Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-383/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Xüsusi ittihamçı X9 və onun nümayəndəsi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X23 oğlunun və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 26 oktyabr 1969-cu il tarixdə Naxçıvan MR, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Hürriyyət” qəzetinin baş redaktoru, ünvan 1 ünvanda qeydiyyatda olan X23 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə və ona əlavəyə (bundan sonra xüsusi ittiham qaydasında şikayət) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X23 oğlunun AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X9 nümayəndəsi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətə əlavə təqdim edərək eyni məzmunlu xahişlə məhkəməyə müracət etmişdir. Xüsusi ittiham qaydasında şikayət və əlavə onunla əsaslandırılmışdır ki, X23 oğlu 06 iyul 2023-cü il tarixdə özünə məxsus “Yotube” və “TikTok” və digər sosial media platformalarında “Hurriyyet_tv” profilində, eyni zamanda, “Hurriyyet_tv” youtube kanalında “Paylaşın xahiş edirəm, mən burada nağıl danışmıram. Dünəndən mənim həyatım təhlükədədir. Dünən axşamdan məni axtarırlar, yerini de gəlirik. Deməli, 2011- ci il 11 iyunda toplantı keçirəndən sonra Whatsapp qrupunda dedilər ki, o toplantı düzgün keçirilməyib, ona görə də torpaq filankəsin adına verilməlidi, indi də bələdiyyədən başqa şəxsin adına keçdi. Əsas məsələ odur ki, bu torpaq kənd camaatının iradəsini ifadə edən Səxavət Məmmədovun əlindən çıxarılsın. Əsas məqsəd budur. Kəramət Məmmədov hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid edir: mən filankəsə tapşıraram, Vüqarı tutarlar və s. kimi ifadələr işlədərək yalan olduğunu bilə-bilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törədərək Kəramət Məmmədovun şərəf və ləyaqətimi, işgüzar nüfuzunu ləkələyən, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə yaymışdır. Bundan başqa, X23 oğlu sosial səbəkədəki çıxışında Kəramət Məmmədovun cinayətkar birliyin (cetenin) üzvü olmasını və onu öldürəcəyinə dair yalan məlumat verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsini törətməklə ittiham etmiş və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bundan başqa, bu cür X8 birinin rəhbəri haqqında boş-boş danışırdı ki, tapşıracam, Vüqarı tutacaqlar. Sonra kənd camaatı Səxavət Məmmədovun arxasında olduğundan və tutdurmaq işi alınmadığından, ölümlə şantaj etməyə, təhdid etməyə keçdilər. Təxmini 3 gün bundan qabaq bu məsələnin arxasında duran adamın Siyavuş Novruzov olduğu aşkara çıxdı. O, Azərbaycan Respublikası parlamentinin deputatı, 5-ci ko ionun ən aktiv iştirakçılarındandır. Sinif yoldaşım olduğu üçün bugünədək onun haqqında heçnə deməmişəm. Amma bugün artıq onun maskası düşdüyündən mən bunu açıqlamağa məcburam. Sən demə bu işin arxasında Siyavuş Novruzov durub. Hətta məndə olan məlumatlara görə kimlərinsə əlavə sifarişləri verilib. Siyavuş Novruzovun kimlərlə bağlı Kəramət Məmmədova sifariş verdiyi ilə bağlı açıqlama verəcəm. Verilən sifariş qorxudan yerinə yetirilməyibdir. Ona görə də X8 xahiş edirəm, bu adamı çəksinlər, qulağını bursunlar.Bunun pulu qudurdub bunu, milyonlarla vəsaiti var, restoran şəbəkəsi var, avtosalonları var, zəbt olunmuş hektarlarla torpaqları var. Xahiş edirəm X8, çəksinlər bunu, oturtsunlar yerinə. X16 oturda bilməyəcəksə, bir daha təkrar edirəm, Allah özümüzə versin, oğlanlarıma versin, qardaşıma versin və qohumlarıma versin. Hər halda istər Siyavuşun, istər Kəramətin ailəsindən mənlə bərabər kimsə qəbirstanlıqda dəfn olunacaqdır. Bunu da mən Sizə deyirəm! ” Göründüyü kimi, Vüqar Məmmədov tərəfindən deyilən bu ifadələrin hamısı yalandır, heç biri həqiqəti əks etdirmir və Kəramət Məmmədovun şəxsiyyətimə, şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə gətirir. Belə ki, Vüqar Məmmədov sadəcə onun barəsində ümumi xarakterli qeyri-etik ifadələr işlətməmiş, eyni zamanda onu əsassız olaraq ittiham etmişdir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür videolar çəkərək insanlarda, cəmiyyətdə ona qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. X11 həm maddi, həm mənəvi ziyan vurmuşdur. Bundan başqa, Vüqar Məmmədov qəsdən, bilərəkdən Kəramət Məmmədovun ləyaqətini nalayiq formada (cinayətkar, dələduz, quldur, qana susamış cinayətkar, pul qudurdub və s. videoda öz əksini tanmış vulqar sözlər) alçaltmış, onu mənəvi- əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan şəkildə əsassız, yalan məlumatları yaymaqla ittiham etmişdir. O, Kəramət Məmmədovun şərəf və ləyaqətinə toxunacaq yalan, əsassız məlumatları internet resurslarında yayaraq bu hərəkətləri etməklə onun Konstitusion hüquqlarımı kobud surətdə pozmuşdur. Vüqar Məmmədov onun ünvanına xoşagəlməz ifadələrdə işlətmiş, şərəfini nalayiq formada alçaltmış və bununla da AR CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X12 və nümayəndəsi Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək X23 oğlunun AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə iclasında verilmiş suala cavab olaraq xüsusi ittihamçının nümayəndəsi X23 oğlunun kütləvi internet informasiya ehtiyatında yayımlanmış çıxışında guya Kəramət Məmmədovun çetenin üzvü olmaqla onu öldürəcəyini deməsinə və Kərmaət Məmmədovu AR CM-nin 29,120-ci maddəsi ilə ittiham etməsinə görə onun əməlində AR CM-nin 147.2-ci maddəsinin tərkibinin olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X23 oğlu özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, o, həqiqətən də 06 iyul 2023-cü il tarixdən öncəki gün Kəramət Məmmədov tərəfindən ölümlə hədələnmişdir. O, Kəramət Məmmədovun həmin səs yazısını da 06 iyul 2023-cü il tarixli yayımda səsləndirmişdir. Onun həmin gün efirdə xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərdiyi söz və ifadələri səsləndirməkdə məqsədi dövlət orqanlarının diqqətini onun həyatının təhlükədə olmasına cəlb etmək olmuşdur. Belə ki, o, həmin yayımdan öncə bu məsələ ilə AR DİN-nə müraciət etmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun şikayəti ilə bağlı araşdırma aparılmış, Kəramət Məmmədov həmin idarəyə dəvət olunaraq izahatı alınmış, Kəramət Məmmədov ondan üzr istədikdən sonra o, şikayət və tələbinin olmamasına dair ərizə vermişdir. Onun xüsusi ittiham qaydasında məhkəməyə təqdim edilmiş ərizəyə əlavə edilmiş videoda Kəramət Məmmədova böhtan atmaq və ya onu təhqir etmək niyyəti olmamışdır. Kəramət Məmmədov əvvəllər dəfələrlə məhkum olunduğuna görə onu məhkum olunduğu maddələrə uyğun olaraq dələduz və quldur adlandırmışdır. Həqiqətən də Kəramət Məmmədov onu ölümlə hədələmiş, yerini soruşmuş və onu öldürəcəyini demişdir. Bu səbəbdən də o, öz təhlükəsizliyi baxımından bu hallar barədə 06 iyul 2023-cü il tarixdə yayımlanmış verilişdə məlumat vermişdir. Təqsirləndirilən şəxsin ifadəsindən sonra X12 məhkəmə iclasında verilmiş suala cavab olaraq həqiqətən Vüqar Məmmədovun şikayəti ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsiə dəvət olunduğunu, orada yazılı izahat verərək Vüqar Məmmədovu ölümlə hədələmədiyini göstərdiyini, emosional olaraq işlətdiyi ifadələrə görə üzürxahlıq etdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Məmmədov X14 Məmmədovun hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid etməsini təsdiq edən hər hansı sübutun olmadığını, Kəramət Məmmədovun bu barədə onunla təkbətək danışan zaman ona dediyini, ola bilər ki, efirdə həmin ifadəni emosional olduğundan işlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş flaşkartda olan videogörüntüdən görünür ki, həqiqətən də X23 oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilmiş ifadələri işlətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1246 saylı rəydən görünür ki, xüsusi ittiham qaydasında şikayət materiallarına əlavə edilmiş X23 oğlunun səsləndirdiyi çıxışlarda aid edildiyi şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən təhqir xarakterli məlumatlar mövcuddur. Həmin məlumatlar “cinayətkar”, “qana susamış cinayətkar”, “dələduz”, “pul qudurdub” kimi söz və ifadələrdə əks olunmuşdur. Xüsusi ittiham qaydasında şikayət materiallarına əlavə edilmiş X23 oğlunun səsləndirdiyi çıxışlarda olan ifadələrdə aid edildiyi şəxsin əməllərində cinayətlərin olması ilə bağlı məlumatlar öz hüquqi təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli hesab olunur. Həmin məlumatların doğruluğunun müəyyən olunması ekspert-linqistin səlahiyyətinə aid olmayıb hüquqi araşdırmaya aid məsələdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 25 noyabr 2024-cü il tarixli, 3-13-6/2- 10261/24 saylı məktubdan görünür ki, Vüqar Məmmədov və X13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətlərində Kəramət Məmmədovun mütəmadi olaraq onları narahat etdiyini və Səxavət Məmmədovun mülkiyyətində olan Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 2.5 ha torpaq sahəsini NMR, Babək rayonu, Cəhri bələdiyyəsinin balansına keçmədiyi halda onları öldürəcəyi ilə hədələdiyini bildirməklə köməklik göstərilməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, Kəramət Məmmədov qardaşı Səxavət Məmmədova sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 2.5 ha torpaq sahəsini Cəhri qəsəbəsi sakinlərinin köməkliyi ilə aldığını bildirməklə həmin torpaq sahəsini Cəhri Bələdiyyəsinə bağışlamağı təklif etmiş, lakin Səxavət Məmmədov göstərilən tələblə razılaşmadığından tərəflər arasında narazılıq yaranmışdır. Araşdırma zamanı Vüqar Məmmədov təkrar ərizə ilə müraciət edərək Kəramət Məmmədov barəsində hər hansı şikayət və ya tələbinin olmadığını bildirməklə araşdırmanın dayandırılmasını xahiş etdiyindən toplanmış material işə alınmışdır. Azərbaycan Respblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli məlumatdan görünür ki, Məmmədov X19 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 may 2005-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2 və 192.2.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Azərbaycan Respblikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli məlumatdan görünür ki, X7 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 aprel 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün bəraət verilməsi dair hissəsi ləğv edilməklə ona qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 may 2003-cü il tarixli hökmünə əsasən AR CM-nin 182.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 13 yanvar 2006-cı il tarixli qərarına əsasən cəzası 11 il 03 aya endirilmiş, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2012-ci il tarixli qərarına əsasən 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X23 oğlunun əməlində AR CM-nin 147.2-ci maddəsinin tərkibi olmamış, lakin onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi öz təsdiqini tapmaqla, onun əməlində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bununla yanaşı, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilən hər bir maddə ilə bağlı gəldiyi qənaətin ayrıca əsaslandırılmasını zəruri hesab edir və ilk növbədə AR CM-nin 147.2-ci maddəsi ilə bağlı gəldiyi qənaətlə bağlı aşağıdakıları qeyd edir: Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində xüsusi ittihamçı və onun nümayəndəsi X23 oğlunun sosial şəbəkədəki çıxışında Kəramət Məmmədovun cinayətkar birliyin (cetenin) üzvü olmasını və onu öldürəcəyinə dair yalan məlumat verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsini törətməklə ittiham etdiyini iddia edərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi iddia etmişlər, məhkəmə iclasında verilmiş suala cavab olaraq da xüsusi ittihamçı və nümayəndəsi X17 Məmmədovu məhz 29,120-ci maddəsində ittiham edərək ona böhtan atdığını bildirmişlər. Halbuki, məhkəməyə təqdim edilmiş videogörüntüdən X1 öldürməyə cəhd etməkdə ittiham etməsi müəyyən edilməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, 06 iyul 2023-cü il tarixdə yayımlanmış verilişin əvvəlində X2 göndərdiyi səs yazısını paylaşmışdır. Həmin səs yazısında Kəramət Məmmədov bildirmişdir: “Mən bir daha sənə və Sərdar bəyə müraciət edirəm. İmkanınız varsa Səxavəti bu yoldan döndərin. Sabah onun uşaqları mənim qapımda ağlayacaq, sizin qapınızda yox. Bizi bu vəziyyətdə qoymayın. Burda ölüm olacaq, burda qırğın düşəcək. Sizdən xahiş edirəm, gəlin qan tökülməsin. Nəsil davası salmayın. Bir şey olsa, Səxavət getsə dama sizdən əl çəkməyəcəm. Heç birinizdən. Ya öləcəm, ya öldürəcəm. Bax deyirəm, Vüqar, and olsun Allaha”. Vüqar Məmmədovun verilişdə səsləndirdiyi ifadələr: “Dünən gecə ölümlə təhdid olunmuşam. Bir qrup cinayətkar ünsür məni ölümlə təhdid edirdirdilər və israrla mənim yerimi soruşurdular. Mən gecə ilə məlumat yaydım, X8 xahiş etdim ki, bu adam barəsində ölçü götürsünlər. Səhər tezdən mənə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəldi, idarəyə dəvət olundum, idarə rəhbərliyi ilə şəxsən görüşdüm. İzahat yazdım və getdim. Mənim həyatım təhlükədədir. Xahiş edirəm verilişin yayılmasına yardımçı olasınız. Mənim həyatım dünən axşamdan təhlükədədir. X16 bununla bağlı tədbir görməsələr biz görəcəyik. Dövlətə səslənirəm-bizi cinayətkar olmağa məcbur etməyin, sövq etməyin. Qəbirstanlıq üzərindən oynanılan bu dələduzların oyununu pozmaq lazımdı. Səslənirəm hüquq-mühafizə orqanlarına. Mənim həyatım təhlükədədir, mən həyatımdam qorxuram. Mən uşaqlarımın gələcəyinin puç olmasından qorxuram ki, onlar da kimisə öldürəcəklər. Amma hadisə baş verəcəksə hüquq-mühafizə orqanlarına ehtiyac qalmayacaq. Onlar hadisə baş verənədək hadisənin qarşısını almalıdırlar. Dövlət Təhlükəsizlik Xidmətinin rəisindən xahiş edirəm. Daxili İşlər Nazirliyi anında reaksiya verdi, o da reaksiya versin. Ölkə başçısına səslənirəm. Əgər bu ölkədə bizim təhlükəsizliyimizin təminatı yoxdursa biz də gedək xaricdə yaşayaq. Əgər varsa xahiş edirəm tədbir görsünlər”. Məhkəmə iclasında təqsirləndirilən şəxs həqiqətən də Kəramət Məmmədov tərəfindən ölümlə hədələndiyini, bununla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət etdiyini, həmin günün səhərisi, yəni 06 iyul 2023-cü il tarixdə efir vasitəsi ilə bir daha hüquq-mühafizə orqanlarına səsləndiyini bildirmiş, məhkəmə tərəfindən onun göstərdiyi xüsusatların araşdırılması məqsədi ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ilə müraciət edilmiş və həmin sorğuya cavab olaraq həqiqətən də Vüqar Məmmədov tərəfindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onun Kəramət tərəfindən ölümlə hədələnməsi ilə bağlı müraciət etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozisiyasından da göründüyü kimi AR CM-nin 147.2-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün şəxsin həmin məlumatların yalan olduğunu bilməsi mütləq müəyyən olunmalıdır. Şəxsin həmin məlumatların yalan olduğunu bilə-bilə yayması dedikdə, yəni məlumatları yayan şəxs yaydığı məlumatların yalan dolduğunu bilir, dərk edir və buna baxmayaraq başqa şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayır.Təqsirkarın qəsdi məhz başqa şəxsin şərəf və ləyaqətini ləkələməyə və ya nüfuzdan salmağa yönəlir. Məhkəmə qeyd edir ki, yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məlum olduğu kimi, AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Yəni, təqsirkar başqa şəxsə ağır və ya xüsusilə ağır cinayətdə ittiham edərək böhtan atarkən onun ərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan yalan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə qanunvericiliyin tələblərini, AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərini və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin birbaşa qəsdlə törədilməli olmasını nəzərə alaraq xüsusilə vurğulayır ki, əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, belə halda əməldə cinayət tərkibinin subyektiv əlaməti olmadığından AR CM-nin 147ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində istinad edilmiş videogörüntüdən görünür ki, X17 Məmmədov tərəfindən ölümlə hədələnməsi və Kəramət Məmmədovun onu öldürmək istəməsi ilə bağlı səsləndirdiyi məsələ ilə bağlı o, hansı səbəbdən bu fikirdə olmasına dair istinad etdiyi Kəramət Məmmədova məxsus səs yazısını (hansı ki, həmin səs yazısının Kəramət Məmmədova aid olması Kəramət Məmmədovun özü tərəfindən də təsdiq edilmişdir) internet informasiya ehtiyatında yayımlamış, ən önəmlisi ilə həmin məsələ ilə bağlı hüquq-mühafizə orqanına- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. X23 oğlunun kütləvi yayımlanan internet informasiya ehtiyatında səsləndirdiyi ifadələrin məzmunundan görünür ki, o, həmin yayımdan öncə hüquq-mühafizə orqanına müraciət etmiş, həqiqətən də Kəramət Məmmədovun ona ünvanlandığı səs yazısında öz əksini tapmış “Burda ölüm olacaq, burda qırğın düşəcək. Sizdən xahiş edirəm, gəlin qan tökülməsin. Nəsil davası salmayın. Bir şey olsa, Səxavət getsə dama sizdən əl çəkməyəcəm. Heç birinizdən. Ya öləcəm, ya öldürəcəm. Bax deyirəm, Vüqar, and olsun Allaha” ifadələrdəki təhdidin məhz ona yönəldiyinə inanmışdır ki, belə olan halda şəxsin məlumatın yalan olduğunu bilə-bilə kimisə ağır və ya xüsusi ağır cinayətdə ittiham etməklə böhtan atmasından söhbət gedə bilməz. Bununla yanaşı, həmin gün yayımlanmış verilişdə Vüqar Məmmədovun ölümlə hədələnməsi ilə bağlı işlətdiyi cümlələrin məzmunundan aydın şəkildə görünür ki, Vüqar Məmmədov yayımdan bir gün öncə baş vermiş söhbətdən danışaraq həyatının təhlükədə olduğunu bəyan etməklə hüquqmühafizə orqanlarını onun həyatının təhlükəsizliyini təmin etməyə çağırmışdır. Belə ki, həmin yayımdan görünür ki, Vüqar Məmmədov səlahiyyətli şəxs və orqanlara səslənərək kömək istəmiş və izləyicilərdən səsinin daha tez duyurulması üçün verilişi bəyənmələrini və paylaşmalarını təkidlə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq X18 Məmmədovun səs yazısında əks olunmuş təhdidlərinin ona ünvanlandığına əmin olduğunu, kütləvi yayımlanan internet informasiya ehtiyatında sözügedən məzmunda sözlər işlətməsinin səbəbinin hüquq-mühafizə orqanlarının diqqətini bu məsələyə cəlb etmək olduğunu bildirmişdir. Həqiqətən də, Vüqar Məmmədovun 06 iyul 2023-cü il tarixli verilişin əvvəlində paylaşdığı və özü tərəfindən Kəramət Məmmədova ünvanlanmış səs yazısında da onun həqiqətən də Kəramət Məmmədov tərəfindən ölümlə hədələndiyinə inanması açıq-aşkar görünməkdədir. Belə ki, həmin səs yazısında Vüqar Məmmədov bildirir: “Qaldı ki, təhdidinə ölmək, öldürmək, problem deyil. Birini sən öldürsən, birini də biz öldürəcəyik. Kəramət kiminlə danışdığına çox diqqət elə. Bunu mən sənə əmi oğlun Vüqar kimi demirəm, “Hürriyyət” qəzetinin baş readaktoru Vüqar Məmmədov kimi deyirəm. Ölüm Allahın əmridir. Bir yanlış hərəkətin bir yanlış hərəkətlə əvəzlənəcəkdir. Vuracaqsan, vurulacaqsan. Qan tökərsən, qan tökərik. Hər nə eləsən qarşılığını alacaqsan Bir də məni təhdid eləmə. Mən nə təhdidlərdən qorxuram, nə də hədələrdən qorxmuram. Məni vurarsan səni vurarlar”. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrini dinləyərək belə qənaətə gəlir ki, X23 oğlu kütləvi yayımlanan internet informasiya ehtiyatında səsləndirdiyi ölümlə hədələnməsi ilə məlumatların həqiqət olduğuna inanmış, buna inanmaqla qalmamış, eyni məzmunlu şikayətlə hüquq-mühahizə orqanına müraciət etmiş və məhkəmə iclasında eyni məzmunlu ifadələri səsləndirərək qeyd etdiklərinin həqiqət olduğunu dəfələrlə vurğulamışdır ki, bu da onu deməyə əsas verir ki, X23 oğlu “kütləvi yayımlanan internet informasiya ehtiyatında səsləndirdiyi ölümlə hədələnməsi ilə məlumatların həqiqət olduğuna inanmaqla həmin məlumatların yalan olmasına ehtimal belə verməmişdir. Göründüyü kimi, X23 oğlunun niyyəti X10 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə ona böhtan atmaq deyil, həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, aidiyyəti dövlət orqanlarına onun həyatının təhlükəsizliyini təmin etməyə çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. İlkin olaraq məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət ərizəsində xüsusi ittihamçı Vüqar Məmmədovun efirdə Kəramət Məmmədovun onu ölümlə şantaj etməyə, təhdid etməyə keçdiyini deyərək onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etdiyini iddia etsə də, məhkəmə qeyd edir ki, hətta Vüqar Məmmədovun niyyəti həmin ifadələrlə həqiqətən də Kəramət Məmmədova böhtan atmaq olsa idi, bu yenə də AR CM-nin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün əsas ola bilməzdi. Belə ki, başqa şəxsi öldürməklə hədələmədə ifadə olunan cinayət əməli AR CM-nin 134-cü maddəsində nəzərdə tutulmaqla kateqoriyasına görə böyük ictimai təhlükə törətməyən cinayətdir. AR CM-nin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətə verilmiş əlavə də isə Vüqar Məmmədovun əməlində AR CM-nin 147.2-ci maddəsinin mövcud olmasına dəlalət edən ifadə olaraq X17 Məmmədovu öldürəcəyinə dair yalan məlumat verməsi və bununla da Kəramət Məmmədovu AR CM-nin 29,120-ci maddəsi ilə ittiham etməsinə istinad olunsa da, məhkəmə qeyd edir ki, hər hansı şəxsin cinayətin törədilməsinə birbaşa yönələn və öz iradəsindən asılı olmayaraq başa çatdırılması mümkün olmayan hərəkəti barədə hər hansı konkret fakt deyilmədən sadəcə şəxsin öldürmək istəyi barədə məlumatın verilməsi özü-özlüyündə şəxsin həmin cinayətə cəhd etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, AR CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Hazırki halda X23 oğlunun Kəramət Məmmədovun onu öldürməyə yönəlik konkret qəsdi və ya qəsdən ona qarşı edilmiş hər hansı əməli barədə məlumat vermədən sadəcə ona göndərmiş olduğu səs yazısına istinadən həmin səs yazısında işlədilmiş ifadələri özünə təhdid kimi qəbul edərək Kəramət Məmmədovun onu öldürmək istəməsi qənaətinə gələrək bununla bağlı məlumat yayaraq hüquq-mühafizə orqanlarına səslənməsi onun Kəramət Məmmədovu 29,120-ci maddəsində ittiham etməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə X23 oğlunun əməlində AR CM-nin 147.2-ci maddəsinin tərkibi olmadığından həmin maddə ona qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə X23 oğlunun AR CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli hesab olunmasının əsasında dayanan söz və ifadələrin ayrı-ayrılıqda göstərilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi ifadələr bunlardan ibarətdir: “Kəramət Məmmədov hər dəfə camaatı qurumlardan birinin rəhbərinin adı ilə təhdid edir-mən filankəsə tapşırıram Vüqarı tuturlar. Siyavuş Novruzovun kimlərlə bağlı Kəramət Məmmədova sifariş verdiyi ilə bağlı açıqlama verəcəm. Verilən sifariş qorxudan yerinə yetirilməmişdir”. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X12 heç vaxt kənd camaatını təhdid etmədiyini və ya kimdənsə cinayətkar sifariş almadığını qeyd etmiş, X23 oğlu isə kütləvi yayımlanan internet informasiya ehtiyatında yayımladığı verilişdə səsləndirdiyi həmin halları təsdiq edəcək hər hansı sübutunun olmadığını, emosional olduğundan həmin ifadələri işlətdiyini bildirmişdir. Göstərilən bu ifadələrlə təqsirləndirilən şəxs Məmmədov X15 Məmmədovu nüfuzdan salan məlumatları həmin məlumatların həqiqiliyini sübut etmədən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla AR CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan təqsirləndirilən şəxsin istifadə etdiyi ifadələr aşağıdakılardır (məhkəmə-linqvistik ekspertizasının rəyi nəzərə alınmaqla): “cinayətkar”, “qana susamış cinayətkar”, “dələduz”, “pul qudurdub”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-4/1246 saylı rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim olunan mətndə nitq vahidlərinin ifadə tərzi, cümlələrdəki funksiyası və məqsədi təhlil edilərkən istifadə edilmiş söz kateqoriyaları vasitəsi ilə şəxsiyyətə aid mənəvi və əxlaqi keyfiyyətlərin aşağılanmasını göstərən əlamətlər müşahidə edilmiş və həmin işlətmələr xüsusi təhqiredici çalara malikdirlər. Bu cür məlumatlar aid edildiyi şəxsin ətradakıların, onu tanıyanların arasında nüfuzdan düşməsinə, şərəf və ləyaqətinin alçalmasına, eyni zamanda işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Məlumdur ki, şərəf və ləyaqətin alçaldılması iki şəkildə ifadə oluna bilər: 1. Dolayı yolla şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş ifadə tərzi; 2. Birbaşa qeyri-etik və vulqar formada. Bir çox hallarda təhqir və ləyaqətin alçaldılmasına yönəlmiş faktlar kütləvi şəkildə yayıldığı halda məlumat kimi doğru və ya yanlış olması belə əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə ekspert rəyinin əsaslandırıcı hissəsində ekspertin hər bir söz və ifadə ilə bağlı gəldiyi qənaəti ətraflı və tam təfərrüatı ilə əsaslandırdığını nəzərə alaraq müvafiq ekspert rəyi ilə razılaşır və yuxarıda qeyd olunan söz və ifadələri təhqir kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X23 oğlu özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək X10 təhqir etmək və ya ona böhtan atmaq niyyətinin olmadığını bildirərək AR CM-nin 147.1-ci maddəsinin tərkibinin yaranmasına səbəb olan ifadəni emosional olduğundan işlətdiyini, Kəramət Məmmədovun kənd camaatını qurumlardan birinin rəhbərinin adı ilə təhdid etməsini və kimdənsə sifariş almasını təsdiq edən sübutunun olmadığını bildirmişdir ki, məhkəmə qeyd edir ki, şəxsin emosional olması onun hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymasına haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. AR CM-nin 148-ci maddəsinə münasibətdə Məmmədov X14 Məmmədovun əvvəllər cinayət törətdiyini, o cümlədən, dələduzluq cinayəti ilə də məhkum olunduğunu nəzərə alaraq onu cinayətkar və dələduz adlandırdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, şəxsin hazırda məhkumluğu olmayan şəxs hesab olunmaqla (nəzərə alınsa ki, X9 məhkumluğu ödənilmişdir) illər öncə məhkum olunması onun kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında cinayətkar və ya dələduz adlandırılaraq şərəf və ləyaqətinin nalayiq formada alçaldılması üçün əsas ola bilməz. Bununla yanaşı, iş materiallarında olan videogörüntüdən də görünür ki, X3 dələduzluq cinayəti törətməsinə dayanaraq yalnız cinayətkar və dələduz sözlərini deyil, ondan savayı “qana susamış cinayətkar” və “pul qudurdub” kimi təhqir xarakterli ifadələr də işlətmişdir. Göründüyü kimi, X23 oğlu tərəfindən AR CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi öz təsdiqini tapmaqla onun öz müdafiəsi üçün irəli sürdüyü dəlillər məhkəmə iclasında təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, hər kəsin fikir, söz və ifadə azadlığı olduğu kimi şərəf və ləyaqətinin müdafiəsi hüququ da var. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Məhkəməsinin mövqeyinə əsasən ifadə azadlığının həyata keçirilməsi öhdəlik və vəzifələrlə müşayiət olunur və 10-cu maddənin jurnalistlərə verdiyi təminat belə bir şərtə bağlıdır ki, onlar jurnalistika etikasına uyğun olaraq düzgün və mötəbər informasiyanı təmin etmək üçün vicdanla hərəkət etməlidirlər (digər qərarlarla yanaşı bax: “Radio France” və başqaları Fransaya qarşı, ərizə № 53984/00, 37-ci bənd, AİHM 2004-İİ; və Kolombani və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 65-ci bənd). Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi ilə bağlı qəbul etdiyi qərarlarında ardıcıl olaraq belə qənaətə gəlmişdir ki, mətbuatın rolunun ictimaiyyəti dərhal məlumatlandırmaq olması ilə yanaşı, adlarını və vəzifələrini qeyd etməklə xüsusi şəxsləri birbaşa ittiham etmə faktı ərizəçiləri öhdəlik altında qoyur ki, öz bəyanatları üçün kifayətedici faktiki əsası təmin etsinlər (bax, yuxarıdakı Kumpana və Mazare, § 101 və Lesnik Slovakiyaya qarşı, № 35640/97, § 57, İHAM 2003- İV). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 22-ci bəndinə əsasən fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki halda X23 oğlunun kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumatları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi nəticə olaraq – X9 şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Belə olan halda məhkəmənin Vüqar Məmmədovu təhqir və böhtan (CM-147.1) cinayətlərində təqsirli bilməsi heç də onun ifadə azadlığının pozulması ilə deyil, əksinə onun ifadə azadlığının qanunla müəyyən edilmiş hədlərindən kənara çıxmasına və nəticədə digər şəxsin şərəf və ləyaqətinin alçaldılmasına verilən hüquqi qiymət kimi dəyərləndirilməlidir. Beləliklə, məhkəmə, iş üzrə mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, ekspert rəyinin, iş materiallarına əlavə edilmiş videogörüntünün sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X23 oğlunun törətdiyi əməllər AR Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X23 oğlunun hüquqi dövlət quruculuğunda jurnalist kimi mühüm rol oynamasını, jurnalist olaraq vətəndaşların hakimiyyət strukturları üzərində nəzarətini həyata keçirən və demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirən şəxslərdən biri olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X23 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X23 oğluna qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamdan AR CM-nin 147.2-ci maddəsi xaric edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək hər iki maddə ilə cərimə cəzasına məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, ekspertiza tədqiqatının dəyəri X23 oğlundan tutularaq dövlət nəfinə ödənilməli, 01 ədəd disk və 01 ədəd flaşkart iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X23 oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X23 oğluna qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi xaric edilsin. X23 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına, AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən X23 oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2000 manat məbləğində cərimə cəzası təyin edilsin. Ekspertiza tədqiqatının dəyəri 350 manat X23 oğlundan tutularaq dövlət nəfinə ödənilsin. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilmiş 01 ədəd disk və 01 ədəd flaşkart iş materiallarında saxlanılsın. X23 oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-383/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-383/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver