Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-426/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Göyçay rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Alpout ərazi dairəsi, Alpout kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, 2ci Zabrat qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,268 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 25 yanvar 2024-cü il tarixdə, saat 12:55-də Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, nömrəsiz fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb 15-ci polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 1,268 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, hadisə günü onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Ona hazırki ittihamı qəbul etmədiyi təqdirdə daha ağır maddə ilə ittiham irəli sürülücəyi ilə hədələndiyindən o, etirafedici ifadələri imzalamışdır. Hazırda istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Sadəcə daha ağır maddə ilə təqsirləndirilməsindən ehtiyat etdiyindən bütün ifadələri imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sabunçu RPİnin 15-ci polis bölməsinin rəis müavinin ona psixoloji təzyiq göstərərək özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyəcəyi təqdirdə ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham veriləcəyini dediyini, polis bölməsində döyülmədiyini və üzərində hər hansı xəsarətin olmadığını, ona göstərilən təzyiqlər barəsində hər hansı dövlət orqanına məlumat vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə işlədiyi Sabunçu RPİ-nin 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək təsdiq olunmuşdur. Əməliyyatın keçirilməsində ondan başqa 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da iştirak etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 12:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, nömrəsiz fərdi evin yaxınlığında bir nəfər tanımadıqları şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs da şəxsiyyətini təsdiq edən sənədini onlara etdim etmişdir. Bir qədər onunla söhbət etdikdən sonra ona narkotik vasitələri əldə edərək üzərində saxlamasında, daşımasında və qəbulu ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu işlədikləri Sabunçu RPİ-nin 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşmış və onu qeyd etdiyi polis bölməsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölməyə gətirilməsi ilə bağlı raportla bölmənin rəhbərliyinə məruzə olunmuşdur. Raport üzrə araşdırmanın aparılması 15-ci polis bölməsinə ezam olunmuş baş təhqiqatçı, polis mayoru Ramin Güləliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından baş təhqiqatçı Ramin Güləliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Talib oğlu gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı ilə və yaxud vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm baş təhqiqatçı Ramin Güləliyev tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, polis bölməsinə gətirilən zaman ona qarşı fiziki zorakılıq göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm baş təhqiqatçı Ramin Güləliyev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şahid Sabunçu RPİ-nin 15-ci polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya başqa nə varsa təqdim etməsini xahiş etmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm baş təhqiqatçı Ramin Güləliyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış və zərf möhürlənmişdir (i.v. 30-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 1,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.37-41). “Maddi sübut kimi tanıma haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,268 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 1,168 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.97). Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 2305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.111-112). “Sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.113-120). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, ona psixoloji təzyiqlər göstərildiyindən və daha maddə ilə nəzərdə tutulmuş ittiham irəli sürüləcəyi ilə hədələndiyindən etirafedici ifadələrə imza etdiyini, narkotik vasitələrin istifadəçisi olmasına baxmayaraq özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin, məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanıldıqdan sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azadlığa buraxılmış və ötən uzun müddət ərzində onun məruz qaldığı təsir və təzyiqlər barədə səlahiyyətli dövlət orqanlarına müraciət etmək imkanı olmuşdur. Lakin buna baxmayaraq o, bu barədə hər hansı dövlət orqanına müraciət etməmiş və istintaq zamanı etirafedici ifadələr verərək özünü ona elan edilmiş ittihamda təqsirli bildiyini göstərərək ifadələrini imzası ilə təsdiq etmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyaraq həmin bükümün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə, saat 12:55-dən tutulmuş hesab edilmişdir (i.v.18). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.80-82). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-85). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 avqust 2015ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 yanvar 2023-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 26 may 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.102-104). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2012-ci il təvəllüdlü (X1) və 16 oktyabr 2014-cü il təvəllüdlü (X2) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM- 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-426/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-426/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver