Məhkəmə qərarları › İş №1(008)-386/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-386/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-386/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1977-ci il tarixdə Ermənistan Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər rayonu, B.Sarov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,018 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının yaxınlığında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,018 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4 il olar ki, narkotik vasitələrdən istifadə edir. 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri ,Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin «20 Yanvar» stansiyası yaxınlığında olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroini 25 manata alıb üzərində saxlayıb daşımışdır. 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da Sabunçu rayonu Sabunçu qəsəbəsi Sabunçu bazarın yaxınlığında piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığından və narkotik vasitə heroin olduğundan polis əməkdaşları tərəfindən həbs olunacağını bilib həyəcanlanmışdır. Bunu görüb polis əməkdaşları ondan şübhələnib birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə getməyi təklif etmişdirlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağını, bununla əlaqədar ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan vəkil Müdafiəçi1 seçib, hüquqlarının onun tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil Müdafiəçi1 ona təqdim olunmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü üzərində heroin olduğundan vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılacağı bildirilib, üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olmuş narkotik vasitə heroini çıxarıb təqdim edərək, heroini öz istifadəsi üçün 25 manata Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin «20 Yanvar» stansiyası yaxınlığında olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını demişdir. Heroindən başqa əynində olmuş şalvarının sol yan cibindən bir ədəd özünə məxsus «Keneksi» markalı mobil telefonu təqdim etmişdin. Təqdi etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən və telefondan başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, doğruluğu onun və iştirak edən digər şəxslər tərəfindən imzaları ilə təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-in 12-ci PŞ-in sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 birlikdə 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsinə aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlandığını görüb ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Mehdinin polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raport tərtib olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması baş təhqiqatçı Elşən Abbasova həvalə edilmişdir. Polis şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Mehdiyə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakımetropolitenin «20 Yanvar» stansiyası yaxınlığında olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd sellofan bükümdə narkotik vasitə heroini 25 manata alıb üzərində saxlayıb daşıdığını, şalvarın sol yan cibindən isə 01 ədəd «Keneksi» markalı mobil telefonu çıxarıb təqdim edərək telefonun özünə məxsus olduğunu qeyd etmişdir. Təhqiqatçı tərəfindən bükümə baxış keçirildikdən sonra həmin maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi maddədən başqa qanunla dövriyyəsi qadağan olunan digər əşya və predmet aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu, onun, sahə inspektoru Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzaları ilə təsdiq edilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığında tanıdığı adını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir ( i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 6/6303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,018 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 38-42). “Mobil telefona baxış keçirilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş “Keneksi” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı video, foto, SMS mesaj və digər məlumatlar aşkar edilməmişdir (i.v.82). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 dekabr 2022 -ci il tarixli, 7768 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 105-106). “Sübutların qiymətləndirilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,018 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,968 qram hissəsi Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.110-115). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 31 oktyabr 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v. 15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.71-73). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.74- 75). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.90). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2012-ci il təvəllüdlü (X2) və 13 avqust 2018-ci il təvəllüdlü (X1) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində iki azyaşlı uşağının olmasını (AR CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,968 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar