Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-419/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, sonuncu dəfə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024cü il tarixli 1(007)-196/2024 saylı hökmünə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarix saat 14:04-də ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs icarə işlətdiyi “24 Saat” marketin açıq qapısından daxil olaraq satıcı Şahid kassa aparatından aralaşmasından istifadə edib oradakı saxlanc yeri hesab edilən siyirtmədən 383 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti etdiyinə görə Xəzər rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmiş və 14 saylı CÇM-də cəzasını çəkmiş, 2022-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra maddi sıxıntıları olmuşdur. 22 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakıxanov qəsəbəsində ATS-in yaxınlığında “24 Saat” mağazasına müştəri kimi daxil olmuş, mağazada bir nəfər qadın işçi olmasını və kassa aparatının yanında bir ədəd mobil telefon görmüşdür. O düşünmüşdür ki, işçi bir nəfər olduğundan o telefonu oğurlaya bilər. Marketin qarşısında dayanıb münasib şərait gözləmişdir ki, kassir qız yerindən tərpənəndə yaxınlaşıb kassa aparatının yanında moibil telefon və ya pul olarsa oğurlasın. Bir anlıq çöldə olan zaman görmüşdür ki, kassir qız kassa yerini tərk etmişdir. Kənardan ona heç kəsin fikir vermədiyinə əmin olduqdan sonra tez marketə daxil olmuşdur. Lakin, mobil telefon görməmişdir və kassa aparatı olan şkafın siyirməsinin bir qədər aralı qalmasını görmüşdür. Siyirməni aralayaraq oradan pul götürmüşdür, onu heç kəs görmədən tez marketdən çıxıb getmişdir. Yolda olan zaman oğurladığı pulları saymış və təxminən 52 manat pul olmuşdur. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi vardır, o saxlanc yerinə daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki”... yolda olan zaman oğurladığı pulları saymış və təxminən 293 manat pul olmuşdur...”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayından etibarən ünvan 2 ünvanında yerləşən “24 saat” marketi icarə əsasında işlədir. Həmin marketdə Şahid isə satıcı kimi işləyir. Market gün ərzində 24 saat işlədiyi üçün saat 08:00-dan axşam saat 20:00-dək satıcı Günay xanım işləyir, daha sonra isə o özü marketdə olur və səhərə qədər işləyir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində satıcı Şahid ona zəng edərək digər müştəri ilə bağlı başı qarışıq olan müddətdə bir nəfər naməlum şəxsin marketin kassasının altında yerləşən dolabın açıq siyirməsindən 383 manat məbləğində pulu oğurlaması barədə məlumat vermişdir. Həmin vaxt o öz avtomobilini təmir üçün Bakıxanov TM-nin arxa hissəsindəki ustaya aparmışdır və yaxın olduğu üçün 10 dəqiqəyə özünü marketə çatdırmışdır. Daha sonra o marketdəki videomüşahidə kamerasının görüntülərinə baxdıqda həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 14:04 radələrində bir nəfər şəxsin marketin açıq giriş qapısından müşahidə aparmasını və satıcı Günay xanımın arxa hissəyə keçməsini fürsət bilərək marketə daxil olub, kassanın üzərinə qoyulduğu dolabın siyirməsini aralayıb orada kardon qutunun içində olan topa halda pulu əli ilə götürüb qısa müddətdə marketdən çıxaraq uzaqlaşmasını müşahidə etmişdir. Daha sonra o DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, hadisə yerinə gələn 13-cü PŞ-nin əməkdaşlarının iştirakı ilə marketə baxış keçirilmiş, sənədləşdirmə aparılmış, o ərizə və izahatını təhqiqatçıya vermişdir və videogörüntüləri də araşdırmaya təqdim etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 383 manat dəyərində maddi ziyan dəymişdir. Marketdən başqa heç bir əmlak və ya ərzaq oğurlanmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində “24 Saat” marketdən oğurlanan pulunun məbləği 383 manat olmuşdur. Kənar şəxslər tərəfindən götürülməsinin qarşısını almaq üçün həmin siyirmədən lazimi əşya və pulun saxlanılması üçün istifadə etmişlər. Həmin gün mağazada satışdan əldə edilən pul məbləği ilə bağlı yazının əks edildiyi vərəqi istintaqa təqdim etmişdir. Vurulmuş ziyan ona ödənilməmişdir, ziyanı tələb edir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ünvan 2 ünvanda fəaliyyət göstərən “24 saat” marketdə satıcı kassir vəzifəsində çalışır. Marketdə səhərlər ondan başqa heç kəs işləmir, arada Rüfət müəllim mağazada ona köməklik edir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olub kolbasa satılan yerə keçmiş və sonra onu kalbasa seçimi üçün yanına çağırmışdır. O həmin şəxsin yanına gedən zaman kiminsə marketdən çıxıb getməsinin ayaq səslərini eşitmişdir. Dərhal saata baxmış və saat 14:04 göstərmişdir, bundan sonra mağazanın müşahidə kamerasına baxdıqda, görmüşdür ki, o kassadan aralanaraq müştərinin yanına gedən zaman bir nəfər saqqallı kişi mağazaya daxil olur və kassa aparatının altındakı aralı siyirmədən pulları götürüb tez marketi tərk edir. Sonra müəyyən etmişdir ki, həmin şəxs kassadan 383 manat məbləğində pullar oğurlanmışdır. Bu barədə müdir Rüfət müəllimə zəng edərək məlumat vermişdir, o da tez müddətdə özünü marketə çatdırmışdır. Daha sonra hadisə yerinə gələn 13-cü PŞ-nin əməkdaşları tərəfindən marketə baxış keçirilmiş və Rüfət müəllim də ərizə yazmışdır. Həmin hadisə zamanı marketdən 383 manat puldan başqa heç bir əşya və ya ərzaq oğurlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “24 saat” adlı marketə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-6); şübhəli şəxsin tutulması haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur(i.v.33); vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.60-62); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.63-64); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.66); DVD diskə baxış keçirmə barədə 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, bir nəfər üzündə seyrək saqqalı olan şəxs 24 saat marketə çöl tərəfdən müşahidə apardıqdan sonra kassa aparatından qız işçi qalxıb gedən kimi mağazaya daxil olur, siyirtmədən topa halda pulları götürüb dərhal mağazadan çıxıb gedir(i.v.84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə olan material üzrə AR CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəriməni tam ödəyərək şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 07 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası 03 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 177.2.1 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.85-87); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-728/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(008)-728/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla 02 il 09 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən ümumilikdə 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü 1 azyaşlı uşağı vardır(i.v.88); Sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 24 saat marketin video müşahidə kamerasının görüntüləri köçürülmüş 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır(i.v.90-93); Məhkəmə istintaqı zamanı bir ədəd DVD diskə baxış keçirilmiş, həmin DVD diskdə olan videogörüntünün diskə baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 31 may 2024-cü il tarixli 1(008)-419/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək açıq yerdən cəmi 52 manat pul götürməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı oğurluq hadisəsi nəticəsində ona 383 manat dəyərində maddi ziyan dəydiyini göstərmiş, həmin gün mağazada satışdan əldə edilən pul məbləği ilə bağlı yazının əks edildiyi vərəqi istintaqa təqdim etmişdir. Göstərilən hal iş üzrə şahid ifadəsi ilə də bir daha təsdiq edilmişdir. Lakin, Təqsirləndirilən şəxs ibtidiai istintaq zamanı şübhəli və təqsirləndiirlən şəxs qismində vermiş olduğu və məhkəmədə tədqiq edilən ifadələrində oğurladığı pulların 293 manat olduğunu göstərmiş, həmin ifadələr özü və müdafiəçi tərəfindən imzalanmışdır. Lakin, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs götürdüyü pulların 52 manat olduğunu göstərmişdir. Verilmiş suallara cavab olaraq ifadəsində göstərdiyi ziddiyyətlərin nə ilə əlaqədar olduğunu izah edə bilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürdüyü pulun məbləği ilə bağlı ziddiyyətli ifadələr vermişdir ki, məhkəmə onun bu məzmunda ifadələrini özünü müdafiə xarakterli kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlində inzibati xəta tərkibi olduğunu, cinayət əməli törətmədiyini, belə ki, saxlanc yerinə daxil olmadığını, açıq yerdən pul götürdüyünü göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məkəməsinin Plenumunun qərarının 19cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli qərarında göstərilmişdir ki, başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Zərərçəkmiş şəxs ifadəsində kənar şəxslər tərəfindən götürülməsinin qarşısını almaq üçün həmin siyirmədən lazimi əşya və pulun saxlanılması üçün istifadə etdiklərini bildirmişdir. İş materiallarında olan DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs “24 saat” marketə çöl tərəfdən müşahidə apardıqdan sonra kassa aparatından qız işçi qalxıb gedən kimi mağazaya daxil olduğu, pul və digər əşyaların saxlanması üçün nəzərdə tutulmuş siyirməni açaraq topa halda pulları götürüb dərhal mağazadan çıxıb getdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “24 saat” adlı marketin içərisində saxlanc yeri hesab edilən siyirməyə qanunsuz daxil olaraq oğurluq əməlini törətmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluğu ödənilsə də, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM- 65.2.), Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü ilə ona təyin edilmiş 02(iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü üzrə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 04(dörd) gün müddət, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək olan 01(bir) gün müddət, ümumilikdə 05(beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 07 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-196/2024 saylı hökmü üzrə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 04(dörd) gün müddət, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək olan 01(bir) gün müddət, ümumilikdə 05(beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-419/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-419/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver