Məhkəmə qərarları › İş №1(008)-418/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-418/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-418/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 11 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus 1378Q saylı iki mərtəbəli bağ evin daş hasarından aşaraq həyətinə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən evin həyətindən özgənin Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 2000 manat olan hər biri 2 metr uzunluğunda, 76 mm diametr ölçüdə əlli ədəd dəmir boruları, ümumi dəyəri 1482 manat olan hər biri 2.60 metr uzunluğunda, 108 mm diametr ölçüdə on doqquz ədəd dəmir boruları, ümumi dəyəri 200 manat olan hər biri 2 metr uzunluğunda beş ədəd dəmir şvelleri, ümumi dəyəri 735 manat olan hər biri 3 kv.metr olan yeddi ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4417 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, qazanc əldə etmək məqsədi ilə metal tullantılar toplayaraq metal qəbulu məntəqələrinə verir. 11 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində metal, aliminium və mis kabel yığarkən tanımadığı şəxsə məxsus 2 mərtəbəli bağ evinin qarşısından kemiş, həmin bağ evinin işıqlarının yanmadığını görərək, maraq üçün sözü gedən bağ evinin daş hasarına qalxıb həyətinə baxmış, evin həyətyanı sahəsində bir neçə dəmir boru, şvellerlər və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin dəmirləri oğurlamağı qərara almış, bir qədər ətrafa nəzər yetirdikdən sonra, ətrafda və evdə heç kəsin olmadığına əmin olaraq, evin daş hasarından aşıb həyətə düşmüşdür. O, evin həyətyanı sahəsində hasara yaxın yerdə yığılmış dəmir boruları, şvellerləri və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları bir-bir daş hasardan küçəyə tullamış, daha sonra daxil olduğu qaydada evi tərk edərək küçəyə çıxmışdır. Bundan sonra oğurladığı dəmir boruları, şvellerləri və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları bir dəfəyə metal qəbulu məntəqəsinə apara bilməyəciyi üçün özü ilə gətirdiyi əl arabası ilə yaxınlıqda yerləşən yaşayış olmayan boş əraziyə apararaq yığmışdır. O, oğurladığı dəmir boruları, şvellerləri və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları üç gün ərzində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yoldan keçən tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxslərin markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilləri ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsinə apararaq məntəqədə işləyən Vüsal və Ağamurad adlı şəxslərə ümumilikdə 320 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 05 fevral 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olarkən Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış, polis bölməsində ilkin dindirmə zamanı törətdiyi oğurluğu etiraf etmişdir. Əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 1378Q saylı 2 mərtəbəli bağ evi ona məxsusdur. Qeyd olunan bağ evində yalnız yay fəslində ailəsi ilə birgə yaşayır. Sonuncu dəfə 09 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində sözü gedən bağ evindən çıxaraq yaşadığı evə getmiş, 13 noyabr 2022-ci il tarixdə, saat 16:40 radələrində bağ evinə nəzarət etmək üçün gəlmiş, evin dəmir darvazasını açıb həyətinə daxil olan zaman evin həyətyanı sahəsində saxladığı 2000 manat dəyərində hər biri 2 metr uzunluğunda, 76 mm diametr ölçüdə əlli ədəd dəmir boruların, 1482 manat dəyərində hər biri 2.60 metr uzunluğunda, 108 mm diametr ölçüdə on doqquz ədəd dəmir boruların, 200 manat dəyərində hər biri 2 metr uzunluğunda, beş ədəd dəmir şvellerin, 735 manat dəyərində evin pəncərələri üçün aldığı hər biri 3 kv. metr olan yeddi ədəd dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin «102» Xidməti- Zəng mərkəzi sisteminə zəng edərək bağ evindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və o, baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 4417 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ərazisində metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Məntəqədə əsasən dəmir, aliminium, plastmas və mis qəbul edir. 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan Mehdi adlı şəxs məntəqəyə özü ilə şveller, pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar gətirərək, özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, Mehdiyə 150 manat verərək gətirdiyi şvelleri və dəmir barmaqlıqları ondan almışdır. İşlətdiyi məntəqədə fəhlə kimi işləyən Şahid2 da Mehdidən şveller, dəmir barmaqlıqlar və dəmir borular almışdır. Təqsirləndirilən şəxs şveller və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları satarkən oğurluq olması barədə onlara hər hansı məlumat verməmiş, metalların özünə məxsus olduğunu bildirmşdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən Şahid1 icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsində fəhlə kimi işləyir. Məntəqədə əsasən dəmir, aliminium, plastmas və mis qəbul edirlər. 2022-ci ilin noyabr ayında müxtəlif vaxtlarda Nardaran qəsəbəsində yaşayan Mehdi adlı şəxs məntəqəyə dəmir borular, şveller və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlar gətirərək ona satmışdır. O, Mehdinin ona satdığı mallara görə ona ümumilikdə 170 manat vermişdir. Təqsirləndirilən şəxs şveller və pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıqları satarkən oğurluq olması barədə onlara hər hansı məlumat verməmiş, metalların özünə məxsus olduğunu bildirmşdir. Cinayət işinin 38-ci vərəqəsində olan 05 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-83-cü vərəqələrində olan 07 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Canpolad Nağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan 07 fevral 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqələrində olan Zərərçəkmiş şəxs 07 fevral 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki,təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 89-93-cü vərəqəsində olan 11 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 05 fevral 2023-cü il tarixdən 07 fevral 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar