Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-427/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsi döngə 1 ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,606 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 14 dekabr 2022-ci il tarixdə saat 21 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində saxlanılaraq, Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan torbacığın içərisində 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,606 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istehlak miqdarından artıq olmayan miqdarda bir bükümdə metamfetamin və bir bükümdə isə heroin alımışdır. Hər ikisinin qramı çox cüzi olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddə üzərində olarkən 14 dekabr 2022-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, həmçinin bir neçə sorğu-sual etmişlər, şübhəli hərəkətlərlə polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin, polis əməkdaşları ondan şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədilə Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. O da etiraz etməmişdir. Polis bölməsində təqhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış keçirilən zaman ona daha artıq çəkidə metamfetamin verərək təqdim etməsini bildirmişlər. Həqiqətdə isə onun üzrəində daha az miqdarda heroin və metamfetamin olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, özünü ona İran vətəndaşı kimi təqdim etmiş, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata bir ədəd qara kağız bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddəni özü az-az istifadə etmək məqsədilə siqaret qutusunun sellofan torbacığına qoyub üzərində saxlamışdır. 14 dekabr 2022-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, həmçinin bir neçə sorğusual etmişlər, həmin zaman üzərində psixotrop maddə olduğu üçün həyəcanlanmış və şübhəli hərəkətlərlə polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin, polis əməkdaşları ondan şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədilə Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. O da etiraz etməmişdir. Polis bölməsində təqhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərnə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməməyi barədə ərizə yazmışdır. Belə ki, üzərində psixotrop maddə olduğu üçün istəməmişdir ki, vəkili bunu özü gözü ilə görsün ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Həmin zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacıqda bir ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Həmin maddəni öz istifadəsi üçün alıb özündə saxlamışdır. Psixotrop maddəni aldığı şəxsi üzdən tanıyır. Lakin adını, soyadını, ata adını və ünvanını bilmir. Ona heç kim təzyiq göstərməmişdir(i.v.58-60); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 14 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində xidmətdə olarkən, sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Həmin zaman özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və onların yanından yayınıb getmək istəməsini görüb onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu 14-cü PB-nə dəvət etmişlər. 14-cü PB-də xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacıqda bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal halında maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində olan 01 ədəd kağız bükümdə ağ rəngli, kristalşəkilli maddəni könüllü təqdim etmiş, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində İran vətəndaşından 20 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində 01 ədəd kağız bükümdə psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürürlmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olacaq başqa heç bir əşya aşkar edilməmişdir. (i.v.23-24) məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 6/7052 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksləri olan “...Şübhəli şəxs: “imza” M. Məmmədov...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,606 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (i.v.34-36); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində olan 01 ədəd kağız bükümdə ağ rəngli, kristalşəkilli maddə aşkar olunaraq götürülmüşdür(i.v.46); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 64-66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 67-68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsaəsn CM-nin 149.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixli Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır(i.v.76-77, 99-106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.89-90); qətimkan tədbiri seçilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v. 94-96); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,606 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,556 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntünün qeyd olunduğu 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.107-112); Məhkəmə iclasında bir ədəd CD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və üzərində şəxsi istehlak miqdarından artıq olmayan miqdarda psixotrop maddə daşıması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadələrində göstərmişdir ki, 14 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində xidmətdə olarkən, sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar. Həmin zaman özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və onların yanından yayınıb getmək istəməsini görüb onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu 14-cü PBnə dəvət etmişlər. 14-cü PB-də xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmamasını soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan torbacıqda bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal halında maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir Digər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiqləmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,606 qram olan psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), cəzasının əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-nin 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,606 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,556 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-427/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-427/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver