Məhkəmə qərarları › İş №1(008)-421/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-421/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-421/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Hacıxanlı ərazi dairəsi, Budaqdərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, 74, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X4 verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, X8 05 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində xidətçi kimi işlədiyi Zərərçəkmiş şəxs qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 415 saylı dörd mərtəbəli bağ evində olarkən, Zərərçəkmiş şəxs yaşadığı evindən çıxaraq şəxsi işləri ilə əlaqədar getməsindən istifadə edərək tamah niyyəti ilə mətbəxdəki dolabda olan “Burberry” markalı əl çantasının içərisində saxlanılan özgənin Zərərçəkmiş şəxs məxsus 17000 manat təşkil edən 10000 ABŞ dollarını və 2300 manatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 19300 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da X8 AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayından ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə həm xadiməçi, həmdə baxıcı kimi xidmət edirmiş və insult xəstəsi olan anası Aybəniz xanıma baxırmış. Ondan başqa həmin ünvanda Leyla və Gülnarə adlı xanımlarda tibb bacısı kimi Aybəniz xanıma nəzarət edirmişlər. Hər gün saat 08 radələrində sözü gedən ünvana gedirmiş, saat 21 radələrində işini bitirib yaşadığı evə qayıdırmış. Zərərçəkmiş şəxs evi dörd mərtəbəli həyət evidir. 05 sentyabr 2023-cü il tarixdə təxminən saat 11 radələrində evin birinci mərtəbəsində mətbəxdə Aybəniz xanıma yemək qızdırırmış, həmin vaxt evdə onlardan başqa heç kim olmamışdır, yemək qızdırdıqdan sonra mətbəxdəki dolabdan Aybəniz xanıma paltar götürmək istəmiş, həmin vaxt dolabda əl çantası görmüş, əl çantasını açıb içərisinə baxdıqda çantanın içərisində ABŞ dolları və azərbaycan manatı görmüşdür. O, həmin vaxt zərərçəkmiş şəxsin ona az əmək haqqı verməsi səbəbindən ona qarşı aqressv olmuş bə bu səbəbdən də həmin pulları çantadan götürmüş, bu barədə ev sahibi Gülşən xanıma heç bir söz deməmişdir. Axşam işlərini yekunlaşdırıb Gülşən xanımın evindən çıxaraq yaşadığı evə getmişdir. Yaşadığı evdə Gülşən xanımın evindəki əl çantasından götürdüyü pulları saydıqda 10000 ABŞ dolları və 2300 manat olduğunu görmüşdür. Səhəri gün oğurladığı ABŞ dollarının 2000 ABŞ dollarını azərbaycan manatına çevirmiş, 8000 ABŞ dollarını saxlamaq üçün sevgi münasibətində olduğu Şahid1, 3350 manatı isə saxlamaq üçün rəfiqəsi Şahid2 vermişdir. Onun özündə 2350 manat qalmışdır, həmin pulun 550 manatını isə şəxsi ehtiyaclarına xərcləmişdir. 06 sentyabr 2023-cü il tarixdə o, Aybəniz xanıma baxmağa gedə bilməmiş, onun əvəzinə tibb bacısı Leyla xanım Gülşən xanımın yaşadığı evə getmişdir. Həmin günün axşamı Leyla xanım növbəni tibb bacısı Gülnarə xanıma təhvil vermişdir. 07 sentyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində o, Aybəniz xanıma baxmaq üçün Gülşən xanımın yaşadığı ünvana gələrək növbəni Gülnarə xanımdan təhvil almış və işinə başlamışdır. Həmin gün Gülşən xanım bağ evindən şəhərdə yaşadığı evlərinə köçməliymişlər, o, Aybəniz xanımın yeməyini vermiş və paltarlarını hazırlamışdır ki, evdən rahat çıxsınlar. Həmin vaxt ev sahibi Gülşən xanım yatırmış, təxminən saat 11 radələrində Gülşən xanım uca səslə qışqıraraq yaşadığı evdən 10000 ABŞ dollarının və 2300 manatının əl çantasından oğurlanmasını bildirmişdir. Həmin vaxt Gülşən xanımın gəlini Aytən xanım da səs-küy salmağa başlamış, o, da qorxduğu üçün səsini çıxartmamış və pulu götürməsi barədə heç bir söz deməmişdir. Bundan sonra o, evin ikinci mərtəbəsinə qalxmış, bir qədər sonra evə iki nəfər mülki geyimdə şəxslər gəlmişlər, sonradan bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdırlar. O, bu dəfə çox qorxmuş, yenə də nə polis əməkdaşlarına, nədə ki, Gülşən xanıma pulu götürməsi barədə heç bir söz deməmiş, çünki Gülşən xanım panika yaradırmış. Bir qədər sonra polis əməkdaşları ondan mobil telefonunu istəmişlər, lakin o, polis əməkdaşlarına mobil telefonunu verməmişdir. Bundan sonra polis bölməsinin rəisi kimi özünü ona təqdim edən şəxs onu fərdi söhbətə dəvət etmiş, ondan Gülşən xanımın yaşadığı evdə olan əl çantasından pulu götürüb-götürməməsini soruşmuş və düzünü danışmasını, heç-bir problem olmayacağım bildirmişdir. Həmin polis əməkdaşı ilə söhbət edərkən Gülşən xanımın evindən 10000 ABŞ dollarını və 2300 manatı əl çantasından o, götürdüyünü etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər, o, da polis əməkdaşlarının dəvəti ilə 15-ci polis bölməsinə getmişdir. Bundan sonra rəfiqəsi Məhbubənin istifadə etdiyi mobil telefonuna zəng edərək 3350 manatı Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirməsini xahiş etmiş, lakin Məhbubə işi olduğu üçün polis bölməsinə gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Məhbubənin istifadə etdiyi mobil telefonunun “WhatsApp” proqramına “Kapital Bank” tərəfindən ona verilmiş 4169 7388 1724 8895 nömrəli kart hesabını göndərmiş və Məhbubədən həmin 3350 manatı göndərdiyi kart hesabına köçürməsini xahiş etmişdir. Məhbubə də 3350 manatı onun kart hesabına göndərmişdir. Bundan sonra tanışı Nəbinin istifadə etdiyi mobil telefonuna zəng edərək saxlamaq üçün ona verdiyi 8000 ABŞ dollarını Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirməsini xahiş etmiş və həmin pulu Nəbi polis bölməsinə gətirərək ona vermişdir. Bundan sonra Gülşən xanım polis bölməsinə gəlmiş, o, əl çantasından götürdüyü pulların hamısını zərərçəkmiş şəxsə qaytarmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak edə bilməyəciyini, bu barədə teleqram göndərəcəyini, ona dəymiş ziyanın ödənildiyini və onun X4 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclsında iştirak ermədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşasa da, yay aylarında ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 415 saylı bağ evində yaşayır. X8 2022-ci ilin sentyabr ayından onun yaşadığı bağ evində xidmətçi işləyirmiş, yəni insult xəstəsi olan anası X7ma baxırmış. Günay Təhməzova hər gün saat 08 radələrində sözü gedən bağ evinə gəlirmiş, saat 21 radələrində işini bitirib yaşadığı evə gedirmiş. Onun özü fərdi işlə məşğul olur, hər gün şəxsi işləri ilə bağlı evdən çıxırmış və axşam evə qayıdırmış. 07 sentyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə sözü gedən bağ evindən yaşadığı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, mənzil 3 ünvanına köçməliymişlər, həmin gün Günay Təhməzova da bağ evimdə olmuşdur, evdə yır-yığış edirmişlər, təxminən saat 11 radələrində evin mətbəxinə daxil olmuş, mətbəxdəki dolabdan özünə məxsus “Burberry” markalı əl çantasını götürmüş, həmin vaxt çantanın içərisində saxladığı ona məxsus olan 10000 ABŞ dollarının və 2300 manatın yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək bağ evindən pulunun oğurlanması barədə məlumat vermiş, sonra Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları gəlmişlər, polis əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və o, baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə vermişdir. Həmin gün onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər, polis bölməsində ona məlum olmuşdur ki, bağ evində xidmətçi işləyən Günay Təhməzova 05 sentyabr 2023-cü il tarixdə onun bağ evindən çıxaraq şəxsi işləri ilə əlaqədar getməsindən istifadə edərək mətbəxdəki dolabda olan “Burberry” markalı əl çantasının içərisində saxladığı ona məxsus 10000 ABŞ dollarını və 2300 manatı oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən rəfiqəsi X5 tanıyır. Günay 2022-ci ilin sentyabr ayından ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs insult xəstəsi olan anası Aybəniz xanıma baxır. Onun anası X1 da bir müddət Gülşən xanımın yaşadığı evdə təmizlik işləri ilə məşğul olmuşdur. 06 sentyabr 2023-cü il tarixdə təxminən saat 21 radələrində Güny onun yaşadığı evə gəlmiş, Günayla bir qədər söhbət etdikdən sonra ona 3350 manat vermiş və həmin pulu saxlamasını deyib, lazım olanda ondan götürəcəyini bildirmiş, o, da Günayın verdiyi pulu götürmüşdür. Bundan sonra Günay çıxıb getmişdir. 07 sentyabr 2023-cü il tarixdə Günay onun istifadə etdiyi mobil telefonuna zəng edərək Sabunçu RPİ-nin 15-ci polis bölməsində olduğunu deyib, ona saxlamaq üçün verdiyi 3350 manatı təcili polis bölməsinə gətirməsini bildirmişdir. Lakin həmin gün o, şəxsi işləri ilə əlaqədar işi olduğu üçün Günaya polis bölməsinə gələ bilməyəcəyini bildirmişdir. Günay isə təcili 3350 manatı ona çatdırmasım xahiş etmiş, o, yenə də Günaya işinin olduğunu deyib, gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra Günay istifadə etdiyi mobil telefonunun “WhatsApp” proqramına 4169 7388 1724 8895 nömrəli kart hesabı göndərmiş və ona verdiyi həmin 3350 manatı göndərdiyi kart hesabına köçürməsini bildirmişdir. O, da Günayın ona göndərdiyi kart hesabına dediyi məbləği bankomat vasitəsi ilə göndərmişdir. Həmin gün işlərini yekunlaşdırıb Sabunçu RPİ-nin 15-ci polis bölməsinə getmiş, orada Günayı görmüş, Günaydan nəyə görə polis bölməsinə gətirilməsinin səbəbini soruşan da, Günay ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən pul oğurladığını və ona verdiyi 3350 manatın həmin pulun bir qismi olduğunu deyib, bu səbəbdən də polis əməkdaşları tərəfindən 15-ci polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. 08 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Günay onun yaşadığı evə gəlmiş, oğurladığı pulları sahibi Zərərçəkmiş şəxs qaytardığını və ondan şikayətinin olmadığını bildirmişdir. 11 sentyabr 2023-cü il tarixdə Günay Sabunçu RPİ-nin 15ci polis bölməsinin əməkdaşları onu polis bölməsinə çağırdıqlarını bildirmiş və onunla birlikdə polis bölməsinə getməsini ondan xahiş etmiş, o, da etiraz etməmiş və Günayla birlikdə 15-ci polis bölməsinə getmişlər. Sonra Günayı polis əməkdaşları Sabunçu RPİ-nə gətirmişlər, o, da Günayla birlikdə Sabunçu RPİ-nə gəlmiş, Günayı Polis İdarəsinin inzibati binasına aparmışlar, o, isə yaşadığı evə getmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayından X5 tanıyır, həmin vaxtdanda aralarında münasibət yaranmışdır. Günay Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 415 saylı bağ evində yaşayan Gülşən adlı qadının xəstə olan anasına baxırmış, arada-bir onun yaşadığı evə gəlib-geirmiş. 06 sentyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində Güny onun yaşadığı evə gəlmiş, Günayla bir qədər söhbət etdikdən sonra Mingəçevir şəhərində özünə məxsus torpaq sahəsini 8000 ABŞ dollara satdığını, başqa yerə getdiyi üçün pulu üzərində aparmaq istəmədiyini, həmçinin yaşadığı evdə onunla birlikdə bir qadının qaldığını, ona görə də pulu yaşadığı evdə saxlamağa qorxduğunu deyib, həmin pulu yaşadığı evdə saxlamasını ondan xahiş etmiş və lazım olanda ondan götürəcəyini bildirmişdir. O, da etiraz etməmiş və Günayın ona verdiyi 8000 ABŞ dollarını götürmüş və yaşadığı evdə saxlamışdır ki, nə vaxt istəsə qaytarar. Bundan sonra Günay çıxıb getmişdir. 07 sentyabr 2023-cü il tarixdə Günay onun istifadə etdiyi mobil telefonuna zəng edərək Sabunçu RPİ-nin 15-ci polis bölməsində olduğunu deyib, ona saxlamaq üçün verdiyi 8000 ABŞ dollarını təcili polis bölməsinə gətirməsini xahiş etmiş, o, da Günayın saxlamaq üçün ona verdiyi 8000 ABŞ dollarını yaşadığı evdən götürərək 15-ci polis bölməsinə getmiş, polis bölməsində həmin 8000 ABŞ dollarını Günaya verib yaşadığı evə qayıtmışdır. Sabunçu Rayon Polis İdarəsində ona məlum olmuşdur ki, Günay ona verdiyi 8000 ABŞ dollarını xidmətçi kimi işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 415 saylı bağ evindən oğurlamışdır, həmin pullarda ev sahibi Gülşən adlı qadına məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 415 saylı bağ evinin mətbəxidir (i.v. 6-10). “Maddi sübutun götürülməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X8 tərəfindən Zərərçəkmiş şəxs qaytarılmış 80 ədəd ABŞ dolları, 33 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar maddi sübut qismində Zərərçəkmiş şəxs götürülmüşdür (i.v.15). Zərərçəkmiş şəxs tərəfindən imzalanmış 09 sentyabr 2023-cü il tarixli iltizamdan görünür ki, ona məxsus oğurlanmış 80 ədəd ABŞ dollları, 33 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar, ümumilikdə 8000 ABŞ dolları və 3350 manat pul Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i.v.33). “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 AR CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs məxsus 80 ədəd ABŞ dolları, 33 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar maddi sübut kimi tanımış və həmin pul vəsaitlərinin Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (i.v 121-129). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X8 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Zərərçəkmiş şəxs tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, X8 tərəfindən oğurluq nəticəsində ona dəymiş zərərdən 8000 ABŞ dolları və 3350 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmış və onun şikayət və tələbi yoxdur (i.v.33). “Şübhəli şəxsin tutulması haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X8 11 sentyabr 2023-cü il tarixdə, saat 14:45-də tutulmuşdur (i.v.46). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X8 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.98-100). “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X8 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.101- 102). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu barədə məlumat yoxdur (i.v.116). 1574 nömrəli doğu haqqında şəhadətnamədən görünür ki, X2 17 noyabr 2011-ci il təvəllüdlü (X9) uşağı var. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşağının olmasını (AR CM-59.1.4), vurulmuş zərərin ödənilməsini (AR CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, X2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə X8 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, X4 təqsirli bilindiyi AR CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 80 ədəd ABŞ dolları, 33 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X8 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X4 elektron nəzarət vasitəsi tətbiq edilməli, X2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 11 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-80 ədəd ABŞ dolları, 33 ədəd 100 manatlıq və 01 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar