Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-410/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunmuş və ittiham aktına əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qızı X1 Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 214 nömrəli orta məktəbə ingilis dili müəllimi vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının əvvəllərində ilkin olaraq 5.000 manat və 10 iyul 2023-cü il tarixdə 10.000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Sakit Qocayev küçəsində yerləşən “Heydər Əliyev” adına istirahət parkında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 15.000 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etsə də, pulu zərərçəkmiş şəxsdən Bakı şəhəri, Sabunçu rayonu ərazisində deyil, Bakı şəhəri, Xətai rayonu ərazisində aldığını bildirmiş, cinayət işinin istintaqının ərazi aidiyyəti pozulmaqla aparıldığını bildirərək ona təqdim edilmiş bütün sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmənin hazırlıq iclasında da Təqsirləndirilən şəxs təkidlə zərərçəkmiş şəxsdən ittihamda göstərilən məbləğləri Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Urfa” restoranının qarşısında aldığını, ümumiyyətlə zərərçəkmiş şəxslə Sabunçu rayonu ərazisində görüşmədiyini, cinayət işinin törədildiyi yerin düzgün müəyyən edilmədiyini və istintaqın da ərazi aidiyyəti pozulmaqla aparılaraq işin ərazi aidiyyəti pozulmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs sonuncu dəfə 10000 manat pulu təqsirləndirilən şəxsə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” parkında verdiyini bildirmiş, məhkəmə iclasında verimiş suallara cavab olaraq nə özünün, nə də təqsirləndirilən şəxsin Sabunçu rayonu ərazisində yaşamadığını və işləmədiyini, təsadüfən Sabunçu rayonu ərazisində görüşmək qərarına gəldiklərini, təqsirləndirilən şəxsin onu Sabunçu rayonuna çağıraraq pulu orda aldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin iddia etdiyi halın araşdırılmasının yalnız onun özünün, zərərçəkmiş şəxsin və şahidin mobil telefon nömrələrinin 10 iyul 2023-cü il tarixi üçün anten məlumatlarını əldə etməklə müəyyən edilməsinin mümkün olduğunu nəzərə alaraq bununla bağlı müvafiq operatorlara sorğular göndərmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları həmin gün onun ümumiyyətlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmadığını, saat 12:06-dan 13:24-dək Bakı şəhəri, Xətai rayonu ərazisində olduğunu göstərmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması, günün əksər hissəsində Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Şahid4 istifadəsində olmuş ***- ***-**-** mobil nömrənin anten məlumatları ilə onun da 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmaması, günün müəyyən hissələrində Bakı şəhəri, Xətai rayonu, müəyyən hissəsində isə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş və “Azərfon” mobil operatorundan “Azərcell” mobil operatoruna yönləndirilmiş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun həmin tarixdə günün əksər hissəsini Bakı şəhəri, Xətai rayonu ərazisində olması, Bakı şəhəri, Sabunçu rayonu ərazisində ümumiyyətlə olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxsin ifadələrində sonuncu dəfə pulu təqsirləndirilən şəxsə Bakı şəhəri, Sabunçu rayonu ərazisində verməsini bildirdiyini qeyd edərək cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında çıxış edərək təqsirləndirilən şəxsin mövqeyini və əldə edilmiş anten dairə məlumatlarını işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini, əksinə bunu xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə son əməlin törədildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalı olduğundan, məhkəmə tərəfindən əldə edilmiş anten məlumatları ilə 10 iyul 2023-cü il tarixdə nə zərərçəkmiş şəxsin, nə şahidin, nə də təqsirləndirilən şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində olmadıqları, hər üçünün həmin günü Bakı şəhəri, Xətai rayonu ərazisində olmaları müəyyən edildiyindən və bununla da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən pulu Bakı şəhəri, Sabunçu rayonu ərazisində deyil, Bakı şəhəri, Xətai rayonu ərazisində almasına dair irəli sürdüyü dəlili öz təsdiqini tapdığından, bunun əksini iddia edən zərərçəkmiş şəxsin pulu Bakı şəhəri, Sabunçu rayonu ərazisində almasına dair göstərdiyi xüsusat isə təkzib edildiyindən cinayət işi ehtimal edilən son əməlin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.4-cü maddəsinin mənasından açıq görünür ki, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Hazırki işdə isə cinayətin törədildiyi yer müəyyəndir və törədilməsi ehtimal olunan cinayət Bakı şəhəri, Sabunçu rayonu ərazisində deyil, təqsirləndirilən şəxsin də ilk gündən iddia etdiyi kimi Bakı şəhəri, Xətai rayonu ərazisində törədilmişdir (anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin göstərdiyi həmin halın təkzib edilməsi üçün əsas olmamışdır). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti pozulmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərildiyindən AR CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-410/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-410/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver