Məhkəmə qərarları › İş №1(008)-393/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-393/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-393/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xuliqanlıq, yəni vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət edilən ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca nörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onu təhqir etdiyi üçün ictimai yer olan “Oba market”in yaxınlığında, küçədə kənar şəxslərin gözü qarşısında tanıdığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, yumruqla qəsdən sonuncunun üz və baş nahiyyələrindən, təpiklə isə sol ayaq nahiyyəsindən bir neçə dəfə zərbə endirərək, ona baş beyin silkələnməsi və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol alıngözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sol alın nahiyəsinin sıyrığı; ənsə, burun və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü “Hyundai” markalı, “**-BP-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Tanıdığı Eldəniz adlı şəxs də onun kimi taksi fəaliyyəti ilə məşğul olur. “Koroğlu” metrostansiyası yaxınlığından müştəri yığaraq Şuşa şəhərciyinə və əks istiqamətdə işləyirlər. 11 aprel 2024-cü il tarixdə “Koroğlu” metrostansiyası yaxınlığında olarkən Eldənizlə aralarında müştəriyə görə mübahisə olmuşdur. Belə ki, orada olan bir qadın yaşlı kişidən avtobus marşrutunun nömrəsini soruşmuş, həmin kişi isə bilmədiyindən ona müraciət etmiş, o, isə kişiyə marşrut nömrəsini demişdir. Bundan sonra Eldəniz ona yaxınlaşaraq həmin qadının onu müştərisi olduğunu, niyə onun müştərisini əlindən aldığını soruşmuşdur. O, Eldənizə belə bir halın olmadığını, qadınla ümumiyyətlə danışmadığını, sadəcə yaşlı kişi ondan söz soruşduğundan həmin kşiyə cavab verdiyini bildirmişdir. Səhərisi gün o, digər taksi sürücüləri ilə Şuşa şəhərciyində olan zaman Eldəniz avtomobillə gələrək avtomobilin şüşəsini endirərək yenidən onunla həmin müştəri ilə bağl mübahisə etmiş, onun ünvanına nalayiq ifadə işlətmiş və avtomobilini sürüb getmişdir. 13 aprel 2024-cü il tarixdə, təxminən saat 13 radələrində Şuşa şəhərciyində yerləşən “Oba market’dən çıxarkən Eldənizin avtomobilində digər taksi sürücüsü Firdovsi ilə oturaraq söhbət etdiyini görüb yaxınlaşaraq nəyə görə keçən dəfə onu təhqir etdiyini soruşduqda Eldəniz ona onunla da söhbət edəcəyini və gözləməsini bildirmişdir. O, bir qədər aralanaraq digər taksi sürücüsü İlkinlə söhbət etməyə başlamışdır. Bir qədər sonra Eldəniz siqnal verərək onu avtomobilinə dəvət etmişdir. O, Eldənizin avtomobilində arxada oturmuş, bu zaman İlkin də onunla gələrək onun yanında oturmuşdur. Eldəniz ona yenidən irad bildirərək niyə müştərisini uzaqlaşdırdığını soruşmuş, o, isə belə bir halın baş vermədiyini, özünün qadınal deyil, orada olan yaşlı kişi ilə danışdığını bildirmişdir. Bu zaman Eldəniz onun ünvanına söyüş söymüş və onu vurmaq üçün arxaya doğru əlini atmışdır. O, geri çəkildiyindən Eldəniz onu vura bilməmiş, bu zaman o, cavab olaraq Eldənizi vurmuşdur. Bundan sonra hər ikisi avtomobildən enərək dalaşmağa başlamışlar. Orada olan taksi sürücüləri onları ayırmış və mübahisə sona çatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, özünə məxsus “Hyundai Verna” markalı, “**-VG-***” dövlər qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Onunla eyni qəsəbədə yaşayan Fəzail adlı şəxs də onun kimi taksi fəaliyyəti ilə məşğul olur. “Koroğlu” metrostansiyası yaxınlığından müştəri yığaraq Şuşa şəhərciyinə və əks istiqamətdə işləyirlər. Hadisədən iki öncə “Koroğlu” metrostansiyası yaxınlığından bir qadın ona yaxınlaşaraq taksi ilə getmək istədiyini bildirmiş, o, isə qadını aparacağını demişdir. Bu zaman görmüşdür ki, Fəzail uzaqdan gələrək həmin qadına sataşmağa çalışır. Daha sonra qadın onunla getməkdən də imtina etmişdir. Bu zaman o, ehtimal etmişdir ki, Fəzail həmin qadını onunla getməkdən yayındırmışdır. Çünki onunla birgə işləyən digər taksi sürücüləri kimi Fəzailin də onunla arası olmamışdır. Ərazidə onunla birgə işləyən taksi sürücüləri onu işverən adlandırırlarmış. Belə ki, o, hər bir məsələni qanunla həll edən adamdır. O, Fəzailin həmin qadını onunla getməkdən yayındırdığını düşünərək ona yaxınlaşmış və hansı səbəbdən onu müştərisi ilə danışdığını irad bildirmişdir. Fəzail isə belə bir halın olmadığını demiş və aralarında bu səbəbdən mübahisə yaranmışdır. Lakin o, Fəzailin ünvanına nalayiq söz deməmiş, əksinə Fəzail ona söyüş söymüşdür. 12 aprel 2024-cü il tarixdə Fəzail Ramanada olarkən o, həmin əraziyə gəlmiş və yenidən Fəzaillə aralarında ondan bir gün öncə olan məsələ ilə bağlı mübahisə davam etmiş, Fəzail onun ağız nahiyyəsindən vurmuş, o isə avtomobilini idarə edərək getmiş və şikayət etməmişdir. 13 aprel 2024-cü il tarixdə o, Ramana qəsəbəsində, Şuşa şəhərciyində olan ərazidən keçərkən taksi sürücüsü olan Firdovsini görmüş, onu söhbət etmək üçün onu öz avtomobilinə dəvət etmişdir. Firdovsi qarşı oturacaqda onun yanında oturmuşdur. O, Firdovsiyə demişdir ki, Fəzaili başa salsın, belə olmaz. Bu zaman qəfildən sol tərəf pəncərədən Fəzail bərk küt alətlə onun baş nahiyyəsinə vurmuş, daha sonra arxa oturacaqda əyləşərək onu həmin alətlə vurmağa davam etmişdir. Bundan sonra onlar avtomobildən enmişlər, Fəzail onu təpik və yumruqla vurmağa davam etmişdir. Ətrafda olan şəxslər onları ayırdıqdan sonra mübahisə sona çatmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Fəzailin müştəri qadınla nə danışdığını eşitmədiyini, sadəcə həmin qadını onunla getməkdən yayındırmağa çalışdığını ehtimal etdiyini, həmin qadının Fəzailin avtomobili ilə də getmədiyini, ilkin olaraq özünün Fəzailə yaxınlaşaraq müştərisi ilə danışmasına görə irad bildirdiyini, lakin onu söymədiyini və ya onun ünvanına nalayiq ifadə işlətmədiyini, səhərisi gün Fəzailin onu avtomobilində oturduğu halda avtomobilin açıq pəncərəsi tərəfdən yumruqla vurduğunu, bu zaman dodağının qanadığını, lakin şikayət etmədiyini, 13 aprel 2024-cü il tarixdə məsələni yoluna qoymaq üçün Firdovsi ilə danışmaq qərarına gəldiyini, Şuşa şəhərciyinə gedərək Firdovsini avtomobilinə dəvət etdiyini, Firdovsi ilə danışdığı zaman Fəzailin qəfildən sol tərəfdən avomobilin açıq pəncərəsindən küt alətlə onun başına vurduğunu, Fəzailin əlində nə olmasını görmədiyini, daha sonra Fəzailin avtomobilə əyləşərək avtomobildə onu döydüyünü, həmin vaxt Fəzaili nə söymədiyini, nə də vurmadığını, özünün bir-iki dəfə ona qarşı başqa taksi sürücüləri tərəfindən edilmiş qanunsuz hərəkətləri ilə polis orqanlarına müraciət etməsi və hər bir məsələni qanun yolu ilə həll etməyə çalışması səbəbindən ərazidə olan taksi sürücülərinin ondan xoşlarının gəlmədiyini, onu işverən adlandırdıqlarını, onunla münasibətlərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 12 aprel 2024-cü il tarixdə o, İlkin və Fəzail Şuşa şəhərciyində öz avtomobilləri ilə dayanaraq müştəri gözlədikləri zaman Eldəniz öz avtomobili ilə gələrək Fəzailə hansı səbəbdən dünən onun müştərisi ilə danışdığını deyərək onun ünvanına nalayiq söz işlətmiş, bu zaman Fəzail onu avtomobilin açıq pəncərəsi tərəfindən vurmağa cəhd etsə də, Eldəniz avtomobili sürüb getmiş və Fəzail onu vura bilməmişdir. 13 aprel 2024-cü il tarixdə onlar yenə də həmişə dayandıqları ərazidə, yəni Şuşa şəhərciyi “Oba Market”in yaxınlığında dayandıqları zaman Eldəniz avtomobili ilə həmin əraziyə gələrək siqnal verərək onu öz avtomobilinə dəvət etmişdir. O, Eldənizin avtomobilində qarşı oturacaqda əyləşmiş, Eldəniz ona Fəzailin onun müştərilərini əlindən aldığını deyərək onu başa salmasını tövsiyə etmişdir. Həmin vaxt Fəzail yaxınlaşaraq Eldənizdən hansı səbəbdən dünən ona nalayiq söz dediyini soruşmuş, Eldəniz isə onunla sonra danışacağını demişdir. Bu zaman Fəzail İlkinlə bir qədər aralıda dayanmışlar. O, Eldənizə böyük insan olduqlarını, belə mübahisələr etməmələrini məsləhət görmüşdür. Bir qədər sonra Eldəniz siqnal verərək Fəzaili öz avtomobilinə dəvət etmişdir. Fəzail arxa oturacaqda əyləşmiş, bu zaman İlkin də gələrək Fəzailin yanında oturmuşdur. Həmin vaxt Eldəniz yenə Fəzaillə müştəri söhbəti etmiş, Fəzail isə Eldənizə həmin qadın müştəri ilə ümumiyyətlə danışmadığını, orada olan yaşlı kişinin ondan marşrut nömrəsi soruşduğunu və həmin kişiyə cavab verdiyini bildirmişdir. Bu zaman Eldəniz söyüş söydükdə Fəzail də cavab olaraq söyüş söymüşdür. Bunu eşidən Eldəniz əlini arxaya ataraq Fəzaili vurmaq istəyərkən Fəzail araxaya çəkildiyindən Eldəniz onu vura bilməmişdir. Bundan sonra Fəzail Eldənizin bu hərəkətinə cavab olaraq onu şillə və yumruqla vurmuş, daha sonra hər ikisi avtomobildən enərək çöldə dalaşmağa başlamışlar. Daha sonra onlar Eldənizlə Fəzaili ayırdıqlarından mübahisə başa çatmışdır. Həmin vaxt ərazidə taksi şoferləri və 5-6 nəfər dayanacaqda dayanmış kənar şəxslər olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, artıq uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Hadisədən bir gün öncə, yəni 12 aprel 2024-cü il tarixdə o, İlkin və Fəzail həmişə dayandıqları yerdə öz avtomobilləri ilə dayanaraq müştəri gözlədikləri zaman Eldəniz öz avtomobili ilə gələrək Fəzaildən hansı səbəbdən dünən onun müştərisi ilə danışdığını deyərək onun ünvanına nalayiq söz işlətmiş, bu zaman Fəzail onu avtomobilin açıq pəncərəsi tərəfindən vurmağa cəhd etsə də, Eldəniz avtomobili sürüb getmiş və Fəzail onu vura bilməmişdir. 13 aprel 2024-cü il tarixdə onlar yenə də həmişə dayandıqları ərazidə, yəni Şuşa şəhərciyi “Oba Market”in yaxınlığında dayandıqları zaman Eldəniz avtomobili ilə həmin əraziyə gələrək siqnal verərək Firdovsini öz avtomobilinə dəvət etmişdir. Firdovsi Eldənizin avtomobilində qarşı oturacaqda əyləşmişdir. Həmin vaxt Fəzail yaxınlaşaraq Eldənizdən hansı səbəbdən dünən ona nalayiq söz dediyini soruşmuş, Eldəniz isə onunla danışacağını demişdir. Bu zaman Fəzail onunla bir qədər aralıda dayanaraq söhbət etməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra sonra Eldəniz siqnal verərək Fəzaili öz avtomobilinə dəvət etmişdir. Fəzail arxa oturacaqda əyləşmiş, bu zaman o da yaxınşlaşıb Fəzailin yanında Eldənizin avtomobilində arxa oturacaqda oturmuşdur. Həmin vaxt Eldəniz yenə Fəzaillə müştəri söhbəti etmiş, Fəzail isə Eldənizə həmin qadın müştəri ilə ümumiyyətlə danışmadığını, orada olan yaşlı kişinin ondan marşrut nömrəsi soruşduğunu və həmin kişiyə cavab verdiyini bildirmişdir. Bu zaman Eldəniz söyüş söydükdə Fəzail də cavab olaraq söyüş söymüşdür. Bunu eşidən Eldəniz əlini arxaya ataraq Fəzaili vurmaq istəyərkən Fəzail araxaya çəkildiyindən Eldəniz onu vura bilməmişdir. Bundan sonra Fəzail Eldənizin bu hərəkətinə cavab olaraq onu şillə və yumruqla vurmuş, daha sonra hər ikisi avtomobildən enərək çöldə dalaşmağa başlamışlar. Daha sonra onlar Eldənizlə Fəzaili ayırdıqlarından mübahisə başa çatmışdır. Həmin vaxt ərazidə taksi şoferləri və 5-6 nəfər dayanacaqda dayanmış kənar şəxslər olmuşlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 avtomobildən endikdən sonra Eldənizlə Fəzailin hər ikisinin bir-birilərini vurduqlarını, Fəzailin boğaz nahiyyəsində qızartıların olduğunu, mübahisənin Eldənizin Fəzailin ünvanına söyüş işlətməsi, bu zaman Fəzail ona qarşılıq verdiyindən onu vurmağa cəhd etməsi səbəbindən başladığını, zərərçəkmiş şəxsin başqa şəxslər barəsində də polisə bu kimi şikayətlər verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyində yerləşən “Oba Market”in qarşısıdır (i.v.7-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X2 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 23 aprel 2024-cü il tarixli, 808 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol alın-gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sol alın nahiyəsinin sıyrığı; ənsə. burun və sol bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i.v.30-31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 may 2023-cü il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və iş məhkəməyə göndərilmişdir (i.v.63-64). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(008)-563/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 73.2-cin maddəsinə əsasən AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir (i.v.65-68). “Sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, şahid ifadələinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 92-95). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 13 aprel 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 13 aprel 2024-cü il tarixdən iki gün öncə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında sərnişin ilə bağlı mübahisə olmuş, həmin mübahisə iki gün boyunca davam etmiş, daha sonra zərərçəkmiş şəxs hadisə yerinə gələrək məsələyə aydınlıq gətirmək üçün ilk öncə ərazidə fəaliyyət göstərən digər taksi sürücüsü Şahid1 avtomobilinə çağıraraq Fəzaili başa salmasını bildirmiş, daha sonra Fəzail onun çağırışı əsasında onun avtomobilinə əyləşdikdən sonra mübahisə yenidən başlamış, mübahisə əsnasında Fəzail zərərçəkmiş şəxsi vurmuş, daha sonra dava avtomobildən çöldə davam etmiş və ərazidə olan taksi sürücüləri onları ayırdıqdan sonra mübahisə sona çatmış, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 13 aprel 2024-cü il tarixdə baş vermiş hadisə öncədən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında yaranmış və iki gün boyunca davam etmiş mübahisə əsnasında baş vermiş, hadisə günü sözlü mübahisənin dava səviyyəsinə çatması isə məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş, həmin dava əsnasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vuraraq ona xəsarət yetirmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən sadəcə hadisənin ictimai yerdə baş verməsi, hadisəni kənar şəxslərin (orada olan digər taksi şoferləri və bir neçə dayanacaqda olan sərnişin) müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisənin ictimai yerdə baş verməsi özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar olmamaqla əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırki iş üzrə Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə onun arasında artıq iki gün idi ki, zərərçəkmiş şəxsin ona müştərisini əlindən alması, müştərini onun idarə etdiyi taksi avtomobili ilə getməkdən yayındırması ilə irad bildirməsi səbəbindən mübahisə başlamış, hadisədən bir gün öncə onlar arasında yenidən həmin mübahisə davam etmiş, hətta həmin gün zərərçəkmiş şəxsin onun ünvanına işlətdiyi nalayiq söz səbəbindən (bu hal həm də dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobilin açıq pəncərəsi tərəfdən vurmağa cəhd etsə də, zərərçəkmiş şəxs həmin yerdən avtomobilini idarə edərək uzaqlaşmış, ondan bir gün sonra isə, yəni 13 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxs özü hadisə yerinə gələrək ilk öncə Təqsirləndirilən şəxs yanında olan Firdovsi adlı taksi şoferini bu məsələ ilə bağlı danışmaq üçün öz avtomobilinə dəvət etmiş, daha sonra isə siqnal verərək Fəzaili öz avtomobilinə çağırmış, yenidən iki gün öncə olan məsələ ilə bağlı mübahisə etməyə başlamış, özü təqsirləndirilən şəxsin ünvanına ilk olaraq nalayiq söz işlətmiş, bu zaman təqsirləndirilən şəxs ona nalayiq ifadə ilə cavab qaytardıqda isə Təqsirləndirilən şəxs vurmaq üçün əlini arxaya tərəf atmış, Təqsirləndirilən şəxs araxaya çəkildiyindən onu vura bilməmiş, buna qarşılıq isə Fəzail onu vurmuş, daha sonra hər ikisi avtomobildən enərək davanı çöldə davam etdirmişlər, daha sonra digər taksi şöferləri onları araladıqdan sonra mübahisə sona çatmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları təsdiq edərək mübahisənin baş verməsinin səbəbinin iki gün öncə Eldənizlə Fəzail arasında müştəri ilə bağlı yaranmış narazılıq olmasını, hadisə günü hadisə yerinə zərərçəkmiş şəxsin gələrək öncə Firdovsini siqnal verərək avtomobilinə çağırdığını, bir qədər sonra isə siqnal verərək Təqsirləndirilən şəxs avtomobilinə oturmağa dəvət etdiyini, yenidən müştəri ilə bağlı mübahisə etməyə başladığını, Fəzailin ona məsələni yanlış anladığını bildirdiyini, buna baxmayaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyini, Fəzail ona qarşılıq verən zaman isə Fəzaili vurmaq üçün əlini arxaya atsa da, Fəzailin arxaya çəkilməsi səbəbindən onu vura bilmədiyini, bu zaman Fəzailin zərərçəkmiş şəxsi vurduğunu, daha sonra hər ikisinin avtomobildən enərək çöldə dalaşmağa davam etdiklərini, onları ayırdıqdan sonra isə mübahisənin başa çatdığını bildirmişlər. Məhkəmə həm Təqsirləndirilən şəxs, həm də şahidlərin təhqiqat və məhkəmə istintaqı zamanı verilmiş ifadələrini tədqiq edərək qeyd edir ki, həmin şəxslərin hər birinin ifadəsindən mübahisənin şəxsi münasibətlər zəmində olması, o cümlədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlaması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmağa sövq edən amilin məhz zərərçəkmiş şəxslə hadisədən öncəki 02 gün ərzində davam edən mübahisənin olduğunu və məhz zərərçəkmiş şəxsin özünün hadisə günü yenidən mübahisəni başladaraq Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi və onu vurmağa cəhd etməsinin olması aşkardır. İş materiallarında bu faktı təkzib edə biləcək bir tək zərərçəkmiş şəxsin ifadəsidir ki, məhkəmə zərərçəkmiş şəxsin ibtidai araşdırma və məhkəmə araşdırması zamanı verdiyi ifadələrə ayrıca qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin hadisə günü DİN-nin 102 Xidmətinə edilmiş zənginin məzmunundan görünür ki, o, 102 Xidmətinə zəng edərək Xəzan adlı şəxs (iş materialları ilə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir) tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir (i.v.1). Həmin gün zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs həmin ərizədə 13 aprel 2024-cü il tarixdə, gündüz saatlarında tanıdığı Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisə zamanı Fəzailin onu döyərək xəsarət yetirdiyini bildirmişdir (i.v.2). Həmin gün Təqsirləndirilən şəxs da yazılı ərizə təqdim edərək 13 aprel 2024-cü il tarixdə, gündüz saatlarında Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı Eldənizin onu vurduğunu bildirmişdir (i.v.3). Hadisə günü, yəni 13 aprel 2024-cü il tarixdə verilmiş zərərçəkmiş şəxsin izahatından görünür ki, o, həmin izahatında hadisədən 02 gün öncə Fəzail ilə aralarında sərnişin üstündə mübahisə olduğunu, hadisə günü Firdovsini avtomobilə çağıraraq məsələni ona danışaraq Fəzaili tənbehləməsini istədiyini, bu zaman Fəzailin onları görərək onun avtomobilinin arxa otuacağında əyləşdiyini, aralarında yenidən mübahisə yarandığını, bu zaman Fəzailin onu vuraraq xəsarət yetirdiyini, hər ikisinin avtomobildən enərək mübahisələrinin küçədə davam etdiyini, daha sonra kənar şəxslərin onları aralaşdırdıqlarını və mübahisələrinin bitdiyini bildirmiş, təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq isə Təqsirləndirilən şəxs onu döyən zaman əlində hər hansı bir əşya və ya predmet görmədiyini bildirmişdir. Məhkəmə iclasında isə zərərçəkmiş şəxs hadisələri daha obrazlı təsvir etmək üçün Təqsirləndirilən şəxs o, avtomobildə Şahid1lə söhbət edən zaman qəfildən onu əlində olan küt alətlə vurduğunu, daha sonra arxa oturacaqda əyləşərək əlindəki həmin alətlə vurmağa davam etdiyini bildirmiş, məhkəmə iclasında onun təhqiqat zamanı verdiyi ifadəsində belə bir halın göstərilmədiyi deyildikdə o, susaraq cavab verə bilməmişdir. Məlum məsələdir ki, hər bir şəxsin hadisədən sonra həmin gün verdiyi ifadələri daha dəqiq, hər hansı detalını xatırlamamaq ehtimalı olmadan verilmiş ifadə hesab olunur. Lakin hazırki halda Zərərçəkmiş şəxs hazırda məhkəmə iclasında təqsirləndirilən şəxsin qəfildən onu avtomobilində oturan zaman bərk küt əşya ilə vurmasına, avtomobilin içərisində də ona bərk küt əşya ilə xəsarət yetirnəsinə dair xüsusat nəinki iş üzrə dindirilmiş heç bir şahidin ifadələri, heç zərərçəkmiş şəxsin özünün də ilkin izahat və ifadələri ilə də uzlaşmamaqdadır. Digər maraqlı məqam ondan ibarətdir ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona həm avtomobilin açıq pəncərəsindən, həm də avtomobilin içərisində məhz əlində olan bərk küt əşya ilə xəsarət yetirdiyini iddia etsə də, həmin əşya ilə bağlı ona sual ünvanlanan zaman özünü itirərək Fəzailin əlindəki əşyanın nə olmasını görmədiyini və bilmədiyini göstərmişdir. Göstərilən bu hallar özü zərərçəkmiş şəxsin ifadələrində səmimi olmamasına, təqsirləndirilən şəxsin cəzalanmasına nail olmaq üçün hadisəni təhrif etməyə cəhd etməsinə dəlalət edən hallardan biridir. Bundan başqa, hətta məhkəmə iclasında verilmiş ifadələri nəzərə almadan məhkəməyə təqdim edilmiş materiallara nəzər yetirildikdə də həm təqsirləndirilən şəxsin, həm şahidlərin, həm də zərərçəkmiş şəxsin özünün ifadələrindən Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında hadisədən 02 gün öncə sərnişin üstündə mübahisə olması və hadisə günü də baş vermiş hadisənin həmin mübahisədən qaynaqlanaraq baş verməsi açıq-aydın və mübahisəsiz şəkildə görünməkdədir. Məhkəmə iclasında isə zərərçəkmiş şəxs də daxil olmaqla bütün hadisə iştirakçılarının ifadələri ilə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında hadisədən 02 gün öncə başlamış mübahisənin hadisədən bir gün öncə də davam etdiyi öz təsdiqini tapmış və bu fakt zərərçəkmiş şəxs tərəfindən də təkzib edilməmişdir. Hadisədən bir gün öncə, 12 aprel 2024-cü il tarixdə davam etmiş mübahisə ilə bağlı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı nalayiq ifadə işlətmədiyini və təqsirləndirilən şəxsin onun avtomobilinin açıq pəncərəsindən ağzından vurduğunu göstərsə də, təqsirləndirilən şəxs və həmin gün orada olması mübahisə doğurmayan şahid ifadələri ilə bu hal təkzib olunaraq, əksinə həmin gün, yəni 12 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxsin 11 aprel 2024-cü il tarixdə sərnişin üstündə başlamış mübahisəni davam etdirərək Fəzailin olduğu yerə gələrək onun ünvanına nalayiq söz işlətməsi, Fəzailin həmin sözə qarşılıq olaraq zərərçəkmiş şəxsi açıq pəncərə tərəfdən vurmağa çalışan zaman Zərərçəkmiş şəxs avtomobilini idarə edərək uzaqlaşması müəyyən edilmiş və ibtidai araşdırma zamanı da şahidlərin öz ifadələrində 13 aprel 2024-cü il tarixdə Firdovsi ilə Eldəniz avtomobildə oturub söhbət edən zaman Fəzailin zərərçəkmiş şəxsə yaxınlaşaraq nəyə görə həmin gün onu təhqir etdiyini deməsini göstərmələri də təqsirləndirilən şəxs və şahidərin hadisədən bir gün öncə davam edən mübahisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadə işlədərək onu təhqir etməsinə dair məhkəmə istintaqı zamanı göstərdikləri xüsusatın işin həqiqi halları ilə uzlaşmasının, zərərçəkmiş şəxsin isə hadisələri öz mənafeyinə uyğun təsvir etməsinin göstəricisidir. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai araşdırma və məhkəmə araşdırması zamanı verdiyi ifadələri müqayisəli şəkildə təhlil edərək, o cümlədən, onun ifadələri ilə təqsirləndirilən şəxs və hadisə yerində olmuş şahidlərin ifadələrini əlaqəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin verdiyi ifadələrdə iş üçün mühüm əhəmiyyət kəsb edən və iş üzrə düzgün nəticəyə gəlməyə imkan verən xüsusatlarla bağlı müxtəlif, biri digəri uzlaşmayan ifadələr vermiş və onun ifadəsindəki hallar iş üzrə dindirilmiş ifadələrlə təkzib edilmişdir. Məhkəmə hadisənin daha öncə tərəflər arasında yaranmış şəxsi münasibətlər zəmində baş verməsi ilə yanaşı hadisə günü baş verən hadisənin məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamasını da nəzərə alır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 11 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxs təqsirləndirilən şəxs onun avtomobilnə əyləşmək istəyən qadın sərnişinlə hansı səbəbdən danışmasını və zərərçəkmiş şəxslə getməkdən yayındırmasını irad bildirmiş (halbuki, məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq Fəzailin həmin sərnişinlə nə danışdığını, ona nə dediyini eşitmədiyini, sadəcə ehtimal edərək Fəzailin onun müştərisini götürməyə çalışdığını düşündüyünü qeyd etmişdir) və həmin gün aralarında sözlü mübahisə baş vermişdir. 12 aprel 2024-cü il tarixdə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərnişin götürmək üçün hər zaman dayandığı Şuşa şəhərciyinə gələrək avtomobilinin açıq pəncərəsindən yenidən mübahisəni davam etdirərək onun ünvanına nalayiq söz demiş, Təqsirləndirilən şəxs onu vurmaq istəyən zaman avtomobili idarə edərək uzaqlaşmışdır. Lakin zərərçəkmiş şəxs yenə də sakitləşməmiş, 13 aprel 2024-cü il tarixdə yenidən Şuşa şəhərciyi ərazisinə gələrək onun sözü ilə deyilsə məsələni yoluna qoymağa çalışmış, ilkin olaraq Şahid1 öz avtomobilinə dəvət etmiş, hətta bu zaman Təqsirləndirilən şəxs ondan həmin gün (yəni, öncəki gün) niyə onu təhqir etdiyini soruşmuş (bu hal həm məhkəmə istintaqı,həm də ibtidai araşdırma zamanı dindirilmiş şahid ifadələri də öz təsdiqini tapmışdır), bu zaman zərərçəkmiş şəxs onunla sonra danışacağını bildirmiş, Təqsirləndirilən şəxs kənara çəkilməsinə baxmayaraq qısa müddət sonra zərərçəkmiş şəxs siqnal verərək Fəzaili də öz avtomobilinə çağırmış, Fəzail avtomobildə arxada oturan zaman yenidən 02 gündür davam edən mübahisə alovlanmış, bu zaman zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadə işlətdiyindən təqsirləndirilən şəxs də ona nalayiq ifadə ilə cavab vermiş, bundan sonra zərərçəkmiş şəxs əlini arxaya tərəf edərək təqsirləndirilən şəxsi vurmağa cəhd etsə də, təqsirləndirilən şəxs geri çəkildiyindən zərbə ona dəyməmiş, buna cavab olaraq isə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmuşdur. Davanın avtomobildən çöldə davam etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış dava əsnasında həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs avtomobildən enərək davanı çöldə davam etdirsələr də, həmin dava şəxsi münasibətlər zəmində 02 gündür davam edən mübahisənin nəticəsində baş vermiş, hadisə günü mübahisə yenidən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış, hər iki tərəf eyni anda avtomobildən enərək dava etməyə başlamışlar ki, belə olan halda əməlin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edən kifayət qədər halın müəyyən edilməsinə baxmayaraq sadəcə avtomobildə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisənin küçədə davam etməsinə istinad edərək əməlin AR CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, əgər təqsirləndirilən şəxsin niyyəti həqiqətən də məhz ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olsa idi, o, ilkin olaraq zərərçəkmiş şəxs ona hadisə günü o, avtomobilə yaxınlaşaraq zərərçəkmiş şəxsdən hansı səbəbdən onu ötən gün təhqir etdiyini soruşarkən zərərçəkmiş şəxsin onunla sonra danışacağını dediyi zaman zərərçəkmiş şəxsin avtomobilinin yanından kənara çəkilməz, daha sonra da zərərçəkmiş şəxsin ona siqnal verməsi ilə onun avtomobilinə əyləşərək onunla avtomobilin içərisində deyil, zərərçəkmiş şəxsi avtomobildən endirərək küçədə hər kəsin gözünün qarşısında dava edərək ona xəsarət yetirərdi. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, baş vermiş hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb etdiyi halda mübahisənin hansı səbəbdən baş verməsi, kimin təşəbbüsü ilə başlanması, mübahisə əsnasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmadan öncə zərərçəkmiş şəxsin özünün Təqsirləndirilən şəxs nalayiq ifadə işlədərək onu vurmağa cəhd etməsi kimi xüsusatlar irəli sürülmüş ittihamda ümumiyyətlə göstərilmədən, yalnız zəərçəkmiş şəxsin sözləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hərəkətləri ayrıca göstərilərək şahid ifadələri və zərərçəkmiş şəxsin hərəkətləri ilə əlaqəli şəkildə təhlil edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, əməli törətmiş şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinın, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin ictimai yerdə və digərlərinin gözləri qarşısında baş verməsi özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma öncədən zərərçəkmiş şəxlə təqsirləndirilən şəxs arasında öncədən şəxsi münasibətlər zəminində başlamış mübahisə ilə bağlı, o cümlədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda (hazırki halda mübahisə zərərçəkmiş şəxsin 02 gün öncə öz şəxsi ehtimalları əsasında gıldiyi qənaətlə edilmiş haqsız iradı nəticəsində başlamış), münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri (Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi və onu vurmağa cəhd etməsi) səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 20 iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar