Məhkəmə qərarları › İş №1(008)-384/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-384/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-384/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 987-ci il tarixdə Şuşa şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, «Qızıl Qum» sanatoriyasının ərazisindən keçən «Pirşağı-Novxanı» yolunun kənarında yerləşən kafeyə gələn müştərilər Şahid3, Şahid2, Şahid4, Şahid7, Şahid1, Şahid6 və Şahid5 qumar oynamaq üçün otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 10 yanvar 2024-cü il tarixdə, saat 21:00 radələrindən etibarən həmin kafenin otaqlarında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyrimüəyyənlikdən və təsadüfdən asılı olan «Poker» qumar oyunu oynamalarını təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə, saat 22:18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində kafedə 1 nömrəli otaqda müştərilər Şahid3, Şahid2 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1.410 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də kafedə 2 nömrəli otaqda müştərilər Şahid4, Şahid7, Şahid1, Şahid6 və Şahid5 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1.870 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Qızıl Qum sanatoriyası adlanan ərazidən keçən, Pirşağı-Novxanı yolunun kənarında yerləşən adsız kafeni təxminən 7-8 ildir ki, işlədir. Bu kafedə Sübhan adlı ofisiant kimi işləyir. Ona maaş kimi gündəlik və aylıq kimi ümumilikdə təxminən 250-300 manat pul verir. Kafedə əsasən yeməklər, balıqlar, spirtli içkilər və qazlı içkilər verilir. Bu kafeyə Tariyel, Faiq, Fəzail, Əfqan, Kəmaləddin, Ağakərim, Mətləb, Rasim və Barat adlı tanışları mütəmadi olaraq gəlirlər. Onların bir neçəsi onun həmyerlisi olduğu üçün onunla yaxın münasibətləri vardır. Həmyerliləri vasitəsi ilə digərlərində tanımışdır. 10 yanvar 2024-cü il tarixdə Baratın ad gününü qeyd etmək üçün kafeyə Tariyel, Faiq, Fəzail, Əfqan, Kəmaləddin, Ağakərim, Mətləb, Rasim və Barat adlı əvvəllər bir neçə dəfə kafedə də olmuş şəxslər gəlmişlər. Kafenin banket zalında oturaraq orada yeyib-içməyə başlamışlar. Həmin vaxt onlara ofisant Sübhan qulluq etmişdir. Bir müddət keçdikdən sonra onlar ona qumar oynamaq istədiklərini söyləyərək ondan şərait yaratmasını xahiş etmişlər. Onları əvvəlcədən tanıdığı üçün qumar oynamaqlarına şərait yaratmışdır. Bu məqsədlə həyətdə olan 2 ədəd kabinetə onları yönləndirmişdir. Kabinetin birində Faiq və Tariyel qumar oynamışdır. Digər otaqda isə Fəzail, Barat, Rasim, Ağakərim, Əfqan qumar oynamışdır. Sonuncu otaqda Mətləb və Kəmaləddin otursa da, onlar qumar oynamayaraq sadəcə oyunu izləmişlər. O Sübhana həmin otaqlara tez-tez girməməyi tapşırmışdır. Yalnız çay və istilik peçləri gətirdikdən sonra getmişdir. Onlar iki otaqda «Poker» adlanan kart oyununu oynamışlar. Kartları da özləri ilə gətirmişlər. Bir qədər onlarla oturduqdan sonra kafeyə nəzarət etmək üçün oradan çıxmışdır. Bu zaman telefonuna zəng gəlmiş və bu səbəbdən də kafedən bir qədər kənara çıxmalı olmuşdur. Daha sonra ona məlum olmuş ki, o çıxdıqdan sonra saat təxminən 22:20 radələrində Daxil İşlər Nazirliyinin əməkdaşları kafeyə daxil olaraq ofisiant Sübhanın iştirakı ilə baxış keçirilmiş və baxış zamanı qumar oynanılan otaqlarda olan şəxslərin qumar oynaması aşkar edilmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, boş vaxtlarında dostları ilə birlikdə Sabunçu rayonu, Qızıl Qum sanatoriyası adlanan ərazidən keçən, Pirşağı-Novxanı yolunun kənarında yerləşən adsız kafeyə balıq və digər yeməkləri yemək üçün getmişlər. O həmin obyektin müdiri olan Mehdi adlı şəxsi həmyerlisi kimi tanıyır və onunla tanışlıq münasibəti olmuşdur. Həmin gün kafenin banket zalında Baratın ad günü məclisini etmək üçün oturmuşlar. Yeyib-içdikdən sonra qumar oynamaq qərarına gəlmişlər. O Faiqlə bir kabinetdə poker adlanan qumar oynunu oynamağa başlamışlar. Digər otaqda isə Barat, Rasim, Mətləb, Ağakərim, Kəmaləddin, Əfqan və Əsəd oturmuşdur. Onlarda həmin otağa qumar oynamaq üçün getmişlər. Sonradan ona məlum olmuş ki, Kəmaləddin və Mətləb qumar oynamayaraq oynanılan qumar oyununu izləmişlər. Kafenin sahibi olan Mehdi ona və dostlarına rahat istirahət etməkləri üçün hər cür şərait yaratmışdır. 10 yanvar 2024-cü il tarixdə, gecə təxminən 22:00 radələrində o həmin obyektin ağ rəngli plastik qapılı otağında Faiqlə birlikdə kart və pullar vasitəsil ə qumar oynamışlar. Belə ki, həmin şəxs onun tanışıdır. Onlar qumar oynamaq üçün obyektin müdiri Mehdiyə məlumat verdikdə, onlar razılıq verərək həyətdə olan 2 kabinetdə oynaya biləcəklərini bildirmişlər. Mehdi də onunla həmyerli olduğundan, onunla uzun zamandır münasibəti olmuşdur. Ona görə də, onların qumar oynamağları üçün otaq təşkil etmişdir. Qumar oynamaq üçün kartı o almışdır. Oyun oynanılan zamanı da hətta Mehdi onların olduğu otaqa daxil olub onlara nəzarət etmiş və əlavə olaraq hər hansı bir ehtiyacının yarandığı halda ona müraciət etmişdir. Qumar oynamaqlarına otaq təşkil etməsinə şərait yaratmasına görə və həmyerlisi olmasına görə ona əlavə pul verməməlidir. Lakin oyun oynanılan zamanı, hətta oyun oynamamışdan əvvəl də yemək, içki sifariş edib obyektə müəyyən miqdarda xeyir vermişdir. Mehdi həmin obyekti tək işlədir. Mehdi onların rahat şəkildə qumar oynamağı üçün ofisiantlara da tapşırıq vermişdir ki, onlar olan otağa daxil olmasınlar. Onlar kartla «sıxdı», «Poker» deyilən qumar oyunu oynamışlar. Gediş «5 manat»-dan olmaqla oynamışlar. Bir müddətdən sonra 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 21:00 radələrində kartla oyun oynadıqları zamanı otağa daxil olan şəxslər özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin əməkdaşları olmasını bildirmişlər. Onlar oyunu dayandıraraq, əməkdaşların verdikləri suallara cavab vermişlər. Bu zaman masanın üzərində olan pul vəsaiti və 1 dəstə kart onlara izah edilməklə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 X3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə onlar Sabunçu rayonu, Qızıl Qum sanatoriyası adlanan ərazidən keçən, Pirşağı-Novxanı yolunun kənarında yerləşən adsız kafeyə onun ad gününü qeyd etmək üçün getmişlər. O həmin obyektin müdiri olan Mehdni şəxsi həmyerlisi kimi tanımış və onunla tanışlıq münasibəti olmuşdur. Yeyib-içdikdən sonra qumar oynamaq qərarına gəlmişlər. O, Rasim, Fəzail, Ağakərim, Əfqanla Binnətovla qəhvəyi rəngli plastik qapısı olan bir kabinetdə poker adlanan qumar oynunu oynamağa başlamışlar. Onlardan başqa həmin otaqda Kəmaləddin və Mətləbdə olsa da onlar onların oyunu kənardan seyr etmişlər. Digər otaqda isə Faiq və Tariyel oturmuşdur. Onlarda həmin otağa qumar oynamaq üçün getmişlər. Kafenin sahibi olan Mehdi ona və dostları ilə rahat istirahət etməkləri üçün hər cür şərait yaratmışdır. Belə ki, həmin gün onların kabinetlərdə qumar oynamaqlarından xəbərdar olmuş və onlara qumar oynamaq üçün şərait yaratmışdır. 10 yanvar 2024-cü il tarixdə, gecə təxminən 22:00 radələrində o həmin obyektin qəhvəyi rəngli plastik qapılı otağında Rasim, Fəzail, Ağakərim, Əfqanla birlikdə kart və pullar vasitəsilə qumar oynamışlar. Belə ki, həmin şəxslər onun tanışıdır. Onlar qumar oynamaq üçün obyektin müdiri Mehdiyə məlumat verdikdə, onlara razılıq verərək həyətdə olan 2 kabinetdə oynaya biləcəyi bildirmişdir. Mehdi də onunla həmyerli olduğundan, onunla uzun zamandır münasibəti olmuşdur. Ona görə də, onların qumar oynamağı üçün otaq təşkil etmişdir. Qumar oynamaq üçün kartı Fəzail almışdır. Oyun oynanılan zamanı da hətta Mehdi onların olduğunu otaqa daxil olub onlara nəzarət etmiş və əlavə olaraq hər hansı bir ehtiyaclarının yarandığı halda ona müraciət etməkləri bildirmişdir. Qumar oynamağa otaq təşkil etməsinə şərait yaratmasına görə və həmyerlisi olmasına görə ona əlavə pul verməmişlər. Lakin oyun oynanılan zamanı, hətta oyun oynamamışdan əvvəl də yemək, içki sifariş edib obyektə müəyyən miqdarda xeyir vermişlər. Mehdi həmin obyekti tək işlədir. Mehdi onların rahat şəkildə qumar oynamaqları üçün ofisiantlara da tapşırıq vermişdir ki, onlar olan otağa daxil olmasınlar. Onlar kartla «sıxdı», «Poker» deyilən qumar oyunu oynamışlar. Gediş «2 manat»-dan olmaqla oynamışlar. Bir müddətdən sonra 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 21:00 radələrində kartla oyun oynadıqları zamanı otağa daxil olan şəxslər özlərinin təqdim edərək Daxili İşlər Nazirliyinin əməkdaşları olmasını bildirmişlər. Onlar oyunu dayandıraraq, əməkdaşların verdikləri suallara cavab vermişlər. Bu zaman masanın üzərində olan pul vəsaiti və 1 dəstə kart onlara izah edilməklə götürülmüşdür. Suallara cavab olaraq onlar və oradakı ofisant (Sübhan) kafenin sahibi olan Mehdinin bundan xəbərdar olmasını söyləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid4, Şahid7 və Şahid6 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Qızıl Qum sanatoriyası adlanan ərazidən keçən, Pirşağı-Novxanı yolunun kənarında yerləşən adsız kafedə təxminən 3 aydır ofisiant kimi işləyir. Bu kafenin sahibi Təqsirləndirilən şəxsdir. Müdiri olan Mehdidən aylıq təxminən 250-300 manat pul almışdır. Obyektə ümumi nəzarəti müdir edir. Onlar müştərilərə çay, içki, müxtəlif növ yeməklər verərək xidmətlər göstərirlər. Gələn müştəriləri adətən o qarşılayır, ancaq bəzən elə olur ki, Mehdi ona onun bəzi müştərilərinə diqqətlə yanaşmağı, onların olduqları otaqlara girməməyi tapşırır. Elə olan zamanı adətən müştərilər kabinetlərdə otururlar. Bu gün kafenin banket zalında ad günü keçirilmişdir. Həmin məclisin iştirakçıları Mehdinin tanışları olmuşdur. Ona qonaqlara qarşı diqqətli olmağı tapşırmışdır. Onun dediyi kimi edərək gələn qonaqlara qarşı diqqətli davranmışdır. Bir müddət sonra məclis iştirakçıları Mehdiyə kart oynamaq istədiklərini bildirmişlər. Mehdi isə onlara şərait yarada biləcəyini söyləyərək ona həmin qonaqları kafenin həyətindəki ağ rəngli plastik qapılı və qəhvəyi rəngli plastik qapılı kabinetlərə aparmasını söyləmişdir. Onun dediyi kimi edərək həmin şəxsləri kabinetlərə gətirmişdir. Ağ rəngli plastik qapısı olan otaqda 2 nəfər əyləşmişdir. Qəhvəyi rəngli qapısı olan otaqda isə ümumilikdə 7 nəfər əyləşmişdir. Həmin otaqların soyuq olduğuna görə qızdırıcı peç və qonaqlara isti çay gətirdikdən sonra oradan çıxmışdır. Lakin həmin qızdırıcı peçləri və çayı verən zaman hər iki otaqda əyləşənlərin masanın ətrafında oturaraq kart oynadıqlarını görmüşdür. Qəhvəyi rəngli qapılı otaqda 2 nəfər bir qədər kənarda oturararaq qumar oynayanları seyr etmişlər. 10 yanvar 2024-cü il tarixdə, gecə saat təxminən 22:00 radələrində Mehdi özü həmin qonaqlarla əyləşmişdir. Ona tapşırmışdır ki, həmin otağa çox girməsin. «Əgər nəsə lazım olarsa özü çağıracaq» demişdir. Həmin şəxslər artıq bir neçə dəfədir ki, onların işlədikləri obyektə gəlirlər. Belə ki, Mehdi həmin şəxslərin həmyerliləri olmasını, adlarını isə Tariyel, Faiq, Fəzail Əfqan, Kəmaləddin, Ağakərim, Mətləb, Rasim və Barat olmasını bildirmişdir. Həmin şəxslər bu gün banket zalında əyləşib, spirli içki, digər qazlı sular sifariş edib içdikdən sonra Mehdi kabinetlərdə onlara kart oynaması üçün şərait yaratmışdır. Belə ki, həmin şəxslər onlara qulluq edib yekunlaşdıqdan sonra Mehdinin də iştirakı ilə kartlar vasitəsilə qumar oynamışlar. Belə ki, Mehdi özü də oyun oynanılan zamanı hər iki kabinetdə olmuşdur. Mehdi 1 saatdan çox kabinetdə olduqdan sonra obyektdən çıxaraq getmişdir. Bir müddətdən sonra təxminən saat 22:15 radələrində obyektə daxil olan şəxslər polis əməkdaşları kimi özlərini təqdim edib, obyektdə onun iştirakı ilə baxış keçirtmişdir. Ona hal-hazırda kart oyunlarının, qumar oyunlarının keçirilməsini sual etdikdə, təsdiq edərək, bəli hal-hazırda 2 kabinetdə kartla qumar oyunları oynanılır cavabını bildirmişdir. Həmin kabinetə də onun iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zamanı izahatda da adlarını qeyd etdiyi Mehdinin həmyerlilərinin kartla qumar oynadıqlarını, Mehdinin onların tanışı olmasını, bu səbəbdən də onların qumar oynaması üçün şərait yaratdığını bildirmişdir. «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:18 radələrində həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, «Qızıl Qum» sanatoriyasının ərazisindən keçən «Pirşağı-Novxanı» yolunun kənarında yerləşən kafedə otaqlara baxış keçirilən zaman 1 nömrəli otaqda müştərilər Şahid3, Şahid2 qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1.410 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də 2 nömrəli otaqda müştərilər Şahid4, Şahid7, Şahid1, Şahid6 və Şahid5 qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 1.870 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)30/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən əsasənqumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahidlərin ifadələri, videodisk və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama-beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Cinayət işinin materiallarında olan 05 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,176). Cinayət işinin materiallarında olan 05 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 187). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, onun onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümükülüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar-disk cinayət işinin materialları arasında saxlanılmalı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi KMBİ-in maddi sübutlar otağında saxlanılan iki ədəd oyun kartı məhv edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3.280 manat pul vəsaiti dövlət nəfinə keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən «01» (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul vəzifə, eləcə özəl hüquqi şəxslərdə, rəhbər maddi-məsul vəzifə o cümlədən restoran, kafe fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməklə, ona Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən 5.000 manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindikdən andan hesablansın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübutlar-disk cinayət işinin materialları arasında saxlanılsın, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi KMBİ-in maddi sübutlar otağında saxlanılan iki ədəd oyun kartı məhv edilsin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 3.280 manat pul vəsaiti dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar