Məhkəmə qərarları › İş №1(008)-409/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-409/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-409/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Şəkərcik kəndində qeydiyyatda olan, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu və sərbəst şəkildə giriş-çıxışa malik olduğu Şahid1 yaşadığı ünvan 1 ünvanında olarkən evin yataq otağındakı qapısı açıq vəziyyətdə olmuş paltar dolabın içərisindəki qabdan Şahid1 anası Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1.400 manat dəyərində 19 qramlıq 583 əyyarlı qızıl boyunbağını, 01 ədəd 1.095 manat dəyərində 15 qramlıq 583 əyyarlı qızıl bilərziyi, 01 ədəd 585 manat dəyərində 6 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü, 02 ədəd hər birinin dəyəri 350 manat, cəmi 700 manat dəyərində 583 əyyarlı paxlava şəkilli qızıl qadın üzükləri və 01 ədəd 510 manat dəyərində 8 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 4.290 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Şahid1 uşaqlıq dövründən tanıyr. Belə ki, uşaqlıq dövründə Sevdanın yaşadığı Sabunçu qəsəbəsində evlərinin yaxınlığında dayısı Elməddinin yanında təkər sexində fəhlə işləyən zaman Sevdanı həmin ünvanda görüb tanımış, onunla münasibəti yaranmışdır. Sevda ilə daim əlaqə saxlamış və 2021 -ci ildən etibarən onunla bir qadın və kişi kimi münasibəti olmuş, onunla ailə qurmaq niyyətində olmuşdur. Sevda ilə mütəmadi olaraq əlaqə saxlamış və bir-birilərinin evinə qonaq gedibgəlmişdirlər. Sevdanın, anası Mehribanın və azyaşlı qardaşı Eminin birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən evə sərbəst bir ailə üzvü kimi girib-çıxmışdır. Evə daxil olmasına hər hansı bir məhdudiyyət qoyulmamışdır. Sevdanın və onun ailə üzvləri Sevda ilə onun yaxın münasibətdə olduğu barədə məlumatlı olmuşdurlar. Sevdanın yaşadığı evdə hansı əşyanın harada olması barədə tam məlumatı olmuşdur. 23 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Sevdanın yaşadığı evdə olmuşdur. Həmin vaxtı evdə Sevdanın azyaşlı qardaşı Emin olmuşdur. Sevda ilə anası Mehriban işləri ilə bağlı Əhmədli qəsəbəsinə getmişdirlər. Həmin dövrdə icarəyə taksi avtomobil götürüb idarə edirdi. Avtomobilin təmirinə bir qədər pula ehtiyyacı olduğundan qərara gəlmişdir ki, Sevdanın yaşadığı evdən qızıl-zinət əşyaları oğurlayıb onları satıb və ya lombarda girov qoyub əvəzində pul götürüb avtomobili təmir etdirsin və avtomobilin icarə haqqını ödəsin. Evdə Eminin digər otaqda olmasından istifadə edib, onun xəbəri olmadan və o görmədən yataq otağına daxil olub açıq vəziyyətdə olmuş paltar dolabında olmuş qabın içərisindən 01 ədəd brilyant qaşlı qadın qızıl üzüyü, 02 ədəd paxlava şəkilli qadın üzüyü, 01 ədəd qadın üzüyünü, 01 ədəd qızıl qadın qolbağı, 01 ədəd qızıl qadın boyunbağını gizli olaraq götürmüşdür. Oğurladığı qızıl-zinət əşyalarını 27 noyabr 2022-ci il tarixədək saxlamış və sonra hissə-hissə olmaqla, yəni 27 noyabr 2022-ci il tarixdə və 02 dekabr 2022-ci il tarixdə Bakımetropolitenin «Neftçilər» stansiyası yaxınlığında «Ayxan» ətriyyat mağazasının içərisində fəaliyyət göstərən lombarda Nurlan adlı şəxsə girov qismində verib ondan 1.600 manat pul almış, əldə etdiyi pulun bir qismini idarə etdiyi avtomobilin icarə haqqını ödəmiş, bir qismini avtomobilin təmirinə xərcləmişdir. Qızıl- zinət əşyalarını girov qismində verən zaman şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin şəxs də vəsiqənin kserosurətini çıxarıb özündə qeydlər aparmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Sevda ilə anası Mehriban qızıl-zinət əşyaların olmadığını aşkar edib oğurlanmasından şübhələnmişdirlər. Bununla bağlı ondan soruşduqda əvvəl onlara heç bir söz deməmiş, lakin 05 dekabr 2022-ci il tarixdə artıq etiraf edib bildirmişdir ki, həqiqətən qızıl-zinət əşaları onun tərəfindən oğurlanıb lombarda girov qoymaqla pul əldə edilmiş və pulu öz ehtiyyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2003-cü il təvəllüdlü Şahid1 onun qızıdır. Qızı Şahid1 12 iyun 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində onunla bir ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs «Bolt» taksi şirkətinin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sevda ilə Hüseyn aralarında olan münasibətləri rəsmiləşdirmək fikirlərində olmuşdurlar. Sevda 2022-ci ilin sentyabr ayında toya getmək üçün ondan nişan üzüyünü götürmüşdür. 25 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Hüseyn evə gəlmiş və bir qədər keçmiş Sevdaya təklif etmişdir ki, onunla birlikdə atasının yaşadığı ünvana qonaq getsinlər. Sevda razılaşmış və evdən çıxarkən barmağında olmuş ona məxsus nişan üzüyünü çıxardıb ona vermişdir ki, yerinə qoysun. Sevdadan üzüyü götürüb masa üzərinə qoymuşdur. 26 noyabr 2022-cı il tarixdə saat 01 radələrində nişan üzüyünü yerinə qoymaq istəyərkən ona məxsus digər qızıl-zinət əşyalarının, yəni 01 ədəd 19 qramlıq 583 əyyarlı qızıl boyunbağın, 01 ədəd 15 qramlıq 583 əyyarlı qızıl bilərziyin, 01 ədəd 6 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünün, 02 ədəd 583 əyyarlı paxlava şəkilli qızıl qadın üzüklərinin və 01 ədəd 8 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünün yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, həmin qızıl-zinət əşyaları oğurlanıb. Evə Hüseyndən başqa kənar şəxs sərbəst giri-çıxmadığı üçün və qızılların yerini Hüseyn bildiyinə görə Hüseyn tərəfindən oğurlanmasında şübhələnmişdir. 26 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində qızı Sevda Hüseynlə birlikdə evə qayıtdıqda Hüseyndən qızılları götürüb-götürmədiyini soruşmuş, lakin Hüseyn götürmədiyini bildirsə də, sonradan Hüseyn etiraf edib qızıl-zinət əşyaların onun tərəfindən götürülüb Bakımetropolitenin «Neftçilər» stansiyası yaxınlığında «Ayxan» ətriyyat mağazasının içərisində fəaliyyət göstərən lambarda girov qoyub 1.600 manat pul götürdüyünü və öz ehtiyyaclarına xərclədiyini bildirmişdir. Hüseyn onlara lombardın yerini göstərdikdən sonra o, həmin lombarda gedib maraqlandıqda məlum olmuşdur ki, həqiqətən Hüseyn onun evindən oğurladığı, ona məxsus qızıl-zinət əşyalarını girov qismində qoyub əvəzində pul götürmüşdür. Qızıl-zinət əşyalarını geri istəsə də əşyaları alan şəxs pulu ödənilməsini tələb etmiş, lakin pulu olmadığından ödəniş edib qızıl-zinət əşyalarını götürə bilməmişdir. Hazırda həmin əmlaklar satılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 12 iyun 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində anası Mehriban və azyaşlı qardaşı Emin ilə bir ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs «Bolt» taksi şirkətinin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hüseyn ilə aralarında olan münasibətləri rəsmiləşdirmək fikirlərində olmuşdurlar. 2022-ci ilin sentyabr ayında toya getmək üçün anası Mehribandan nişan üzüyünü götürmüşdür. 25 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Hüseyn evə gəlmiş və bir qədər keçmiş ona təklif etmişdir ki, onunla birlikdə atasının yaşadığı ünvana qonaq getsinlər. Razılaşmış və evdən çıxarkən barmağında olmuş anasına məxsus nişan üzüyünü çıxardıb anasına vermişdir ki, yerinə qoysun. 26 noyabr 2022-ci il tarixdə anası Mehriban ona zəng edib qızıl-zinət əşyalarının yerində olmadığını bildirib, ondan məlumatlı olub-olmadığını soruşmuşdur. Anasına qızılzinət əşyalarının harada olması barədə məlumatı olmadığını demişdir. Evə Hüseyndən başqa kənar şəxs sərbəst girib-çıxmadığı üçün və qızılların yerini Hüseyn bildiyinə görə Hüseyn tərəfindən oğurlanmasında şübhələnmişdirlər. Anası Hüseyndən də bu barədə maraqlandıqda, Hüseyn əvvəl məlumatsız olduğunu desə də, sonradan etiraf edib bildirmişdir ki, anasına məxsus 01 ədəd 1.400 manat dəyərində 19qramlıq 583 əyyarlı qızıl boyunbağın, 01 ədəd 1.095 manat dəyərində 15 qramlıq 583 əyyarlı qızıl bilərziyi, 01 ədəd 585 manat dəyərində 6 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü, 02 ədəd hər birinin dəyəri 350 manat, cəmi 700 manat dəyərində 583 əyyarlı paxlava şəkilli qızıl qadın üzüklərini və 01 ədəd 510 manat dəyərində 8 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü götürüb Bakımetropolitenin «Neftçilər» stansiyası yaxınlığında «Ayxan» ətriyyat mağazasının içərisində fəaliyyət göstərən lambarda girov qoyub 1.600 manat pul götürmüş və öz ehtiyyaclarına xərcləmişdir. Hüseyn onlara lombardın yerini göstərdikdən sonra anası ilə həmin lombarda gedib maraqlandıqda məlum olmuşdur ki, həqiqətən Hüseyn onların evindən oğurladığı, anasına məxsus qızıl-zinət əşyalarını girov qismində qoyub əvəzində pul götürmüşdür. Qızıl-zinət əşyalarını geri istəsələr də əşyaları alan şəxs pulu ödənilməsini tələb etmiş, lakin pulları olmadığından ödəniş edib qızıl-zinət əşyalarını götürə bilməmişlər. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Bakımetropolitenin «Netçilər» stansiyası yaxınlığında yerləşən «Ayxan» ətriyyat mağazasının içərisində bibisi qızının əri Əli ilə şərikli qaydasında qızıl-zinət əşyalarının alqı- satqısı ilə məşğul olur. Vergi ödəyicisi kimi qeydiyyatdan keçib sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Müştərilərdən qızıl-zinət əşyalarını aldıqdan sonra əridib satırlar. Qızıl-zinət əşyalarını alarkən müştərilərdən şəxsiyyət vəsiqələrinin kserosurətini götürüb, həmin sənədin üzərində aldıqları qızılın əyyarını, çəkisini, dəyərini və adını qeyd edirlər. 27 noyabr 2023-cü il tarixdə günorta saatlarında əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, Təqsirləndirilən şəxs işlədiyi «Ayxan» ətriyyat mağazasına gələrək qızıl tros sepin olduğunu, həmin sepin özünə məxsus olduğunu və maşınını təmir etdirmək üçün pula ehtiyyacı olduğundan satmaq istədiyini bildirmişdir. Həmin şəxsə qızıl-zinət əşyalarını şəxsiyyət vəsiqəsi ilə girov götürdüklərini deyib, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və satmaq istədiyi qadın qızıl boyunbağını təqdim etmişdir. Elektron tərəzidə çəkdikdə boyunbağının 19,7 qram çəkisi olduğunu müəyyən etmişdir. Hüseyndən boyunbağını hansı qiymətə samaq istədiyini soruşduqda, Hüseyn ona boyunbağıya 870 manat verdiklərini, lakin o həmin məbləğə razılaşmadığını bildirmişdir. Hüseynə boyunbağıya 900 manat pul verə biləcəyini dedikdə Hüseyn onun razılaşmışdir. Bundan sonra Hüseynin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb, üzərində qeydlərini edib, ona 900 manat pul verdikdən sonra Hüseyn çıxıb getmişdir. Həmin günü aldığı boyunbağını əritməyə vermişdir. Bir neçə gün keçmiş, yəni 02 dekabr 2023-cü il tarixdə Hüseyn təkrar onun işlədiyi mağazaya gələrək, özü ilə gətirdiyi bir neçə ədəd qadın qızı üzükləri və bir ədəd bilərziyi ona təqdim edib, həmin əşyaları da satmaq istədiyini bildirmişdir. Ondan qızıl-zinət əşyalarını nə üçün satdığını soruşduqda Hüseyn anasının xəstə olduğunu, müayinə və müalicə üçün pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Eyni zamanda Hüseyn onu bir nəfər qadınla mobil telefonda danışdırmış, həmin qadın Hüseynin anası kimi özünü təqdim edərək qızılların satılması üçün razılıq verdiyini bildirmişdir. Bundan sonra o, Hüseyndən qızıl-zinət əşyalarını götürüb elektron tərəzidə çəkdikdə ümumilikdə 15 qram çəkisi olduğunu müəyyən etmişdir. HƏmin qızıl-zinət əşyalarına görə Hüseynə cəmi 700 manat verəcəyini bildirdikdə Hüseyn onunla razılaşmışdır. Bundan sonra o Hüseynin şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb, həmin sənədin üzərində aldığı qızıl-zinət əşyaları barədə qeydlər aparmışdır. Hüseynə 700 manat verdikdən sonra Hüseyn ondan 50 manatlıq ətriyyat alıb çıxıb getmişdir. Eyni qaydada həmin günü aldığı qızıl-zinət əşyalarını da əritməyə vermişdir. Təxminən 8-10 gün keçmiş Hüseynin qaynanası və arvadı ilə birlikdə işlədiyi mağazaya gəlmişdirlər. Qaynanası Hüseynin ona qızıl-zinət əşyaları gətirib satıbsatmadığını soruşduqda o, həmin qadına Hüseynin ona qızıl-zinət əşyaları satdığını, aldığı qızıllara görə birinci dəfə 900 manat pul, ikinci dəfə isə 700 manat pul verdiyini bildirmiş və Hüseynin şəxsiyyət vəsiqəsinin kserosurətini onlara göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 4 ünvanıdır. (i.v.9-11). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.61-62). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.108-109). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Füzuli rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar