Məhkəmə qərarları › İş №1(008)-389/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-389/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-389/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Eyyub oğlunun iştirakı ilə 15 iyun 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavat küçəsi, ev 43-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan- Dövlətov Fərid Fərrux oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Dövlətov Fərid Fərrux oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 485.0 qram çəkidə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə, saat 16:45 radələrində Bakı şəh., Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən dəmir yolu stansiyası ərazisində Sabunçu st.XPŞ-in əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu st.XPŞ-in növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 17:50 radələrində üzərində şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli selofan torbanın içərisində olan bir ədəd üzərində «Ən ucuz market» sözləri yazılmış ağ rəngli selofana bükülmüş bağlamada təmiz çəkisi 485.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Dövlətov Fərid Fərrux oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Bakı şəhərindən müxtəlif yerlərdən əldə etmişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Pirşağı bağ massivi yaxınlığında olarkən yerdə qara rəngli selofan torba görüb maraqlı gəldiyindən yerdən torbanı götürüb açdıqda içərisində üzərində «Ən ucuz market» yazısı olan ağ rəngli selofana bükülü büküm görmüşdür. Bükümü açdıqda həmin bükümün içərisində ota bənzər, spesifik iyə malik maddə olmasını görüb marixuana olduğunu başa düşmüş və ona görə də yenidən həmin bağlamanı bağlayıb özündə istifadə etmək üçün saxlamışdır. Həmin gün narkotik vasitəni yaşadığı bağ evində saxlamış və narkotik vasitənin bir hissəsini siqaretə doldurmaqla istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürüb saat 16:45 radələrində Pirşağı stansiyası ərazisi ilə gedən zaman üç nəfər mülkü geyimdə şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Sabunçu XPŞ-in əməkdaşları olmalarını bildirərək onu şöbəyə dəvət etmişlər. Orada polis əməkdaşları ona üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirmişlər. Bundan sonra video çəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, sağ əlində olan qara rəngli selofanı otaqdakı masanın üzərinə qoymuş və bundan sonra polis əməkdaşları tərəfindən həmin bağlama açıldıqda içərisində olan narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları ona həmin bağlamadakının nə olmasını soruşduqda, polis əməkdaşlarına həmin bağlamadakının narkotik vasitə olan marixuana olmasını və həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Pirşağı bağlar massivində yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DYNPİ-in Sabunçu st.XPŞ-in rəis müavini vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. xx xxx 2020-ci il tarixdə «Fərid» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Fərid» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün Bakı şəh., Sabunçu rayonu ərazisində yerləşən Pirşağı dəmir yol vağzalının ərazisinə gəlmişlər. Orada bir nəfər şəxsin əlində torba olması və xarici əlamətlərinin «Fərid» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-in əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək F.F.Dövlətov olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət edilmişdir. XPŞ-də video çəkilişlə F.F.Dövlətovun üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. F.F.Dövlətov sağ əlində olan qara rəngli sellofan torbanın içərisindən bir ədəd üzərində «Ən ucuz market» sözü yazılmış ağ rəngli sellofana bükülmüş bağlamanı çıxardaraq masanın üzərinə qoymuş, sellofan bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. F.F.Dövlətov həmin bağlamadakı narkotik vasitə marixuananı xx xxx 2020-ci il tarixdə axşam saatlarında Pirşağı bağlar massivində yerdən taparaq şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/216 saylı, xx xxx 2020-ci il tarixli narkotik tərkibli bitkilərin və onlardan hazırlanmış vasitələrin tədqiqat metodikasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs…….F.Dövlətov» yazılar və imzalar olan kağız paketdəki qara rəngli polietelin paketin içərisindən 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-485.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 485.0 qram, qalıq 0.2 qramdır, qalıq 484.8 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 Ambulator X1 1785 saylı, 29 iyun 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Dövlətov Fərid Fərrux oğlunda tiryək alkoloidlərini tərkibindən saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Dövlətov Fərid Fərrux oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Dövlətov Fərid Fərrux oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Dövlətov Fərid Fərrux oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlətov X6 Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Dövlətov Fərid Fərrux oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Dövlətov Fərid Fərrux oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan xx xxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Dövlətov Fərid Fərrux oğlu xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,19). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Dövlətov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 52). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)269/2020 saylı, 16 may 2020-ci il tarixli qərardan görünür ki, Dövlətov Fərid Fərrux oğlu barəsində xx xxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(səh.,68). Məhkəmə, Dövlətov Fərid Fərrux oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Dövlətov Fərid Fərrux oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Dövlətov Fərid Fərrux oğlunun cəza çəkmə müddətinin başlanğıcı «15» may 2020-ci il tarixdən hesablanmalıdır. Dövlətov Fərid Fərrux oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Dövlətov Fərid Fərrux oğluna cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-484.8 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 69.82 manat ekspertiza xərci Dövlətov Fərid Fərrux oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Dövlətov Fərid Fərrux oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Dövlətov Fərid Fərruz oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğlunun cəza çəkmə müddətinin başlanğıcı «15» may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğluna cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-484.8 qram marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 69.82 manat ekspertiza xərci təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Dövlətov Fərid Fərrux oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar