Məhkəmə qərarları › İş №1(008)-415/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-415/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-415/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “259” saylı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələyərək yerə yıxmış, yerdə olarkən isə qəsdən əli ilə baş, qol və əl nahiyyələrindən bir neçə dəfə vuraraq, ona təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sıyrığı, sol dirsək oynağı nahiyəsinin əzilmiş yarası və qançırı, sağ əlin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yungül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəms Sübhanova ilə bir neçə müddət aralarında yaxın münasibət olmuş və onun övladı İlkinidə tanımışdır, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində İlkini görmək üçün onun oxuduğu Balaxanı qəsəbəsində yerləşən “259” saylı məktəbin yanına getmiş, orada İlkinlə salamlaşıb anası barədə soruşduqda Şəmsin dayısı Zülfüqar müdaxilə edərək danışmaqlarına imkan verməmiş və İlkini evə göndərmişdir, bu zaman Zülfüqarla aralarında mübahisə yaranmış və onu nalayiq ifadə ilə təhqir edərək üzərinə gəlmiş, bundan qəzəblənərək ona cavab qaytarıb itələyərək yerə yıxmış, yerdə olarkən isə qəsdən əli ilə onun baş, qol və əl nahiyyələrindən bir neçə dəfə zərbələr vurmuş, sonra isə oradan uzaqlaşmışdır. Hadisə zamanı yanlarında yalnız Zülfqarın bacısı Noğrəxanım olmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bacısı qızı əvvəllər bir müddət Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmuş, xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində bacısı Noğrəxanımla birlikdə Balaxanı qəsəbəsində yerləşən “259” saylı məktəbə onun nəvəsi İlkinin dalınca getmişlər, həmin zaman Rayizdə gələrək İlkinlə salamlaşıb anası barəsində soruşmuş, buna mane olaraq onların danışmasına imkan verməmiş və İlkini evə göndərmiş, bundan sonra Rayiz onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq ifadələr işlətmiş, ona cavab qaytardıqda isə Rayiz qəzəblənərək onu itələyib yerə yıxmış, yerdə olarkən isə qəsdən əli ilə baş, qol və əl nahiyyələrindən bir neçə dəfə zərbələr vuraraq onu döymüşdür, sonra isə Rayiz çıxıb getmiş, mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, həmin zaman yanlarında yalnız bacısı Nöğrəxanım olmuşdur, hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində qardaşı Zülfüqarla birlikdə nəvəsi İlkini götürmək üçün yaşadıqları evin yaxınlığında yerləşən “259” saylı məktəbə getmişlər, orada olarkən qızının əvvəllər münasibətdə olduğu Təqsirləndirilən şəxs gəlmiş və İlkinlə salamlaşaraq söhbət etməyə başlamışdır, Zülfüqar onların danışmasına mane olaraq İlkini evə göndərmiş, həmin zaman Rayiz Zülfüqarı nalayiq ifadələrlə təhqir etməyə başlamış, Zülfüqarda ona cavab qaytardıqda onların arasında mübahisə yaranmış, mübahisə zamanı Rayiz Zülfüqarı itələyərək yerə yıxıb əli ilə onun baş, qol və əl nahiyyələrindən zərbələr vuraraq çıxıb getmiş, bununla da mübahisə bitmişdir, ətrafda onlardan başqa kimsə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinin baxış keçirilməsi haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 259 saylı məktəbin yaxınlığına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.5-7); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2024-cü il tarixli 858 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sıyrığı; sol dirsək oynağı nahiyəsinin əzilmiş yarası və qançırı, sağ əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi, yumruqla yetirilə bilər, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir(i.v.21-22); 07 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır( i.v. 24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cərimə cəzasını ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Xəzər RPİ tərəfindən xx.xx.2019-cu ildə CMnin 128-ci maddəsi ilə olan cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v.53-61); Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 265829/17 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 06 ay azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, zərərçəkmiş şəxs və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları üçün məhkəmədən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Beləliklə, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ tərəfindən xx.xx.2019-cu ildə CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verildiyindən o yenidən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə X2 zərərçəkmiş şəxslə barışmasını(CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Lakin, məhkəmə qeyd edir ki, sözügedən hökm üzrə olan məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.1.12, 59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar