Məhkəmə qərarları › İş №1(008)-394/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-394/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-394/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 29 dekabr 2024-cü il tarixdə, saat 14:30 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi ‘Toyota Corcla" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı-Novxanı şossesi ilə Pirşağı qəsəbəsi istiqamətində maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən Bakı şəhəri. Sabunçu rayonu, Pirşağı qəsəbəsində yolun kənarında quraşdırılmış “Araz" marketə aid reklam lövhəsinin yaxınlığında “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamamlıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib idarəetməni itirərək yolun əks hərəkət hissəsinə çıxıb əks tərəfdə hərəkətdə olan Şahid3 idarə etdiyi “Toyota Priııs" markalı, **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Toyota Priııs" markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan qaraciyərin, mədəaltı vəzin, dalağın əzilmiş-cırılmış yaraları (buna görə dalaq cərrahi yolla çıxarılmışdır) xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun “BC” dərəcəli olmaqla sürücülük vəsiqəsi vardır və sərbəst avtomobil idarə edə bilir, sonuncu yolnəqliyyat hadisəsi baş verən günədək heç bır yol-nəqliyyat hadisəsi törətməmişdir. Hazırda etibarnamə əsasında “Toyota Corolla” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 29 dekabr 2024-cü il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri. Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Novxanı yolunda Pirşağı istiqamətində idarə etdiyi “Toyota Corolla" markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sağa dönmə əməliyyatı aparmaq istədikdə sərt döngə olduğundan və yol sürüşkən olduğundan döngənin üzərində sağ istiqamətdən hərəkətdə olan “Toyota Prius” markalı, 77-MS- 960 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Tormoz əyləcindən istifadə etsə də yol bir qədər yaş olduğu üçün idarə etdiyi avtomobil sürüşərək yolda digər hərəkət zolağında olan “Toyota Prius” markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil yolun kənarında yerləşən səkiyə dəydikdən sonra dayanmışdır. Avtomobillərin toqquşması zamanı onun özü hər hansı bir xəsarət almamışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünə və avtomobilə aid sənədləri təqdim etmişdir. Hadisə baş verməzdən əvvəl avtomobilində tək olmuşdur. “Toyota Prius“ markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobildə olan qadın sərnişinlərdən ikisi xəsarət almışdır. Onun avtomobili hadisə vaxtı texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Belə bir hadisənin baş verməsini istəməzdi. Onun valideyni də avtomobil qəzasında dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxsin tələb etdiyi 3000 manat məbləğində vəsaiti birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Yalnız hissə-hissə aylıq ödənişlər edə bilər. İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Himayəsində talassemiya xəstəliyindən əziyyət çəkən qardaşı vardır. Ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 dekabr 2024-cü ıl tarixdə yaşadığı ünvandan oğlu Şahid1 və qızı Şahid2 ilə birlikdə Sumqayıt şəhərinə getmək üçün taksi sifariş vermişlər və yaşadıqları ünvana “Toyota Prius” markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobil gəlmişdir. Oğlu Ayxan avtomobildə ön sağ oturacaqda, qızı Günay və onun özü arxa oturacaqda oturmuşlar. 29 dekabr 2024-cü il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Pirşağı-Novxanı yolunda “Toyota Prius” markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olan zaman sola dönmə əməliyyatı aparmaq istədikdə sol istiqamətdən hərəkətdə olan “Toyota Corolla” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobil onun sərnişini olduğu avtomobilə doğru hərəkət etmiş və “Toyota Prius“ markalı, 77- MS-960 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobilinin hərəkət istiqamətini sağa doğru yönəltməyə çalışsa da “Toyota Corolla” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobili onun sərnişini olduğu avtomobilin sol yan tərəfdən təkər hissəsi ilə toqquşmuş, zərbənin təsirindən hər iki avtomobil yolun kənarında yerləşən səkiyə dəydikdən sonra dayanmışdır. Avtomobillərin toqquşması zamanı Ayxan hər hansı bir xəsarət almamışdır. Hadisə nəticəsində qızı Günay yüngül xəsarət alsa da onun özü ağır xəsarət almışdır. X7 Mərkəzinə aparmışlar və o, həmin xəstəxanada əməliyyat olunmuşdur. Cərrahi əməliyyat edərək onun dalağını çıxarmışlar. Ondan sonra əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Təqsirləndirilən şəxsdən dəymiş ziyanın əvəzi olaraq 3000 manat tələb edir. Ona dəymiş ziyan əslində qeyd edilən məbləğdən çoxdur, sadəcə təqsirləndirilən şəxsin maddi vəziyyətinin aşağı olmasını nəzərə alaraq 3000 manat tələb edir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun “B,C” dərəcəli olmaqla sürücülük vəsiqəsi vardır və sərbəst avtomobil idarə edə bilir, sonuncu yol-nəqliyyat hadisəsi baş verən günədək heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Hazırda etibarnamə əsasında “Toyota Prius” markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobili idarə etməklə həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Novxanı yolunda idarə etdiyi “Toyota-Prius” markalı, **-MS-*** dövlət nömrə nişanlı avtomobillə saatda 40 km sürətlə hərəkətdə olan zaman sola dönmə əməliyyatı aparmaq istədikdə sol istiqamətdən hərəkətdə olan “Toyota Corolla” markalı, 77-FO-8Ü6 dövlət nömrə nişanlı avtomobilin onun avtomobilinə doğru hərəkət etdiyini görüb idarə etdiyi avtomobilin hərəkət istiqamətini sağa doğru yönəltməyə çalışsa da həmin avtomobil onun avtomobilinin sol yan tərəfdən təkər hissəsi ilə toqquşmuş, zərbənin təsirindən hər iki avtomobil yolun kənarında yerləşən səkiyə dəydikdən sonra dayanmışdır. Təqsirləndirilən şəxs bildirir ki, guya avtomobillər döngənin üzərində toqquşmuşdur. Lakin bu doğru deyil. Döngəyə çatmamış, hələ döngəyə təxmini 10-20 metr qalmış, təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun yoluna çıxmış, o, toqquşmanın baş verməməsi üçün avtomobili sağa doğru çəkmiş, lakin bununla hadisənin qarşısını ala bilməmişdir. Avtomobillərin toqquşması zamanı o, hər hansı bir xəsarət almamışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünə və avtomobilə aid sənədləri təqdim etmişdir. Hadisə baş verməzdən əvvəl avtomobilində ondan başqa üç nəfər sərnişin olmuşdur ki, onlardan biri kişi, digər iki nəfər sərnişin isə qadın olmuşdur. Onun avtomobilində olan qadın sərnişinlərdən ikisi xəsarət almışdır. Onun avtomobili hadisə vaxtı texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Avtomobilində yük olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; xx.xx.2024-cü il tarixli, 1/12109 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu olmamışdır; xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus olan “Toyota-Corolla” markalı, 77FO806 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 2 il 03 ay 20 gün müddətinə Təqsirləndirilən şəxs vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Sabunçu rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan qaraciyərin, mədəaltı vəzin, dalağın əzilmiş-cırılmış yaraları (buna görə dalaq cərrahi yolla çıxarılmışdır) müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti müayinə olunan şəxsin dediyi xx.xx.2024cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/368 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Corolla” markah, **- FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; AR DİN bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs adına olan AD 124316 nömrəli sürücülük vəsiqəsi aktivdir və onun sürücülük hüququndan məhrum olunması barədə heç bir məlumat mövcud deyil. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək avtomobillərin düz döngənin üzərində toqquşması, onun özünə aid hərəkət zolağında avtomobili idarə etməsi ilə bağlı mövqeyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, bu fakt hadisə yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, fotoşəkillər, şahid ifadəsi ilə təsdiq edilmədiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Belə ki, hadisə yerinin fotoşəkillərinə əsasən nəqliyyat vasitələrinin hadisədən sonrakı dayanma yerinə, dayanma istiqamətinə görə demək olar ki, yol nəqliyyat hadisəsi sxemdə göstərildiyi və şahidin ifadəsində bildirdiyi kimi baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar