Məhkəmə qərarları › İş №1(008)-418/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-418/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-418/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Süleymanova (Quliyeva) Nərminə Telman qızının, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu, Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu, Z.Tağıyev küçəsi, döngə 1, ev 26 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Süleymanova (Quliyeva) Nərminə Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Süleymanova (Quliyeva) Nərminə Telman qızı təqsirləndirilir ondan ötrü ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərarına əsasən barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid1 yanına xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində sovqat apararkən, Təcridxanaya daxil olduğu zaman, əməkdaşlar tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmiş, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Süleymanova (Quliyeva) Nərminə Telman qızının gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı Təqsirləndirilən şəxs gətirdiyi sovqatların arasındakı göy rəngli, şüşə qapaqlı “Tefal” qazanın içərisində olan plovun altında yoxlamadan gizlədərək İstintaq Təcridxanasında saxlanılan Şahid1 ötürmək istədiyi, “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşya olan, daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********61778, “**********61776” və “**********57790, “**********57798” imei kodlu mobil smartfon, 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızına ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Süleymanova (Quliyeva) Nərminə Telman qızı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, nişanlısı Şahid1 yanına xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində sovqat apararkən, Təcridxanaya daxil olduğu zaman, əməkdaşlar tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda onun gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı göy rəngli, şüşə qapaqlı “Tefal” qazanın içərisində olan plovun altında yoxlamadan gizlədərək İstintaq Təcridxanasında saxlanılan Şahid1 ötürmək istədiyi, “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM- J415FN” modelli, “**********61778”, “**********61776” və “**********57790”, “**********57798” imei kodlu mobil smartfon, 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq aşkar olunaraq götürülmüşdür. Şahid1 ilə mütəmadı əlaqə yaratmaq və rahat şəkildə danışmaq məqsədilə Bakı İstintaq Təcridxanasına onun üçün mobil telefon aparatları keçirmək qərarına gəlmişdir. Heç kimin xəbəri və məsləhəti olmadan evdə istifadə etdiyi göy rəngli, şüşə qapaqlı “Tefal” qazanının diametrinə uyğun formada və ölçüdə rezak vasitəsilə paslanmayan dəmir parçasını kəsərək hazırladığını, xx.xx.2025-ci il tarixdə qazanı xüsusi üsulla hazırladıqdan sonra həmin gün axşam başqa bir qazanda qaralı plov bişirərək, xx.xx.2025-ci il tarixdə uzun müddət istifadəsində olan 02 ədəd “Samsung” markalı mobil telefon aparatlarına, əvvəlcədən, yəni xx.xx.2025-ci il tarixdə öz adına aldığı 02 ədəd “Bakcell” danışıq kartlarının hər birini bir telefona salmaqla, 02 ədəd mobil telefon qulaqcıqlarını və 02 ədəd elektrik qidalandırıcısını şəffaf bir sellofan paketə qoyaraq qazanın dibinə yerləşdirmişdir. Üstünə xüsusi üsulla hazırladığı dəmir parçasını qoyaraq, bişirdiyi plovu həmin dəmir parçasının üstünə tökmüşdür. Qanunla qadağan olunmuş əşyaların təcridxanada saxlanılan Şahid1 yoxlamadan gizlətməklə, xüsusi üsulla ötürülməsi öz təşəbbüsü olmuşdur. Şahid1 bundan xəbəri olmamış, qadağan olunmuş əşyaların Təcridxanaya keçirilməsinə dair Əbdüləli tərəfindən ona heç bir sifariş verilməmişdir. İki telefon keçirmək istəməkdə məqsədi biri aşkar olunmuş olsa digəri ilə əlaqə saxlaya bilməsini təmin etmək olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Süleymanova (Quliyeva) Nərminə Telman qızının qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR ƏN Bakı İstintaq Təcridxanasının korpus üzrə baş nəzarətçisi Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində Bakı İstintaq Təcridxanasının 3 saylı rejim korpusunun 40 nömrəli kamerasında saxlanılan, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbs edilmiş Şahid1 yanına sovqat gətirmiş nişanlısı, X2 gətirdiyi sovqatlara baxış keçirilən zaman göy rəngli, şüşə qapaqlı “Tefal” qazanın içərisində olan plovun altında xüsusi üsulla hazırlanmış dairəvi formalı paslanmayan dəmir parçasının alt hissəsində gizlədilmiş, işlək vəziyyətdə, daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd “Samsung” markalı mobil telefon aparatları, onlara aid 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Belə ki, X3 həmin gün saat 10:30 radələrində Bakı İstintaq Təcridxanasına daxil olduqdan sonra xarici pasportunu əməkdaşlara təqdim etmiş və saxlanılan şəxs Şahid1 nişanlısı olduğunu qeyd edirək, ona üç sellofan paketdə, içərisində müxtəlif ərzaq məhsulları, gündəlik tələbat əşyaları və bir qazan plov gətirdiyini bildirmişdir. Müvafiq sənədləşdirmə aparılmış, N.Quliyevaya qanunla qadağan olunmuş əşyaların siyahısı təqdim olunmaqla, ondan sovqatlar arasında qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, N.Quliyeva gətirdiyi sovqatlar arasında qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Əməkdaşlar tərəfindən ona təqdim olunmuş iltizamla tanış olaraq imzalamışdır. Daha sonra gətirilən sovqatlara N.Quliyevanın və şahidlərin iştirakı ilə xüsusi ayrılmış otaqda Təcridxana əməkdaşları tərəfindən axtarış-baxış keçirilmişdir. Axtarış baxış zamanı N.Quliyevanın gətirdiyi göy rəngli, şüşə qapaqlı “Tefal” qazanın içərisində olan plovun altında xüsusi üsulla hazırlanmış dairəvi formalı paslanmayan dəmir parçasının alt hissəsində gizlədilmiş, daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd “Samsung” markalı mobil telefon aparatları, onlara aid 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq aşkar olunmuşdur. Qadağan edilmiş əşyaların aşkar olunması ilə əlaqədar müəssisə əməkdaşlarının, şahidlərin və X2 iştirakı ilə protokol tərtib edərək daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd “Samsung” markalı mobil telefon aparatları, onlara aid 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq qablaşdıraraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzalarla təsdiqləmişlər. İlkin izahatında X3 aşkar olunaraq götürülmüş mobil telefon aparatlarını nişanlısı, saxlanılan şəxs Şahid1 ilə mütəmadi olaraq əlaqə yaratmaq üçün gizli şəkildə ona ötürmək niyyəti ilə gətirdiyi sovqatlar arasında gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR ƏN Bakı İstintaq Təcridxanasının böyük nəzarətçisi Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. AR ƏN Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin böyük inspektoru Şahid2 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında xidməti zərurətlə əlaqədar müəyyən üzrlü səbəblərdən iştirak edə bilmədiyi üçün istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq dövründə Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 29, 317-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid1 yanına sovqat aparmış nişanlısı Süleymanova (Quliyeva) Nərminə Telman qızının apardığı sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarışbaxış zamanı sovqatların arasındakı göy rəngli, şüşə qapaqlı “Tefal” qazanın içərisində olan plovun altında “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində “Bakcell” danışıq kartı olan 02 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli mobil smartfon, 02 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq aşkar olunaraq götürülmüşdür. - Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7 nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X6”na əsasən cəzaçəkmə müəssisələrində məhkumlara verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısından görünür ki, mobil telefon qadağan olunmuş əşyadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********61778, “**********61776” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********57790, “**********57798” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında X2 məhkumluğu barədə məlumat yoxdur. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki uşağı vardır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Süleymanova (Quliyeva) Nərminə Telman qızı AR CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş 1 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********61778, “**********61776” İmei kodlu, 01 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********57790, “**********57798” imei kodlu mobil smartfonlar, 2 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. - qətimkan tədbiri seçmək haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Süleymanova (Quliyeva) Nərminə Telman qızının barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimakn tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaqa təqdim edilmiş xarici pasportda X1 “Quliyeva” kimi, lakin təqdim olunan şəxsiyyət vəsiqəsində soyadı “Süleymanova” kimi qeyd olunduğundan, onun soyadı “Süleymanova” kimi oxunulmalıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızının törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Süleymanova (Quliyeva) Nərminə Telman qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 317-1.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Süleymanova (Quliyeva) Nərminə Telman qızının cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızına cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Süleymanova (Quliyeva) Nərminə Telman qızının törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızının ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Süleymanova (Quliyeva) Nərminə Telman qızının cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Süleymanova (Quliyeva) Nərminə Telman qızının barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş 1 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********61778, “**********61776” imei kodlu, 01 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********57790, “**********57798” imei kodlu mobil smartfonlar, 2 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq dövlət nəfinə keçirilməli, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Süleymanova (Quliyeva) Nərminə Telman qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Süleymanova (Quliyeva) Nərminə Telman qızının Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızının dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Süleymanova (Quliyeva) Nərminə Telman qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 15 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Süleymanova (Quliyeva) Nərminə Telman qızının əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Süleymanova (Quliyeva) Nərminə Telman qızının yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Süleymanova (Quliyeva) Nərminə Telman qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş 1 ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********61778, “**********61776” imei kodlu, 01 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli, “**********57790, “**********57798” imei kodlu mobil smartfonlar, 2 ədəd elektrik qidalandırıcısının kabeli və 02 ədəd qulaqcıq dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 80 (səksən) manat ekspertiza xərci Süleymanova (Quliyeva) Nərminə Telman qızından tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs Süleymanova (Quliyeva) Nərminə Telman qızına 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 176 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar