Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-383/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Xüsusi ittihamçı X3 və nümayəndəsi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X5 və müdafiəçisi Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Asur qızının iştirakları ilə, Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X8 03 sentyabr 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində 9000 izləyicisi olan “Hamiləlik və analıq haqqında” adlı qrupda statusun şərh bölməsində X4 barəsində “üz qarası”, “yaramaz”, “pula həris” kimi nalayiq ifadələr işlətmiş və bununla da onun şərəf, ləyaqət və işgüzar nüfuzunu alçaltmış və ləkələmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(008)- 383/2023 saylı qərarı ilə X3 X8 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-383/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəməlinqvistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1426 saylı rəyinə əsasən “Facebook” sosial şəbəkəsində “Hamiləlik və analıq haqqında” qrupun yazışmalarında X8 və X4 tərəfindən yazılmış yazıların tam kontekstində və onların biri-birinə ünvanladığı yazışmaların əlaqəli şəkildə təhlili belə qənaətə gəlməyə əsas verir ki, linqvistik baxımından yanaşdıqda X8 tərəfindən işlənmiş “üz qarası”, “yaramaz”, “pula həris”, “bağça rəhbərliyi normal adam deyil” kimi ifadələr, eləcə də ekspertizaya təqdim olunan mətndə işlənmiş “....bağçanı viran qoyduğunu”, “....işçiləri kğlə kimi işlətdiyini”, “müqaviləniz alayarımçıqdır-işiniz kimi” və dıqnaq işarəsi içərisində yazılmış “sizin kimi pedaqoqlar” ifadələri X3 şərəf və ləyaqətini ləkələyən, təhqiredici xarakterə malik deyil, həmin məlumatlar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə işgüzar nüfuza xələl gətirən ifadələr hesab olunur. Tədqiq olunan ifadələrdə söhbət hər hansı şəxsi keyfiyyət və xüsusiyyətdən daha çox, aid edilən şəxsin professional bacarığını ciddi şəkildə şübhə altına almaqla onun işgüzar nüfuzuna xələl gətirilməsindən gedir. Xüsusi ittihamçı X3 nümayəndəsi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə tərəfindən elektron qaydada 12 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, X1 Fidan Rəsul qızı ilə barışmışdır. Bu səbəbdən də xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçı təqsirləndirilən şəxslə barışdığını bildirib xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə xüsusi ittihamçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittihamçı X4 təqsirləndirilən şəxs X8 ilə barışdığından təqsirləndirilən şəxsə qarşı AR CM-nin 147.1 və 148-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Bununla yanaşı, məhkəmə iş üzrə keçirilmiş ekspertiza xərclərinin və rəyin verilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşının cəlb edilməsinə görə müəyyən edilmiş xərclərin də tərəflərin hər ikisinin üzərinə bərabər şəkildə qoyulmasını qanuni və ədalətli hesab edir. Belə ki, AR CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Xüsusi ittihamçı X4 təqsirləndirilən şəxs X8 ilə barışdığından təqsirləndirilən şəxs X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza xərcləri 200 manat və 150 manat olmaqla, cəmi 350 manat, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşının cəlb edilməsinə görə müəyyən edilmiş xərc olaraq 300 manat, cəmi 650 manat xüsusi ittihamçı X4 və təqsirləndirilən şəxs X8 arasında bərabər bölünməklə hər birinin üzərinə 325 manat olmaqla qoyulsun. 350 manat ekspertiza xərci xüsusi ittihamçı və təqsirləndirilən şəxsin hər birindən 175 manat olmaqla dövlət büdcəsinə, 300 manat məbləğində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşının cəlb edilməsinə görə müəyyən edilmiş xərc isə xüsusi ittihamçı və təqsirləndirilən şəxsin hər birindən 150 manat olmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun (VÖEN: **********, M/h: AZ41NABZ********************, Kodu: 210005, SWİFT: CTREAZ22, VÖEN: **********, Hesab№AZ50CTRE********************) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-383/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-383/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver