Məhkəmə qərarları › İş №1(008)-401/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-401/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-401/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 08, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən «Qala» klubda müştəri qismində olan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə ictimai qaydanı pozduğuna və cəmiyyətə açıqcasına hörmətsizlik hərəkətlərini etdiyinə görə klubdan çölə çıxarılmış Zərərçəkmiş şəxs ilə klubun həyətində rastlaşarkən ona kobud cavab verib ünvanına nalayiq sözlər işlətməsi səbəbindən Zərərçəkmiş şəxs qollarından tutub klubun həyətindən küçəyə çıxartmış və klubun qarşısında Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq sözlər işlətməsi və üzərində olan bıçaqla sol qol nahiyəsinə bir dəfə zərbə vurması səbəbindən özünü alçaldılmış hesab edərək Zərərçəkmiş şəxs yerə yıxıb əl və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona alt göz qapağının yaş nöqtəsinin və kanalcığının qopması, sağ göz yuvası ətrafı nahiyənin qançırı və sağ göz almasının ağlı qişasma qansızma ilə müşayiət olunan sağ gözün alt qapağının əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş yarası, sağ diz oynağı və hər iki baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətdə pozulması ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyası yaxınlığında yerləşən «Qala» klubda pivə içirdi. Klubda bir neçə tanımadığı şəxslər də var idi, onlar da pivə içirdilər. Həmin tanımadığı şəxslərdən biri sonradan adı ona məlum olan Elnur adlı şəxs ayağını masanın üzərinə qoyub pivə içir və digər masada oturan şəxslərə, eləcə də ona sataşırdı. Lakin klubda müştəri qismində olan şəxslər və o, Elnurun sərxoş olduğunu görüb ona heç bir söz deməmişlər ki, artıq söz deyər və aralarında mübahisə yaranar. Elnurun xoşagəlməz hərəkətlərini görən klubun sahibi Zaur adlı şəxs və klubda işləyən şəxslər bir neçə dəfə Elnuru klubdan çölə çıxartmışlar ki, klubda istrahət edən şəxsləri narahat etməsin. Lakin buna baxmayaraq Elnur küçə söyüşləri ilə hamını söyüb təhqir edir və klubdan çıxmaq istəmirdi. Elnuru klubdan çölə çıxartdıqdan sonra, o, pivəsini içib qurtarmış və masadan duraraq hesabı verib klubdan çıxan zaman klubun qarşısında Elnurun bir neçə şəxslə mübahisə etdiyini, həmin şəxslərində Elnuru sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Həmin vaxt klubun sahibi Zaur və tanışı Vüsal da orada idilər. O, Elnura yaxınlaşaraq ona çox içmisəni və sərxoş olduğunu bildirərək «bəlkə səni taksi ilə yaşadığın evə yola salım» demişdir. Həmin vaxt Elnur onu küçə söyüşləri ilə təhqir edərək «sən kimsən ki, məni taksi ilə yola salırsan, get işinlə məşğul ol» deyə cavab qaytarımışdır. O, yenə də Elnurun səroxoş olmasını nəzərə alıb ona heç bir söz deməmişdir. Lakin Elnur sonradan onun, eləcə də ətrafda olan tanımadığı şəxslərin ünvanına nalayiq söyüşlər söyməyə başlamış və buna görə də o, Elnurun qollarından tutub klubun həyətindən küçəyə çıxartmışdır ki, bəlkə çıxıb gedər. Lakin Elnur onu klubun həyətindən küçəyə çıxartdığna görə yenə onu küçə söyüşləri ilə söyüb təhqir etmiş və buna görə də aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Elnur cibindən bıçaq çıxardaraq gözləmədiyi halda onun sol qol nahiyəsinə bir dəfə zərbə vurub kənara çəkilmişdi. Elnur yenidən onun üstünə gələn zaman o, Elnurun haqsız olaraq ona nalayiq sözlər deməsinə və hətta bıçaqla vurduğuna görə özünü alçaldılmış hesab etmişdir.Bu səbəbdən də Elnurun hərəkətlərinə dözməyib yaxasından tutub ərazidən keçən qaz borusunun üzərinə itələmiş, Elnur yerə yıxılmışdır. Bundan sonra o, kluba qayıtmış, orada olan tanımadığı şəxslərə, eləcə də klubun sahibi Zaur adlı şəxsə və tanışı Vüsala Elnurun əlində bıçaq olduğunu, geri qayıtsa onunla mübahisə etməmələrini bildirmiş, sonra yaşadığı evə getmişdir. Hal-hazırda onlar barışmışlar. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə, təxminən saat 19:15 radələrində bir yerdə onunla usta işləyən Anar, Kamil və İlyas adlı şəxslərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən dəniz kənarında kafelərin birində oturub yemek yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra onlar oturduqları kafeyə yaxın olan «Qala» kuluba gedərək kofe içmişlər. Təxminən 25 dəqiqədən sonra klubdan çıxaraq taksi ilə Kürdəxanı qəsəbəsinə getmişlər. Anar, Kamil və İlyas yaşadıqları evə getmişlər. Lakin o, yenidən başqa taksi sifariş vermiş və 26 oktyabr 2022-ci il tarixdən, 27 oktyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 01:00 radələrində «Qala» kluba gedərək masada əyləşmiş və iki bakal pivə sifariş vermişdir. Birinci bakaldakı pivəni içdikdən sonra o, ayağını qaldırıb masanın üzərinə qoymuş və ikinci bakalı içməyə başlamışdır. Həmin vaxt klubda olan tanımadığı bir nəfər şəxs ayağını masanın üzərinə qoyduğu üçün ona iradını bildirmiş və buna görə də, həmin şəxslə aralarında sözlü mübahisələri yaranmışdır. Lakin mübahisə yaransa da sonradan həmin şəxsdən üzr istəmiş və həmin şəxsdə onu başa düşmüş, yenidən masada oturub pivə içməyə davam etmişdir. Bir qədər sonra klubun sahibi sonradan adı ona məlum olan Zaur adlı şəxs ona yaxınlaşaraq qolundan tutub onu klubdan çölə çıxartmışdır. Zaurun arxası ilə klubdan bir nəfər hündür boy, üzü saqqalı sonradan adının Elşən olduğunu bildiyi şəxs də çölə çıxaraq onlara yaxınlaşmışdır. Həmin vaxt o, Zaurla sözlü mübahisə edirmiş, daha sonra onların səslərinə klubda olan tanımadığı bir neçə şəxslər də gəlmişlər, Elşən qəfildən onun qollarımdan tutub sürüyərək onu klubun həyətindən küçəyə çıxartmış, küçədə onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyası yaxınlığında yerləşən «Qala» klubda kofe içirdi. Klubda bir neçə tanımadığı şəxslər də var idi, onlarda pivə içmişlər. Klubda olduğu zaman Pirşağı qəsəbəsində yaşayan, tanıdığı Elşən kluba daxil olmuş və hamı kimi masada əyləşmişdir. Klubda tanımadığı şəxslərdən biri sonradan adı ona məlum olan Elnur adlı şəxs ayağını oturduğu masanın üzərinə qoyub pivə içirmiş və digər masada oturan şəxslərə, eləcə də ona xoşagəlməz sözlər deyirdi. Lakin klubda müştəri qismində olan şəxslər və o, Elnurun sərxoş olduğunu görüb ona heç bir söz deməmişlər ki, artıq söz deyər və aralarında mübahisə yaranar. Elnurun xoşagəlməz hərəkətlərini görən klubun sahibi Zaur adlı şəxs və klubda işləyən şəxslər bir neçə dəfə Elnuru klubdan çölə çıxartmışlar ki, klubda istrahət edən şəxsləri narahat etməsin. Lakin buna baxmayaraq Elnur küçə söyüşləri ilə təhqir edici sözlər deyirdi. Elnuru klubdan çölə çıxartdıqdan sonra, küçədən səs-küy gəldiyini eşidib o, da klubdan çölə çıxmış, klubun giriş hissəsində Elnurun bir neçə şəxslə mübahisə etdiyini, həmin şəxslərində onu sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Onun özü də Elnuru sakitləşdirməyə çalışırdı. Həmin vaxt klubun sahibi Zaur və tanıdığı Elşən orada olmuşlar. Elşən bir neçə dəfə Elnura yaxınlaşaraq sərxoş olduğunu deyib taksi ilə yaşadığı evə yol salmaq istədiyini təklif etmişdir. Lakin Elnur orada olan şəxslərə təhqir edici sözlər deyirdi. Ətrafda olan şəxslər və o, Elnuru sakitləşdirməyə çalışırmışlar, lakin Elnur heç kimə qulaq asmırdı. Elnur Elşənə təhqir edici sözlər deyən də, Elşən Elnurun qollarından tutub klubun həyətindən küçəyə çıxartmışdır. Təxminən 1-2 dəqiqədən sonra Elşən geriyə qayıtmışdır. Elşənin sol qol nahiyəsindən qan axırmış, Elşən Elnur adlı şəxsin əlində bıçaq olduğunu, bıçaqla onu vurduğunu deyib, geri qayıtsa onunla heç kim mübahisə etməməsini bildirmişdir, lakin Elnur geri qayıtmamışdır. Bundan sonra o, yaşadığı evə getmiş, sonradan orada nə baş verməsini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində «Qala» klub işlədir, həmin klub onun özünə məxsusdur. Klub saat 19:00-dan, 04:00 qədər fəaliyyət göstərir. 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 01:00 radələrində «Qala» klubda işdə olduğu zaman kluba gələn müştərilərdən birinin klubda olan digər müştərilərlə kobud danışdığını və ayaqıarım qaldırıb masanın üzərinə qoyduğunu görmüşdür. Həmin müştərinin sərxoş olduğu üçün klubda olan digər müştərilərlə mübahisə edəcəyini və dava-dalaş yaratmasını hiss etmiş, buna görə də ona klubdan getməsini bildirmişdir. Həmin şəxs pivə içib gedəcəyini bildirmiş, o, da etiraz etməmişdir. Lakin həmin şəxs yenə klubda olan müştərilərlə kobud danışmış və küçə söyüşləri ilə hamını təhqir etməyə başlamışdır. Bundan sonra o, həmin şəxsi klubdan çıxartmış, həmin şəxs onu da təhqir etmiş, lakin o, həmin şəxsin sərxoş oluğuna görə ona heç bir söz deməmişdir ki, onu sakit yola salsın. Həmin şəxsi klubdan çölə çıxartdıqdan sonra klubda müştəri olan Elşən kimi tanıdığı şəxs və tanımadığı şəxslərdə klubdan çölə çıxmışlar. Onlar həmin şəxsi sakitləşdirməyə çalışırmışlar. Lakin həmin şəxs onu, eləcə də orada olan şəxsləri söyüb təhqir edib klubdan getməyəcəyini bildirmişdir. Onlar onun sərxoş olduğunu görüb ona heç bir söz deməmişlər ki, artıq söz deyər və aralarında mübahisə yaranar. Bundan sonra klubun müştərisi olan Elşən kimi tanıdığı şəxs həmin şəxsə yaxınlaşaraq ona sərxoş olduğunu deyib taksi ilə yaşadığı evə yol salmaq istədiyini təklif etmişdir. Lakin həmin şəxs Elşəni küçə söyüşləri ilə təhqir etmiş, Elşən də onun qollarından tutub klubun həyətindən küçəyə çıxartmışdır. Təxminən 2-3 dəqiqədən sonra Elşən üst başı qan içində, paltarıda çırılmış vəziyyətdə geriyə qayıtmışdır. Elşənin özü də sərxoş imiş, o, Elşənə kluba girməməsini deyib yaşadığı evə getməsini bildirmiş, Elşən də çıxıb getmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X4 tərəfindən verilmiş 2552 saylı, 14 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs alt göz qapağının yaş nöqtəsinin və kanalcığının qopması, sağ göz yuvası ətrafı nahiyənin qançırı və sağ göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün alt qapağının əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş yarası, sağ diz oynağı və hər iki baldır nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27 oktyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 24 dekabr 2022-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 11 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilib. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasənzərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmih təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 127.1ci maddəsinə görə-zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutuulmuşdur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini dinlyib, Zərərçəkmiş şəxs barışıq ərizəsini (notarial qaydada) nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar