Məhkəmə qərarları › İş №1(008)-396/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-396/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-396/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1985-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,969 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 04 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində nömrəsiz ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,969 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin həyətinə və evə giriş qapısı üçün nəzərdə tutulmuş, lakin, giriş qapısı olmayan hissədən qanunsuz daxil olaraq, evdən ümumi dəyəri 1820 manat olan divar kağızlarını, ümumi dəyəri 560 manat olan isti döşəmə borularını, ümumi dəyəri 283 manat olan "İrfan" markalı plastik boruları, ümumi dəyəri 509 manat olan 8 qutu elektrik naqillərini, ümumi dəyəri 488 manat olan C profillərini, ümumi dəyəri 1200 manat olan 01 ədəd "TEH" markalı böyük perforatoru, 01 ədəd "Qrad" markalı perforatoru, 01 ədəd "Bosch" markalı perforatoru və 02 ədəd "Bosch" markalı drelləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 4860 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2024-cü il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin giriş qapısı üçün nəzərdə tutulmuş, lakin giriş qapısı olmayan hissədən evə girib birinci mərtəbədən 130 manat dəyərində 01 ədəd su mühərrikinin, ümumi dəyəri 2870 manat olan 02 qutu və evin bütün otaqlarına divara çəkilmiş elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 manat maddi ziyan vurmaqla, təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə məhkum olunmuşdur. O, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bak şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alır. 03 oktyabr 2023-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində bir büküm «şüşə» kimi tanıdığı, psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində daşımışdır. 04 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olduğu zaman Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışdır. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək üzdən tanıdığı, lakin, adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. 05 oktyabr 2023-cü il tarixdə MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. O, 14 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana ərazisində olduğu zaman Sabunçu RPİ-nin 12ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, 10 gün poliş şöbəsində saxlanılaraq tərəfindən oğurluq cinayətləri törədilməməsinə baxmayaraq polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus yarımtikili fərdi yaşayış evinin həyətinə psixotrop maddə metamfetamin qəbul etmək üçün daxil olmuş, lakin, özgənin əmlakını gizli olaraq talamamışdır. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün polis şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 ilə üzləşdirilərkən oğurluq əməlinin onun tərəfindən törədilməsini etitaf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən ona məxsus yarımtikili fərdi yaşayış evi var. Qeyd olunan ev yeni inşa edilmiş, lakin, təmir işləri tamamlanmamışdır. Ona məxsus evin həyəti daş hasara alınmasına baxmayaraq həyətə giriş qapısı qoyulmamışdır. 02 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində qeyd olunan yarımtikili fərdi yaşayış evinə baxmaq üçün getmiş, evə girdikdə evdən naməlum şəxs tərəfindən oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Belə ki, evdə olan istifadə edilməmiş dəqiq sayını bilmədiyi, lakin, ümumi dəyəri 1820 manat olan divar kağızlarının, ümumi dəyəri 560 manat olan isti pol borularının, ümumi dəyəri 283 manat olan "İlfan" istehsalçı firmasının plastik borularının, ümumi dəyəri 509 manat olan 8 qutu elektrik naqillərinin, ümumi dəyəri 488 manat olan “C” profillərinin, ümumi dəyəri 1200 manat olan 01 ədəd "Teh" markalı böyük perforatorun, 01 ədəd "Qrad" markalı perforatorun, 01 ədəd "Bosch" markalı perforatorun və 02 ədəd "Bosch" markalı direllərin oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4860 manat maddi ziyan dəymişdir. O, oğurluq hadisəsini aşkar etdikdən sonra polisə müraciət etməmiş, oğurluq edən şəxsləri yenidən ona məxsus evdən oğurluq edəcəklərini düşündüyü üçün müşahidə kameraları qoşdurmuşdur. 20 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində müşahidə kamerasında iki nəfər tanımadığı şəxslərdən birinin həmin yarımtikili fərdi yaşayış evinə girdiyini, digərinin isə küçədə gəzdiyini görərək dərhal həmin evinə getmişdir. O, yolda həmin şəxslərlə qarşılaşmış, lakin, həmin şəxslərin əlində hər hansı əşya olmamışdır. O, həmin şəxslərdən birinin qolundan tutaraq həyətə salmış, həmin şəxsdən Təqsirləndirilən şəxs mobil nömrəsini götürərək sonuncu ilə əlaqə saxlamış, onu vurduğu ziyandan hansı məbləğdə ödəniş edə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs hər hansı ödəniş etməyə maddi imkanının olmadığını bildirmişdir. Onun həyətdə saxladığı şəxs Təqsirləndirilən şəxs ilə danışaraq razılığa gəlməyi təklif etmiş, lakin, Təqsirləndirilən şəxs ona qaçaraq oradan uzaqlaşmağı tövsiyə etmişdir. O, polisə məlumat verərək digər şəxsi polis əməkdaşlarına təhvil vermişdir. Bir müddət sonra polis əməkdaşları Təqsirləndirilən şəxs saxladıqlarını bildirmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs ona məxsus evdən oğurluq edib-etmədiyi soruşduqda Təqsirləndirilən şəxs ona məxsus evdən oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etdirmiş, lakin, evin təmir işləri tamamlanmamışdır. 13 yanvar 2024-cü il tarixdə evdə təmir işləri apara ustalar evin plastik pəncərisinin açıq olduğunu görərək bu barədə ona məlumat vermiş, o, evə getdiyi zaman birinci mərtəbədən 130 manat dəyərində 01 ədəd su mühərrikinin, ümumi dəyəri 2870 manat olan 02 qutu və evin bütün otaqlarına divara çəkilmiş elektrik naqillərini gizli olaraq oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fərdi qaydada metal qəbul edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs ona yaxınlaşıb təxminən çəkisi 2.6 kq olan yanmış mis metalı satmaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs satmaq istədiyi metalı haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs ona elektrik olduğunu, özündə olan istifadə edilməyən yararsız elektrik naqilini yandırıb mis halına çevirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs inandığı üçün metalı tərəziyə qoyub ölçmüş, dəqiq xatırlamadığı məbləğdə ödəniş etmiş, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra oradan uzaqlaşmışdır. Sabunçu RPİ-nin əməkdaşları onun işlədiyi obyektə gəldiyi zaman Təqsirləndirilən şəxs satdığı metalı oğurluq yolu ilə əldə etdiyi ona məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 04 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 12-ci PŞ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək üzdən tanıdığı, lakin, adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 25 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 46-47-ci vərəqəsində olan 25 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-101-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-52/2024 nömrəli, 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 yanvar 2024-cü tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan 04 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 127-128-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 137-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 138-139-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5190 nömrəli, 04 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №159" dairəvi möhür əksləri, "Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,969 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf ediildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.919 qramdır. Cinayət işinin 168-170-ci vərəqəsində olan 05 oktyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 171-173-cü vərəqəsində olan 05 oktyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 179-cu vərəqəsində olan 05 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.919 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir Cinayət işinin 186-187-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 23 noyabr 2023-cü il tarixli, 7677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 221-223-cü vərəqəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(008)-1195/2022 nömrəli, 30 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünə ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 221-223-cü vərəqəsində olan 229-242-ci vərəqəsində olan 02 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görünülənini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 182-184-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 10 oktyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs “…14 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana ərazisində olduğu zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, 10 gün poliş şöbəsində saxlanılaraq tərəfindən oğurluq cinayətləri törədilməməsinə baxmayaraq polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal müəyyən edilmir, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 25 yanvar 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək saatlar nəzərə alınmaqla 02 (iki) gün tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu Rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.919 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.919 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar