Məhkəmə qərarları › İş №1(008)-417/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-417/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-417/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Kirov vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onu təhqir etdiyi üçün ictimai yer olan “Rza019” adlı kafedə kənar şəxslərin gözü qarşısında üzdən tanıdığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, yumruqla qəsdən sonuncunun üz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirərək, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarət yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 may 2024-cü il tarixdə, axşam saat 20 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza019” adlı kafeyə getmiş, orada əyləşərək özünə pivə sifariş etmiş, həmin kafedə təxminən yarım saat əyləşdikdən sonra içəri əvvəllərdəndə tanışı olan Sadiq adlı şəxs gəlmişdir. Sadiq onu görən kimi yanına yaxınlaşaraq görüşmüş və birlikdə masa arxasında əyləşərək söhbətə başlamışlar. Söhbət əsnasında Sadiq özünə məxsus olan direli satdığını, yan masada əyləşən bir nəfər şəxsə bu barədə dediyini, həmin şəxsdə öz tanışına zəng edərək direl satıldığını söyləmişdir. Bir qədər keçdikdən sonra kafeyə İntiqam adlı şəxs daxil olmuş, İntiqam ona zəng edən şəxsə yaxınlaşmış və Sadiq direli götürərək onların yanına getmişdir. Onların söhbətini eşitdikdən sonra sadəcə olaraq zarafatyana İntiqama “nəyə görə 30 manata aldığını, lazımdırsa 40 manat verməli olduğunu” söyləmiş, bu zaman İntiqam ona aqresiv cavab verərək onunla zarafat etməməyini demişdir. Onun belə cavabından əsəbləşərək ayağa qalxmış, ona bu cür danışmamasını söyləmişdir. İntiqam adlı şəxs ona qarşı nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək sağ əli ilə onun üz nahiyəsinə yumruqla vurmuşdur. Bu zaman onun yanındakı şəxs onları aralaşdırmış və İntiqam adlı şəxs kafedən çölə çıxmışdır. Daha sonra isə özü oradan uzaqlaşaraq çıxıb getmişdir. Təxminən 7-8 dəqiqə davam edən mübahisələri bitmiş, mübahisə zamanı kafedə başqa şəxslər də olmuşlar. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə əmisi ona zəng vuraraq bir nəfər şəxsin direl satdığını, direlin münasib qiymətə olduğunu demişdir. O, əmisi ilə razılaşaraq Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza019” adlı kafeyə getmiş, içəri daxil olaraq həmin direli satan şəxslə görüşmüş,, direlin qiymətinin 35 manat olduğunu öyrənmiş, direli satan şəxsə 30 manat pulunun olduğunu və bu qiymətə almaq istədiyini dedikdə həmin şəxs onunla razılaşmışdır. Bu zaman həmin kafedə başqa bir stolda əyləşən şəxs ona nəyə görə 30 manata aldığını, lazımdırsa 40 manat verməli olduğunu demiş, ona nəyə görə 40 manat verməli olduğunu və 30 manata razılaşdığını söyləmişdir. Bundan sonra həmin şəxs səbəbsiz yerə onunla mübahisə etməyə başlamışdır. Həmin şəxsin sərxoş olduğunu başa düşdüyü üçün yola vermək istəmiş və kafedən çıxmaq istəyəndə həmin şəxs onu çağırmış, arxaya çevrilən zaman yumruqla onun üzünə vurmuşdur. Bu zaman çölə çıxaraq qardaşına zəng vurmuş, daha sonra həmin şəxs kafedən çıxaraq onu nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşmışdır. Təxminən 7-8 dəqiqə davam edən mübahisələri bitmiş, həmin zaman kafedə başqa şəxslər də olmuşdur. Şahid X1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid X1 həmin ifadəsində göstərmişdir ki, 03 may 2024-cü il tarixdə, axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza019” adlı kafedə əyləşərək kofe içmiş, bu zaman yan stolda əyləşmiş bir nəfər şəxs ona direl satdığını söyləmişdir. Ondan qiymət barədə soruşduqda 35 manat olduğunu demiş, bu zaman qardaşı oğlu İntiqama zəng edərək bu barədə məlumat vermişdir. İntiqam telefonda onunla razılaşaraq kafeyə gəlmiş, daha sonra həmin şəxsə direli 30 manata almaq istədiyini dedikdə həmin şəxs də bununla razılaşaraq direli 30 manata satmışdır. Bu zaman həmin stolda əyləşmiş digər bir şəxs İntiqama “nəyə görə 30 manata aldığını, lazımdırsa 40 manat verməli olduğunu” söyləmi, İntiqam da ona nəyə görə 40 manat verməli olduğunu və 30 manata razılaşıb aldığını dedikdə həmin şəxs ayağa qalxaraq İntiqama zarafat etdiyini, İntiqamında ona onunla zarafatının olmadığını söyləmişdir. Bir qədər bu barədə mübahisə baş verdikdən sonra həmin adını sonradan öyrəndikləri Məzahir adlı şəxs yumruqla İntiqamın üz nahiyəsinə vurmuş, o, dərhal araya girərək onları aralaşdırmışdır. İntiqam kafedən çölə çıxaraq DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra həmin Məzahir adlı şəxs də oradan uzaqlaşaraq çıxıb getmişdir. Təxminən 7-8 dəqiqə davam edən mübahisə zamanı kafedə başqa şəxslər də olmuşlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza019” adlı kafeni işlədərək ailəsini dolandırır. 03 ma 2024-cü il tarixdə, axşam saatlarında kafedə olan zaman müxtəlif masalarda əyləşmiş 2 nəfər şəxsin mübahisə etdiyini görmüş, bir qədər mübahisə davam etdikdən həmin 2 nəfər şəxsdən birinin digərini yumruqla vurmasının şahidi olmuşdur. Bu zaman həmin şəxsləri başqa bir şəxs aralaşdırmış və vurulan şəxs kafedən çıxaraq getmişdir. Daha sonra vuran şəxs də kafedən çıxıb getmişdir. Təxminən 7-8 dəqiqə davam edən mübahisə zamanı kafedə başqa şəxslər də olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza 019” kafedə baş vermişdir (i.v.6-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 06 may 2024-cü il tarixli, 996 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözün ağlı qişası qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.27-28). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.61). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 may 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.78). Bakı Şəhəri 16 sentyabr 2024-cü il tarixli, 1(008)-417/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 3-16-17/40/2-7759/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nın əməkdaşları tərəfindən tutularaq 20 noyabr 2024-cü il tarixdə BİT-ə təhvil verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyəm minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək həbsdə saxlandığı 15 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək ona qəti olaraq 1500 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat, məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat, cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar