Məhkəmə qərarları › İş №1(008)-376/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-376/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-376/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə saat 19 radələnndə ictimai yer hesab olunan ünvan 3 ünvanda yerləşən vət. Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olub Zərərçəkmiş şəxs güya onun evinə gələn şəxslərin foto şəkillərini çəkdiyini iddia edərək sonuncunun bu hərəkətlərini inkar etməsini cüzi səbəb kimi bəhanə etməklə cəmiyyətin üzvlərinə qarşı özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə içtimayi yerdə, əsaslı səbəb olmadan, ictimai qaydanı, yəni, insanlar arasında bərqərar olmuş davranış, etik, ictimai qaydaları və əxlaq normalarını kobud surətdə pozan, cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq və hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, ətrafdakı insanların gözü qarşısında hadisə yerində olan fincanı götürüb, silah qismində istifadə etməklə onunla Elçin Quliyevi qəsdən vuraraq ona sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs qonşuluqda yaşadığına görə tanımışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq Zərərçəkmiş şəxs onun yaşadığı evə gələn şəxslərin mobil telefonu vasitəsi ilə fotoşəkillərini çəkdiyini bildirmişdir. Həmin gün saat 19 radələrində o, Elçinin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfər küçəsində yerləşən marketə gedərək ona yaxınlaşıb tanımadığı şəxsin onun evinə gələn şəxslərin fotoşəkillərinin onun tərəfindən çəkilməsini eşitdiyini demişdir. Elçin isə ona cavabında belə bir hərəkət etmədiyini demişdir. Elçinin onunla kobud danışmasından sonra aralarında mübahisə yaranmışdır. Bu zaman o, əsəblərinə hakim çıxa bilməmiş, marketin içərisində olan fincanı götürüb Elçinin üzərinə atmışdır. Fincan Elçinin hansı nahiyəsindən dəyməsini görmədən marketdən çıxaraq oradan uzaqlaşmışdır. Hadisə zamanı o, Elçinin baş nahiyəsinə fincanla vuraraq xəsarət yetirmişdir. Verilmiş suallara cavab olaraq Elçini onun evinə gələn şəxslərin fotoşəklini çəkdiyi üçün vurduğunu, özü fotoşəkil çəkdiyini görmədiyini, onlara gələn şəxslərin bu barədə ona dediklərini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin bir hissəsini mağaza kimi işlədərək ailəsini dolandırır. Əlil olduğu üçün oğlu Mehdi hər gün onunla birlikdə mağazada işləyir və ona kömək edir. Azər isə onunla eyni məhəllədə yaşayır və aralarında qonşu kimi normal münasibət vardır. 03 oktyabr 2024-cü il tarixdə saat təqribən 19 radələrində oğlu ilə birlikdə marketdə olan zaman Azər hirsli şəkildə mağazaya daxil olmuş və niyə onun evinə gedibgələn şəxsin fotoşəkillərini çəkdiyini soruşmuşdur. Azər qəflətən marketdə ərzaqları düzmək üçün quraşdırdığı rəfin üzərində olan fincanı götürüb onun üzərinə atmış və dərhal marketdən çıxaraq uzaqlaşmışdır. Həmin fincan gəlib onun başına dəyərək qırılmış və başından xəsarət almışdır. Buna görə də, baş vermiş hadisə ilə əlaqədar olaraq polisə məlumat vermişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat təqribən 19 radələrində ünvan 4 ünvanında baş vermişdir. Baş vermiş hadisə zamanı orada Azər, onun oğlu olmuş, səs küyə qonşuda gəlmiş, davanı görüb qorxub qaçmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə niyə baş vermiş başa düşməmişdir. Azər narkotik istifadə etdiyi üçün məhəlləyə yad adamlar gəlib getmiş, Azərin başına yığışmışlar, o telefonunu qaldırıb yalandan şəkil çəkdiyini göstərmək istəmişki, həmin adamlar polisdən qorxub gəlməmişdir. Azər mağazaya gəlib ona nə üçün şəkil çəkdiyini soruşmuş, o da çəkmədiyini bildirmişdir. Azərə kobud cavab verməmiş., hər hansı təhqiredici ifadə işlətməmişdir. Azər onu söyüb təhqir etmişdir. İbtidai istintaq zamanıda bu məzmunda ifadə vermişdir, lakin oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Azər onların yaşadığı ünvanda qonşuluqda yaşadığından onu xeyli müddətdir ki tanıyır. Yaşadığı evin bir hissəsində mağaza açaraq işlətmişlər. Belə ki, atası əlil olduğundan həmin marketdə başını qatır. xx.xx.2024-cü il tarixdə saat təqribən 19 radələrində marketə, atasının yanına keçərək hal-əhval tutmaq istəmişdir. Bu zaman Azər marketə daxil olaraq atasına onun evinə gəlib-gedən şəxslərin fotoşəkillərini çəkdiyini soruşmuşdur. Bu zaman atası heç bir fotoşəkil çəkmədiyini bildirsə də, Azər başa düşməmiş, atasını onu söyüb təhqir etmişdir. Azər marketdə ərzaqları düzmək üçün quraşdırdıqları rəfin üzərində olan fincanı götürüb atasının üzərinə atmışdır. Atası baş vermiş hadisə zamanı baş nahiyəsindən xəsarət almış və hadisədən az sonra baş vermiş hadisə ilə əlaqədar olaraq polisə məlumat vermişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən mağazada baş vermişdir. Baş vermiş hadisə zamanı orada Azər, atası və özü olmuşdur. Lakin səs küyə qonşu Ağaəlidə gəlmiş, davanı görüb qorxub qaçmışdır. Hadisənin videogörüntüsü var, məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Sadıq Cəfər küçəsində yerləşən marketə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.08-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA Birliyi" Publik Hüquqi şəxsin verdiyi 2524 saylı 10 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və loklizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.16-17); Axtarışda olan şəxsin tutulmasına dair 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir(i.v.37); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş, şəxsin azad edilməsi qərara alınmışdır(i.v.72-74); Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.75); İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən həmin xüsusatları hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir(i.v.77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinə əsasən təqsirləndirildiyi materiala xx.xx.2020-ci il tarixdə CM-nin 73-1.3-cü maddəsinə əsasən xitam verilmişdir(i.v.114-115); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək dərhal həbs edilməsi, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun olduğu yer müəyyən edilənə qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2025-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində saxlanılaraq Sabunçu RPİnin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mağazaya daxil olaraq zərərçəkmiş şəxslə əsəbi halda əl qolla danışır, zərərçəkmiş şəxsin oğlunun onu sakitləşdirmək istəməsinə baxmayaraq zərərçəkmiş şəxsin oğlu Şahid üstünə hücum çəkərək onu vurur, sonradan fincanı götürərək Zərərçəkmiş şəxs başına tullayır. Səs küyə mağazaya daxil olan kənar şəxs hadisəni görərək qorxaraq oradan qaçır, zərərçəkmiş şəxsin oğlunun müdaxiləsi ilə Təqsirləndirilən şəxs mağazanı tərk edir. Səs küyə digər bir qadının da mağazaya daxil olması müşahidə edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi onun evinə gələn şəxslərin şəkillərini çəkdiyi üçün vurduğunu söyləməsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, o, verilmiş suallara cavab olaraq Elçini onun evinə gələn şəxslərin fotoşəklini çəkdiyi üçün vurduğunu, özü fotoşəkil çəkdiyini görmədiyini, onlara gələn şəxslərin bu barədə ona dediklərini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində hər hansı fotoşəkil çəkmədiyini, bu barədə Azər ondan soruşduqda eyni şeyi ona da dediyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs olmayan bir hadisəni olmuş kimi iddia edərək zərərçəkmiş şəxsin bu hərəkətlərini inkar etməsini cüzi səbəb kimi bəhanə edib ictimai yer hesab olunan mağazada kənar şəxslərin yanında zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlədərək fincanı onun başına ataraq xuliqanlıq hərəkətləri törətmişdir.. Həmçinin, hadisənin görüntülərini əks etdirən videogörüntüyə baxış zamanı hadisə yerində zərərçəkmiş şəxsdən başqa iki nəfər şəxsində olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməli törətməsi həmin videogörüntülərlə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM 59.1.12ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.),xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 02 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar