Məhkəmə qərarları › İş №1(008)-387/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-387/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-387/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 2, ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,561 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 noyabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsində yerləşən “OBA” marketin yaxınlığında şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,561 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamion aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, psixotrop maddə metamfetamin qəbul edir, metamfetamini tanımadığı şəxslərdən alır. 05 noyabr 2022-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq adlanın ərazidə olarkən yerdə büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb içini açıb baxdıqda bükümün içərisində psixotrop maddə metamfetamin el arasında deyilən şüşə olmasını görmüşdür. O, özü istifadəçi olduğundan içərisində psixotrop maddə metamfetamin olan bükümü sonradan qəbul etmək üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 05 noyabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsində yerləşən «OBA» marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, özünü şübhəli apardığından Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmiş, bu barədə ərizə vermişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə, o, üzərində saxladığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini təqdim edərək həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni yerdən təsadüfən taparaq özünün qəbul etməsi üçün üzərində saxlamasını bildirmişdir. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. O və iştirakçılar tərəfindən tərtib olunmuş protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Sabunçu RPİ 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 05 noyabr 2022-ci il tarixdə saat 18:40 radələrində həmkarı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi “OBA” marketin yaxınlığında xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Yaxınlaşmaq istədikdə həmin şəxs onları görərək olduqları yerdən aralanmaq istəmiş, onlarda şübhə yaratdığından şəxsi saxlayaraq özlərini təqdim etmişlər. Anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab vermiş, narkotik təsir altında olmasına dair şübhələri yarandığından onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Maştağa qəsəbəsi Tavaylıq deyilən ərazidən yerdən tapdığını, özü üçün istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir(i.v.84-86); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.12); şəxsi axtarış və götürmə aparılması haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim etmiş, 01 ədəd şəffaf kiçik polietilenə bükülmüş maddənin “metamfetamin”ə bənzər narkotik vasitə heroin olmasını, həmin maddəni Maştağa qəsəbəsi Tavaylıq deyilən ərazidən yerdən tapdığını, özü istifadə etmək məqsədilə ilə götürüb üzərində saxlayaraq daşımasını bildirmişdir. Götürülmüş maddələr sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət rəqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6437 nömrəli 06 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflə üçün № 100” dairəvi möhür əksi, “Təqsirləndirilən- Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,561 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (i.v. 33- 35); baxış keçirilməsi barədə 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda bükümü təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Maştağa qəsəbəsi Tavaylıq deyilən ərazidən yerdən tapdığını, özü üçün istifadə etmək məqsədilə ilə götürüb üzərində saxlayaraq daşımasını bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyularaq möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. (i.v.52-53); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 70-72); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında 07 noyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 73-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Hacıyev X1 rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1997-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhər Əzizbəyov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. (i.v.79-80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2022-ci il tarixli 6893 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alarq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 90-91); Sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,561 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,511 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v.94-98); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 05 noyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,561 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü üzrə olan məhkumluğu, eyni zamanda Əzizbəyov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində olan xx.xx.1995-ci il tarixli və xx.xx.2002-ci il tarixli hökmlər üzrə məhkumluqları ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,511 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar