Məhkəmə qərarları › İş №1(008)-417/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-417/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-417/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında kiçik tibb qardaşı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə saat 12.00-da 1 saylı RPX-nın Qəbul şöbəsində Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs başından və sifətindən əli ilə vurub sonuncunun sağ gicgah nahiyəsinin dərialtı hematoması; alın, sifət və üst dodaq nahiyələrinin sıyrıqları; sifətin sağ yarısının, boyun nahiyəsinin və sağ əlin İİ barmağının qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığna yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1 Sayli Respublika Psixiatriya Xəstəxanasında kiçik tibb qardaşı vəzifəsində işləyir. 11 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində 1 Saylı Respublika Psixiatriya Xəstəxanasının həyətində qəbul şöbəsinin yaxınlığında dayandığı zaman səs-küy eşidərək qəbul şöbəsinə yaxınlaşmış, həmin vaxt bir nəfər şəxsin qəbul şöbəsinin iş rejimini pozaraq səs-küy saldığını görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq ona sakitləşdirməyə çalışmış, lakin, həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. O, həmin şəxsi sakitləşdirmək məqsədi ilə sillə bir dəfə onun üz nahiyəsinə vurmuşdur. Daha sonra 1 Sayli Respublika Psixiatriya Xəstəxanasının digər əməkdaşı Şahid onlara yaxınlaşmış, həmin şəxsi qəbul şöbəsindən çıxarmışdır. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 3-cü dərəcəli əlildir. 11 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində Ağdam hərbi komissarlığı tərəfindən göndərişə əsasən, müayinədən keçmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına gələrək qəbul şöbəsinə daxil olub müayinədən keçmək üçün növbə gözləmişdir. O, təxminən 5 dəqiqə sonra müayinə olmaq üçün komissiya otağına yaxınlaşarkən sonradan adının Əli olduğunu öyrəndiyi xəstəxananın kişi cinsli işçisi onun qarşısını kəsərək sinəsindən itələyib onu təhqir etmişdir. Lakin, o, həmin şəxsə oturmayacağını bildirmiş, həmin şəxs onu təhqir edərək oturmasını tələb etmişdir. O, həmin şəxsin hərəkətlərindən əsəbləşərək səs-küy salmış, həmin şəxs əli ilə onun baş və sifət nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. O, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 1 Sayli Respublika Psixiatriya Xəstəxanasında arxiv şöbəsində fəhlə işləyir. 11 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində xəstəxananın həyətində yerləşən xidməti fəaliyyət ilə bağlı qəbul şöbəsinə gəlmiş, həmin vaxt şöbədə hərbi komissarlıq tərəfindən göndərilmiş vətəndaşlar həkim müayinəsindən keçirilmələri üçün gözləmişdir. Bu zaman adını sonradan bildiyi Nicat adlı şəxs növbədən kənar müayinə otağına yaxınlaşmış, digər növbə gözləyən şəxslər buna etiraz etmişdir. O, Nicata yaxınlaşaraq ondan növbəsini gözləməsini xahiş etmiş, lakin, həmin şəxs səs-küy salaraq qəbul şöbəsinin iş rejimini pozmuşdur. Həmin vaxt orada olan kiçik tibb qardaşı vəzifəsində işləyən Təqsirləndirilən şəxs Nicata yaxınlaşaraq sakitləşməsini, qəbul şöbəsini tərk etməsini bildirmişdir. Bu zaman Əli ilə Nicat arasında mübahisə yaranmış, mübahisə zamanı Əli əsəbləşərək Nicatın üz və baş nahiyəsinə sillə ilə vurmuşdur. Daha sonra orada olan xəstəxananın digər işçisi Nicata yaxınlaşaraq onu sakitləşdirmiş, qəbul şöbəsindən çıxartmışdır. Cinayət işinin 30-31-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 14 fevral 2022-ci il tarixli, 295 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin dərialtı hematoması; alın, sifət və üst dodaq nahiyələrinin sıyrıqları; sifətin sağ yarısının, boyun nahiyəsinin və sağ əlin İİ barmağının qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağ gicgah nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir; alın, sifət və üst dodaq nahiyələrinin sıyrıqları; sifətin sağ yarısının boyun nahiyəsinin və sağ əli İİ barmağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Xarakterlərinə və lokalizasiyasılarına görə, xəsarətlərin sağ gicgah nahiyəsinin dərialtı hematoması kənar şəxs tərəfindən törənə bilər; alın, sifət və üst dodaq nahiyələrinin sıyrıqları; sifətin sağ yarısının, boyun nahiyəsinin və sağ əlin İİ barmağının qançırları isə əlçatan nahiyədə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Cinayət 75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 21 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar