Məhkəmə qərarları › İş №1(008)-404/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-404/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-404/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 04 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası başa çatmaqla məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcrİdxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,213 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanında şübhəli olduğuna görə Sabunçu RPİ-nin 13- cü PŞnin əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda xeyli miqdarda satış məqsədi ilə əldə edib daşımaqla saxladığı təmiz çəkisi 0,213 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus olmuşdur, öz istifadəsi üçün alımışdır, o müxtəlif növ narkotik vasitələrdən istifadə edir, lakin satışı ilə məşğul deyil, ona görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsus olmuş, onun istifadəsində olmuşdur. Onun mobil telefon nömrəsindən gedən smsləri onun narkotik istifadəçisi olan dostları yazmışdır, kimin yazdığını bilmir. Elə olub ki, o narkotik alıb pulunu ödəyənəcən telefonunu saxlamağa həmin şəxsə vermişdir, ola bilsin onda yazılıb. Ümumiyyətlə cəzasını çəkib çıxdıqdan sonra heç bir işlə məşğul olmamışdır. Ona yazılan və onun telefonundan ayrı ayrı nömrələrə yazılan sms mətnlərinin mənasını izah edə bilmir. Müxtəlif şəxslərə kart nömrəsinin göndərilməsindən də məlumatsızdır. Əmisi onun kartına ayda 200 manat pul göndərmiş, onu xərcləyib dolanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində həmkarları Şahid3, Şahid2 ilə bərabər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat axtarış tədbiri keçirərkən ünvan 5 ünvanın qarşısında əvvəllər tanımadıqları şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində kristal şəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü, şalvarının arxa sol cibindən «Redmi» markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü tərəflərindən əlavə yoxlanılmışdır. Yoxlanış zamanı Təqsirləndirilən şəxs üstündən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunub götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kristal şəkilli maddə olduğu görünən sellofan bükümdə nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşulduqda o həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümdə olan maddəni özünün istifadəsi üçün həmin günü Yasamal rayonu ərazisində olarkən üzdən tanıdığı şəxsdən 15 manata aldığını bildirmişdir. 01 ədəd şəffaf sellofan büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Video çəkiliş aparılaraq protokolu yerində tərtib etməyə şərait olmadığından Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında protokol tərtib olunacağı barədə izah verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilərək barəsində müvafiq araşdırma aparılması ilə bağlı raport tərtib olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2 Səkər oğlu və Şahid3 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər(i.v.77- 79,118-120); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); 14 yanvar 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 6 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna saxlanılmış Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə olunmaqla keçirilən yoxlanış zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddəyə və təqdim olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Diskdə olan görüntülərə kompüterdə baxış zamanı təhqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır(i.v.15); Məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/181/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nq 160” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş (imza) vət.Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,213 qram ağ rəngü kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılra əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in l siyahısına daxildir(i.v.27-31); Baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 1 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 14 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində ünvan 6 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna saxlanılmış Təqsirləndirilən şəxs üstünə video çəkilişdən istifadə olunmaqla keçirilən yoxlanış zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddəyə və təqdim olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. DVD diskində olan görüntülərə kompüterdə baxış zamanı təhqiqata təqdim olunmuş psixotrop maddə metamfetamin bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır(i.v.47-48); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.72-74); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə saat 14:00-da qərar təqsirləndirilən şəxsə elan edilmişdir (i.v.75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 28 gün müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1, 67.1-ci maddəsinə əsaəsn 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə xx.xx.2024-cü il Xəzər rayon məhkəməsinin qərarı ilə 04 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmışdır.(i.v.85-86, 97-101); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:50 radələrində saxlanılmışdır(i.v.104); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-112/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 mart 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.112-117); Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan sms məlumatlarına baxış keçirilərək müəyyən edilmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə saat 21:12:23-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** nömrəsinə «Ay qaqaş 2 baş dobri otum var gör kim istəyir» məzmununda, 15 noyabr 2024-cü il tarixdə saat 00:44:59-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** nömrəsinə «Qaqaş torpaq var, otnan deseler lazımdır», 05 dekabr 2024-cü il tarixdə saat 21:11:52-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** nömrəsinə «Kamera stobasiynan üz üze dayan marketin qapısına üzü qara rotmans paçkasında əzib salmışam arasına» məzmununda məzmununda SMS mətni göndərilmişdir. Eyni zamanda təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan sms məlumatlarına baxış keçirilərək müəyyən edilmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə saat 21:12:23-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Ay qaqaş 2 baş dobri» məzmununda, 02 yanvar 2025-ci il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Sene ne qeder lazımdır ağrıdan çıxmağa» məzmununda SMS mətni göndərilmişdir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.123); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1 X2 Komissiyasının 10 mart 2025-ci il tarixli 1422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.124-125); Sübutların qiymətləndirilməsi haqqında 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,213 qram psixotrop maddə metamfetamin, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq 0,163 qram metamfetamin maddi sübutların saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 2 ədəd DVD disk və "xxxx" ММC-dən daxil olmuş 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.126-132); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iki ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntünün baxış və götürmə aparılması haqqında 14 yanvar 2025-ci il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrə vasitəsilə ayrı ayrı şəxslərlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı yuxarıda qeyd edilən müxtəlif məzmunlu smslər yazdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda smslər ilə bağlı suallar verilsə də, o həmin smslərin nə məqsədlə yazıldığını izah edə bilməmiş, əksinə göstərmişdir ki, həmin smsləri onun telefonundan başqa narkotik vasitə istifadəçiləri olan dostları yazmışdır. Məhkəmə onun bu ifadəsinidə inandırıcı hesab etməyərək qeyd edir ki, həmin sms mətnləri başqa şəxslər tərəfindən yazılmış olduğu halda həmin şəxslər öz adını da sms mətnlərində qeyd etmiş olmalı idi ki, smslərin göndərildiyi şəxslər həmin smslərin kim tərəfindən yazılmasını müəyyən edə bilsinlər. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış sms mətnlərinə baxış zamanı müxtəlif nömrələrə bank kartına məxsus **********871566 hesab nömrəsini sms mətni vasitəsilə göndərdiyi müəyyən edilmiş, bununla bağlı suallara cavab olaraq həmin bank kartı məlumatlarını nə məqsədlə ayrı ayrı şəxslərə atdığını izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs azadlığa çıxdığı dövrdən hər hansı işlə məşğul olmadığını bildirmişdir. Bu hal da onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı(CM-65.2), 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək tutulduğu 03(üç) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 08 mart 2025-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli,(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 114(yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək tutulduğu 03(üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 05(beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,213 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,163 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar