Məhkəmə qərarları › İş №1(008)-396/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-396/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-396/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X8 və X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurarmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının əvvəllərində X4 “BP” şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ünvan 2 ünvanında yerləşən 271 saylı tam orta məktəbin yaxınlığında 4500 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Vasif Yaqubova 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının ortalarında X7 “BP” şirkətinə anbardar vəzifəsinə işə düzəldəcəyinə dair qardaşı X5 yalan vəd verib aldadaraq ünvan 2 ünvanında yerləşən 271 saylı tam orta məktəbin yaxınlığında 2000 manat pulunualıb ələ keçirərək zərərçəkmiş şəxs Vasif Yaqubova 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakım aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 28 fevral 2024-cü il tarixdə X2 “BP” şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ünvan 2 ünvanında yerləşən 271 saylı tam orta məktəbin yaxınlığında 4700 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs Ceyhun Quliyevə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vasif Yaqubovu o, Malik adlı ortaq tanışlarının vasitəsi ilə 2024-cü ilin fevral ayının əvvəllərində tanımışdır. Malik bildirmişdir ki, Vasif işsizdir və hər hansısa bir firmada, şirkətdə sürücü işinə düzəlmək istəyir. Həyat yoldaşı ankoloji xəstə olduğundan və onun müalicəsinə maddi vəsait lazım olduğundan o bildirmişdir ki, o, özü BP şirkətində inşaat bölməsində işləyir, onuda tanışları vasitəsilə ora düzəldə bilər. Bundan təxminən iki gün sonra o, Maliklə əlaqə saxlamış və ona bildirmişdir ki, Vasifi tanışları vasitəsi ilə BP şirkətinə sürücü işinə düzəldə bilər. Bunun üçün 5000 manat pul və özü haqqında məlumatlar lazımdır. Malik bildirmişdir ki, Vasiflə danışıb məlumat verər, bir qədər sonra Vasif özü onunla əlaqə saxlayaraq razılığını bildirmişdir. Həmin gün günorta saatlarında Vasif, o, və Malik Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Orada Vasif ona 3000 manat pul və özü haqında məlumatları sənəd formasında təqdim etmişdir. O, pulu və sənədlərin ksero sürətini götürmüş və Vasifə bildirmişdir ki, 15 gün ərzində işə çıxacaqdır. Bundan bir neçə gün sonra Vasif onunla əlaqə saxlayaraq bildirmişdir ki, qardaşı və dostuda işsizdir. Onlarıda işə düzəltməyini xahiş etmişdir. Onun maddi vəsaitə ehtiyacı olduğundan Vasifə bildirmişdir ki, mümkündür. Bir qədər sonra Vasiflə əlaqə saxlayaraq ona bildirmişdir ki, qardaşını BP şirkətinə 3500 manat qarşılığında anbardar düzəldə bilər. Həmin gün axşam Vasiflə Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Vasif qardaşı Asifə aid sənədlərin ksero surətini və 3500 manat pulu ona vermişdir. Orada Vasif bildirmişdir ki, dostları Ceyhun və Fuad adlı şəxsləridə işə düzəltmişdir. O, orada Vasifə bildirmişdir ki, danışıb deyər. Bundan iki üç gün sonra yəni 2024-cü ilin fevral ayının ortalarında o, Vasiflə əlaqə saxlayaraq bildirmişdir ki, dostlarınıda işə düzəldə bilər. Bunun üçün 5000 manat hər biri üçün pul lazımdır. 28 fevral 2024-cü il tarixdə o, Vasif və dostu Ceyhunla Sabunçu Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Orada Vasifin dostu Ceyhun ona 4700 manat pul vermişdir. Bildirmişdir ki, 300 manatda işə çıxdıqdan sonra verəcəkdir. O, razılaşmış, bundan bir gün sonra Vasif dostu Fuadla birlikdə onunla Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Orada Vasif və dostu Fuad bildirmişdir ki, imkanı yoxdur. 800 manat pul düzəldə bilib, onu işə düzəltsin qalan pulu da hər ay maaş alanda hissə hissə verəcəkdir. O, razılaşaraq 800 manat pulu almışdır. O, zərərçəkmiş şəxslərdən ümumilikdə 12000 manat pu! almışdır. Həmin pulları isə həyat yoldaşının müalicəsinə xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyandan 3500 manat ödəmişdir, qalan məbləği kredit götürərək yaxın günlərdə ödəyəcəyinə söz verir, əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, özü və qardaşı Asif işsiz olduqları üçün dost tanışla maraqlanıb iş axtarmışlar. 2024-cü ilin fevral ayının əvvəllərində tanışı Malik ilə iş barəsində söhbət edərkən Malik “BP” neft şirkətində işləyən Saleh adlı tanışın olduğunu deyib onu işə düzəldə biləcəyini söyləmişdir. Həmin ərəfədə Malik onu Saleh tanış etmiş, Saleh ilə söhbət zamanı Saleh ona BP şirkətinin inşaat bölməsində işlədiyini demişdir. Söhbət zamanı Salehə iş keyfiyyətləri barədə məlumat vermiş, Saleh onu sürücü kimi BP şirkətinə işə düzəldə biləcəyini demiş və lazımi sənədləri toplayaraq çatdırmağını, iş üçün isə 5000 manat verəcəyini söyləmişdir. Səhəri gün sənədləri toplayıb Saleh ilə görüşmüş və sənədlərlə birlikdə Salehə 3000 manat pul vermiş, qalan 2000 manat pulu isə işə çıxdıqdan sonra verəcəyinə razılaşmışlar. Danışığa görə 15 günə işə çıxmalı olmuşdur. Həmin ərəfədə qardaşı Asifə bu barədə məlumat verdikdə Asifdə onu BP-də işə düzəltməyini xahiş etmişdir. Bundan sonra Salehlə görüşüb Asifin işi barədə danışmış və Saleh qardaşı Asifi anbardar kimi işə düzəldəcəyini vəd etmişdir. Qardaşı Asifində sənədlərini toplayıb Salehə vermiş, sonra həm öz işi üçün həm də Asifin işi üçün hissə-hissə olmaqla Salehə əlavə olaraq 3500 manat pul vermişdir. Dəfələrlə Salehə zəng edib verdiyi pulu geri istəsə də, Saleh ona müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırmışdır. Ümumilikdə Salehə 6500 manat pul vermişdir. Salehin həbs olunmasın istəməsə də, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının əvvəllərində tanışı Malik ilə iş barəsində söhbət edərkən Vasif “BP” neft şirkətində işləyən Saleh adlı tanışının olduğunu deyib onu işə düzəldə biləcəyini söyləmişdir. Bundan bir neçə gün sonra Vasif onu Salehlə tanış etmişdir. Saleh ilə söhbət zamanı o, BP şirkətinin inşaat bölməsində işlədiyini demiş, Saleh onu sürücü kimi BP şirkətinə işə düzəldə biləcəyini demiş və lazımi sənədləri toplayaraq çatdırmağını, iş üçün isə 5000 manat verəcəyini söyləmişdir. O, Salehlə razılaşmış, 2024-cü ilin fevral ayının təxminən 28-də sənədləri toplayıb Saleh ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin qarşısında o, Saleh, Vasif görüşmüş və sənədlərlə birlikdə ona 4700 manat pul vermişdir. Qalan 300 manat pulu isə işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. Danışığa görə 15 günə işə çıxmalı olmuşdur. O, 15 gün sonra Salehin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış və iş barədə soruşmuşdur. Saleh ona bildirmişdir ki, işə düzəldən şəxs məzuniyyətdədir və tez bir zamanda işini həll edəcəkdir. Bundan sonra o, Salehlə hər dəfə danışanda işini həll edəcəyinə dair yalan vədlər verib vaxtı uzadırmışdır. O, dəfələrlə Salehə zəng edib verdiyi pulu geri istəsə də, Saleh ona müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırmışdır. Ona dəymiş ziyandan 2000 manat ibtidai istintaq dövründə, 1500 manat məhkəmə istintaqı zamanı, ümumilikdə 3500 manat olmaqla Saleh tərəfindən qaytarılmış, 1200 manat ödənilməmiş ziyan qalmışdır. Hazırda Salehin həbs edilməsini istəməsə də 1200 manat ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M.Nağıyev küçəsində yerləşən 271 saylı tam orta məktəbin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 07-09); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.17-18); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50 radələrində tutularaq saxlanılmışdır(i.v.46); Hadisə yerinə baxış keçirilməsi barədə 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M.Nağıyev küçəsində yerləşən 271 saylı tam orta məktəbin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 69-72); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmşdir(i.v.101-103); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.104); Maddi ziyanın ödənilməsi barədə 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2000 manat məbləğində pul X3 ödənilmişdir(i.v.115); Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxs X8 və X3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs X5 və X3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar