Məhkəmə qərarları › İş №1(008)-414/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-414/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-414/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanlı Akşin Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 14/2, mənzil 117-də yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəmnində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona sol alın-gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq-yanaq və sol bazu nahiyyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evə gələn zaman evdə Ülkərdən ona qarşı soyuq münasibət, hətta anasına qarşı da münasibətinin pis olduğunu görmüşdür. Anası hazırda yataq xəstəsidir və anasının qayğıya ehtiyacı vardır. Ülkərdən ona və anasına qarşı bəslədiyi nifrətin səbəbini soruşanda, Ülkər uca səslə söz qaytarmışdır. Bunu eşidən yataq xəstəsi olan anası yataqdan qalxıb gəlib onları ayırmağa çalışmışdır. Ülkər anasına da cavab qaytaranda, o, özündən asılı olmayaraq əsəbləşmiş və evin dəhlizində bir dəfə sillə ilə Ülkərin sifətindən vurmuş, zərbədən Ülkər yerə yıxılmışdır. Hal-hazırda onlar barışmışlar. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən həyat yoldaşı ilə aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı evdən uşaqları götürüb çıxmaq istəyərkən İbrahim mənzilin dəhlizində onun sifət nahiyəsinə sillə zərbəsi endirmişdir. Sillə zərbəsinin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra əri İbrahim saçından tutaraq onu sürümüşdür. Sonda o, ayağa qalxaraq uşaqları ilə birgə ata evinə gəlmişdir. Aralarında baş vermiş münaqişə təxminən 30 dəqiqə davam etmiş, evdə qaynanası Mahirə olmuşdur. Hal-hazırda onlar barışmışlar. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə, saat 23:00 radələrində qızı Ülkər ona zəng edərək evdə yenidən qaynanası və əri ilə mübahisələrinin olduğunu, münaqişə zamanı İbrahimin onu əli ilə vurduğunu və saçından tutub yerdə sürüdüyünü bildirmişdir. Ülkər ondan gəlib, yaşadığı evə gətirməsini xahiş etmişdir. Beləliklə, o, evdən çıxıb qızının yaşadığı evə gedərək onu və azyaşlı nəvələrini öz evinə gətirmişdir. Həmin vaxt qızının sol sifət və sol çiyin nahiyyələrində xəsarətlər olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş təhqiqat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olan zaman Ülkərdən onlara qarşı soyuq münasibət göstərmişdir. Ülkərdən ona və oğluna qarşı bəslədiyi nifrətin səbəbini soruşanda, Ülkər uca səslə söz qaytarmağa başlamışdır. Bu zaman İbrahim əsəbləşmiş və evin dəhlizində bir dəfə sillə ilə Ülkərin sifətindən vurmuşdur. Sonra İbrahim mübahisə böyüməsin deyə evdən çıxıb getmişdir. Bir qədər sonra Ülkərin atası Ziyafət gələrək qızını və azyaşlı nəvələrini götürüb öz evinə aparmışdır. Hadisə yaşadıqları ünvan 3 ünvanın dəhlizində baş vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 301 saylı, 15 fevral 2023cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs - sol alın-gicgah nahiyyəsinin dərialtı hematoması, sol almacıq-yanaq və sol bazu nahiyyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakterlərinə və lokalizasiyasılarına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi və eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 28 fevral 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, barışıq ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmasını, mübahisənin ailə-məişət problemi üzündən yaranmasını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 60 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 60 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar