Məhkəmə qərarları › İş №1(008)-38/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-38/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-38/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Ermənistan SSR-nin, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində 15 sot torpaq sahəsi göstərib, həmin torpaq sahəsini onun mülkiyyətinə keçirməklə sənədləşdirəcəyinə dair yalan vədlər verib aldadaraq 15 oktyabr 2021-ci il tarixdə ilkin olaraq 1000 manat pulu beh adı ilə ondan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində satdığı torpaq sahəsinin yanında, 17 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “1941-1945” abidəsinin yanında kafedə 1000 manat, 18 oktyabr 2021-ci il tarixdə eyni ünvanda 12000 manat, 22 oktyabr 2021-ci il tarixdə 3000 manat və 30 oktyabr 2021-ci il tarixdə 3500 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, B.Vahabzadə küçəsindəki Zərərçəkmiş şəxs evinin qarşısında, sonuncu dəfə isə 02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 192 nömrəli məktəbin yanında 2500 manat pulu hissə-hissə olmaqla ümumilikdə 23000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayıb. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində ərazisində ona məxsus ümumilikdə 15 sot torpaq sahəsi olmuş, lakin, torpaq sahəsi 15 illik icarə əsasında gəlinləri Şahid2 adına rəsmiləşdirilmiş, torpaq sahələrinə 3 sot və 12 sot olmaqla çıxarış verilmişdir. O, torpaq sahəsini satışa çıxarmış, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ona müraciət edərək 3 sot torpaq sahəsini almaq istədiyini bildirmiş, onlar Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən kafelərdən birində görüşmüş, Şahid1 həmin görüşə Zərərçəkmiş şəxs tanışı olaraq gəlmişdir. O, torpaq sahəsini sotunu 7000 manata satdığını bildirmiş, Zərərçəkmiş şəxs qiymətdə onunla razılaşmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək görüşməyi təklif etmiş, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən “1941-1945” abidəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşmüş, həmin vaxt, Şahid3 da, orada olmuş, onlar digər 12 sot topraq sahəsini ortaq şəkildə almaq istədiklərini bildirmişlər. O, aralarında razılıq əldə olunduqdan sonra özlərində olan çıxarışları təqdim edərək torpaq sahəsinin icarə müqaviləsi əsasında onlara ayrıldığını, tikinti işlərinin aparılması üçün torpağın təyinatının və mülkiyyət növünü dəyişdirilməli olduğunu bildirmişdir. O, sənədləşmə işlərinin aparılması, torpağın təyinatının və mülkiyyət növünün dəyişdirilməsi üçün tanışının olduğunu, lakin, bunun üçün tələb olunan vəsaitinin olmadığını bildirdikdən sonra Zərərçəkmiş şəxs və Şahid3 sənədləşmə işləri üçün tələb olunan pulu vermək imkanına malik olduqlarını, sonda verilən pulun topağın satışı üçün nəzərdə tutulan ümumi məbləğdən çıxacaqlarını bildirmişlər. O, torpaq sahəsinin sənədləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs 11000 manat, Şahid3 isə 13000 manat pul almış, Şahid1 pulun alınmasında şahid qismində iştirak etmişdir. O, aldığı pulu torpaq sahəsinin sənədləşdirilməsi üçün Zaur adlı tanışına vermiş, lakin, tanışı sənədləşmə işlərini tamamlamamışdır. Zərərçəkmiş şəxs 11500 manat geri qaytarmışdır. Zərərçəkmiş şəxs ona təqdim olunmuş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 248 nömrəli, 17 yanvar 2022-ci il tarixli sərəncamının saxta olduğunu bildirməsinə baxmayaraq həmin sənədin əsli hazırda Sabunçu Rayon İcra Hakimiyyətində saxlanılır, lakin, ona sənədin surəti təqdim edilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayında ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Təqsirləndirilən şəxs torpaq sahəsi satdığını öyrənmiş, tanışı Şahid1 əvvəllər həmin ərazidə polis əməkdaşı işlədiyi üçün ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşmuşdur. Şahid1 həmin şəxsi tanıdığını bildirirək onun yanında Təqsirləndirilən şəxs zəng edərək torpağın satışı ilə bağlı danışmış, həmin axşam onlar birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar qiymətdə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs 1000 manat beh vermiş, Təqsirləndirilən şəxs torpağa dair sənədlərin mövcud olduğunu, digər sənədləri 10 gün ərzində tamalayaraq ona təqdim edəcəyini bildirmişdir. O, bir neçə gün sonra tanışı Şahid3 ilə birllikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə görüşümüş, onlar ortaq şəkildə digər 12 sot torpaq sahəsini almaq istədiklərini bildirmişlər. Torpağın qiyməti ilə bağlı aralarında razılıq əldə olunduqdan sonra Təqsirləndirilən şəxs 12000 manat pul verilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin satışı ilə bağlı ümumilikdə ondan 23000 manat pul almış, verilən pulun 2000 manatı o, Şahid3 almış, geri qalan 21000 manatı isə özündən vermişdir. Şahid3 məxsus 2000 manatı sonra ona qaytarmışdır. Təqsirləndirilən şəxs hər dəfə ondan pul istədikdə o, Şahid1 zəng edərək Təqsirləndirilən şəxs ondan pul istədiyini, lakin, ona etibar etmədiyni bildirmiş, Şahid1 ona Təqsirləndirilən şəxs etibarlı adam olduğunu, pulla bağlı hər hansı problem yaratmayacağını bildirmişdir. Xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs torpağa dair sənədləri onlara təqdim etməmiş, o, bununla bağlı polisə müraciət edəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra, 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 248 nömrəli, 17 yanvar 2022-ci il tarixli sərəncamını Şahid1 istifadəsində olan mobil nömrə ilə qeydiyyatdan keçilmiş “whatsapp” sosial platforması vasitəsi ilə ona göndərmiş, o, sənədi yoxlatdırmaq məqsədi ilə əslinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək ona göndərilən sənədin saxta olduğu etiraf edərək ona verilən puldan 10000 manatını geri qaytamış, bir həftə ərzində aldığı pulu tam şəkildə ödəcəyini bildirmişdir. Dana sonra təqsirləndirlən şəxs 1500 manat daha qaytarmış, lakin, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək torpağı onların adına rəsmiləşdirməmiş, onlardan aldığı pulu tam geri qaytarmayaraq müxtəlif bəhanələr gətirməklə vaxt qazanmağa çalışmışdır. O, sonradan qeyd olunan torpaq sahəsinin onlardan öncə başqa şəxslərə də, satıldığını öyrənmiş, Sənan adlı şəxs ona zəng edərək onun aldığı 3 sot topaq sahəsini 2 il əvvəl Təqsirləndirilən şəxs tərəfindən ona satıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng edərək bu barədə soruşduqda, Təqsirləndirilən şəxs torpaq sahəsini başqa şəsxlərə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışdır. Təqsirləndirilən şəxs torpaq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin alqı-satqısı zamanı tanımışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi aldığını, əlavə 12 sot torpaq sahəsi mövcud olduğunu bildirmiş, həmin torpaq sahəsini ortaq şəkildə almağı təklif etmişdir. O, Zərərçəkmiş şəxs birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxsyla görüşüb torpaq sahəsi ilə bağlı danışıq aparmış, qiymətlə bağlı razılıqşdıqdan sonra Şahid1 iştirakı ilə ilk öncə Təqsirləndirilən şəxs 2000 manat beh vermişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda zərərçəkmiş şəxsdən 23000 manat pul almışdır. Təqsirləndirilən şəxs hər dəfə onlardan pul istədikdə, o, tərəddüd etmiş, lakin, hər dəfəsində Şahid1 onlara Təqsirləndirilən şəxs etibarlı adam olduğunu bildirərək narahat olmamalarını demişdir. Xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs torpağa dair sənədləri onlara təqdim etməmiş, bununla bağlı polisə müraciət edəcəklərini Təqsirləndirilən şəxs bildirmiş, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamını Şahid1 istifadəsində olan mobil nömrə ilə qeydiyyatdan keçilmiş “whatsapp” sosial platforması vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmiş, o, sənədi yoxlatdırmaq məqsədi ilə əslinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək ona göndərilən sənədin saxta olduğu etiraf edərək ona verilən puldan 10000 manatını zərərçəkmiş şəxsə geri qaytarmış, bir həftə ərzində aldığı pulu tam şəkildə ödəcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək torpağı onların adına rəsmiləşdirməmiş, onlardan aldığı pulu geri qaytarmayaraq müxtəlif bəhanələr gətirməklə vaxt qazanmağa çalışmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdr. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-də polis əməkdaşı işlədiyi zaman qəsəbə sakini olaraq tanımışdır. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onunla görüşərək Təqsirləndirilən şəxs tanıyıb-tanımamasını soruşmuş, o, Təqsirləndirilən şəxs polis işlədiyi dövrdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini olaraq tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs satdığı torpaq sahəsini almaq üçün onun vasitəçi olmasını xahiş etmiş, Təqsirləndirilən şəxs zəng edərək torpağın satışı ilə bağlı görüşmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxsyla görüşmüş, torpağın qiymətində endirim etməsini sonuncudan xahiş etmişdir. Təqsirləndirilən şəxs onun xahiş ilə torpağın qiymətində endirim etmiş, daha sonra Zərərçəkmiş şəxs beh vermişdir. O, torpaq sahəsinin satışı ilə bağlı Təqsirləndirilən şəxs pulun verilməsində iştirak etmiş, lakin, onun hansısa marağı olmamış, Təqsirləndirilən şəxs tərəfindən ona hansısa məbləğ verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Amid adlı və Afiq adlı şəxsləri o əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxs 2006-cı ildə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsini almaq istəyərkən əri Nurəddinə müraciət edərək onun adına sənədləşdirmək istədiyini bildirmişdir və o da razılıq verdikdən sonra Balaxanı bələdiyyəsində onun adına 12 sot torpaq sahəsi ayrılması barədə icarə müqaviləsi bağlanmışdır. Lakin, həmin icarə müqaviləsini Tunçay özü götürmüşdür və o həmin torpaq sahəsinin kiməsə satılmasına qarışmamışdır. Sadəcə torpaq sənədi onun adında olduğu üçün o sonuncu dəfə Təqsirləndirilən şəxs xahişi əsasında 2022-ci ilin mart ayının 1-də Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontorunda Tunçay dediyi adama etibarnamə vermişdir. Bir daha qeyd edir ki, o heç kiminlə adında olan torpaq sahəsinin satılması ilə bağlı sövdələşməmiş və pul almamışdır. Sonradan ona məlum olmuşdur ki, qaynı Təqsirləndirilən şəxs onun adında olan Balaxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsini digər şəxsin adına sənədləşdirmək istəmiş, lakin Bələdiyyənin icarə müqaviləsinin müddəti bitdiyi üçün sənədləşmə olmamışdır. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli, 22 avqust 2019-cu il tarixli çıxarışından görünür ki, Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0.12 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli, 17 may 2014-cu il tarixli çıxarışından görünür ki, Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0.3 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 248 nömrəli, 17 yanvar 2022-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni Balaxanı yaşayış massivində yerləşən torpaq sahəsi təqdim layihəyə uyğun Şahid2 adına rəsmiləşdirilməsinə icazə verilmiş, torpaq sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqəsində olan 11 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 111-113-cü vərəqəsində olan 11 may 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqəsində olan 11 may 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan 18 may 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 1500 manat pul ödənilmişdir. Cinayət işinin 118-120-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 03 (üç) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 38/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-4458 nömrəli, 01 iyul 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq 29 iyun 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 27 iyun 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 11 may 2023-cü il tarixdə tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut,ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar