Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-375/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ermənistan, Hamamlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi, ev 4A, mənzil 35-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi - 1,346 qram olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 avqust 2024-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq, Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən selofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 1,346 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il müddətdir ki, narkotik vasitədən istifadə edir və hazırda narkomaniyadan müalicə alır. 24 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqlardan birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 30 (otuz) manat məbləğinə əldə edərək üzərində daşıdığı narkotik vasitə heroini könüllü şəkildə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Qarayev küçəsi yaxınlığında saxlanıldığı zaman tək olmamış, dostu Nəvai Abbasov evindən çıxarılaraq saxlanılmışdır. Həmçinin, Nəvai Abbasovun ailə üzvləri onun saxlanılmasının şahidi olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində saxlanılması ilə bağlı verilən ifadə ona məxsus deyil və istintaq materiallarında ifadəsinin həmin şəkildə əks olunması mümkündür, lakin o, həmin sənədləri oxumadan imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, əvvəlcədən onun üzərində yoxlama aparılmamış, polis şöbəsinə gətirildikdən sonra ona qarşı hər hansı fiziki zorakılıq və ya psixi təzyiq göstərilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsi daşıyır. O, 24 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə xidməti ərazidə, yəni, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində xidmət apararkən həmin küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında bir nəfər şəxsin hərəkət etdiyini müşahidə etmiş, həmin şəxs onları gördükdə tələsməyə başlamış, həmin şəxsin davranışları şübhə doğurduğundan, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib saxlanılma səbəbini izah etmişlər. Şəxsə üzərində şəxsiyyət vəsiqəsinin olub-olmaması barədə sual ünvanlandıqda, o, sənədin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Saxlanılan zaman şəxsin yanında heç kim olmamış, qaçma və yayınma cəhdi müşahidə edilməmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində, təhqiqatçının xidməti otağında ona qanunvericiliyə uyğun olaraq hüquqları izah edilmiş, vəkil hüququ təmin edilməsi məqsədilə Bakı şəhəri 07 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçının iştirakı ilə şəxsə, vəkil olmadan üzərinə baxış aparılmasına razılıq veribvermədiyi soruşulmuş, o isə bu prosesin vəkilin iştirakı olmadan aparılmasına etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarın cibindən şəffaf selofan bükümdə quma bənzər, toz şəklində maddə çıxararaq təqdim etmişdir. Əlavə suallar zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “kakos” olduğunu və 30 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsin şəxsi axtarışı və maddənin götürülməsi polis şöbəsində, təhqiqatçının xidməti otağında aparılmış, xidməti fəaliyyət zamanı saxlanılan şəxs onlara qarşı hörmətsizlik etməmişdir və hər hansı qarşıdurma qeydə alınmamışdır. Nəvai adlı şəxs hadisədən bir neçə ay sonra axtarışda olan şəxs kimi tanınmış, saxlanılan şəxsin yanında və hadisə vaxtı Nəvai adlı şəxs olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtiai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 24 avqust 2024-cü il tarixdə saat 14:00-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi fərdi nömrəsiz evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini gördük. Həmin şəxs özünü şübhəli apardığı üçün biz ona yaxınlaşaraq xidməti vəsiqələrimizi təqdim etməklə polis əməkdaşları olduğumuzu deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdik, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirdi və bizdən yayınmağa çalışdı. Biz həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması bizdə şübhə yaratdı. Bu səbəbdən də, biz həmin şəxsi işlədiyimiz Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdik və o, etiraz etmədi. Həmçinin Təqsirləndirilən şəxs polis şöbəsinə aparılana kimi olan müddət ərzində tərəfimizdən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində narkotik vasitə heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edildi. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olundu və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edildi. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdi və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı, şəxsi axtarış zamanı ona təklif edildi ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən tünd qəhvəyi rəngli tozşəkilii maddə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kakos” olduğunu deyərək, Sabunçu qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürləndi, daha sonra bu barədə protokol tərtib edildi, həmin protokol iştirakçılara ucadan oxundu və düzgün tərtib edildiyinə görə imzalandı. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkilləri X4 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli maddə aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 24-25). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. (i.v.31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4313 nömrəli, 24 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №159“ möhür əksi, “ Vət. Təqsirləndirilən şəxs üzərindən..” və s. yazılar, adlar, soyadlar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,346 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,246 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (i.v.32-33). "Maddi sübut kimi tanıma haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,246 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v.81-82). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 noyabr 2024-cü il tarixli, 7400 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.132-133). “Diskə baxış keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 154). "Sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 159-167). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslr yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3- cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.13). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.73-75). “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.76- 78). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 08 (səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat manat məbləğində cərimə cəzasına məhkum edilmiş 27 fevral 2018-ci il tarixdə cərimə tam şəkildə ödənilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 09 (doqquz) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 16 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 90-92). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2- ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri "həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,346 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,246 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-375/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-375/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver