Məhkəmə qərarları › İş №1(008)-399/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-399/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-399/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci ildə Lerik rayonu, Biləvər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Osyodərə Ə/D, Biləvər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində texniki cəhətdən saz vəziyyətdə olan atası X13 məxsus “Mercedes Benz ML” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı-Bilgəh şossesi ilə Bilgəh qəsəbəsi istiqamətindən 70 km/saat sürətlə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Pirşağı-Bilgəh şossesi ilə Pirşağı qəsəbəsi istiqamətinə sol hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydaları pozaraq birlikdə yolu sağdan sola adi qaçışla keçmək istəyən piyadalar X6 avtomobilinin ön orta hissəsi ilə, Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə “X11” adlı obyektə 1000 metr məsafə qaldığını göstərən məlumatlandırıcı lövhənin yaxınlığında ehtiyatsızlıqdan vuraraq X4 başbeyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişaların qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), ağciyərlərin kontuziyası, soltərəfli ll-lll, sağtərəfli lll-İV-V qabırğaların yerini dəyişən qapalı sınıqları, sol baldır sümüyünün yerini dəyişən qapalı sınığı, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, dərialtı hematoması və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlərdən ölümünə və Zərərçəkmiş şəxs sol ayaqda hər iki topuğun yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində atası X13 məxsus etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz ML” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi ilə Bilgəh qəsəbəsi istiqamətindən, Pirşağı qəsəbəsi istiqamətinə saatda 70 km sürətlə yolun soldan birinci zolağıyla hərəkət edirmiş. İdarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ oturacağında dostu X10 əyləşmişdir. Ondan sağ zolaqda “Hyundai” markalı ağ rəngli avtomobil onunla eyni istiqamətdə yəni, Pirşağı qəsəbəsi istiqamətinə doğru hərəkət edirmiş. Həmin vaxt, həmin avtomobil xəbərdarlıq siqnalı verərək avtomobili sağa istiqamətləndirmiş, bu zaman ikinci hərəkət zolağından iki nəfər şəxsin həmin avtomobilin qarşısından keçərək onun hərəkət istiqamətinə doğru adi qaçışla qaçdıqlarını görmüşdür. Bu vaxt ayağını əyləcə basmış, lakin avtomobili saxlaya bilmədiyindən iki şəxsdən birini yolun birinci hərəkət zolağında avtomobilin qabaq orta hissəsi ilə vurmuşdur. Həmin iki şəxs qarşısına çıxan zaman idarə etdiyi avtomobil ilə həmin şəxslər arasında təxminən 4 metr məsafə olmuşdur. Bundan sonra avtomobili saxlamış, təcili tibbi yardıma məlumat verilmişdir. Təcili tibbi yardım gəldikdən sonra piyadalardan birinin öldüyü bildirilmişdir. Bundan sonra o, hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, özü baxışda iştirak etmişdir. Məlum hadisə nəticəsində yalnız bir nəfər şəxs X6 avtomobil ilə vurmuş və həmin şəxs də hadisə yerində dünyasını dəyişmişdir. Lakin digər heç bir şəxsi avtomobil ilə vurmamışdır. Baş vermiş bu hadisədən sonra ətrafa çoxsaylı adamlar toplaşmışdır. Hadisə nəticəsində həlak olmuş şəxsdən başqa heç kimə toxunmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvanda olan zaman istifadəsində olan mobil telefona zəng vurulmuş və Sabunçu rayonu, Nardaran qəsəbəsi, Pirşağı-Bilgəh şossesi ilə Pirşağı qəsəbəsi istiqamətinə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Alaverdioğlu Rauf aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra oğlunun nəşi müayinə olunmaq üçün Sabunçu rayon Məhkəmə-Tibb Ekspertizasının meyitxanasına təhvil verilmiş və orada daxili müayinə edilmişdir. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X7 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində o, qonşusu Alaverdioğlu Rauf, qardaşı Fərid, dostu Tofiq ilə birlikdə işdən çıxıb yaşadıqları Nardaran qəsəbəsinə getmək üçün yolun əks istiqamətində yəni, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi, üzü Bilgəh istiqamətində dayanmış dayısı Şahid1 idarə etdiyi avtomobilə əyləşmək üçün Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi ilə Pirşağı qəsəbəsi istiqamətinə gedən yolu sağdan sola keçmək üçün əl işarəsi edib, maşınlardan sürətlərini azaltmalarını və yolu keçmək üçün onlara şərait yaratmalarını xahiş etmişlər və adi qaçışla yolu keçməyə cəhd etmişlər. Bu vaxt qardaşı Fərid və dostu Tofiq imkan tapıb onlardan qabaq yolu keçib əks istiqamətli hərəkət axınını ayıran daş səkinin üzərinə çıxmış və oradan da yolu keçib dayısı Neymətin idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Bu vaxt o və Rauf yolu keçmək üçün şərait yarandığını görüb əlləri ilə maşınlara işarə etmişlər ki, dayansınlar və 3 zolaqlı yolun 3-cü və 2-ci zolağlındakı avtomobillər qəza işıqlarını yandırıb yolu keçməkləri üçün gözləmişdir. O və Rauf adi qaçışla 3-cü və 2-ci zolağı keçib, 1-ci zolağa daxil olan zaman sürətlə ağ rəngli “Mercedes-Benz ML” markalı avtomobilin gəldiyini görmüşlər və ondan yayınmağa cəhd etmişlər. Avtomobil tormozlama etsə də buna nail olmamış, həmin vaxt Rauf ilə onun arasında 1 addım məsafə olmuş, Rauf ondan 1 addım öndə və sağ tərəfdə hərəkət edirmiş. O avtomobilə Raufa nisbətdə bir addım daha yaxın olmuşdur. Avtomobil tormozlamağa cəhd etsə də buna nail ola bilməmiş və ilk olaraq o, avtomobilə daha yaxın olduğundan avtomobil ön sağ hissəsi ilə ona dəymiş və tullamışdır. Daha sonra avtomobilin orta hissəsi Raufa çırpılmışdır. Baş vermiş hadisə nəticəsində avtomobil onu bir neçə metr qarşıya tullamışdır. Bunu görən yolun əks istiqamətində dayanmış dayısı Neymət, qardaşı Fərid və dostu Tofiq ona yaxınlaşıb, köməklik edib onu dayısının idarə etdiyi avtomobilə əyləşdirmişlər. Dayısı onun vəziyyətinin ağır olduğunu və ağrıdan qışqırdığını görüb onu, Travmatologiya adı xəstəxanaya aparmışdır. Rauf isə hadisə yerində keçinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sol ayağının topuq nahiyəsi hər iki tərəfdən sınmışdır. Aldığı xəsarət “Mercedes-Benz ML” markalı avtomobilin onu vurması nəticəsində əmələ gəlmişdir. Sonda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində o, özünə məxsus “Dacia Logan” markalı **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh- Pirşağı şossesi, üzü Bilgəh istiqamətində yolun sağ kənarında dayanaraq bacısı uşaqları Zərərçəkmiş şəxs, Şahid2, onların dostu Tofiqi və tanışı Raufu gözləyirmiş. O, orada gözləyərkən görmüşdür ki, Fərid və Tofiq Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi, Pirşağı istiqamətinə gedən yolu keçib əks istiqamətli hərəkət axınını bir-birindən ayıran səkinin üzərində dayanmış və oradan da yolu keçib avtomobilinə yaxınlaşırlar. Fərid və Tofiq onun avtomobilinə yaxınlaşan vaxtla eyni vaxtda yolun əks istiqamətində yolu keçməyə cəhd edən bacısı oğlu Sadiq və Rauf əl işarəsi edərək maşınlardan yolu keçmələri üçün şərait yaratmalarını xahiş etmişlər. 3 hərəkət zolağı olan yolun 3-cü və 2-ci hərəkət zolağındakı avtomobillər qəza işıqlarını yandırıb dayanmış, Sadiq və Rauf 3-cü və 2-ci hərəkət zolağını keçib, 1-ci hərəkət zolağına daxil olan zaman sürətlə gələn ağ rəngli “Mercedes-Benz ML” markalı avtomobil onlara yaxınlaşmış, tormozlama etsə də buna nail ola bilməmiş, nəticədə onlara çırpılmışdır. Baş vermiş hadisə nəticəsində avtomobil Sadiq və Raufu bir neçə metr kənara tullamışdır. Bundan sonra dərhal o, avtomobildən düşüb Sadiqə və Raufa yaxınlaşmışdır. Görmüşdür ki, Rauf can verir, Sadiqin isə ayağı sınıb və qışqıraraq kömək istəyir. Bacısı oğlu Sadiqin ayağından xəsarət aldığını görüb, Fərid və Tofiqin köməkliyi ilə onu avtomobilə əyləşdirmişlər, bundan sonra X1 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-11-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Pirşağı-Bilgəh şossesi, Bilgəh qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində gedən yoldur. Yolun hərəkət hissəsi – düz, örtüyün növü – asvalt, örtüyün vəziyyəti – quru, yol örtüyünün hər iki istiqamət üzrə eni – 21 metr, hərəkət zolaqlarının sayı -6, yolun hərəkət zolaqlarının hər biri – 3,5 metrdir. Cinayət işinin 59-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 230 nömrəli rəydən görünür ki, mərhum X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişaların qansızma. Sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı. Burun və sol əng sümüklərinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks. (döş boşluğuna sərbəst qanın yığılması). Ağciyərlərin kontuziyası. Soltərəfli ll-lll, sağtərəfli lll-İV-V qabırğaların yerini dəyişən qapalı sınıqları. Sol baldır sümüyünün yerini dəyişən qapalı sınığı. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, dərialtı hematoması və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum X2 ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Mərhum X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 67-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 73-cü vərəqində olan “Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X12, Azərbaycan Respublikası CPM-nin 51 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, DVD diskdə “Bilgəh-Nardaran-Pirşağı yolu 8.7-ci km P...” adlı faylda olan videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin faylda 04 dəqiqə 00 saniyədən ibarət videogörüntü var. Həmin fayldakı videogörüntünün 3 dəqiqə 18-ci saniyəsində yolun 3-cü və 2-ci hərəkət zolağında nəqliyyat vasitələrinin dayanması və qəza işıqlarını yandırması, yolun hərəkət hissəsinin birinci zolağına daxil olan iki nəfər şəxsin yolu keçməyə cəhd etməsi, öndə olan şəxsin keçməsi, arxada olan şəxsin isə avtomobilə çırpılması, daha sonra öndə yolu keçən şəxsin axsaya-axsaya qayıdıb nəqliyyat vasitəsinin vurduğu şəxsə yaxınlaşması, az sonra ətrafdakı şəxslərin də onlara yaxınlaşması əks olunur. Videogörüntü uzaq məsafədən qeydə alındığından digər məqamları müşahidə etmək mümkün deyildir. Cinayət işinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3033 nömrəli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol ayaqda hər iki topuğun yerini dəyişən qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, avtomaşın vurması nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın üzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli, 8/142 nömrəli rəydən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mercedes-Benz ML” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 130-cu vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 hüquqi varisi X3 xx.xx.2025-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar