Məhkəmə qərarları › İş №1(008)-395/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-395/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-395/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 95,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin iç hissəsinə qoyduğu 01 ədəd sellofan bükümdə içərisində xeyli miqdarda təmiz çəkisi 95,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 18.00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli məktəbin yanı ilə gedərkən məktəbin yaxınlığında arxa tərəfdə hamamın yanından keçəndə yolun kənarında sellofan büküm olmasını görmüş və ona maraqlı gəldiyi üçün açıb baxdıqda içərisində narkotik vasitə olan “nəşə” adlanan qurudulmuş marixuana olmasını görmüşdür. Yerdən tapdığı marixuananı aparıb polis orqanlarına təhvil vermək üçün həmin bükümü əynindəki qara gödəkçənin altına qoyub gizlətmişdir və piyada gedərək oradan uzaqlaşmışdır. Təxminən 50-60 metr sonra ona iki nəfər mülki geyimili şəxslər yaxınlaşdılar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onu sorğu-sual edərək onun narkotik vasitənin istifadəsində, qanunsuz əldə edilməsinə və daşınmasında şübhəli şəxs olmağını bildirdilər. Həmin polislərdən biri mobil telefonunun kamerası ilə videoçəkiliş aparmağa başlamış, digəri isə onun üstünü yoxlayaraq baxış keçirdikdə ona üzərində olan qaununsuz əşya və ya maddə olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O da gödəkçənin iç tərəfinə gizlətdiyi 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmçinin, üzərində olan “İphone 13” markalı mobil telefonu da polis əməkdaşlarına təhvil vermişdir. Üzərinin yoxlanılması davam etdirilərkən başqa heç bir predmet və ya əşya götürülməmişdir. Daha sonra, həmin bükümün üzəri möhürlənərək qablaşdırılmış və o, polis əməkdaşlarının müşayiəti ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparılmışdır. Orada araşdırmanı aparan təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə o, tutulduqdan sonra, təqdim etdiyi bükümə və üzərinə yoxlama aparılmasına dair polislər tərəfindən saxlanılan zaman çəkilən videoya təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin baxış keçirilməsi də videokamerayla çəkilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2025-ci il tarixdə saat 18:30 radələrində iş yoldaşı CAŞ-nin kiçik əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə etibarlı və qərəzsiz mənbədən əldə edilmiş Təqsirləndirilən şəxs Sabunçu rayon ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əsasında təşkil olunmuş əməliyyat qrupunun tərkibində şəxsin ifşa olunması istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə saat 18:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsinin yaxınlığında saxlanılmışdır. Həmin şəxsə hüquq və vəzifələri izah edildikdən sonra həmin yerdə kiçik əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla tərəflərindən saxlanılan şəxsin üstü yoxlanılan zaman ona üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəridən sol qolunun altında saxladığı 01 ədəd sellofan bükümü təqdim edib, narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdi və həmin büküm açıldıqda içində quru ot kütləsi olmasını müşahidə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldıqda əynindəki gödəkçənin sol cibindən “İphone 13” markalı mobil telefon sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Aşkar edilmiş qurudulmuş marixuana 01 ədəd zərfə qoyularaq üzəri DİN-in 160 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra saxlanılan Təqsirləndirilən şəxs götürülmüş maddi sübutla birlikdə araşdırmanın davam etdirilməsi üçün ərazi üzrə Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirib raport yazıb təhvil vermişlər. Araşdırmanın aparılması baş təhqiqatçı Elşən Quliyevə tapşırıldıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona dövlət hesabına vəkil təyin edilmişdir. Videoçəkiliş aparılmaqla təqdim edilmiş əşyaya baxış keçirildikdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və qablaşdırılmış 01 ədəd zərf açılmış və içərisində qurudulmuş marixuanaya bənzər maddə olması müşahidə edilmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs həmin zərfin üzərindəki imzanın ona məxsus olmasını bükümdəki maddənin isə üzərindən aşkar edilmiş “nəşə” adlanan narkotik vasitə olmasını, həmin gün Bakıxanov qəsəbəsində yol kənarından taparaq üzərində saxlamasını bildirmişdir. Təhqiqatçı həmin bükümdəki maddəni yenidən qabşaldırıb şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olub-olmamasını yoxlamaq üçün ekspertiza təyin ediləcəyini elan etdikdə, sonuncu buna etirazı olmadığını bildirmişdir. Təhqiqatçı həmin ot kütləsini zərfə qoyub üzərini möhürləmiş, daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə əsasən, Bakı şəhər Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3, barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi yaxınlığında saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəridən sol qolunun altında 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol cibindən “İphone” markalı mobil telefon aşkar olundu. Sonra qurudulmuş marixuanaya bənzər ot kütləsi qablaşdırıldı, imzalandı və götürüldü. İş üçün əhəmiyyətə kəsb etdiyi üçün “İphone” markalı mobil telefon götürüldü. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərində aşkar olunan narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində keçirildi. Üstünü yoxlama zamanı “İphone” markalı mobil telefondan videoçəkiliş edilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sabunçu RPİ-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 ədəd DVD əlavə olundu. Cinayət işinin 22-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 32-33-cü vərəqələrində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş təhqiqatçısı X9, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili X10 və kiçik inspektoru Şahid3, vəkil Müdafiəçi iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 1 ədəd ağ rəngli zərfə və DVD-yə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs və CAŞ-nin əməkdaşlarının imzaları olan yazılı zərfdən 1 bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar olundu. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsilə Sabunçu RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 ədəd DVD əlavə olundu. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2025-ci il tarixli, 7/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “.....Saxl. şəxs imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd sellofanda təmiz çəkisi 95,95 qram bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 81-83-cü vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 95,95 qram narkotik vasitə olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalan 95,90 qram hissəsinin Sabunçu RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 1709 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abtstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-cü vərəqində olan 4 saylı Bakı ASAN Xidməti Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 365676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X4 qeyd olunmuşdur. Cinayət işinin 123-cü vərəqində olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı 071360 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X4 qeyd olunmuşdur. Cinayət işinin 124-cü vərəqində olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı 761511 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi X4 qeyd olunmuşdur. Cinayət işinin 126-131-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılarkən hadisə yerində, eyni zamanda təqdim edilmiş əşyaya baxış keçirilən zaman Sabunçu RPİ-nin 13-cü PŞ-də qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disklərin cinayət işi üzrə maddi sübut qismində tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 95,95 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 95,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar