Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-372/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Lerik rayonu Monidigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu Monidigah kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi nömrəsiz evdə yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2019-cu ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs özünü keçmiş polis əməkdaşı kimi təqdim edərək çoxsaylı tanışlarının olduğunu bildirib sonuncunun oğlu Qərib Məmmədovu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə işə düzəldəcəyini vəd verməklə aldadaraq ünvan 1 ünvanında 2500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 2500 manat məbləğində maddi zərər vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda göstərilənləri qəbul edir, Zərərçəkmiş şəxs göstərilən məqsədlə pul almış, dəymiş ziyanı tam olaraq ona qaytarmışdır, əməlindən peşmandır, xahiş edir ki, müddətin keçməsi əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda ünvan 1 ünvanında yaşayır. “Azəriqaz” İstehsalat Birliyində növbə rəisi vəzifəsində işləyir. Şahid1 onun övladıdır, sonuncu Ukrayna Respublikasında ali təhsil almışdır, lakin uzun müddət imiş ki, işə düzələ bilmirmiş. Telmira adlı xanımı uzun müddətdir ki, tanıyır, sonuncu ilə qonşuluqda yaşayır. Aralarında da həmişə yaxşı münasibətləri olmuşdur. Yaşadığı mənzil birinci mərtəbədə yerləşir. Həmin mənzilin arxasında bir ədəd otaq tikilmişdir. Həmin otağı da o kirayəyə verirmiş. Dəqiq bilmir, təxminən 2019-cu ilin yay aylarında Telmira ona bildirmişdir ki, Rizvan adlı tanışının adını xatırlamadığı qohumu dəqiq xatırlamadığı rayondan Bakı şəhərinə qonaq gəlmiş, və xahiş etmişdir ki, həmin şəxs onun mənzilində günlük kirayədə qalsın. O da etiraz etməmiş, bundan sonra Rizvanın qohumu olan şəxs onun mənzilində günlük kirayədə yaşamışdır. Bu zəmində də Rizvanla tanış olmuşlar və münasibətləri yaranmışdır. Rizvanla söhbət zamanı da sonuncu bildirmişdir ki, əvvəllər polis əməkaşı olmuşdur və onun müxtəlif yerlərdə işləyən çoxlu tanışları vardır. Övladı Şahid1 heç bir yerdə iş düzəldə bilmədiyindən 2019-cu ilin noyabr ayında o, Rizvanla əlaqə saxlayıb sonuncunu yaşadığı ünvana dəvət etmişdir. Həmin vaxt Rizvana övladı Şahid1 heç bir yerə işə düzəldə bilmədiyini, əvvəllər polis əməkdaşı olması ilə bağlı tanışlarının çox olmasını demiş, həmin tanışları vasitəsi ilə övladı Şahid1 işə düzəltməyə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt da Rizvan ona demişdir ki, övladı Qəribi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə işə düzəldə bilər, bunun üçün də ondan 2500 manat pul istəmişdir. Rizvan ona demişdir ki, pul hazır olanda əlaqə saxlasın və yaşadığı ünvana gələrək pulu ondan alacaqdır. Həmin gün də Rizvan onun övladı Qəribi özü ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə aparacaqdır. O, Rizvanın danışığına inanmış, və sonuncu ilə razılaşmışdır. Rizvanla aralarında olan bu söhbətdən iki-üç gün sonra o, Rizvana zəng edib pulun hazır olduğunu bildirmiş, sonuncu da ona demişdir ki, səhərisi gün tezdən yaşadığı ünvana gələcəkdir. Səhərisi gün, yəni, 2019-cu ilin noyabr ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə saat təxminən 10 radələrində Rizvan ona zəng edərək yaşadığı ünvana gəldiyini söyləmiş və zəng etdikdən təxminən yarım saat sonra onun yaşadığı ünvan 1 ünvanına gəlmişdir. O, həmin vaxt övladı Qəribin yanında Rizvana 2500 manat pulu vermiş, sonuncu da demişdir ki, övladı Qəribi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə işə düzəldəcəkdir. Rizvan pulu aldıqdan sonra Qəribin sənədlərini götürüb sonuncu ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə getmişlər. O, isə evdə qalmışdır. Qərib sonradan ona demişdir ki, Rizvanla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə getmiş, sonuncunu Qərib küçədə gözləmiş, Rizvan isə Qəribin sənədləri və aldığı 2500 manat pulla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində inzibati binaya daxil olmuşdur. Rizvan təxminən yarım saat sonra küçəyə çıxaraq Qəribin yanına gəlmiş və sonuncuya demişdir ki, guya Qəribin sənədlərini və 2500 manat pulu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində kiməsə vermişdir. Rizvan Qəribə demişdir ki, sonuncunu işə düzəldəcəkdir, lakin müəyyən müddət lazımdır. Qərib də bundan sonra evə gəlmiş, o və Qərib müəyyən müddət gözləmiş, lakin Qəribin işə düzəlmədiyini görərək Rizvanla əlaqə saxlamışlar. Rizvan da deyirmiş ki, guya pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində işə qəbul dayanıb, bu səbəbdən də Qəribin işə qəbulu gecikir. O və övladı Qərib də Rizvana inanmışlar. Sonradan görmüşdür ki, Qəribin işə düzəlməsi məsələsi uzanır. Bu səbəbdən də Rizvandan pulunu tələb etməyə başlamış, sonuncu isə pulunu qaytaracağına vəd verməklə müəyyən vermələrini xahiş etmişdir. Bu səbəbdən də o və oğlu Qərib şikayət etmirmişlər. Lakin sonradan görmüşdür ki, Rizvan nə övladı Qəribi işə düzəldir, nə də pulunu qaytarır. Bu səbəbdən də o, DİN-in 102 xidmətinə zəng edərək Rizvan barəsində şikayət etmiş, hadisə ilə əlaqədar da 13-cü PB-də ərizə və izahatını yazmışdır. Rizvana 2500 manat pulu yaşadığı ünvan 1 ünvanında övladı Qəribin yanında vermişdir. Bu səbəbdən də göstərdiklərini oğlu Qərib təsdiqləyə bilər. Rizvanın izahatında göstərdiyi Telli adlı xanım onun qonşusu Telmiradır. Lakin Rizvanın göstərdikləri tamamilə yalandır. Belə ki, Rizvana faizlə pul verməmişdir. 2500 manat pulu Rizvana oğlu Qəribi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə işə düzəldəcəyini ona vəd verdiyi üçün vermişdir. Rizvan övladı Qəribin şəxsiyyət vəsiqəsinin, diplomunun surətini götürmüşdür. Həmin sənədlərin surətləri onda qalmışdır. Şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələriində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v.1); ifadənin yerində yoxlanılması haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir (i.v.34); ifadənin yerində yoxlanılması haqqında 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid1 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək bildirmişdir ki, anası Nərimə qonşuluqda yaşayan Telmira adlı xanımın vasitəsilə Rizvan adlı şəxslə tanış olmuş, sonuncunun tanımadığı qohumu onların evində kirayədə yaşamış, Rizvan əvvəllər polis əməkdaşı olduğu üçün müxtəlif yerlərdə işləyən tanışları olduğunu bildirmiş, anası Nərimə də Rizvana inandığından onu işə düzəltməsi üçün xahiş etmiş, Rizvan anası Nəriməyə onu Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyində işə düzəldə biləcəyini bildirib bunun müqabilində 2500 manat pul İstəmiş, anası həmin 2500 manat pulu düzəldib yaşadıqları ünvan 1 ünvanında onun yanında Rizvana vermiş, Rizvan 2019-cu ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə səhər saatlarında ona məxsus şəxsiyət vəsiqəsi və diplomun surətini götürüb onunla birlikdə hazırda dayandığı yerə gəlmiş, həmin vaxt Rizvanı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında küçədə gözləmiş, Rizvan isə onun sənədləri və ona verdikləri 2500 manat pulla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində inzibati binaya daxil olmuş, Rizvan təxminən yarım saat sonra küçəyə çıxaraq yanına gəlmiş və demişdir ki, guya onun sənədlərini və 2500 manat pulu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində kiməsə vermiş, onu işə düzəldəcəkdir, lakin müəyyən müddət lazımdır. O, bundan sonra evə gəlmiş, sonradan onlara məlum olmuşdur ki, Rizvan anası Nərimənin verdiyi 2500 manat pulu ələ keçirərək onları aldatmışdır. 03 mart 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, Şahid1 şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir (i.v.41); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.43); İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutularaq Sabunçu RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır (i.v.50); Axtarışda olan şəxsin tutulmasına dair 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat təxminən 04:30 radələrində Lerik rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.55); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.76-77); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.91-92); 21 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X1 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (i.v.97-100); 21 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış üzləşmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiqləmişdir (i.v.101-103); Qətimkan tədbiri seçilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (i.v.171-173); Məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs bildirir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir, onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Nərimə Abdulla qızı ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, onunla barışdığını və onun heç bir iddia tələbi olmadığını, törədilmiş cinayətin müddətinin keçdiyini nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə–min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilmələrinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-372/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-372/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver