Məhkəmə qərarları › İş №1(008)-382/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-382/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-382/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı X11, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 onun nümayəndəsi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhəri Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs Valeh oğlunun iştirakları ilə, xx xxx 1997-ci ildə Ağdam rayonunun Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sürücü fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə y/m, nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Valeh oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Valeh oğlu ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 noyabr 2024-cü il tarixdə, saat 20:39-da nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Fiat” markalı, "Doblo” modelli, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya stadionu ilə üzbəüz, “SOCAR" yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun kimi tələblərə riayət etməklə yol-nəqliyyat yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub eyni zolaqda özündən qabaqda dayanan Şahid1 idarə etdiyi “Land Rover” markalı "Defender” modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilində sərnişin olan X13 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları və həmin səviyyədə sağ təpə-alın nahiyəsində beyinin sərt qişasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə-alın və sağ qaş nahiyələrinin əzilmişcırılmış yaraları, hər iki gözyuvasıətrafı nahiyənin hematomaları, hər iki qulaq seyvanının, boynun, sol bazu oynağı nahiyəsinin, sağ ayağın qançır və sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma X13 ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Valeh oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Valeh oğlu ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə y/m, nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayır. O, fərdi qaydada sürücü fəaliyyəti ilə məşğul olur. X7 məxsus texniki baxımdan saz vəziyyətdə olan “Fiat” markalı, “Doblo” model **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2024-cü il tarixli etibarnamə əsasında icarəyə götürmüş və həmin tarixdən etibarən həmin avtomobili idarə etmişdir. Həmin avtomobillə 1 (bir) manat müqabilində metronun “Koroğlu” stansiyasından Sabunçu rayonu, Ramana qəsəbəsinə sərnişin daşımaqla məşğul olur. 09 noyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “Fiat” markalı, “Doblo” model, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə metronun “Koroğlu” stansiyasının yaxınlığından 7 nəfər sərnişin götürərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə yola düşmüşdür. Həmin tarixdə, saat 20:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Fiat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə doğru saatda 80 kilometr sürətlə, yolun 5-ci zolağında hərəkət edərkən, Bakı Olimpiya Stadionu ilə üzbəüz, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında ondan qarşıda, eyni zolaqla hərəkət edən “Land Rover” markalı, “Defender” model, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısından yolun hərəkət hissəsini ayıran dəmir çərçivənin yanından sağ səkiyə doğru hərəkətə başlamışdır. Həmin anda ondan qarşıda hərəkət edən qeyd olunan avtomobil qabaq hissəsi ilə yolu keçən piyadanı vurmuşdur. Zərbədən sonra piyada sağ 3-cü zolağa düşmüşdür. Bir neçə saniyəlik sağ tərəfə avtomobilin vurduğu piyadaya nə baş verdiyini görmək üçün başını çevirmiş, önünə baxdıqda isə artıq öündəki avtomobillə az məsafə qalmış, “Land Rover” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görərək qəza işığını yandırmış və toqquşmadan yayınmaq üçün avtomobili sol tərəfə yönəltmişdir. Lakin bu, alınmamış və avtomobilinin qabaq hissəsi “Land Rover” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobildə arxa sırada oturan qonşusu X20 zərbə nəticəsində almış olduğu xəsarətdən avtomobildə hərəkətsiz vəziyyətdə qalmışdır. Həmin anda ətrafda toplaşan insanların köməkliyi ilə Asim Hacızadəni avtomobildən çıxarmış və hadisə yerinə X12 Yardım stansiyasına çağırılmışdırr. X6 artıq ölmüş və huşsuz vəziyyətdə qalmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Valeh oğlu bildirmişdir ki, uzun müddətdir ki, nəqliyyat vasitəsi idarə edir. Əvvəllər belə qəza törətməmişdir. Hadisənin baş verməsinə səbəb önündə piyadanı avtomobilin vurması olmuşdur. Buna görə də, bir anlıq fikri piyadaya yayınmış və yola tam diqqət edə bilməmişdir. Məhz, həmin bir neçə saniyəyə görə özünü bağışlaya bilmir. Əyləci 1 saniyə tez sıxsa idi bəlkə də, hadisə olmayacaqdı. Zərərçəkənin ailəsinin üzünə baxa bilmir, anasının ah-nailəsi ömür boyu onun üzərindədir. Atasını itirdiyinə və dayıları cavan olduğuna görə, ağsaqqal əmisi ilə həm mərhum ölən gün, həm də yasın 3-cü günü yas mərasiminə getmişlər. Mərhumun əmisi oğlu da biraz zaman keçdikdən sonra onları barışdıracağını bildirmişdir. O və yaxın adamları baş vermiş hadisəyə görə dəfələrlə mərhumun ailəsindən üzr istəmiş və barışıq əldə etməyə cəhd etmişlər. Lakin, bütün cəhdlərə baxmayaraq mərhumun anası onunla barışmaq istəməmişdir. İndi də barışıq üçün nə lazımdırsa etməyə hazırdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun övladı X20 xx.xx.1998-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuşdur. ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivində, nömrəsiz ünvanda yerləşən fərdi evdə əri X18 ilə birgə yaşayırmışlar. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat” markalı, “Doblo” modeli, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərkən, Bakı Olimpiya Stadionu ilə üzbəüz, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qarşısında hərəkət edən Şahid1 məxsus “Land Rover” markalı, 99-AÖ-222 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hətta, sonradan eşitdiyinə görə sürücü telefonla oynadığı üçün qəza baş vermişdir. Nəticədə, “Fiat” markalı avtomobilin sərnişini, X20 hadisə yerində ölmüşdür. Cinayət işi üzrə təqsirləndirilən şəxs Əlizadə X19 Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:39 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun övladı X13 ölümündə təqsirləndirilən şəxs özünü günahkar hesab edir. O, cinayət hadisəsi nəticəsində ailənin əsas gəlir gətirənini, mərhum X16 itirmişdir. Mərhum avtomobillərin təmiri sexində çilingər vəzifəsində çalışaraq aylıq 1000–1500 manat məbləğində gəlir əldə etmək yolu ilə ailəsini dolandırmışdır. Atasının Gürcüstan Respublikası vətəndaşı olması səbəbindən işlə təmin olunmasında müəyyən çətinliklər olduğundan işləməmişdir. O özü isə evdar xanım olduğundan ailələrini mərhum X20 dolandırmışdır. Oğlunun vəfatından sonra digər oğlu ağır depressiyaya düşmüş, özü və həyat yoldaşı isə ağır xəstəliyə düçar olmuşlar. Onların keçirdiyi iztirabın heç bir qarşılığı olmasa da, mərhum oğullarının ailələsinin gəlir gətirəni olduğunu və keçirdikləri mənəvi sarsıntını nəzərə alaraq 300000 (üç yüz min) manat məbləğində mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X5 bildirmişdir ki, təqsirləndirilən şəxs 300000 (üç yüz min) manat mülki iddianı ödəsə belə onunla barışmayacaqdır. Ümumiyyətlə, təqsirləndirilən şəxslə heç bir şərtlə barışıqdan söhbət belə gedə bilməz. Çünki, heç bir şey onun övladını geri qaytara bilməz. Həm 300000 (üç yüz min) manat mülki iddianın təmin olunmasını, həm də təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsini icra etməklə, həmin Qapalı Səhimdar Cəmiyyətə məxsus olan “Land Rover” markalı, “Defender” model avtomobili, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində, idarə etdiyi texniki cəhətdən saz olan “Land Rover” markalı, “Defender” model, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti üzrə, metronun “Koroğlu” stansiyası tərəfdən Mərdəkan qəsəbəsi istiqamətinə, saatda 50 kilometr sürətlə, yolun 5-ci zolağı ilə hərəkət edərkən, Bakı Olimpiya Stadionu ilə üzbəüz, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, sol tərəfində yolun hərəkət hissəsini iki yerə ayıran dəmir çərçivənin yanında dayanan, sonradan adını bildiyi X8 görmüşdür. X14 asta qaçışla yolun sağ tərəfinə doğru hərəkət etmiş, həmin anda onun üçün təhlükənin yarandığını müşahidə etmiş, lakin düşünmüşdür ki, piyada avtomobili görüb dayanar. Lakin piyada, X14 hərəkət etməyə davam etmişdir. Piyada düzünə asta qaçışla təxminən 5 metr məsafə qət etdikdən sonra, onun idarə etdiyi avtomobilin qabaq sağ qanadına dəyərək 3-cü zolağa, avtomobillərin qarşısına yıxılmışdır. Avtomobilinin qəza işığı avtomatik yanmış, piyadaya kömək etmək məqsədilə avtomobilini təxminən 10 metr məsafədə saxlamışdır. Həmin anda arxada, 5-ci zolaqla hərəkət edən, sonradan adı müəyyən edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat” markalı, “Doblo” model, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil, sürücünün idarə etdiyi avtomobilin arxa hissəsinə toqquşmuşdur. Toqquşma nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini, sonradan adı müəyyən edilmiş X20, avtomobildə hərəkətsiz vəziyyətdə qalmışdır. Onun avtomobilinə dəyən X14 isə həmin istiqamətdə, 3-cü zolaqda qalmışdır. Həmin anda ətrafda toplaşan insanların köməyi ilə xəsarət alan X1 Təcili Tibbi Yardım stansiyasının həkimlərinin yardımı ilə xəstəxanaya çatdırılmışdır. X20 isə “Fiat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildə qalmış vəziyyətdə aşkar edilmiş və avtomobildən çıxarılsa da, artıq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, sürücü Təqsirləndirilən şəxs və mərhum sərnişin X16 hadisə baş verən günədək tanımamış, aralarında hər hansı münasibət mövcud olmamışdır. xx.xx.2024-cü il tarixdə X20 işdən çıxaraq yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evinə getmək məqsədi ilə əvvəlcə metronun "Koroğlu" stansiyasına gələrək oradan taksi kimi fəaliyyət göstərən, metronun "Koroğlu" stansiyası ilə Ramana qəsəbəsi arası işləyən, 1 manatlıq taksi adlanan, sonradan bildiyi məlumata görə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat” markalı, “Doblo” modelli, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. “Fiat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildə metronun “Koroğlu” stansiyasının yaxınlığından Sabunçu rayonu, Ramana qəsəbəsinə yola düşmüş avtomobildə 7 nəfər sərnişin olmuşdur. Həmin avtomobildə o, ikinci sırada, orta oturacaqda əyləşmiş, bundan əlavə, arxa sırada 5 nəfər, ön sərnişin oturacağında isə 1 nəfər sərnişin olmuşdur. 2024-cü il noyabrın 9-u, saat təxminən 20:30-da “Fiat” markalı, “Doblo” modelli, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində Mərdəkan qəsəbəsinə hərəkət edərkən, 5 zolaqlı yolun 9-cu zolağı ilə hərəkətdə olarkən, Bakı Olimpiya Stadionu ilə üzbəüz, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında onun qarşısında eyni zolaqla hərəkət edən “Land Rover” markalı, “Defender” modelli, **- AB-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsini ayıran dəmir çərçivənin yanından sağ səkiyə doğru keçməkdə olan piyadanı vurmuşdur. Lakin, onun sərnişin qismində əyləşdiyi qarşısında dayanan avtomobili görməyən və diqqətini vurulan piyadaya yönəldən “Fiat” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətini davam etdirmişdir. Nəticədə “Fiat” markalı avtomobilin qabaq hissəsi “Land Rover” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Fiat” markalı avtomobilin arxa sırada əyləşən sərnişini X20 avtomobildə hərəkətsiz vəziyyətdə qalmışdır. Həmin anda ətrafdakı şəxslərin köməyi ilə X20 avtomobildən çıxarılmış və aldığı xəsarətlər səbəbindən X23 aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, öndəki avtomobil piyadanı vurduqdan 2 saniyə sonra onlar öndəki avtomobillə toqquşmuşlar. İlkin izahat yazılarkən müstəntiq onun sözləri olmayan “sürücü telefonla məşğul olduğundan öndəki avtomobili görməmişdir” məzmununda həqiqətə uyğun olmayan məlumat yazdığından həmin məlumatın dəyişdirilərək “sürücünün fikrinin avtomobil tərəfindən vurulmuş piyadaya yayındığı”nı qeyd etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/10318 nömrəli, 09 noyabr 2024-cü il tarixli tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlu yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 18). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X15” X27 Sabunçu Rayon Şöbəsinin 10 noyabr 2024-cü il tarixli, 247 saylı ekspert rəyindən görünür ki, mərhum X13 meyitinin müayinəsi nəticəsində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən hissəsində dəyişən açıq, qəlpəli sınıqlar və həmin səviyyədə sağ təpə-alın nahiyəsində beyinin sərt qişasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarında qansızma, ağciyərlər, peritona, bağırsaqlar və hər iki böyrəklərin yumşaq toxumalarında qansızma, sağ təpə-alın və sağ qaş nahiyələrinin əzilmiş və cırılmış yaraları, hər iki gözyuvası ətrafında hematomaları, hər iki qulaq seyvanı, sağ bazu oynağı və sağ ayaqda qançır və sıyrıq xəsarətləri müəyyən edilmişdir. Müayinə nəticələrinə əsasən, xəsarətlərin həyati olduğu, bərk-küt əşya təsirindən törədiyi və mərhumun ölümündən az əvvəl baş verdiyi müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər xx.xx.2024-cü il tarixində, mərhumun sərnişini olduğu minik avtomobilin digər bir minik avtomobillə toqquşması nəticəsində, avtomobilin salonunun qabarıq hissələrinin təsirindən meydana gəlmiş ola bilər. Xəsarətlərin dərəcəsi ümumilikdə sağlamlığa ağır zərər vurmaqla, mərhumun ölümünə birbaşa səbəb olmuşdur. Ölüm kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları nəticəsində baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma ilə əlaqələndirilir. Ölüm meyitxanada aparılan müayinədən təxminən 10–12 saat əvvələ uyğun gəlir. Mərhumun qanda və sidikdə aparılmış məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), aminokilamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i.v. 61-65). “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, DİN-in X10 Xidməti və Təhlükəsiz Şəhər Xidmətinin “N-059- 0Q1”, “köməkçi yol-015 2 (N 182) Sabunçu” və “köməkçi yol-015 1 (N 182) Sabunçu” nömrəli videomüşahidə kameralarında qeydə alınaraq “DVD” diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:37-də Bakı şəhəri, Sabunçu rayonu, metronun “Koroğlu” stansiyası tərəfdən Mərdəkan qəsəbəsi istiqamətində, Heydər Əliyev prospektində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında yolun sağ tərəfindəki səkidən bir nəfər kişi cinsindən olan şəxs hərəkətdə olan avtomobillərin qarşısına çıxaraq yol hərəkətində çaşqınlıq yaratmış və yolun digər tərəfinə, yəni yolu iki yerə ayıran dəmirdən olan ehtiyat hissəyə keçmişdir. Həmin şəxs yolun hərəkət hissəsini iki yerə ayıran dəmir çərçivənin yanında saat 20:39-dək dayanmışdır. Saat 20:39-da həmin istiqamətdə beş zolaqlı yolun 5-ci zolağı ilə “Land Rover” markalı, “Defender” modelli avtomobil hərəkət etmişdir. Eyni zolaqla daha yüksək sürətlə “Fiat” markalı, “Doblo” modelli avtomobil hərəkət etmişdir. “Land Rover” markalı avtomobilin sağında və qarşısında digər nəqliyyat vasitələri də hərəkət etmişdir. “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yolun sağ tərəfindəki hərəkət istiqamətini iki yerə ayıran dəmir çərçivənin qarşısında dayanan şəxs qəfildən asta qaçışla sağ səkiyə doğru hərəkət etmişdir. Şəxs 5-ci zolaqla 4-cü zolağı ayıran xəttin üzərinə çatarkən, saat 20:39:25-də “Land Rover” markalı, “Defender” modelli avtomobilin qabaq sağ tərəfi ilə piyadanı vurmuşdur. Piyada aldığı zərbədən 3-cü zolağa düşmüşdür. “Land Rover” markalı avtomobil qəza işıqlarını yandıraraq piyadanın vurulduğu yerdən təxminən 10 metr irəlidə, 5-ci zolaqda dayandırılmışdır. Avtomobil dayanmış vəziyyətdə olarkən, saat 20:39:28-də həmin istiqamətdə 5-ci zolaqla hərəkət edən “Fiat” markalı, “Doblo” modelli avtomobilin qabaq hissəsi “Land Rover” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə yerində yaxınlıqda olan insanlar və yoldan keçən avtomobillərdəki sərnişinlər həmin avtomobillərin ətrafına toplaşmışdır. (i.v. 72-73). Maddi sübut kimi tanıma haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 74). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X15” X27 Sabunçu Rayon Şöbəsinin 28 dekabr 2024-cü il tarixli, 3160 saylı ekspert rəyindən görünür ki, X9 hər iki diz oynağı nahiyəsində dərialtı hematomalar müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törədilmişdir. Xəsarətlər xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı meydana gəlmiş ola bilər. Xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 81-82). Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 16 yanvar 2025-ci il tarixli, 3- 13-16/2-10368/2025 nömrəli məktubundan görünür ki, BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter məlumat bazasına əsasən, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, xx.xx.2031-ci il tarixinədək etibarlı olan, BB 306004 nömrəli “B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmçinin, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 95). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. (i.v. 98). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 mart 2025-ci il tarixli, 8/143 nömrəli ekspert rəyindən görünür ki, “X30” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq müəyyən edilmişdir. “Fiat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində isə eyni Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət olunmamış, onun həmin maddənin tələblərinə əməl etməklə “Fiat” markalı avtomobillə “X30” markalı avtomobilin toqquşması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. “X30” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 “Fiat” markalı avtomobillə toqquşmanın qarşısının alınması ilə bağlı hərəkətləri isə xüsusi texniki bilik tələb etmir. (i.v. 99-101). Sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Valeh oğluna Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Şahid2 dərəcəsinə görə sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət aldıqlarından onun xəsarət almaları faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 103-110). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 132-133). Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 yanvar 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlu əvvəllər məhkum olunmamışdır. (i.v. 144). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 08 sentyabr 2025-ci il tarixli, 8/1665 nömrəli ekspert rəyindən görünür ki, Fiat Doblo markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük və yaxud adamların daşınması nəzərdə tutulması, avtomobildə konstruksiya dəyişikliyinin edilməsi, əlavə sərnişin oturacaqlarının yerləşdirilməsi, həmin oturacaqların zavod istehsal tələblərinə uyğun olub-olmaması, konstruksiya dəyişikliyinin qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsinin və rəsmi qeydiyyata alınmasının müəyyən edilməsi yol-nəqliyyat hadisələri məhkəmə ekspertinin həll etdiyi suallar dairəsinə aid deyildir. Nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi ilə hadisə nəticəsində avtomobillərdə olan şəxslərin ölməsi və xəsarət almaları arasında səbəbli əlaqənin müəyyən edilməsi məhkəmə yolnəqliyyat hadisələrinin ekspertinin səlahiyyətlərinə aid deyildir. 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23 oktyabr 2025-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlu şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini, şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Valeh oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Valeh oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Valeh oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət İşləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkemasi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 21-ci bəndində qeyd olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə caza təyin edilarkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nın 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 ve 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişın və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəlicəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Valeh oğlu əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar (işdə bu barədə məlumat yoxdur) və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, ümumiyyətlə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Hadisədən sonrakı davranışı ilə bağlı qeyd edilməlidir ki, cinayət hadisəsinin törədilməsindən sonra Təqsirləndirilən şəxs Valeh oğlu və onun qohumları zərər çəkmiş (mərhum) X13 yas mərasimlərində iştirak etmiş, mərhumun ailəsi ilə barışıq əldə etməyə çalışmışlar, lakin barışıq əldə etmək mümkün olmamışdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun İslah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1- ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Valeh oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini və şəkərli diabet xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Valeh oğlunun cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən cinayət işlərində onun hüquqi varisi qismində adətən mərhumun yaxın qohumu çıxış edir. Ailə üzvünü itirən və ağır iztirablar keçirən şəxsin hadisədən az müddət sonra təqsirləndirilən şəxslə barışmaq istəməməsi və onun ən ağır cəza ilə cəzalandırılmasını tələb etməsi təbii və anlaşılan haldır. Lakin, bu kimi hallarda məhkəmə hesab edir ki, barışıq nəticəsinin olub-olmamasından çox diqqət əsasən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışlarına yönəldilməlidir. Əgər o, mövcud imkanları çərçivəsində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün bütün zəruri və mümkün addımları atırsa, lakin hüquqi varis yenə də barışmaqdan imtina edirsə, nəticə etibarilə barışığın olmaması təqsirləndirilən şəxsə cəza təyin edilərkən həlledici amil kimi qiymətləndirilməməlidir. Başqa sözlə, təqsirləndirilən şəxsin taleyini əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin barışıbbarışmaması ilə birbaşa əlaqələndirmək cəzanın məqsəd və prinsiplərinə uyğun hesab edilmir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs Valeh oğlu barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Valeh oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası yalnız cinayət nəticəsində birbaşa yaranmış ilkin zərəri deyil, uzunmüddətli və qeyrimüəyyən xərclər, gələcək imkanlarının itirilməsi, itirilmiş qazanc, psixoloji sarsıntı, ailə rifahına təsirlər və s. kimi mürəkkəb və qiymətləndirilməsi çətin olan elementlərdən ibarətdir. Bu xüsusatlar iddianın tam və obyektiv qiymətləndirilməsi üçün geniş mülki-hüquqi araşdırmalar və subyektiv meyarların dəyərləndirilməsini zəruri edir. Bu hallar cinayət işinə operativ və səmərəli baxılmasına maneə yarada və prosesin uzanmasına səbəb ola bilər. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək hesab edir ki, qeydolunan hallar nəzərə alınmaqla zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X2 mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1- ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Valeh oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddiaçı X2 mülki iddiası baxılmamış saxlanılsın. X4 mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış hadisə yerinin video görüntüsü əks olunmuş DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 278 manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar