Məhkəmə qərarları › İş №1(008)-415/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-415/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-415/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məmməd Araz küçəsi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 02 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində Şahid1 məxsus, texniki cəhətdən saz vəziyətdə olan “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyib nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən Zabrat dairəsi istiqamətinə 40 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatmadan dayandırmalı, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda bunu etməmiş, həmin Qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək piyada keçidi vasitəsilə yolun hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin orta ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sol aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 dekabr 2024-cü il tarixində, saat 19 radələrində, Şahid1 məxsus, “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük vəsiqəsinə sahib olmadan və nəqliyyat vasitəsini etibarnamə almadan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən Zabrat dairəsi istiqamətində hərəkət etmiş, avtomobilin qabaq sağ oturacağında həyat yoldaşı, Şahid3, arxa oturacaqda isə azyaşlı oğlu, X2, əyləşmişdir. Həmin vaxt hava şəraiti qaranlıq və yağışlı olmuşdur. Yerin səthi su ilə örtülü olduğundan yerdə piyada keçidi görünməmişdir. Avtomobil, iki zolaqlı yolun sağ zolağında saatda 40 km sürətlə hərəkət edərkən, piyada keçidində qəflətən qarşısına bir nəfər qadın çıxmış, həmin şəxsi təxminən 2 metr məsafədə görərək dərhal ayağını əyləcə basmış, lakin ağır hava şəraiti və yolun nəmlənməsi səbəbindən avtomobili tamamilə dayandıra bilməmişdir. Nəticədə, idarə etdiyi nəqliyyat vasitəsi ilə həmin qadın piyadanı, avtomobilin ön orta hissəsi ilə vurmuşdur. Hadisədən sonra avtomobili dərhal saxlamış və hadisə yerinə yaxın olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən X10 stansiyasına aparmışdır. Daha sonra həmin şəxs, X10 maşını ilə X7 gətirilmiş və özü də həmin tibbi yardım maşınında piyada ilə birlikdə aparılmışdır. Xəstəxanada göstərilən tibbi xidmətlər zamanı o və həmin qadın, Zərərçəkmiş şəxs, orada olmuşdur. Hadisənin sonunda, xəstəxanada göstərilən tibbi xidmətlərdən sonra, Zərərçəkmiş şəxs buraxılmış və vəziyyəti qənaətbəxş hesab olunmuşdur. Hadisə ilə bağlı əlavə araşdırmaların aparılması üçün müvafiq hüquqmühafizə orqanlarına məlumat verilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, 02 dekabr 2024-cü il tarixində, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən Zabrat dairəsi istiqamətində yerləşən piyada keçidindən istifadə edərək yolun digər tərəfinə keçmək məqsədilə hərəkət etmiş, Bu zaman, piyada keçidinin üzərində hərəkət edərkən, markası və dövlət qeydiyyat nişanı sonradan müəyyən olunmuş "Oka Seaz" markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən idarə olunan nəqliyyat vasitəsi ön hissəsi ayaq nahiyəsinə dəymişdir. Zərbənin təsiri ilə o yerə yıxılaraq huşunu itirmiş, gözünü açdığında ətrafında insanların toplandığını görmüşdür. Bu müddət ərzində vəziyyəti kəskin şəkildə ağırlaşmış və dərhal ətrafındakı şəxslər ona yardım etməyə başlamışlar. Yaxınlıqda olan insanlar tərəfindən, hadisə yerində avtomobilin sürücüsünə bildirildikdən sonra, ona dərhal tibbi yardım göstərilməsi məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən X10 Stansiyasına aparılmış, X10a qəbul edildikdən sonra, həkimlər tərəfindən ilkin tibbi müayinə aparılaraq vəziyyətinə uyğun müvafiq tibbi xidmət göstərilmişdir. Bundan sonra, X10 maşını ilə X7 yönləndirilmiş, X5, daha ətraflı müayinədən keçirilmiş və lazım olan tibbi yardım, o cümlədən ağrıkəsici və digər dərman preparatları tətbiq edildikdən sonra, vəziyyətinin müsbətə doğru dəyişməsi nəticəsində həmin gün evə buraxılmışdır. Hadisənin baş verdiyi vaxtda piyada keçidi üzərində tərtib edilmiş olan yol nişanlarının tələbləri ilə uyğun olaraq hərəkət etməyinə baxmayaraq, qarşıdan gələn avtomobilin sürücüsü tərəfindən piyada keçidində ona zərbə vurulması nəticəsində sağlamlığıma zərər dəymişdir. Məhkəmə iclasında ifadə elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə 1-ci Qarabağ müharibəsinin iştirakçısı olaraq, Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən verilmiş **-CB-*** dövlət qeydiyyat nişanlı "Oka Seaz" markalı avtomobili mülkiyyətinə qəbul etmişdir. **-CB-*** dövlət qeydiyyat nişanlı "Oka Seaz" markalı avtomobili bir müddət istifadə etmiş və 2018-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə, avtomobil ciddi şəkildə zədələnmiş və yararsız hala düşmüşdür. Hadisə baş verdikdən sonra, avtomobilin vəziyyəti ilə bağlı heç bir məlumata sahib olmamış və həmin avtomobili, həmin günlərdə xatırlamadığı bir şəxsə mülki etibarnamə ilə vermiş, sonradan həmin şəxs ilə hər hansı bir əlaqə saxlamamışdır. Sonradan, avtomobil ilə yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumatı əldə etmişdir. Hadisə ilə bağlı əlavə məlumat və ya iddia mövcud olmamışdır. Məhkəmə iclasında ifadə elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 8 ildir Bakı şəhəri, Kürdəxanı qəsəbəsindən tanıyır. Təxminən 7-8 il əvvəl, bağa gedib-gəlmək üçün avtomobil almaq qərarına gəlmiş və bu barədə ətrafında olan tanışlarına, müvafiq olaraq sərfəli və məsləhətli bir avtomobil olarsa, ona məlumat vermələrini bildirmişdir. Bu məqsədlə, Kürdəxanı qəsəbəsindən olan tanışları tərəfindən ona “Oka” markalı avtomobil barədə məlumat verilmişdir. Həmin avtomobilin sahibi ilə əlaqə saxlayaraq, onunla görüşmüş avtomobili almaq barədə razılaşmışdır. “Oka Seaz” markalı olub, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti təxminən 400 manat olmuş və o, bu məbləği Şahid1 ödəyərək avtomobili almışdır. Avtomobilin mülkiyyət hüququ ona mülki etibarnamə əsasında verilmişdir. O, avtomobili əldə etdikdən sonra, avtomobildə müəyyən nasazlıqları aşkar etmiş, bu səbəbdən, o, avtomobilin nasazlıqlarını aradan qaldırmaq məqsədilə təmir işləri aparmış və avtomobili təxminən 5-6 il müddətində idarə etmişdir. Daha sonra, həmin avtomobili Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən yalnız adını Loğman bildiyi bir şəxsə satmışdır. Satış zamanı heç bir yazılı müqavilə tərtib edilməmiş, satış məbləği isə 900 manat olmuşdur. Satışdan sonra avtomobilin hansı vəziyyətdə olduğunu və ya avtomobilin üzləşdiyi hər hansı bir hadisəni öyrənməmiş, yalnız daha sonra avtomobil ilə yol-nəqliyyat hadisəsinin törədildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixində Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu evlilikdən iki azyaşlı övladları dünyaya gəlmişdir. 02 dekabr 2024-cü il tarixində axşam saatlarında azyaşlı övladları üçün yemək almaq məqsədi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İl Market”ə yola düşmək qərarına gəlmişlər. Bu zaman, Əsədin istifadəsində olan və müharibə iştirakçısı olduğu üçün ona hədiyyə verilmiş “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş, digər azyaşlı övladları isə arxa oturacaqda oturmuşlar. Hava şəraiti yağışlı və qaranlıq olmuşdur. Onlar əvvəlcə qəssabdan ət almış, sonra isə uşaqlara yemək almaq məqsədilə "İl Market”ə yola çıxmışlar. Həmin vaxt “Oka Seaz” markalı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən Zabrat dairəsi istiqamətinə, iki zolaqlı yolun sağdan birinci zolağıyla hərəkət edərkən qəflətən bir qadın, piyada keçidində həmin yolda qarşılarına çıxmışdır. Hava şəraiti və yolun qaranlıq olması səbəbindən qadının necə gəldiyini görməmiş, Əsəd dərhal avtomobilin əyləcini sıxmış, lakin yağışlı hava şəraitinə görə avtomobili tamamilə dayandıra bilməmişdir. Nəticədə qadın avtomobilin ön orta hissəsi ilə vurulmuşdur. Hadisə baş verdikdən sonra, Əsəd dərhal avtomobilini saxlamış və piyada olan şəxsi idarə etdiyi avtomobil ilə Kürdəxanı qəsəbəsində yerləşən X10 stansiyasına aparmışdır. Bundan sonra, Əsəd başqa bir avtomobil ilə həmin şəxsi X7 aparmış, oradan isə X10 maşını ilə qadını müalicə üçün aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 1/11126 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktindan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi tarixdə və saatda ayıq olmuşdur (i.v. 12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 23 dekabr 2024-cü il tarixli, 3110 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qamış sümüyünün bayır kondilusunun qapalı sınığı; sol aşıq-baldır oynağı nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 02 dekabr 2024-cü il tarixə uyğun bir dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 18-19). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-19660/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (i.v. 51). Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir. (i.v. 66). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli 8/259 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədzadə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 67-68). AZ V seriyalı, 052789 nömrəli və AZ İV seriyalı, 615288 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 himayəsində iki azyaşlı övladı var. (i.v. 95-96). “Qətimkan tədbiri seçilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 101-103). “Sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respubliksı CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 185 və 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışıdır. (i.v. 106-111). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 30). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İ-49047 saylı medal vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, əvvəllər məhkum olunmamasını və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması və müharibə veteranı olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut, “Oka Seaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə geri qaytarılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış "Oka Seaz” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılsın. Hökm elan olunduqdan sonra ondan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar