Məhkəmə qərarları › İş №1(008)-40/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-40/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-40/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 31, mənzil 113-də qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixə keçən gecə vaxtı özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin daş hasarından yaşayış sahəsinə qanunsuz daxil olaraq, həyətdəki saxlanc yeri kimi istifadə olunan tikilinin içərisindən 140 manat dəyərində 7 litrlik su tutumlu bir ədəd odun samovarı, 100 manat dəyərində bir ədəd açar dəstini və hər biri 70 manat dəyərində avtomobil üçün elektrik nasoslarını bir ədəd torbanın içərisinə yığıb daş hasarın yanına gətirmiş, bundan sonra həmin evdə işıq yandığını görüb öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs 380 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o təkrarən 21 noyabr 2021-ci il tarixdə saat 18:00-dan 21:00-dək olan müddət ərzində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin daş hasarından yaşayış sahəsinə qanunsuz daxil olaraq, 16 noyabr 2021-ci il tarixdə gecə radələrində oğurlamağa cəhd edərək həyətdə daş hasarın yanma qoyduğu torbanın içərisindəki 140 manat dəyərində 7 litrlik su tutumlu bir ədəd odun samovarını, 100 manat dəyərində bir ədəd açar dəstini və hər biri 70 manat dəyərində avtomobil üçün elektrik nasoslarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 380 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.648 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 22 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilindiyi üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yaxınlığında saxlanılaraq, Sabunçu RPİ-in 13-cü PB-nə gətirilmiş, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.648 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində olarkən üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxslə söhbət zamanı həmin şəxs onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Ondan bir büküm narkotik vasitə heroin istədikdə həmin şəxs də 20 manata verə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsə 20 manat pul vermiş və ondan bir ədəd kağız bükümdə narkotik vasitə olan heroin alıb özü az-az istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin günü yəni, 22 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yanında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istədiklərində üzərində heç bir sənəd olmadığından və üzərində narkotik vasitə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır.Daha sonra Polis Bölməsində onun üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən ifşa olunduğunu düşünüb əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində siqaretlər olan bir ədəd «Kingston» markalı siqaret qutusunu və şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Oğurluq hadisəsini isə o törətməmişdir. Onun bu əməldən heç bir xəbəri yoxdur. Oğurlaq barəsində olanların hamısı iftiradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 noyabr 2021-ci il və 21 noyabr 2021-ci il tarixlərdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumatları, eləcə də həmin tarixlərdə Sabunçu RPİ-in 13-cü PB-nə ərizələri özü yazmışdır. Həmin ünvanda oğlu, qızı və həyat yoldaşı ilə birlikdə yaşayır. 15 noyabr 2021-ci il tarixdə gecə saat təxminən 24:00 radələrində özü və ailə üzvləri yatmışlar. Səhəri günü həyətdə qonşu ilə özü evinin hasarının yanında bir ədəd torba olduğunu görmüşdür. Bundan sonra yaxınlaşıb həmin torbaya baxdıqda görmüşdür ki, torbanın içərisində ona məxsus 7 litrlik su tutumlu bir ədəd samovar, içərisində müxtəlif ölçülü açarlar olan açar dəsti və avtomobil üçün iki ədəd elektrik nasosları vardır. Həmin zaman təəccüblənmiş, çünki həmin əşyaları həyətində saxlanc yeri kimi istifadə etdikləri tikilidə saxlayırdı. Daha sonra həmin tikiliyə baxanda görmüşdür ki, tikilinin üzərində ayaqqabı izləri var. Həmin tikili qonşunun hasarı ilə onun həyətinin hasarına bitişikdir. Daha sonra ona məlum oldu ki, naməlum şəxs və ya şəxslər 15 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixə keçən gecə qonşu ilə onun evinin hasarına bitişik tikilinin üzərinə hasardan düşmüş, sonra tikiliyə girib oradan yuxarıda qeyd etdiyi əşyaları torbaya yığmışdır. Lakin hər hansı bir səbəbdən həmin əşyaları oğurlaya bilməmişdir. Belə ki, gecələr bir neçə dəfə qalxır, mətbəxə gedib su içir, həmçinin sanitar qovşağına gedir. Həmin zamanlar da evin işığını yandırır, ona görə də, güman edir ki, naməlum şəxs həyətə keçib qeyd olunan əşyaları torbanın içərisinə yığıb oğurlamaq istəyən zaman evdən işıq yandığını və səs gəldiyini eşidib cinayət əməlini başa çatdıra bilməmişdir. Buna görə də, 16 noyabr 2021-ci il tarixdə günorta radələrində əvvəlcə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra isə həmin günü Sabunçu RPİ-in 13-cü PB-nə gedib ərizə yazmışdır. Sonradan həmin əşyaları torbanın içərisindən çıxarmamış və hasarın yanında torbanın içərisində olduğu kimi saxlamışdır. 21 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində ailə üzvləri ilə birlikdə bacısıgilə qonaq getmiş, həmin günü axşam saat 21:00 radələrində evə qayıtdıqda xx.xx.2021-ci il tarixdə oğurluğa cəhd edilərək həyətdə hasarın yanma qoyulmuş torbanın içərisində olan yuxarıda qeyd etdiyi əşyalar torba ilə birlikdə oğurlandığını görmüşdür. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, həmçinin həmin günü Sabunçu RPİ-in 13-cü PBnə gedib ərizə yazmışdır. Naməlum şəxslər 16 noyabr 2021-ci il tarixdə həyətinə hasardan keçib saxlanc kimi istifadə etdiyi tikilidən torbanın içərisinə bir ədəd 7 litrlik su tutumlu samovarı, bir ədəd açar dəstini və iki ədəd avtomobil üçün elektrik nasosunu yığıb oğurluğa cəhd etmiş, 21 noyabr 2021-ci il tarixdə axşam radələrində naməlum şəxslər yenə də hasardan həyətə keçib 16 noyabr 2021-ci il tarixdə torbanın içərisində hasarın yanında saxladıqları həmin əşyaları oğurlamışlar. Ümumilikdə ona cəmi 380 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili işləyir. Sabunçu rayon ərazisində oğurluq cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarının yaxınlığında görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyrisəmimi cavablar verərək özünü şübhəli apardığı üçün onu 13-cü PB-nə dəvət etmişlər. Video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Kingston» markalı siqaret qutusunu, şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında arabaçı işləyir. İşlədiyi müddət ərzində həmin bazarda yataqxanada qalmış, təxminən bir aydan bir yuxarıda qeyd olunan ünvana Ucar rayonuna gedib-gəlir. Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, tanıyır. Belə ki, Kənan dayısı ilə birlikdə 8-ci km bazarında meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Kənanla hər zaman aralarında normal münasibəti olmuşdur. 21 noyabr 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində 8-ci km bazarında yük boşaldan zaman Kənan ona yaxınlaşıb bildirmişdir ki, evdən köhnə samovar gətirmiş, pula ehtiyacı olduğu üçün satır. Kənandan dəqiqləşdirmək üçün samovarın oğurluq olubolmamasını soruşmuş, həmin zaman Kənan bir daha həmin samovarın özünə məxsus olduğunu, yaşadığı evdən gətirdiyini və köhnə olduğunu üçün satdığını demişdir. Bundan sonra həmin samovara baxdıqda 7 litrlik su tutumlu odun samovarı olduğunu bilmişdir. Kənandan samovarı neçəyə satdığını soruşduqda sonuncu 40 manata satdığını demiş və həmin vaxt Kənana 40 manat pul verib samovarı ondan almışdır. Səhəri günü polis əməkdaşları ona yaxınlaşdıqlarında məlum olmuşdur ki, həmin bir ədəd samovarı Kənan Zeynəb adlı qadının yaşadığı evin həyətindən oğurlayıb ona satmışdır. Lakin qeyd etdiyi kimi onun əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Bundan sonra həmin bir ədəd samovarı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5181 saylı, 23 noyabr 2021-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər Üçün №160» dairəvi möhür əksi olan, «vət. Təqsirləndirilən şəxs üzərindən….»sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.648 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-0.648 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.598 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1471 saylı, 09 mart 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd təxminən 07 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 140.00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X4 X2 Tibbi Yoxlamanın 927 saylı, 24 fevral 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 26 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5, 69.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 mart 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay, 16 (on altı) gün vaxtından əvvəl şərti azad olunmuşdur. 10 avqust 2020-ci ildə cəza müddətini tam çəkib. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz təkrar daxil olmaqla,cinayət etməyə cəhd, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını,himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarında olan 22 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 19:00 radələlərindən tutulmuş hesab edilmişdir (cild 01, səh.,82). Cinayət işinin materiallarında olan 24 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,112). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)943/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,128). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.598 qram heroin məhv edilməli, bir ədəd 7 litrlik odun samovarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alımalı, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 115 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3, 177.2.2, 177.2.3-ci maddələri «02» (iki) il, «08»(səkkiz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01»(bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.598 qram heroin məhv edilsin, bir ədəd 7 litrlik odun samovarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 115 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar