Məhkəmə qərarları › İş №1(008)-409/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-409/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-409/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi –Bakı şəhri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Qarabağı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nənəsi X3 tərəfindən qonşusu Zərərçəkmiş şəxs yüksək sürətlə avtomobil idarə etdiyinə görə irad bildirməsinə sonuncunun etiraz etməsini cüzi səbəb kimi bəhanə edərək xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarını, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozmuş, bununla kifayətlənməyib qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruqla zərbələr endirərək ona alt dodağın əzilmiş-cırılmış yarası, üst dodağın qansızması ilə müşayiət olunan üst çənədə sağ tərəfli dördüncü dişin sınığı və boyun nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs məhlədə avtomobili sürətlə idarə etdiyi üçün onun nənəsi İlqama irad bildirmişdir. Axşam o, məhləyə gələrkən İlqam onu çağıraraq nənəsinin ona irad bildirdiyini dedikdə, o, İlqama nənəsinin yaşlı qadın olduğunu, eyni zamanda nənəsinin iradının haqlı olduğunu bildirmişdir. Bu zaman İlqam ona “sənin ağzından süd iyi gəlir” deyərək onun boğazından yapışmışdır. Bu zaman o, boğulduğunu hiss edərək özünü müdafiə etmək və İlqamdan qurtulmaq üçün ona yumruq vuraraq qaçmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs İlqamla dost olmadıqlarını, sadəcə qonşu kimi salamlaşdıqlarını, hadisə günü o, məhlədə olarkən İlqamın onu çağırdığını, İlqam onun boğazından tutub sıxdıqdan sonra İlqamı vurduğunu, həmin vaxt İlqamın ona qarşı söyüş də işlətdiyini, lakin İlqama söyüşlə cavab vermədiyini və ümumiyyətlə söyüş işlətmədiyini, İlqamla dalaşarkən nənəsinin gəldiyini, bu zaman İlqamın onun nənəsini itələyərək yerə yıxdığını, bundan sonra İlqamla nənəsini orada qoyub qaçdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü, axşam saatlarında o, məhlədə piyada gedərkən Kamran maşınla onun yanından keçmişdir. Kamran ona irad bildirərək onun getdiyi yolun avtomobil üçün olduğunu bildirmişdir. O, isə Kamrana “get işinlə məşğul ol” deyə cavab vermişdir. Sonra Kamran avtomobildən endikdən sonra ona yaxınlaşaraq “bu nə sözdür” dedikdə, o, yenə də Kamrana “Sən məndən balacasan, get işinlə məşğul ol” demişdir. Bu zaman Kamran onun ağzından vuraraq qaçmışdır. Sonra o, gedib Kamranın atasına oğlunun hərəkəti barədə məlumat verərək irad bildirdikdə Kamranın atası və əmiləri onun üzərinə gəlmişlər. Bu zaman səsə onun valideynləri çıxmışlar. Həmin vaxt Kamranın nənəsi orada olmadığı halda onun Kamranın nənəsini yıxması ilə bağlı ona böhtan atmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Kamranın onun ağız nahiyyəsindən vuran zaman dodağının partladığını, dişinin düşdüyünü, Kamranda olan xəsarətlərin necə yaranmasını bilmədiyini, Kamranla yaxın münasibətinin olmadığını, sadəcə qonşu kimi münasibətlərinin olduğunu, Kamranın nənəsinin ona avtomobili sürətlə idarə etməsi ilə bağlı irad bildirmədiyini, hadisə zamanı nə Kamranın ona, nə də onun Kamrana söyüş söymədiyini, sadəcə Kamranın onun sifətindən vuraraq qaçdığını, həmin vaxt hadisə yerində heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasındakı ziddiyyətlər nəzərə alınmaqla onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində nə onun, nə də Kamranın söyüş söydüyünü bildirmədiyini,ifadələrinin hansı səbəbdən həmin məzmunda yazıldığını bilmədiyini, hadisə zamanı Kamranla onun arasında ümumiyyətlə söyüş söhbətinin olmadığını, onların ucadan danışmadıqlarını, hadisənin çox qısa zaman kəsiyində baş verərək bitdiyini və Kamranın dərhal qaçdığını, bu səbədən onların nə əlavə söz demək, nə də söyüş söymək imkanlarının olmadığını, Kamranla mübahisə edən zaman hadisə yerinə kənar şəxslərin toplaşmadığını, səs-küyün Kaman qaçdıqdan sonra Kamranın ailəsi o və onun ailəsi arasında mübahisə başlayan zaman yarandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Hadisə günü onlar arvadı ilə evdə oturduqları zaman səs gəldiyini eşitmişlər. Bu zaman Kamranın atası ilə oğlu İlqamın ucadan mübahisə etdiklərini eşidərək çölə çıxmışlar. Nə məsələ olduğunu soruşduqda oğlu İlqam Kamranın onu vuraraq qaçdığını və bu barədə atasına deməyə gəldiyini bildirmişdir. Bir qədər sonra Kamranın qohumları evdən çölə çıxmışlar. Bu zaman mübahisə davam etmiş və qadınlar arasında söyüşlərdən istifadə edilmiş və səs-küy yaranmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 onun çölə oğlu ilə Kamranın atasının səsinə çıxdığını, bu zaman Kamranın atasının oğlu Kamranın İlqamı vurmasından xəbərinin olmadığını bildirdiyini, söyüşün yalnız qadınlar arasında olduğunu, özünün sadəcə səs eşidərək çölə çıxdığını, evdə olan zaman hər hansı söyüş eşitmədiyini, hadisə yerində ümumiyyətlə Kamranı görmədiyini, o, çölə çıxan zaman artıq Kamranın qaçmış olduğunu, Kamranla İlqamın söyüş söydüklərini eşitmədiyini, söyüşün yalnız Kamranın qohumları çölə çıxdıqdan sonra eşidildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisədən öncə onlar evdə əri və oğlu İlqamla yemək yemişlər. Sonra İlqam məhləyə çıxmışdır. Aradan bir qədər keçdikdən sonra çöldən səs gəlmişdir. Onlar əri Bilalla birlikdə çölə çıxmışlar. Çölə çıxarkən İlqamla Kamranın atası Rakifin mübahisə etdiklərini görmüşlər. Həmin vaxt Kamran orada yox idi. Sonra aydın oldu ki, Kamran İlqamı vurduğundan İlqam bununla bağlı Kamranın atasının yanına gəlmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan sonra Kamranın qadın qohumları da səs-küyə çölə çıxmışlar və onunla qadınlar arasında da mübahisə yaranmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 yalnız Kamranın qohumları çölə çıxdıqdan sonra istifadə olunduğunu, hava qaranlıq olduğundan qonşulardan kiminsə çıxıb-çıxmadığını görmədiyini, onların çölə İlqamla Kamranın atasının səsinə çıxdıqlarını, həmin vaxt Kamranın orada olmadığını, onlar çölə çıxanda ümumiyyətlə Kamranı görmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Kamran və İlqamla qonşuluqda yaşayır. Hadisə günü o, səs eşidərək çölə çıxdıqda İlqamla Kamranın atasının mübahisə etdiyini görmüş, mübahisənin böyüməsinin qarşısını almaq üçün İlqamla atası Bilalı Rakigildən aralayaraq evlərinə doğru aparmışdır. Onun gördükləri bunlardan ibarətdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 hadisə günü çöldən ancaq səs-küy eşitdiyini, söyüş eşitmədiyini, çölə çıxan zaman orada Kamranı ümumiyyətlə görmədiyini, ancaq İlqamgilin ailəsi ilə Kamranın ailəsinin orada olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İlqama hadisədən öncə bir neçə dəfə avtomobili sürətlə idarə etməsi ilə irad bildirmişdir. Hadisə günü qızı Solmazın kiçik qızı evə gələrək Kamranın döyüldüyünü deyən zaman çölə çıxmışdır. Bu zaman Kamranla İlqamın dalaşdıqlarının şahidi olmuşdur. Onlar hər ikisi bir-birini vururdular. Bu zaman o, araya girmək istəyən zaman İlqam onu itələyərək vurmuş və o, yerə yıxılmışdır.Hadisə vaxtı nə Kamran, nə də İlqam söyüş söyməmişlər. Sonra Kamran hadisə yerində qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə günü onlar əməliyyat olunmuş bacısının yanına gələn qonaqlara evdə oturduqları zaman onun kiçik qızı gələrək Kamranın çöldə döyüldüyünü bildirmişdir. Bu zaman anası Zivər çölə çıxmışdır. Anasının qayıtmadığını gördükdə onlar da çölə çıxarkən anasının yıxıldığını və yerdə olduğunu görmüşlər. Onun gördükləri bunlardan ibarətdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X8 onların çölə səs-küyə çıxmadıqlarını, qızının Kamranın döyülməsini bildirməsi səbəbindən ilk öncə anasının, sonra isə onların çölə çıxdıqlarını, onların küçədən söyüş səsləri eşitmədiklərini, onlar çölə çıxan zaman Kamranı ümumiyyətlə orada görmədiklərini, İlqamın hadisə yerində olduğunu, anası Zivərin isə yerdə yıxılmış vəziyyətdə olduğunu, anası Zivərin bir neçə gün öncə İlqama avtomobili sürətlə idarə etməsi ilə bağlı irad bildirdiyini, hava qaranlıq olduğundan hadisə yerində İlqamın üzündə xəsarətləri görmədiyini, İlqamın onun bacısı Radəni də itələdiyini, bu zaman onun bacısını tutduğunu və yıxılmağa imkan vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında o, əməliyyat olunduğundan onun yanına qohumları gəlmişlər. Onlar evdə oturan zaman bacısı Solmazın qızı gələrək anasına, yəni Kamranın nənəsinə həyətdə kiminsə Kamranı döydüyünü bildirmişdir. Həmin vaxt onun anası Zivər çölıə çıxmışdır. Bir qədər sonra onlar Zivərin qayıtmadığını görüb çölə çıxdıqda görmüşlər ki, anası yerə yıxılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X6 həmin vaxt ətrafda kiminsə olub-olmamasının yadında olmadığını, orada onların və İlqamgilin ailə üzvlərinin olduğunu, onlar çölə çıxarkən Kamranı orada görmədiklərini, lakin İlqamın orada olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə günü o, işdən evə gəlmiş, sonra hamamdan çıxarkən həyətdən qadınların səsini eşitmişdir. Tələsik çölə çıxmış, anasını yerdə yıxılmış vəziyyətdə görmüşdür. Başı anasına qarışdığından başqa heçnəyi görə bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X7 hadisə günü söyüş səsləri eşitmədiyini, hadisə yerində Kamranı ümumiyyətlə görmədiyini, sonradan Kamranın qaçdığını eşitdiyini, hadisə vaxtı 1-2 nəfər qonşunun çıxdığını bildirmişdir. Sədrlik edən X2 istintaq zamanı verdiyi ifadəni elan edərək onun hadisə yerinə çox sayda, 30 nəfərə qonşunun yığışdığını bildirdiyini ifadəsində göstərdiyini dedikdə Rakif Qafarov elə bir ifadə vermədiyini, heç bəlkə də onların 30 nəfər qonşularının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanda baş vermişdir (i.v.11-13). Məhkəmə Tibb Ekspertiza və X9-Təcrübi və X5 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1640 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş-cırılmış yarası, üst dodağın qansızması ilə müşayiət olunan üst çənədə sağ tərəfli dördüncü dişin sınığı, boyun nahiyəsinin qançırı müəyyən edildi, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə alt dodağın əzilmişcırılmış yarası, üst dodağın qansızması ilə müşayiət olunan üst çənədə sağ tərəfli dördüncü dişin sınığı bir güclü zərbənin təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v.42-43). Məhkəmə Tibb Ekspertiza və X9-Təcrübi və X5 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1683 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu nahiyyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan 22 iyul 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmyan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.50-51). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.141-142). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 01 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 161). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2023-cü il qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, hazırki cinayət işindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə cinayət işi ayrıca icraat ayrılmışdır (i.v. 150-158). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 22 iyul 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 22 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə qonşusu olan Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı hər iki tərəf bir-birilərini vurmuş, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş xəsarət nəticəsində onun sağlamlığına yüngül zərər dəymiş, tərəflər arasındakı mübahisə qısa müddət davam etmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurduqdan sonra qaçmış, bundan sonra zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ailəsi arasında başlanmış mübahisə zamanı yaranmış səs-küy nəticəsində zərərçəkmiş şəxsin ailə üzvləri, bir qədər sonra isə Təqsirləndirilən şəxs qohumları çölə çıxmışlar, bundan sonra mübahisə bir qədər də davam etmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 22 iyul 2022-ci il tarixdə baş vermiş hadisə ünvan 1 ünvanın qarşısında ətrafda kənar heç kəsin olmadığı vaxtda zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə əsnasında baş vermiş, bu zaman onlar hər ikisi biri-birini vurmuş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin ağzına yumruqla vurduqdan sonra hadisə yerindən qaçmış, hadisə çox qısa zaman kəsiyində (həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin göstərdikləri xüsusatlar nəzərə alınmaqla) baş vermiş, Təqsirləndirilən şəxs qaçdıqdan sonra zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs qohumları arasında, sonradan isə zərərçəkmiş şəxsin valideynləri də daxil olmaqla Təqsirləndirilən şəxs qohumları arasında mübahisə davam etmiş, həmin vaxt səs-küy yaranmışdır. Belə olan halda Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsi zamanı hadisə yerində yalnız ikisi olmuş, kənardan da hadisəni hər hansı kənar şəxs (şəxslərin) görməsi, hadisənin baş verməsi ilə əlaqədar hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs məhlədə avtomobili sürətlə idarə etdiyi üçün onun nənəsi İlqama irad bildirmiş, axşam o, məhləyə gələrkən İlqam onu çağıraraq nənəsinin ona irad bildirdiyini dedikdə, o, İlqama nənəsinin yaşlı qadın olduğunu, eyni zamanda nənəsinin iradının haqlı olduğunu demiş, bu zaman İlqam ona “sənin ağzından süd iyi gəlir” deyərək onun boğazında yapışmış və onu divara vurmuş, həmin vaxt o, boğulduğunu hiss edərək özünü müdafiə etmək və İlqamdan qurtulmaq üçün ona yumruq vuraraq qaçmış, hadisə vaxtı ətrafda kənar heç kəs olmamış, o, İlqama qarşı hər hansı söyüş və ya nalayiq söz işlətməmişdir. Göstərilən xüsusat, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurarkən və aralarında mübahisə baş verərkən ətrafda kənar şəxslərin olmaması, Kamranın onu vurduqdan sonra dərhal qaçması hadisə zamanı tərəflərin bir-birinə qarşı söyüş işlətməməsi, səs-küyün olmaması Zərərçəkmiş şəxs ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs hadisə zamanı nə Kamranın ona, nə də onun Kamrana söyüş söymədiyini, sadəcə Kamranın onun sifətindən vuraraq qaçdığını, hadisə yerinə kənar şəxslərin gəlmədiyini, onların biri-birinə söz demək və ya söyüş söymək fürsətlərinin olmadığını, hadisənin qısa zaman kəsiyində baş verib bitdiyini göstərmişdir. Məhkəmə xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, hadisə baş verən vaxt hadisə yerində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması nə hadisə baş verən yerdə hər hansı qaydanın, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, mübahisə əsnasında ucadan danışaraq, nalayiq sözlərdən istiifadə edərək başqa şəxslərin də hadisə yerinə gəlməsinə nail olduqdan sonra digər şəxslərin diqqətini cəlb etməyə çalışaraq zərərçəkmiş şəxsi vurmuş olardı ki, bu hal isə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə məhkəmə istintaqı zamanı dindirilmiş cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, X4, X8, X6, X2 və tərəflərdən heç biri ilə qohumluq münasibəti olmayan Şahid1 hər birinin ifadəsindən görünür ki, onlar heç biri Kamranla İlqam arasında baş verən mübahisənin şahidi olmamış, Kamranın nəinki İlqamı vurmasını görməmiş, həmin gün hadisə yerində Təqsirləndirilən şəxs ümumiyyətlə görməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş X3 isə nəvəsinin ona Kamranın döyülməsini bildirməsi səbəbindən çölə çıxdığını, Kamranla İlqamın dava etdiklərini, biri-birilərini vurduqlarını gördüyünü, heç birinin söyüş söymədiyini, hadisə yerində kənar heç kəsin olmadığını göstərmişdir. Bununla yanaşı, iş materiallarında olan məhkəmə Tibb Ekspertiza və X10-Təcrübi və X5 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1683 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs sol bazu nahiyyəsinin qançırının müəyyən edilməsi, həmin xəsarətin bərk küt əşyanın təsirindən törənməsinin və müddətinin qərarda qeyd olunan 22 iyul 2022-ci il tarixə uyğun gəlməsi, xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsinin, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar olunması hadisənin Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi deyil, tərəflərin qarşılıqlı olaraq dalaşaraq dava əsnasında hər iki tərəfin bir-birini vurmasına dəlalət edir ki, məhkəmə iclasında dindirilən şahidlərdən heç birinin hadisənin birbaşa şahidi olmadıqları, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin ifadələrində ziddiyyətlərin olması (təqsirləndirilən şəxs birinci zərərçəkmiş şəxsin onun boğazından tutaraq divara vurduğunu və boğulduğundan özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsin sifət nahiyyəsindən vurduğunu bildirsə də, zərərçəkmiş şəxs ümumiyyətlə Təqsirləndirilən şəxs vurmadığını, Təqsirləndirilən şəxs mübahisə zamanı qəfildən onun sifətindən vuraraq qaçdığını göstərmişdir), Təqsirləndirilən şəxs da hadisə gününə uyğun gələn xəsarətlərin aşkar edilməsi məhkəmədə hadisənin kimin təşəbbüsü ilə başlanması, ilkin olaraq hansı tərəfin digərini vurmasına dair şübhələrin yaranmasına səbəb olur ki, bu da hər bir halda şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmasını tələb edir. Məhkəmə onu da qeyd edir ki, hətta Təqsirləndirilən şəxs tərəflərin göstərdiyi şəraitdə, yəni hadisə yerində kənar şəxslərin olmadığı, hər hansı səs-küy yaratmadan ilkin olaraq zərərçəkmiş şəxsi vurması müəyyən edilmiş olsa idi belə, ictimai qaydanın pozulmadığı, cəmiyyətə qarşı açıq hörmətsizliyin nümayiş etdirilmədiyi şəraitdə onun əməlində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməzdi. Bununla yanaşı, məhkəmə iclasında dindirilmiş çoxsaylı şahid ifadələrindən də görünür ki, onlar heç biri çölə Kamranla İlqamın səsinə çıxmamış, onların hər hansı birinin digərinə söyüş söyməsini eşitməmiş, onların hadisə yerinə gəlmələrinə səbəb İlqamla Kamranın atası və digər qohumları arasında yaranmış mübahisə və mübahisə əsnasında olan səs-küy olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ümumiyyətlə hadisə yerində olmamış, həmin səs-küy yaranıb digər şəxslərin hadisə yerinə çıxmasına qədər Təqsirləndirilən şəxs artıq Zərərçəkmiş şəxs kənar şəxslərin olmadığı şəraitdə vurub qaçmışdır ki, bu da iş üzrə dindirilmiş şahid ifadələri ilə ictimai qaydanın Təqsirləndirilən şəxs olmadığı vaxt və şəraitdə pozulmasına dəlalət edir. Lakin nədənsə müstəntiq iş materiallarında olan hər bir proses iştirakçısının ifadəsini təhrif edərək, hətta Təqsirləndirilən şəxs istintaq zamanı da zərərçəkmiş şəxsdən müdafiə olunmaq üçün onu vurmasını göstərməsinə baxmayaraq həmin xüsusatı araşdırmağa zərurət görmədən təkidlə Təqsirləndirilən şəxs əməlinə xuliqanlıq donu geyindirməyə çalışmış, mübaliğəli şəkildə proses iştirakçılarının adından komputer vasitəsilə yazdığı ifadələrinə hadisə yerinə 20-30 nəfər qonşunun toplaşmasına dair xüsusatlar əlavə etsə də, Təqsirləndirilən şəxs səs-küy salaraq söyüş söyməsini, Zərərçəkmiş şəxs onların gözü qarşısında vurmasını təsdiq edə biləcək nəinki 20-30 nəfər, heç bir nəfər belə müəyyən edə bilməmiş, Təqsirləndirilən şəxs hadisə yerində olmadığı şəraitdə baş vermiş hadisələrin onun orada olduğu şəraitdə baş verməsi təsəvvürü yaratmaqla onun qaçmasından sonra baş vermiş əməllərin təqsirini də onun üzərinə qoymağı məqbul hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda Təqsirləndirilən şəxs öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyması, özünün üstünlüyünü nümayiş etdirməsi, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarını, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozması göstərilsə də, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə hadisə yerində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa şəxslərin olmaması, mübahisə zamanı nə təqsirləndirilən, nə də zərərçəkmiş şəxsin ucadan danışmaması, söyüşdən istifadə etməmələri müəyyən edilmişdir ki, belə olan halda təqsirləndirilən öz şəxsiyyətini kiminsə fövqündə qoyması, öz üstünlüyünü nümayiş etdirməsi real və məntiqli olmamaqla məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar və müəyyən edilmiş hallar ittihamda formal olaraq sadalanan halların öz təsdiqini tapmamasına dəlalət edir. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisə vaxtı hadisə yerində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa kənar hər hansı şəxsin olmaması, həmin hadisəni birbaşa görən şəxsin müəyyən edilməməsi, həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsin ifadələri ilə hadisə zamanı səs-küyün olmaması və nalayiq ifadələrin işlədilməməsinin müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sadəcə özünün təxəyyülündə qurduğu hadisə mexanizminə uyğun ifadələri komputer vasitəsi ilə yazaraq cinayət prosesinin iştirakçılarına imzalatdırmaqla kifayətlənərək öz ehtimalları əsasında ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, sadəcə cinayət prosesinin iştirakçılarının ifadələrini “özünün lazım bildiyi” formada yazaraq həmin ifadələrə istinad etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs ictimai yerdə, kənar şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsə zor tətbiq etməklə, onun sifət nahiyyəsinə yumruqla vurmaqla ictimai qaydanı kobud şəkildə pozması qeyd olunduğu halda, müstəntiq həmin kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmiş və formal mülahizələr əsasında ictimai qaydanın pozulması nəticəsinə gəlmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Əvəz Xəlilova qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, ibtidai istintaq zamanı 15 saat və məhkəmə istintaqı zamanı 10 saat, cəmi 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar