Məhkəmə qərarları › İş №1(008)-400/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-400/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-400/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Məktəb küçəsi döngə 3 ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,768 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq üzərində daşımış, özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Məktəb küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-ci polis bölməsinin inzibati binasına gətirilib, həmin bölmənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən iki bükümdə bükülmüş içərisində tərkibinə görə eyni olan 3,131 qram və 2,637 qram ümumi təmiz çəkisi 5,768 qram olan kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hərdən bir qurudulmuş marixuana əldə edib çəkmişdir. O, 24 noyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə qurudulmuş marixuananı əldə etmək məqsədi ilə Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmiş, orada o tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata salfetkaya bükülmüş iki büküm narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün almış, əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün o Maştağa qəsəbəsinə gəlmiş, həmin günü axşam saatlarında, yəni 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində o Sabunçu rayonu Maştağa qəsəbəsi Məktəb küçəsində olarkən ona iki nəfər biri mülkü geyimdə digəri isə polis formasında olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Onun üzərində narkotik vasaitə qurudulmuş marixuana olduğu üçün o qorxub qaçmaq istəyəndə polis əməkdaşları onu yaxalayıb 14-cü polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərinə axtarış keçiriləcəyi izah olunmuş, o vəkilin həmin axtarışda iştirak etməsini istəməmiş, bu barədə ərizə vermişdir. Sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən salfetkaya bükülmüş iki büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab verərkən o bildirmişdir ki, həmin narkotik vasitəni o öz istifadəsi üçü tanımadığı şəxsdən Balaxanı qəsəbəsindən almışdır. Həmin narkotik vasitə qurudulmuş marixuana ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət etdiyi zaman saat 18 radələrində Maştağa qəsəbəsi Məktəb küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxs balaca boylu təxminən 40 yaşlarında olmuşdur. Həmin şəxs onları görüb özünü şübhəli apardığına görə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin şəxs onlardan qaçmaq istəyəndə onlar onu tutub 14-cü polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında müəyyən olunmuşdur ki, gətirilən şəxs Təqsirləndirilən şəxsdur. 14-cü polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabağ Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmiş, bu barədə ərizə təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən salfet kağızına bükülmüş iki bükümdə spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş iki bükümdə olan spesifik iyli maddə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin maddəni o Balaxanı qəsəbəsindən 10 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər olan maddə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.77-78). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən salfet kağızına bükülmüş iki bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə təqdim etmiş, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir(i.v.22-23); məhkəmə-bioloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli 7/1344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd ağ rəngli kağız paketdə salfet kağızı bükümdəki 1 ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 3,131 qram, 1 ədəd salfet kağızı bükülüdə təmiz çəkisi 2,637 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannadır. Marixuanaların ümumi çəkisi 5,768 qramdır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir.Ekspertizanının tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq hissəsi 5,728 qram olmuşdur(i.v.30-33); video yazıya baxış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan «VİD_20221124_185050» adlı faila daxil olduqda müəyyən olunur ki, faylda 6 dəqiqə 20 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı 14-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 14-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən salfet kağızına bükülmüş iki bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülür. Həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir(i.v.43); vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.61-62); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.63-64); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7228 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(i.v.70-71); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Suraxnı rayon məhkəməsinin qərarı ilə 02 ay 27 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2014-cü il tarixdə təyin edilmiş şərti azad etmə müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır(i.v.73-74); maddi sübut kimi tanınması haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan təmiz çəkisi 3,131 qram və təmiz çəkisi 2,637 qram olan, ümumi təmiz çəkisi 5,768 qram olan maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuannanın 5,728 qram çəkidə olan qalıq hissəsi saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi barədə 24 noyabr 2022-ci il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.79-80); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-199/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 24 noyabr 2022-ci il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 5,768 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixli hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, həbsdə saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertizanının tədqiqatından sonra qalıq qalmış 5,728 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertizanının tədqiqatından sonra qalıq qalmış 5,728 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar