Məhkəmə qərarları › İş №1(008)-382/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-382/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-382/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli qəsəbəsi, Yeni massiv, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində yaşadığı Abşeron rayonu, Məmmədil qəsəbəsi, Yeni massiv, nömrəsiz evin həyətində atası Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü taxta parçası ilə qəsdən sonuncunun sol əlinə və yumruq zərbələri ilə sifət nahiyəsinə bir neçə dəfə vuraraq, ona hər iki göz konyuktivasına və ağlı qişasına qansızmalarla müşayiət olunan, hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları; burun nahiyəsinin və sol əlin İV barmağının sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli qəsəbəsi, Yeni massiv, nömrəsiz evdə yaşayır. 2002-ci ildə Şahid ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 4 övladları var. 2022-ci ildə Şahid ilə aralarında bağlanmış nikah rəsmi qaydada pozulmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində atası Zərərçəkmiş şəxs nəvələrini görmək məqsədi ilə yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt Şahid atası ilə görüşərək əhvalını soruşmuş, o, Samirəgilin söhbətinə müdaxilə edərək əvvəllər bir-birləri barəsində xoşagəlməz ifadələr işlətdiklərini bildirmişdir. Bundan sonra Samirə evə girmiş, o da, Samirənin arxasınca getmişdir. Evin hamam otağında olarkən Samirə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Samirənin boğazından tutaraq sıxmış, həmin vaxt, Zərərçəkmiş şəxs hamam otağına girərək onları sakitləşdirməyə çalışaraq həyətə çıxarmışdır. Həyətdə olarkən atası Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyi üçün o, əsəbləşərək taxta parçası və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sol qoluna, baş nahiyəsinə xəsarət yetirmişdir. Halhazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun oğludur. 28 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində nəvələrini görmək məqsədi ilə oğlunun yaşadığı Abşeron rayonu, Məmmədil qəsəbəsi, Yeni massivdə yerləşən nömrəsiz evə getmiş, oğlunun keçmiş arvadı Şahid onunla ilə görüşərək əhvalını soruşmuş, Nazim onların söhbətinə müdaxilə edərək əvvəllər bir-birləri barəsində xoşagəlməz ifadələr işlətdiklərini bildirmişdir. Bundan sonra Samirə evə girmiş, Nazimdə onun arxasınca getmişdir. Bir müddət sonra evin hamam otağından Samirənin qışqırıq səsini eşitdiyi üçün hamam otağına daxil olmuş, həmin vaxt Nazimin əli ilə Samirənin boğazını sıxaraq boğduğunu görmüşdür. O, dərhal müdaxilə edərək onları həyətə çıxarmış, həyətdə olduqları zaman Nazim taxta parçası və yumruq zərbələri ilə onun sol qoluna, baş nahiyəsinə xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2003-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 4 övladları var. 2022-ci ildə aralarında bağlanmış nikah rəsmi qaydada pozulmuşdur. 28 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində Nazimin atası nəvələrini görmək məqsədi ilə onların yaşadığı Abşeron rayonu, Məmmədil qəsəbəsi, Yeni massivdə yerləşən nömrəsiz evə gəlmiş, onunla ilə görüşərək əhvalını soruşmuş, Nazim onların söhbətinə müdaxilə edərək əvvəllər bir-birləri barəsində xoşagəlməz ifadələr işlətdiklərini bildirmişdir. O, yaşadıqları evə daxil olmuş, Nazim onun arxasınca gələrək səbəbsiz yerə onunla mübahisə edərək onun baş nahiyəsinə yumruq zərbələri vurmuş, daha sonra boğazından tutaraq boğmuşdur. Həmin vaxt, Zərərçəkmiş şəxs araya girərək Nazimi həyətə çıxarmış, həyətdə olduqları zaman Nazim taxta parçası və yumruq zərbələri ilə atası Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Cinayət işinin 35-37-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 03 fevral 2023-cü il tarixli, 199 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki göz konyuktivasına və ağlı qişasına qansızmalarla müşayiət olunan, hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları; burun nahiyəsinin və sol əlin İV barmağının sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törəmiş, törənmə müddəti qərarla göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar