Məhkəmə qərarları › İş №1(008)-375/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-375/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-375/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binaya gələrək, binanın blokunda 05 ədəd sellofan torbaları görüb onları gizli olaraq talama niyyətini həyata keçirməkdən ötrü Təqsirləndirilən şəxs2 blokun qarşısında dayanaraq onu sığortalamış, o isə binanın blokuna daxil olub blokda yerdə olan Zərərçəkmiş şəxs məxsus 05 ədəd sellofan torbanı qanunsuz olaraq götürüb torbaların yarısını Təqsirləndirilən şəxs2 ötürməklə onunla birlikdə oradan uzaqlaşaraq həmin torbaların içərisində olan 530 manat dəyərində keramika qazan dəsti, ümumi dəyəri 200 manat olan 02 ədəd tava, 120 manat dəyərində 01 ədəd ikitərəfli tava, 80 manat dəyərində 01 ədəd ütü, 80 manat dəyərində 02 ədəd mürəbbə bişirən ləyən, ümumilikdə 50 manat dəyərində 06 ədədlik fincan dəsti, 50 manat dəyərində 30 ədəd qab-qacaq, 25 ədəd qaşıq və çəngəl, 270 manat dəyərində 01 ədəd “Ador” markalı saç buran və qurudan fen, 1260 manat dəyərində 09 ədəd fen, 70 manat dəyərində 01 ədəd fen, 220 manat dəyərində 01 ədəd qayçı, 375 manat dəyərində 15 ədəd daraq, 2000 manat dəyərində kosmetika məhsullarını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 5305 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 binaya gələrək binanın blokunda 05 ədəd sellofan torbaları görüb, onları gizli olaraq talamaq niyyətini həyata keçirməkdən ötrü özü blokun qarşısında dayanaraq Təqsirləndirilən şəxs1 sığortalamış, sonuncu isə binanın blokuna daxil olub blokda yerdə olan Zərərçəkmiş şəxs məxsus 05 ədəd sellofan torbanı qanunsuz olaraq götürüb torbaların yarısını ona ötürməklə birlikdə oradan uzaqlaşaraq həmin torbaların içərisində olan 530 manat dəyərində keramika qazan dəsti, ümumi dəyəri 200 manat olan 02 ədəd tava, 120 manat dəyərində 01 ədəd ikitərəfli tava, 80 manat dəyərində 01 ədəd ütü, 80 manat dəyərində 02 ədəd mürəbbə bişirən ləyən, ümumilikdə 50 manat dəyərində 06 ədədlik fincan dəsti, 50 manat dəyərində 30 ədəd qab-qacaq, 25 ədəd qaşıq və çəngəl, 270 manat dəyərində 01 ədəd “Ador” markalı saç buran və qurudan fen, 1260 manat dəyərində 09 ədəd fen, 70 manat dəyərində 01 ədəd fen, 220 manat dəyərində 01 ədəd qayçı, 375 manat dəyərində 15 ədəd daraq, 2000 manat dəyərində kosmetika məhsullarını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 5305 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binanın qarşısından qonşusu, eyni məhəllədə yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə keçərkən Akkord binalarında blokun içərisində üç ədəd böyük sellofan torbanın yerdə qoyulduğunu görmüşdür. Rüstəmlə həmin sellofan torbaları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə bloka daxil olmuş və ətrafda heç kim olmadığını görüb həmin sellofan torbaların içərisinə baxmışdır. Sellofan torbalardan birinin içərisində paltar olduğunu görüb düşünmüşdür ki, yəqin ki paltarları satıb pul edə bilməz. Digər torbalarda müxtəlif ölçülərdə sarı rəngli qazanlar, tava, plastmas ləyən, aliminium aşsüzən, digər torbada saç fenləri, lampa, qayçı və müxtəlif növ kosmetikalar və aksessuarlar olduğunu görüb sata biləcəklərini düşünüb götürmüşdür. Həmin vaxt Rüstəm çöldə dayanmış, ətrafa nəzarət etmişdir. Blokdan çıxandan sonra Rüstəmlə razılaşıb ayrılaraq dəmiryolunun kənarına getmişdir. Qonşusu Rüstəm isə şübhə olmasın deyə başqa yolla gələrək dəmir yolunun kənarında onunla birləşmişdir. Oğurladıqları sellofan torbaların içərisindəki qeyd edilən əşyaları satmaq məqsədilə Rüstəmlə birlikdə Sabunçu bazarına getmişlər. Bazarda həmin sellofan torbalarda olan əşyaları tanımadıqları şəxsə 30 manat pula satmışlar. Həmin şəxsə satdıqları əşyaları oğurluq yolu ilə əldə etdiklərini bildirməmişlər. Əldə etdikləri 30 manat pulu Rüstəmlə aralarında 15 manat olmaqla bölüşdürmüşlər. Oğurluq hadisəsini törətmələrini başqa görən şəxs olmamışdır. Vurulmuş ziyanın məbləği ilə razı deyil. Ümumiyyətlə onlara verilmiş uttuhmada göstərilən əşyaların hamısını oğurlamamışlar, cəmi 2 sellofan torba mal götürmüşlər Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri ilə tam razı deyil. O 5 torba deyil, cəmi iki ədəd sellofan torba oğurlamışdır. Həmin torbalardan birində müxtəlif ölçülərdə sarı rəngli qazanlar, tava, plastmas ləyən, aliminium aşsüzən, digər torbada saçqurudan fenlər, bir ədəd lampa, qayçı və müxtəlif növ kosmetikalar və aksessuarlar olmuşdur. Qeyd etdiyi əşyalardan başqa hər hansı əşya oğurlamamışlar. Şahid1 və Şahid2 tanımır. Oğurluq hadisəsinin baş verdiyi Sabunçu rayonu, ünvan 3 ünvanda quraşdırılmış video müşahidə qurğularından əldə edilmiş görüntülərlə bağlı bildirmişdir ki, həmin videogörüntüdə blokun içərisində yerdə qoyulmuş sellofan torbaları götürən şəxs özüdür. Digər videogörüntüdə isə o və qonşusu Rüstəmdir. Üç ədəd torbadan ikisini ona görə götürmüşdür ki, torbalardan birinin içərisində paltar olduğunu görüb düşünmüşdür ki, yəqin ki paltarları satıb pul edə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə saat təxminən 12:30 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binanın qarşısından keçən zaman Akkord binalarında blokun içərisində üç ədəd böyük sellofan torbanın yerdə qoyulduğunu görmüşlər. Ruslanla həmin sellofan torbaları oğurlamaq qərarına gəlmişlər. Ruslan həmin torbaları oğurlamaq üçün bloka daxil olmuş, o isə çöldə gözləmişdir ki, ətrafa göz gəzdirsin. Həmin vaxt ətrafda heç kim olmadığından Ruslana xəbər vermiş, sonuncu həmin sellofan torbalardan ikisini götürüb blokdan çıxmışdır. Ruslan blokdan çıxandan sonra razılaşmışlar ki, ayrı yollarla getsinlər. Ona görə də ayrılaraq ayrı ayrı yollarla dəmiryolunun kənarına getmişlər və orada görüşmüşlər. Oğurladıqları sellofan torbaların içərisində sarı rəngli qazanlar, tava, ləyənlər, aliminium aşsüzən, saçqurudan fenlər, bir ədəd lampa, bir ədəd sadə qayçı və müxtəlif növ kosmetikalar və aksessuarları satmaq məqsədilə Ruslanla birlikdə Sabunçu bazarına getmişlər. Bazarda həmin sellofan torbalarda olan əşyaları tanımadıqları şəxsə 30 manat pula satıb əldə etdikləri 30 manat pulu aralarında 15 manat olmaqla bölüşdürmüşlər. Vurulmuş ziyanın məbləği ilə razı deyil. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar cəmi iki ədəd sellofan torba oğurlamışlar. Həmin torbalarda ifadəsində göstərdiyi əşyalar olmuşdur. Həmin əşyalardan başqa hər hansı əşya oğurlamamışlar. Şahid1 və Şahid2 tanımır. Videogörüntülərdə olan blokun içərisində yerdə qoyulmuş torbaları götürən şəxs Ruslandır, həmin vaxt özü çöldə gözləmişdir. Digər videogörüntüdə əks olunmuş şəxslərdən biri özü, digəri Ruslandır. Ruslan üç ədəd torbadan ikisini götürmüşdür. Digər torbanın içərisində paltar olduğuna görə onu götürməmişdir. Başqa heç bir cinayət törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, dekabr ayının 18-də 7-ci binadan 8-ci binaya köçmüşdür, həmin vaxt ev axtarmış, Adil onu liftin içində görmüş, o Adilə demişdir ki, ev axtarır, sonra Adil ona zəng eləyib demişdirki onda bir ev var, demişdir ki, gəlib baxsın, gedib evə baxıb 400 manata razılaşmış, görmüşdür pis gündədir, təmizləmək lazımdır, evi təmizləyəndən sonra Adil ona demişdir ki, əşyaları o daşıyar, onun əşyaları çox olduğuna görə, onun da xəstə olduğunu bildiyi üçün demişdir ki, bu sənin işin deyil, əşyalar 3-4 dəfəyə gedilməli idi, ağır stollar olmuşdur, Adil isə demişdir ki, yox daşıyar, o da bildirmişdir ki, özünə köməyə adam gətir, Adil Zabili köməyə gətirmiş, daşıyıb sumkaları aparmışlar, evin açarı Adildə olmuş, ev yiyəsi ona vermişdir ki evə baxan olsun, axşam 11-də gətirib açarı vermişdir, sonra səhərisi hərəsi 2 sumka götürüb aparmış, o demişdir ki, araba gətirin qablar ağırdır, araba ilə aparın, yarım saatdan sonra zəng edib demişlər ki, onlara verəcəyi pulu atsın, acdırlar, demişdir ki, gedin dönər yeyin pulunu özü verəcək, 3 saatdan sonra gəlib əşyaları daşımışlar, pullarını vermiş, evə gəlib görmüşdür ki əşyalarının yarısı yoxdur, zəng eləmiş Adiləki, veşlərinin yarısı yoxdur. Adil gəlib demişdir ki, o heç nə götürməmişdir, “ istəyirsən bizə verdiyin pulu qaytarım verim, heç kimə heç nə demə”. Adilə demişdir ki, onu polisə verəcək, kameranı açdıracaq, gecə gec olduğu üçün səhər polisə müraciət etmişdir. Adil bölmədə bildirmişdir ki, əşyaları oğurladıb, qorxduğu üçün deməmişdir, həmin əşyaları liftin qabağına qoymuş, getmiş çörək yeməyə, 40 dəqiqədən sonra gəlmişdir ki, veşlər yoxdur. Zəng edib Adil Zabilə demişdir ki, “başıma daş düşüb, veşləri oğurlatmışam, mən boynuma almayacam, səndə demə heç kimə”. Onun sumkada olan telefonu da oğurlanıb, lakin istintaqda yazdırmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, bahali fenlərini və kosmetika vasitələri, həmçinin məişət əşyaları oğurlanıb. Təqsirləndirilən şəxslərdən pul tələb etmir, öz əşyalarının qaytarılmasını istəyir. Qazan, fen və kosmetikaların qiyməti təxminən 3000 manat olardı. Videoda olan 2 sumkada olan əşyaların qiyməti kimi 3000 manat olmasını qəbul edir. Videoçəkilişdə olan 2 sumkanın içərisində əsasən kosmetika və fenlər olub. İstintaq zamanı ayrı ayrılıqda oğurlanmış əmlakların qiymətini dəqiq göstərməmiş, verilmiş ittihamda ümumi oğurlanmış əşyaların göstərilən məbləğilə razıdır. İlkin izahatında oğlurlanmış əmlakların qiymətini 3000 manat göstərmişdir, təxmini qiymət kimi elə hesablamışdır. Oğurlanmış əmlakların hamısının dəyərini dəqiq göstərə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2-ci qrup əlildir, təxminən 11 ilə yaxındır ki, Bakıxanov qəsəbəsində yerləşən Akkord yaşayış massivində fəhləlik edib ailəsini dolandırır. 19 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona müraciət edərək 7-ci binadan 8-ci binaya köçəcəyini deyib ev əşyalarını daşımağını ondan xahiş etmişdir. Həmin gün Elnarənin yaşadığı evdə olan yorğan döşəyi daşıyıb 8-ci binaya yığmışdır. 20 dekabr 2023-cü il tarixdə birgə işlədiyi Zabuda zəng vurub ona kömək etməyini xahiş etmişdir. Zabud gəldikdən sonra sellofan torbalarda və kağız qutularda olan əşyaları daşımağa başlamışlar. Sellofan torbalarda olan əşyaları əl arabasına yığıb 8-ci binada liftin qarşısına gətirib yığmışdır. Zabud isə gətirdiyi əşyaları yuxarı qaldırmışdır. Siqaret almaq üçün mağazaya getmiş, təxminən 5 dəqiqədən sonra geri qayıtdıqda sellofan torbaların yerində olmadığını görmüşdür. Həmin vaxt əşyaları Zabudun yuxarı qaldırdığını güman edib yenidən 7-ci binaya qayıtmışdır. Axşam saatlarında Elnarə ona zəng vurduqdan sonra əşyaların oğurlandığını öyrənmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o bir neçə dəfə həmin mənzilə əşyaları daşımışdır. Liftin qabağında 3 ədəd sellofan torba olmuş, qayıdarkən həmin torbalardan 2-si orada olmamışdır, o digər torbanı qaldırıb yuxarıya evə qoymuşdur, həmin günü və ondan əvvəlki gün Elnarəyə məxsus bütün torbaları aparıb evə qoymuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 13 ilə yaxındır ki, Bakıxanov qəsəbəsində yerləşən Akkord yaşayış massivində fəhləlik edib ailəsini dolandırır. 20 dekabr 2023-cü il tarixdə birgə işlədiyi Adil ona zəng edərək 7-ci binadan 8-ci binaya ev əşyaları daşıdığını bildirmiş və ona kömək etməyini xahiş etmişdir. Həmin vaxt Adil ilə görüşüb ev əşyalarının məxsus olduğu Zərərçəkmiş şəxs yaşadığı 7-ci binaya getmişdir. Zərərçəkmiş şəxs əşyalarını kağız qutulara və sellofan torbalara yığıb qablaşdırmışdır. Adil əvvəlki gün həmin əşyalardan bir neçəsini daşıyıb 8-ci binadakı mənzilə yığmışdır. Kağız qutuda olan əşyaları 3 dəfəyə daşıyıb Zərərçəkmiş şəxs mənzilinə yığmışdır. Onunla bərabər Adildə sellofan torbalarda olan əşyaları daşımışdır. İşi qurtardıqdan sonra Adil ona özü daşıdığı sellofan torbaları liftin qarşısına qoyduğunu, siqaret almaq üçün mağazaya gedib geri qayıtdıqda bağlamaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra Adildən ayrılıb öz işini görməyə getmişdir. Oğurlanan bağlamaların kim tərəfindən götürüldüyü barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 dekabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs 3000 AZN dəyərində ev əşyalarının oğurlanması barədə Sabunçu RPİ-nin 13-cü PŞnə məlumat daxil olmuşdur(cild 1, i.v.03); Zərərçəkmiş şəxs 27 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binanın giriş hissəsində xx.xx.2023-cü il tarixdə özünə məxsus məişət əşyaları və gözəllik salonunda işlətdiyi 11 ədəd fen, qayçı, daraq və kosmetikaların oğurlanmasını göstərmişdir(i.v.04); Hadisə yerinə baxışın keçirilməsi barədə 27 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanının giriş hissəsi, liftin qarşısına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən götürülmüş videogörüntü CD diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir (i.v.05-08); 27 dekabr 2023-cü il tarixli izahatdan görünür ki, Zərərçəkmiş şəxs ilkin izahatında baş vermiş hadisə zamanı ona 3000 manat maddi ziyan dəydiyini bildirmişdir (i.v.09-10); 17 yanvar 2024-cü il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs həmin tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə evindən Zabil və Adil adlı fəhlələr tərəfindən 3000 manat dəyərində ev əşyalarının oğurlanması ilə bağlı müraciət etdiyini, heç bir tədbir görülməməsini, PŞ-nin qarşısında özünü yandıracağı barədə məlumat vermişdir(i.v.26); Diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:33 dəqiqədə binanın çölündə iki nəfər şəxs dayanmışdır. Digər videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:34 dəqiqədə bir nəfər əynində göy cins şalvar, qara rəngli gödəkçə olan, ağzında siqaret olan şəxs binanın blokunda liftin qarşısında yerdə qoyulmuş biri qara rəngli, ikisi göy rəngli olmaqla üç ədəd sellofan torbadan bir ədəd göy rəngli və bir ədəd qara rəngli sellofan torbaları götürüb aparır (i.v.38); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən açılmış axtarış işi üzrə yaşadığı evin yaxınlığında saxlanılaraq PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sabunçu RPİ-nin Msy-nə təhvil verilmişdir(i.v.54); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-117/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan edilmişdir(i.v.56-58); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.79); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:15 radələrində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.99); Cinayət işinin tövsif edilməsi haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v.109); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.150-154); Sübutların qiymətləndirilməsi haqqında 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Sabunçu rayon məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır, ünvan 4 ünvanının giriş hissəsində hadisə yerində quraşdırılmış videomüşahidə qurğusu tərəfindən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.158-169); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilərək Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır, xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.184-186); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Əhmədov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.187-188); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 Saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cəzadan azad edilərək yaşadığı ünvanına getmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün, müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17 may 2024-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmü həmin tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-375/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:00-da evinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, «8 noyabr - Zəfər Günü amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs1 amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 7(057)-568/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan diskə baxış keçirilmiş, baxış zamanı görüntülərin 01 fevral 2024-cü il tarixli protokola uyğun olduğu müəyyən edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda, yəni 5305 manat ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilmiş ittihamda göstərilən 05 ədəd sellofan torbanın oğurlanmasını qəbul etmədiklərini, 2 sellofan torbanı götürdüklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, qazan, fen və kosmetikaların qiyməti təxminən 3000 manat olardı. Videoda olan 2 sumkada olan əşyaların qiyməti kimi 3000 manat olmasını qəbul edir. Videoçəkilişdə olan 2 sumkanın içərisində əsasən kosmetika və fenlər olub. Bundan başqa, 27 dekabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs 3000 AZN dəyərində ev əşyalarının oğurlanması barədə Sabunçu RPİ-nin 13-cü PŞ-nə məlumat daxil olmuşdur. Həmçinin, 27 dekabr 2023-cü il tarixli izahatdan görünür ki, Zərərçəkmiş şəxs ilkin izahatında baş vermiş hadisə zamanı ona 3000 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa, 17 yanvar 2024-cü il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs həmin tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə evindən Zabil və Adil adlı fəhlələr tərəfindən 3000 manat dəyərində ev əşyalarının oğurlanması ilə bağlı müraciət etdiyini, heç bir tədbir görülməməsini, PŞ-nin qarşısında özünü yandıracağı barədə məlumat vermişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs oğurlanmış torbaların sayı və oğurlanmış əşyaların dəqiq siyahısı barədə həm məhkəmə istintaqı zamanı həm məhkəməyədək icraat zamanı müxtəlif məzmunlu ifadələr verərək fərqli məbləğlər göstərmişdir. Məhkəmə istintaqı zamanı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:33 dəqiqədə binanın çölündə iki nəfər şəxs dayanmışdır. Digər videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:34 dəqiqədə bir nəfər əynində göy cins şalvar, qara rəngli gödəkçə olan, ağzında siqaret olan şəxs binanın blokunda liftin qarşısında yerdə qoyulmuş biri qara rəngli, ikisi göy rəngli olmaqla üç ədəd sellofan torbadan bir ədəd göy rəngli və bir ədəd qara rəngli sellofan torbaları götürüb aparır. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs məxsus 05 ədəd sellofan torbanı qanunsuz olaraq götürməklə həmin torbanın içərisində olan əşyaları oğurlamaqla ümumilikdə 5305 manat ziyan vurmaqla oğurluq etdiklərini qeyd etmiş və zərərçəkmiş şəxsin istintaqda vermiş olduğu ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, zərərçəkmiş şəxs həm məhkəmə istintaqı zamanı həmçinin ibtidai istintaq zamanı ziddiyyətli ifadələr vermiş, son olaraq videoçəkilişdə əks olunmuş 2 ədəd sellofan torbadan oğurlanmış əşyaların qiyməti kimi 3000 manat olmasını qəbul etdiyini bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus 02 ədəd sellofan torbada olan əşyaların oğurlanması nəticəsində vurduğu maddi ziyanın miqdarının 3000 manat olması müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələrinin və iş üzrə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 3000 manat olması öz təsdiqini tapdığından onların əməlləri yuxarıda sadalanan normalar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə əhatə olunduğundan onlara verilmiş ittihamdan CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onların qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq əməlləri CM-nin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(008)-117/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.5), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmünə əsasən həbsdə olduğu 02(iki) ay 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2024cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut- 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-117/2024 saylı hökmünə əsasən həbsdə olduğu 02(iki) ay 06 (altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar