Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-425/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə 18 fevral 1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnoyvka- 1, bağ sahəsi, 452 A saylı Bağ evində yaşayan -X2 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, 18 fevral 1955-ci il tarixdə anadan olmuş, işləməyən, ali təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəsini onunla əsaslandırmışdır ki, X8, X7 və X12 isə "xxxx" Mənzil-Tikinti Kooperativinin həmtəsisçilərindəndirlər. "xxxx" MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 25 iyul 2005-ci il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Həmin podrat müqaviləsinə əsasən sifarişçi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsinin şərq hissəsində 1.68 ha torpaq sahəsinin 0.40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1,2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK-ın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasım (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsədə, müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmiş və hər bir vasitə ilə bundan yayınmağa çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(l 13)-3861/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-in iddiası təmin edilərək, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icraya yönəldilmiş, icra sənədi Suraxanı rayon icra şöbəsi tərəfindən icra edilərək, binanı istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, bununla əlaqədar zəruri olan bütün sənədlər də bizə təhvil verilmiş, yəni "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi həmin binadan çıxarılmışdır. Daha sonra isə "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi, yəni X12, X8, X7 (baxmayaraq ki, rəsmi sənədlərə əsasən həmin kooperativin sədri başqa şəxsdir) bizə qarşı qarayaxma kompaniyasına başlamış, müxtəlif instansiyalara şikayətlər ünvanlayaraq, guya qətnamənin icrası ilə əlaqədar "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus möhürün icra məmuru tərəfindən "xxxx" MMC-yə verilməsini, həmin möhürdən istifadə edərək saxta sənədlər düzəltməsini, "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyinin imzalarının saxtalaşdıraraq Dövlət orqanlarına müraciət etməsini göstərmişdir. Halbuki, "xxxx" Mənzil-Tikinti Kooperativinin möhüründən biz heç bir zaman istifadə etməmiş, bunun üçün nə qanuni əsas nə də ki zərurət olmamışdır. Bunun əksini sübut etmək isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəzifəsidir. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.S.Süleymanov həmin şikayətdə "xxxx" MMC-in rəhbərliyinin X1 və X6 olmasını göstərmiş və bununla da qeyd edilən məlumatların bizim barədə olmasını vurğulamağa çalışmışlar. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məni öz ərizəsində saxtakar adlandırması onun bir sahibkar kimi işgüzar nüfuzuma xələl gətirmiş, bir şəxs kimi isə şərəf və ləyaqətimi ləkələmişdir. Biz bu vaxta qədər bir sahibkar kimi işgüzar aləmdə öz nüfuzumuzu qoruyub saxlamağa çalışmış, lakin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs öz mənfur niyyətlərinə çatmaq üçün bizi dövlət orqanlarına bir cinayətkar kimi təqdim etmiş, mənə böhtan atmışdır. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.S.Süleymanovun saxtakarlıqda təqsirləndirilməsi, onun və rəhbəri olduğu "xxxx" MMC-in işgüzar nüfuzu ləkələnmiş, bununla da kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında bilə-bilə şərəf və ləyaqətimizi ləkələyən böhtan atmışdır. Onun barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə və digərlərinə qarşı mənəvi zərər tələbi barədə iddia ərizəmə Abşeron Rayon Məhkəməsində baxılan zaman açıq məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.S. Süleymanov mənə qarşı nalayiq sözlər işlətmiş, bütün bu ifadələr isə məhkəmə prosesinin audio-video çəkilişində və məhkəmə iclas protokolunda qeydə alınmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsində 01 fevral 2024-cü il tarixdə, 2(012)1148/2024 saylı mülki iş üzrə açıq məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs onu təhqir edərək onu «Matışqa» adlandırmışdır. Onun bu ifadəsi hətta məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs həmçinin onu açıq məhkəmə iclasında təhqir edərək ləyaqətini alçaltmışdır. Məhkəmədən şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayəti qəbul etməyərək şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarından görünür ki,xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmunu Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədkidə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasıın adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktda, «İnsan Hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosussual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə iclasında müəyyən edilmiş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, xüsusi ittihamçı X1 18 fevral 1955-ci il tarixdə anadan olmuş, işləməyən, ali təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında icraata yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayəti əsasında başlana bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bu da Abşeron Rayon Məhkəməsinin 2(012)1148/2024 saylı, 01 fevral 2024-cü il tarixli iddiaçı X1, cavabdehlər X3, X4, X9 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərtib olunmuş məhkəmə iclas protokolnuda öz əksini tapmışdır. Həmin iclas protokolundan görünür ki, «Matışqa» iddiaçının özüdür, ifadəsini İ.S.Süleymanov işlətmiş və ümumi etik qaydalarından kənar ifadə işlətdiyinə görə məhkəmə tərəfindən ona xəbərdarlıq elan edilmişdir. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən 18 fevral 1955-ci il tarixdə anadan olmuş, işləməyən, ali təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. qərara aldı: Xüsusi ittihamçı X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilən 18 fevral 1955-ci il tarixdə anadan olmuş, işləməyən, ali təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-425/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-425/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver