Məhkəmə qərarları › İş №1(008)-40/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-40/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-40/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,106 qram xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında 03 iyun 2024- cü il tarixdə saat 20:55 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır. Belə ki, o, 03 iyun 2024-cü il tarixdə saat 10-da Əhmədli qəsəbəsində yerləşən tanışı Zərifə adlı qadının evinə getmişdir. Həmin evin ünvanı Xətai rayonu, Əbilov küçəsidir. Zərifənin oğlu ilə dost olmuşdur. Oraya dostunun uşağını məktəbə aparmaq üçün getmişdir. Evdə olarkən polislər evə daxil olmuş onu və Zərifəni polis bölməsinə aparmışlar. Təxminən 6-7 nəfər polis olmuşdur. Zərifəni tutmaq üçün gəlmişlər, onu da Zərifə ilə birlikdə aparmışlar. O, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. İttiham aktında qeyd edilib ki, onu 03 iyun 2024-cü il tarixdə guya saat 20:55-də Zabrat qəsəbəsi, Ayxan marketin yaxınlığında saxlayıblar. Həmin saatda o, qeyd edilən ünvanda ümumiyyətlə olmamışdır. Polislər onu 03 iyun 2024-cü il tarixdə saat 10-da Xətai rayonunda yuxarıda qeyd etdiyi ünvanda saxlayıblar. Ona göndərilən sms lə bağlı bildirmişdir ki, ona elə bir sms göndərilsə də o, heç kimə narkotik vasitə satmamış, həmin sms cavab verməmişdir. Ona psixoloji təzyiq göstərildiyi üçün istintaq zamanı psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təhsilini azərbaycan dilində almışdır, latın qrafikası ilə sərbəst yazıb oxuya bilirmiş. O, bir neçə ildirki, narkotik vasitələrdən istifadə edirmiş. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, Sabunçu rayonu Balaxanı qəsəbəsindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata metamfetamin almış və cibinə qoymuşdur. Həmin tarixdə saat təxminən 20:55 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış və orada ona hüquqları izah edilmişdir, barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmişdir. Bundan sonra onu saxlayıb polis bölməsinə gətirən əməkdaşların iştirakları ilə öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub- olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir büküm metamfetamin çıxardıb təqdim etmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, o da həmin protokolu imzalamışdır. Bir daha qeyd etmişdir ki, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, yalnız özü istifadə etmişdir. Məhkəmə iclasında şahid Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyun 2024-cü il tarixdə polis bölməsinə vətəndaş Təqsirləndirilən şəxs narkortik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 03 iyun 2024-cü il tarixdə saat 20:55 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən «Ayxan» marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Polis bölməsində videoçəkilişlə Balaməmmədin üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Balaməmməd əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmiş və həmin bükülüyə baxış keçirilən zaman həmin bükülüdə kristallik formada ağ rəngli maddələrin olduğu müəyyən edilmişdir. Balaməmməd Məmməddli bildirmişdir ki, həmin maddə metamfetamindir və o, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Məhkəmə iclasında şahid Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55 dəqiqədə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli kətan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda ağ rəngli spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxararaq könüllü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 03 iyun 2024-cü il tarixdə səhər saatalarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manat pula öz istifadəsi üçün alıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb 161 saylı möhürlə möhürlənərək götürülmüşdür. məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3094 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut, imza....” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir; Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə bir ədəd videodiskə baxış keçirilmişdir. Baxış zamanı polis bölməsində polis əməkdaşı özünü təqdim edir, daha sonra içəriyə daxil olan şəxs və digər şəxslər özlərini təqdim edirlər, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs hüquqlarını izah edir və üzərində qanunla daşınması və saxlanması qadağan olunmiş əşyanın olub-olmaması sualına cavab olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli maddəni çıxardıb təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən Balaxanıdan aldığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məheum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 04 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Videodiskə baxış keçirilməsi haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə mobil operatordan daxil olmuş 1 ədəd videodiskə baxış keçirilmiş və baxış zamanı “Nar” Mobile MMc-dən alınmış diskə keçirilmiş baxışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur ki, belə ki, ***-***-**-** saylı telefon nömrəsindən daxil olmuş sms-də “yarı kola mene patı qret ele de qaqa men men patısız vuranlara 35 m verecem” kimi mesaj aşkar edilmişdir. məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4124 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,106 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqat zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 1,056 qram metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, iş üzrə iki ədəd videodisk sübut növü hesab edilmiş və cinayət işində saxlanılmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə üzərinə və bədəninə təlimata uyğun tam baxış keçirilən zaman onun sol çiyin nahiyəsində kiçik qançır olunmuş, özü bildirmişdir ki, həmin qançır tutulmazdan əvvəl divara dəyən zaman olmuşdur. Qəbul zamanı keçirilmiş baxış barəsində tərtib edilmiş və şəxsin özü tərəfindən imzalanmış aktın və tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı kitabında olunan qeydlərin surəti məlumat üçün göndərilmişdir. Qeyd edilən məktuba əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində MSY-nə gətirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-698/2024 saylı qərarından görünür ki, 03 iyun 2024-cü il tarixdə saat 07:00-dan saat 23:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələrinə dair məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda ********** saylı mobil nömrənin xx.xx.2018-ci il tarixdə Azerfon şəbəkəsindən Azercell şəbəkəsinə daşındığı, ***- ***-**-** saylı mobil nömrənin sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilmədiyi qeyd edilmişdir. Digər məlumatın isə məktuba əlavə olunmuş qoşmada CD şəklində təqdim edildiyi qeyd edilmişdir. Qeyd edilən CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 19:21:54 anten məlumatı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Geofizika B/Y-nın 68 saylı bağ sahəsi olduğu göstərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-40/2025 saylı qərarından görünür ki, Şahid2 məxsus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** saylı mobil nömrələrin və Şahid1 məxsus olan ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2024-cü il tarixdə anten dairələrinə dair məlumatların "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi; 01 aprel 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək Şahid2 məxsus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinə və Şahid1 məxsus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** saylı mobil nömrələrinə daxil olan, çıxan zənglər, sms mətnlərinin, nömrə sahiblərinin anket məlumatlarının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda **********, ********** saylı nömrələrin sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilmədiyi, ***-***-**-** saylı nömrənin xx.xx.2016-cı il tarixində saat 11:26-da "xxxx" şəbəkəsindən "xxxx" şəbəkəsinə daşındığı, əldə edilmiş digər məlumatların qoşma şəklində təqdim edildiyi qeyd edilmişdir. Qeyd edilən CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 20:55:34 də anten məlumatı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi olmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş CD diskdə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə ibtidai istintaq orqanının gəldiyi nəticəni iş materiallarında olan sübutların hər hansı biri təsdiq etmir. Cinayət işinin materiallarına əsasən ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması, daşınmasını təsdiq edən sübutları şəxsi axtarış və götürmə aparılan zaman təqsirləndirilən şəxsin üzərindən 1,106 qram psixotrop maddə metamfetaminin aşkar olunması, təqsirləndirilən şəxsə daxil olan mesaj, şahid ifadələri olmuşdur. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə təqsirli bilməməsinə dair ifadəsini vəsatət kimi qəbul edərək təqsirləndirilən şəxsin ona istinad edilən əməli törətməsini təsdiq edən kifayət qədər sübutların olması qənaətinə gələrək vəsatəti rədd edilmişdir. Cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübut kimi təqsirləndirilən şəxsə göndərilən sms-ə istinad etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-dən alınmış sms məlumatlarında təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə ***-***-**-** saylı telefon nömrəsindən 26 aprel 2024-cü il tarixdə “yarı kola mene patı qret ele de qaqa men men patısız vuranlara 35 m verecem” kimi mesaj aşkar edilmişdir. Sms məlumatlarından da görünür ki, qeyd edilən sms təqsirləndirilən şəxsə aprel ayında göndərilmişdir. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan belə məlum olur ki, o, psixotrop maddəni satış məqsədilə xx.xx.2024-cü il tarixdə əldə edərək üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxsin xx.xx.2024-cü il əldə etdiyi psixotrop maddəni məhz 1 ay 8 gün əvvəl narkotik vasitə ilə bağlı ona müraciət edən şəxsə verməsi üçün əldə etməsini təsdiq edən heç bir mötəbər sübuta rast gəlinməmişdir. İş materiallarından da görünür ki, təqsirləndirilən şəxs tərəfindən həmin sms-ə cavab verilməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, narkotik vasitə aludəçisi olan bir şəxsin 1 ay ona narkotik vasitə verilməsini gözləməsi narkomaniya asıllığında olan şəxs üçün xarakterik olmadığından inandırıcı deyil. Bu sadəcə istintaq orqanın bir ehtimalıdır, bu ehtimalı təsdiq edəcək heç bir mötəbər sübut olmadığından təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, təqsirləndirilən şəxsin 03 iyun 2024-cü il tarixdə əldə etdiyi psixotrop maddəni satmaq üçün digər istehlakçılarla razılıq əldə etməsi, narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması və.s. satış məqsədinin müəyyən edilməsi üçün zəruri olan bu kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, əldə etdiyi psixotrop maddənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin telefon nömrəsinə daxil olan çıxan smslərdən də görünür ki, ona cəmi 1 dəfə-saxlanılmazdan ay ayrım əvvəl sms daxil olmuşdur. Həmin sms isə onun tərəfindən cavablandırılmamışdır. Bu isə təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddənin satılması barədə kiminləsə sövdələşməsi kimi bir halın mövcudluğunu aradan qaldırır. Təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə əldə etdiyi psixotrop maddəni ay yarım bundan qabaq ona sms yazan şəxsə satmaq məqsədilə əldə etməsini təsdiq edən heç bir mötəbər sübut müəyyən olunmamışdır. Bunu təsdiq edən mötəbər sübut olmadığı halda belə bir nəticəyə yalnız ehtimala əsaslanaraq gəlmək olar ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyin tələbinə əsasən isə bütün şübhə və ehtimallar təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Təqsirləndirilən şəxsin “müştəri” çevrəsinə malik olması, sifarişlər alması və onun həmin sifarişləri icra etməsi ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Cinayət prosesini həyata keçirən orqanın istinad etdiyi digər sübut növü təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılan zaman təqsirləndirilən şəxsin üzərindən 1,106 qram psixotrop maddə metamfetaminin aşkar olunması olmuşdur. Şəxsi axtarış və götürmə protokolundan və qeyd edilən istintaq hərəkətinin gedişini və nəticələrini əks etdirən diskə baxış keçirilməsi zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli maddəni çıxardıb təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən Balaxanıdan aldığını bildirmişdir. Yəni qeyd edilən istintaq hərəkəti təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədilə əldə etməsini deyil, onun üzərindən psixotrop maddənin aşkar olunması faktını təsdiq edir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin miqdarı ilə bağlı qeyd edir ki, psixotrop maddənin miqdarının çox olması öz-özlüyündə şəxsin həmin maddəni satış məqsədilə əldə etməsinə dair nəticəyə gəlinməsi üçün yetərli deyil. Qüvvədə olan cinayət qanunvericiliyində hətta narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan külli miqdarda əldə edilib, saxlanması və daşınması da cinayət əməli kimi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin aşkarlanması və həmin maddənin miqdarının çox olması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Cinayət prosesini həyata keçirən orqanın istinad etdiyi digər sübut növü olan şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidlər məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında şübhəli bilinərək saxlanılmasını, üzərinə baxış keçirilən zaman ondan qanunla dövriyyəsi qadağan olunan maddənin aşkar olunmasını, onu öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsini qeyd etmişlər. Şahidlər ifadələrində təqsirləndirilən şəxsin əldə etdiyi maddəni konkret olaraq kiməsə satacağını müəyyənləşdirə bilmələrini qeyd etməmişlər. Yəni, şahidlərin ifadələri təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə dair nəticəyə gəlinməsinə imkan vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; Həmin Məcəllənin 144-cu maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.https://eqanun.az/framework/46950 İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək əksinə onun üzərində narkotik vasitə olmasını bildirərək Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmamasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı ifadə vermiş, hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa təqsirləndirilən şəxsin və şahidlərin anten məlumatları məhkəmə tərəfindən əldə olunmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilmədiyi qeyd edilmiş, digər Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin isə xx.xx.2024-cü il tarixdə saat 20:55:34 də anten məlumatının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə saat 20:55-ə anten məlumatı qeydə alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə səhər saat 10-da saxlanıldığını qeyd etsə məhkəmə tərəfindən Sabunçu RPİ-nə ünvanlanmış sorğuya verilən cavabda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində MSY-nə gətirildiyi qeyd edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə X1 Xətai rayonunda yerləşən evində olarkən polislər tərəfindən saxlanıldığını qeyd etmişdir. X1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm məhkəmə tərəfindən əldə olunmuşdur. Lakin hökmdə X1 ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi hallar öz təsdiqini tapmamış, onun həmin tarixdə X1 evində olması sonuncu tərəfindən bildirilməmişdir. Bunlar isə təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə saat 10:00 da Xətai rayonun ərazisində saxlanılmasının həqiqətə uyğun olmadığını göstərir və onun tərəfindən verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Sabunçu RPİ-nin MSY-dən daxil olmuş məktubda Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 02:30-da təhvil verildikdə üzərinə və bədəninə təlimata uyğun tam baxış keçirilən zaman onun sol çiyin nahiyəsində kiçik qançır olunması ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında həmin xəsarətin məktuba verilən cavabda qeyd edildiyi kimi, yəni tutulmazdan əvvəl divara dəyərək aldığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.106 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsetmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1,056 qram hissədə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 1,056 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar