Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-387/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmünə əsasən 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığına qədər daşımış, 20 yanvar 2024-cü il tarixdə, saat 15:40-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu Maştağadan “Baku City”nin abağından Ramin adlı polis əməkdaşı tutmuş, özü hal hazırda həbsdədir, onu digər cinayət işi üzrə axtarışa əsasən tutmuşlar, ona təzyiq göstərmişlər, bu üçüncü dəfədirki onu tuturlar, iki dəfə evdən yatdığı yerdən aparmışlar, bu da üçüncüdür, üzərində narkotik vasitə olmayıb. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, “kokos” adlanan narkotik vasitədən 3-4 ildir ki istifadə edir, ona göstərilən təzyiqlə bağlı heç bir orqana müraciət etməmişdir. Özünü qismən təqsirli bilir, belə ki, o istifadəçi olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmuş və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamışdır. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla tikintidə usta işləmişdir. Üzərində narkotik vasitə aşkar edilməsi ilə əlaqədar bildirmişdir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik maddə olan heroin almış və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15.40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün polis əməkdaşları onu Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişdirlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Lakin, üzərində el arasında «kakos» kimi tanınan narkotik vasitə heroin olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı olmadan keçirilsin. Təhqiqatçı da, onun bu barədə ərizəsini çap etmiş və o, həmin ərizəni imzalamışdır. Bundan sonra bölmənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Ondan həmin bükümün içərisində olan maddənin nə olması soruşulduqda həmin maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin narkotik vasitə heroini haradan əldə etməyini soruşmuşlar, o da həmin narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Ona narkotik vasitə satan şəxsin anket məlumatları barədə suala cavab olaraq o, həmin şəxsin anket məlumatları barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyildir. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsusdur. O, saxlanıldığı zaman heç bir fiziki zorakılığa məruz qalmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Narkotik vasitəni alarkən yanında kimlərin olub-olmaması barədə suala cavab olaraq yanında heç kimin olmadığını, həmin vaxtı o, tək olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 20 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 yanvar 2024-cü il tarixdə, saat 15:40-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında olan zaman müəyyən olunmuş və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişdirlər. Samir X2 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şəxsə üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və onu 20 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Həmin şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, tünd qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli selofana bükülmüş, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar edildi. Aşkar olunmuş bir ədəd şəffaf rəngli selofana bükülmüş, spesifik iyə malik olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər edilmədi (i.v.30-31); məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/395 nömrəli, 21 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN “Zərflər üçün № 161” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...şübhəli şəxs (imza)” Təqsirləndirilən şəxs yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,261 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir(i.v.36-39); Videoyazıya baxış keçirilməsi haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçının qarşısındakı masanın sol tərəfində dayanmış şəxs Sabunçu RPİnin 15-ci PB-nin CA üzrə əliyyat müvəkkili, polis baş leytenantı Şahid2, ondan sağda yanmış şəxs Təqsirləndirilən şəxs, ondan sağda dayanmış şəxs isə Sabunçu RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1dur. Video çəkilişin davamında Təqsirləndirilən şəxs qanunla nəzərdə tululmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim edir. Həmin bükülünün içərisinə keçirilmiş baxış zamanı bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş bükülü kağız zərfdə qablaşdırılıb möhürlənir (i.v.69); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoakliv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.73-74); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)-225/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun haqqında axtarış elan olunması qərara alınmışdır (i.v.76- 78); Qətimkan tədbirinin nəzərə alınması barədə 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbrinin seçilməsi nəzərə alınmışdır(i.v.79-80); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək CM-nin 221.2.1, 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 01 il 03 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-5/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır(i.v.94- 96); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,261 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1.211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk isə iş materiallarına əlavə edilmişdir (i.v.103-108); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı övladı vardır(i.v.208); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 08 may 2024-cü il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1,261 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-5/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-5/2024 saylı hökmü ilə ona təyin edilmiş cəza hazırkı hökm üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), şübhəli şəxs qismində tutulduğu 03(üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi – 1,261 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-5/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 03(üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, təmiz çəkisi – 1,261 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,211 kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-387/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-387/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver