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun məhkum olunmasını, ona analoji cinayətə görə azadlıqdan məhrum etmə növundə ilə bağlı cəza təyin olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» may 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.215 qram heroin məhv edilməli, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1(008)607/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş cəza qəti cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs üzərində «01»(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq dövründə saxlandığı 19 yanvar 2022ci il tarixdən 21 yanvar 2022-ci il tarixə kimi 02 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkmə müddətinə hesablanmış müddət nəzərə alınsın, həmin müddət təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.215 qram heroin məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar