Məhkəmə qərarları › İş №1(008)-418/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-418/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-418/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-190/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2024cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 200 manat olan 32 kv.metrlik sahəyə aid asma tavan, ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 14 mm diametrində armatur, 20 manat dəyərində 01 ədəd lom, 50 manat dəyərində 01 ədəd 25 metrlik 25 mm diametrində qaz borusu və ümumi dəyəri 30 manat olan 06 metr profili gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan 20 manat dəyərində 01 ədəd lom, 15 manat dəyərində 01 ədəd bel, 165 manat dəyərində 01 ədəd “Opel” markalı “Astra” modelli avtomobilə aid radiator və 6,75 manat dəyərində 15 kiloqram çəkidə dəmir qırıntılarını (metal qırıntı kimi) gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 206,75 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 yanvar 2024-cü il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə keçdikdən sonra həyətdə yerləşən saxlanc yerinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 400 manat olan 02 ədəd “Bosch 18 Volt Compact” markalı, kiçik ölçülü drel, ümumi dəyəri 50 manat olan 02 ədəd “Bosch” markalı drel üçün enerji yığıcı, 100 manat dəyərində 01 ədəd Çin istehsalı olan, “Meakida” markalı, göy rəngli, kiçik ölçülü perforator, 150 manat dəyərində 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, narıncı rəngli, böyük ölçülü laqonda, 20 manat dəyərində enerji uzadıcısı, ümumi dəyəri 30 manat olan 30 metr elektrik naqilini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 750 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayətinə görə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həbsdən azad olunduqdan sonra bir müddət işləmiş, lakin, sonradan işsiz qaldığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışdır. 23 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixinə keçən gecə saat təxminən 04 radələrində oğurluq edərək maddi qazanc əldə etmək niyyəti ilə yaşadığı ünvandan çıxaraq əlverişli şərait axtarmağa başlamışdır. 25 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində həyətyanı heç kəsin olmadığını müəyyən etdikdən sonra hasardan aşaraq evin həyətinə enmiş, həyətyanı sahənin giriş qapısını açaraq həyətdən təxminən 30 kv.m lambrin, 01 ədəd lom, 01 ədəd qaz borusu və bir neçə ədəd profilləri bir yerə toplamış, bundan sonra yaşadığı evə gedərək oradan əl arabasını götürüb həmin yerə geri qayıtmış, qeyd etdiyi əşyaları həmin arabaya yığaraq oranı tərk etmişdir. O, oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 80 manata satmış, əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, 24 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixinə keçən gecə yenidən maddi gəlir əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmiş, 25 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan 01 ədəd lom, 01 ədəd bel, 01 ədəd “Opel” markalı avtomobilə aid radiator və 15 kiloqram çəkidə dəmir qırıntılarını (metal qırıntı kimi) gizli olaraq talamışdır. Həmin vaxt oğurladığı əşyaların az olduğunu düşündüyü üçün yaxınlıqda olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşma yolu ilə keçdikdən sonra həyətdə yerləşən saxlanc yerinə qanunsuz olaraq daxil olub oradan 02 ədəd kiçik ölçülü drel, 02 ədəd drel üçün enerji yığıcı, 01 ədəd kiçik ölçülü perforator, 01 ədəd narıncı rəngli, böyük ölçülü laqonda, enerji uzadıcısı, elektrik naqilini gizli olaraq talamışdır. O, oğurladığı əşyaların bir qismini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi var. 24 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində yuxudan oyanaraq yaşadığı evin həyətinə çıxmış, bu zaman həyətdə olan ümumi dəyəri 200 manat olan 32 kv.metrlik sahəyə aid lambrin, hər bir metrinin qiyməti 1 manat ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda 14 mm diametrində armatur, 20 manat dəyərində 1 ədəd lom, hər bir metrinin qiyməti 2 manat ümumi dəyəri 50 manat olan 1 ədəd 25 metrlik 25 mm diamterində qaz borusu və hər bir metrinin dəyəri 5 manat, ümumi dəyəri 30 manat olan 6 metr profilin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi var. 25 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində yuxudan oyanaraq yaşadığı evin həyətinə çıxmış, evin arxasında olan özünün alətlərini yığmaq üçün düzəltdiyi yerdən alətlərini götürmək istəyərkən oradan hər birinin dəyəri 200 manat ümumi 400 manat dəyərində 02 ədəd drelin, hər birinin dəyəri 25 manat ümumi 50 manat dəyərində 02 ədəd enerji yığıcısı, 100 manat dəyərində 01 ədəd perforator, 150 manat dəyərində 01 ədəd böyük laqonda, 20 manat dəyərində enerji uzadıcısı, hər bir metrinin dəyəri 1 manat ümumi 30 manat dəyərində 30 metr elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 750 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi var. 25 yanvar 2024-cü il tarixdə, saat 07 radələrində yuxudan oyanaraq yaşadığı evin həyətinə çıxmış, bu zaman həyətdə olan 20 manat dəyərində 01 ədəd lomun, 15 manat dəyərində 1 ədəd belin, 165 manat dəyərində 1 ədəd “Opel” markalı “Astra” modelli avtomobilə aid radiator və bir sıra dəmir parçalarının oğurlanmasını aşkar etmişdir. O, baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-yə gedərək ərizə ilə şikayət etmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid Nəsibağa oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Balaxanı-Binəqədi yolunun sağ tərəfində yerləşən əlvan metal qəbulu məntəqəsində gecə növbəsində işləyir. 24 yanvar 2024-cü il tarixdə işlədiyi məntəqədə olan zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs məntəqəyə gələrək lambrin və dəmir materialları satmaq istədiyini bildirmiş və həmin materialları ona təqdim etmişdir. Həmin materiallara baxış keçirdikdən sonra dəmir materialları tərəzidə çəkərək çəkisinin 21 kiloqram olduğunu müəyyən etmişdir. Bundan sonra, qeydiyyat aparmaq üçün Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd istədikdə, sonuncu özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, bu barədə qeydlər apardıqdan sonra vəsiqənin şəklini mobil telefonu ilə çəkmişdir. Ondan həmin malların özünə məxsus olub-olmadığını soruşduqda özünə məxsus olduğunu bildirmişdir. Həmin dəmir materiallar və lambirin müqabilində Eynihüseynə 80 manat pul verəcəyini bildirmişdir. Eynihüseyn razılaşmış və 80 manat pulu alıb çıxıb getmişdir. Ertəsi gün səhər saatlarında Eynihüseyn məntəqəyə gələrək əridilmiş naqil olduğunu və satmaq istədiyini bildirmiş, sonuncudan həmin materialların özünə məxsus olub-olmadığı barədə soruşduqda özünə məxsus olduğunu bildirmiş, bundan sonra Eynihüseynin təqdim etdiyi materialları tərəzidə çəkdikdən sonra 17 manat pulu Eynihüseynə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Eynihüseyndən aldığı mallar oğurluq olmuşdur. Həmin malları alan zaman bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib mobil telefonunda saxlamış və istintaqa təqdim etmişdir. Cinayət işinin 64-65-ci vərəqəsində olan 26 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 129-133-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-53/2024 nömrəli, 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-145-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-190/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 156-158-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/829 nömrəli, 29 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, narıncı rəngli, böyük ölçülü laqonda 80,0 manat, 01 ədəd Çin istehsalı olan, “Meakida” markalı, göy rəngli, kiçik ölçülü perforator 40,0 manat, 02 ədəd “Bosch 18 Volt Compact” markalı, kiçik ölçülü drel 160,0 manat (02 ədəd x 80 manat), 01 ədəd “Bosch” markalı, drel üçün enerji yığıcı 10,0 manat, 15 kiloqram çəkidə dəmir qırıntıları (metal qırıntı kimi) 6,75 manat (15 kq x 0,45 manat) müəyyən edilmişdir. Cinayət işinin 159-160-cı vərəqəsində olan 04 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, narıncı rəngli, böyük ölçülü laqonda, 01 ədəd Çin istehsalı olan, “Meakida” markalı, göy rəngli, kiçik ölçülü perforator, 02 ədəd “Bosch 18 Volt Compact” markalı, kiçik ölçülü drel, 01 ədəd “Bosch” markalı, drel üçün enerji yığıcı, 15 kiloqram çəkidə dəmir qırıntıları (metal qırıntı kimi) iş üzrə maddi sübut kimi tanınaraq 01 ədəd laqonda, 01 ədəd “Meakida” markalı perforator, 02 ədəd “Bosch 18 Volt Compact” markalı drel, 01 ədəd “Bosch” markalı, drel üçün enerji yığıcı sahibi Zərərçəkmiş şəxs1, 15 kiloqram çəkidə dəmir qırıntıları sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin 136-137-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 avqust 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-190/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 yanvar 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 01 ədəd laqonda, 01 ədəd “Meakida” markalı perforator, 02 ədəd “Bosch 18 Volt Compact” markalı drel, 01 ədəd “Bosch” markalı, drel üçün enerji yığıcının Zərərçəkmiş şəxs1, 15 kiloqram çəkidə dəmir qırıntılarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, 01 ədəd laqonda, 01 ədəd “Meakida” markalı perforator, 02 ədəd “Bosch 18 Volt Compact” markalı drel, 01 ədəd “Bosch” markalı, drel üçün enerji yığıcının Zərərçəkmiş şəxs1, 15 kiloqram çəkidə dəmir qırıntılarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar