Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-428/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Xəzər kafe”nin yaxınlığında, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onun saçından tutması və nəyə görə ona irad bildirdiyini soruşması səbəbindən ictimai yer olan “Xəzər kafe”nin yaxınlığında, yəni küçədə kənar şəxslərin gözü qarşısında tanımadığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, qəsdən hər iki qol və boyun nahiyələrindən bir neçə dəfə əli ilə vuraraq, ona ağrı simptomu ilə müşayiət olunan boyun nahiyəsinin dərialtı hematoması və sıyrığı, ənsə nahiyəsinin qançırı, sağ bazu və sol said nahiyələrinin sıyrıqları kimi xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək(xəsarətlərə münasibətdə) ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı evə getmək üçün “214” saylı marşrut avtobusuna mindiyini, biraz getdikdən sonra avtobusa azyaşlı uşaqların da mindiyini, onlar ödəniş kartından istifadə etmədikləri üçün sürücünün onlara kartdan istifadə etməli olduqları deməsini, həmin uşaqlara kartdan istifadə etməsələr sürücünün onları düşürəcəyini deməsini, bu zaman avtobusda olan tanımadığı, sonradan adının Gülər olduğunu öyrəndiyi şəxsin ona qarşı uca səslə nalayiq ifadələr işlətdiyi üçün cavab olaraq ona qarşı nalayiq ifadə işlətdiyini bildirmişdir. Bundan sonra avtobusda nə o Gülərə, nə də Gülər ona qarşı hər hansı söz və ya hərəkət etməmişdir. Həmin tarixdə təxminən saat 18:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Xəzər” kafesinin yaxınlığında avtobusdan düşüb öz yolu ilə gedərkən arxadan kiminsə onun saçından tutaraq dartmasını, arxaya çevrildikdə həmin şəxsin Gülər olduğunu görmüş, Gülər onun saçını dartdığı üçün o da, onun saçından tutmuş və qolları ilə onu özündən aralamaq istəmişdir. Həmin ərəfədə Gülər dırnağı ilə onun sinəsini cırmış, bundan qəzəblənərək əli ilə bir neçə dəfə onun qol və boyun nahiyələrindən zərbələr vurmuş, bu zaman ətrafda olan tanımadığı bir çox şəxsin yaxınlaşaraq onları ayırmışlar. Mübahisə təxminən 8-10 dəqiqə davam edən mübahisələrinin bitdiyini bildirmişdir. Beləliklə o, baş vermiş hadisəyə görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini bildirərək əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin baraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, avtobusda Zərərçəkmiş şəxs ona “uşaqlara kartdan istifadə etməsini dediyi üçün” uca səslə irad bildirdiyi üçün ona qarşı “həyasız” sözü işlətdiyini, tərbiyəsi imkan vermədiyi üçün başqa söz işlətmədiyini bildirmişdir. Avtobusdan düşüb gedərkən arxadan Gülər onun saçından tutub dartdığı üçün Gülərin saçından tutduğunu, əli ilə Güləri aralayarkən xəsarətlər yetirdiyini, tanımadığı şəxslərin onları ayırdığını, zərbəni aralaşmaq üçün vurduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında “Neftçilər m/s” yaxınlığından evə getmək üçün “214” saylı marşrut avtobusuna minmiş, Sabunçu keçidinin yanından keçərkən tanımadığı bir qadının da həmin avtobusa mindiyini, biraz getdikdən sonra avtobusa azyaşlı uşaqların minib ödəniş kartından istifadə etmədiklərini və sürücünün də onlara bir söz demədiyini, lakin həmin qadının azyaşlı uşaqlara kartdan istifadə etməli olduqlarını deməsini, həmin qadına səs tonunu qaldıraraq yəqin pulları olmadığı üçün kartdan istifadə etmədiklərini dedikdə, sonradan adının Səyyarə olduğunu öyrəndiyi həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətsə də avtobusda sərnişin çox olduğu üçün ona cavab qaytarmadığını bildirmişdir. Həmin tarixdə təxminən saat 18:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Xəzər” kafesinin yaxınlığında Səyyara avtobusdan düşüb gedərkən, o da, avtobusdan düşərək onun arxasınca getmiş, arxadan Səyyarəyə yaxınlaşaraq əli ilə saçından tutub dartaraq ona dediyi sözlərə görə öz iradını bildirmiş, Səyyarə də onun saçından tutaraq əli ilə bir neçə dəfə onun qol və boyun nahiyələrindən zərbələr vuraraq xəsarətlər yetirmişdir. Həmin zaman ətrafda olan tanımadığı bir çox şəxs yaxınlaşaraq onları ayırmışlar, sözlə də mübahisə etdikdən sonra həmin şəxsin çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışımış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəllər Səyyara Əhmədovanı tanımamışdır. Avtobusa Neftçilər ərazisində minmiş, uşaqlar avtobusa minərkən Səyyarə xanım dillənmişdir ki, “gedin kartınızı vurun”, vicdanı əl vermədiyi üçün səs tonunu qaldıraraq etiraz etmiş, “xala nə olub onlar uşaqdırlar” demiş, səsini özü bilə-bilə qaldırmışdır ki, Səyyarə onu eşitsin. Bunun qarşılığında Səyyarə ona nəlayiq ifadə işlətdiyi üçün pis olaraq ağlamaq istəmişdir. Qisas almaq üçün qadının avtobusdan düşməyini gözləmiş, təxminən 8 dəqiqə sonra qadın avtobusdan düşmüş və o da, qadının arxasınca getmişdir. Xəzər kafesinə yaxınlaşanda arxadan qadının saçından tutaraq dartmışdır ki, elədiyi hərəkəti ona qaytarsın. Həmin vaxt Səyyarə çevrilərək onun saçından tutmuş və onun qollarına xəsarətlər yetirmişdir. Daha sonra onları bir qadın və bir kişi ayırmışdır. Özü həmin dayanacaqda deyil, başqa dayanacaqda avtobusdan düşür, sadəcə Səyyarədən qisas almaq üçün onun düşdüyü dayanacaqda düşərək arxasınca getmişdir. Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlətdiyindən əsəbləşmiş, avtobusda çox adam olduğundan cavab verməmiş, lakin “qisas almaq, etdiyi hərəkəti ona qaytarmaq” üçün Təqsirləndirilən şəxs arxasınca gedib onun saçından tutduğunu qabağa itələdiyini, bundan sonra Təqsirləndirilən şəxs də onun saçından tutub başına vurduğunu, avtobusda Təqsirləndirilən şəxs ona qarşı işlətdiyi ilk sözün “az-az səsini kəs orda” olduğunu, bundan sonra ona cavab olaraq “az özünsən mərifətli danış” dediyini bildirmişdir. Avtobusa minən uşaqların heç birini tanımamışdır. Şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam təxminən saat 18:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evinə gedərkən “Xəzər kafe”sinin yaxınlığında avtobusdan düşən bir qızın başqa qadının arxasınca getdiyini və onun saçından tutduqda aralarında mübahisə yarandığını görməsini, həmin qadının isə qızın qol və boyun nahiyələrindən ardıcıl bir neçə dəfə zərbələr vurduğunu, bu zaman yaxınlıqda olan şəxslər onları aralaşdırsalar da, onların sözlə mübahisə etməyə davam etdiklərini, daha sonra isə çıxıb getdiklərini və bununla da mübahisələriin bitdiyini, mübahisə yolun hərəkət hissəsinin intensivliyinə mane olduuğunu bidlirmişdir(i.v.30-31); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “Xəzər” kafesinin yaxınlığında baş vermişdir, baxış zamanı təhqiqat üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir, hadisə yerindən götürülmüş videogörüntü və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.05-07); video yazısı olan DVD diskin götürülməsi və baxış keçirmə haqqında 01 may 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:33-də əynində ağ köynək, ağ idman ayaqqabısı və qəhvəyi şalvar olan Zərərçəkmiş şəxs əynində sarı jilet və qara paltar olan Təqsirləndirilən şəxs arxadan yaxınlaşaraq saçından tutmuş, sonuncu isə onu bir neçə dəfə vurmuş, yaxınlıqda olan şəxslər isə onları aralaşdırmışdırlar(i.v.8-9). qanuni nümayəndənin təyin edilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan nəvəsi Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır(i.v.20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 05 may 2025-ci il tarixli 897 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan boyun nahiyəsinin dərialtı hematoması və sıyrığı, ənsə nahiyəsinin qançırı, sağ bazu və sol said nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetririlməsi inkar olunur(i.v.32-33); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 10 may 2025-ci il tarixli 958 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs döş qəfəsinin ön səthinin sıyrığı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.34-35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil(i.v.66); Sübutların qiymətləndirilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş, Zərərçəkmiş şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından, həmin şəxs barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə ərazi aidiyyatı üzrə əməkdaşa tapşırılmışdır(i.v. 67-68). Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, onlara dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təhqiqat orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 01 may 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm məhkəməyədək icraat, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm məhkəməyədək icraat materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə 01 may 2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “Xəzər” kafenin yaxınlığında baş vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə avtobusda azyaşlı uşaqlar minərkən ödəniş kartından istifadə etmədiklərinə görə Təqsirləndirilən şəxs onlara irad bildirməsi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs uca səslə yəqin pulları olmadığı üçün kartdan istifadə etmədiklərini dedikdə, Sərrayə Əhmədovanın onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Bakı şəhər Sabunçu rayon Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “Xəzər” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arxadan yaxınlaşaraq əli ilə saçından tutub saxlayaraq ona dediyi sözlərə görə irad bildirməsi nəticəsində baş vermişdir. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, avtobusda olarkən Zərərçəkmiş şəxs qarşı “həyasız” ifadəsini işlətmişdir, avtobusdan düşdükdən sonra Gülər ona arxadan yaxınlaşaraq saçından tutduğu üçün o da Zərərçəkmiş şəxs saçından tutmuşdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq hadisə günü avtobusda Təqsirləndirilən şəxs uşaqlara ödəniş kartından istifadə etmələrini bildirdiyinə görə ona irad bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlətdiyindən əsəbləşdiyini, avtobusda çox adam olduğundan cavab vermədiyini, lakin qisas almaq üçün qadının avtobusdan düşməyini gözləmiş, təxminən 8 dəqiqə sonra qadın avtobusdan düşmüş və o da, qadının arxasınca getmişdir. Xəzər kafesinə yaxınlaşanda arxadan qadının saçından tutaraq dartmışdır ki, qisas alsın və elədiyi hərəkəti ona qaytarsın. Onun saçından tutduğunu qabağa itələdiyini, bundan sonra Təqsirləndirilən şəxs də onun saçından tutub başına vurduğunu, avtobusda Təqsirləndirilən şəxs ona qarşı işlətdiyi ilk sözün “az-az səsini kəs orda” olduğunu, bundan sonra ona cavab olaraq “az özünsən mərifətli danış” dediyini, həmin dayanacaqda Təqsirləndirilən şəxs niyə belə etdiyini soruşmaq üçün düşdüyünü yoxsa irəli dayanacaqda düşməli olduğunu bildirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 01 may 2025-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə şəxsi münasibətlər zəminində baş vermiş, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Xəzər kafe”nin yaxınlığında, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onun saçından tutması və nəyə görə ona irad bildirdiyini soruşması səbəbindən ictimai yer olan “Xəzər kafe”nin yaxınlığında, yəni küçədə kənar şəxslərin gözü qarşısında tanımadığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, qəsdən hər iki qol və boyun nahiyələrindən bir neçə dəfə əli ilə vuraraq, ona ağrı simptomu ilə müşayiət olunan boyun nahiyəsinin dərialtı hematoması və sıyrığı, ənsə nahiyəsinin qançırı, sağ bazu və sol said nahiyələrinin sıyrıqları kimi xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə qeyd edir ki, hazırki işdə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs onun saçından tutaraq dartmasından sonra Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Belə ki, zərərçəkmiş şəxs, əməli törətmiş şəxs, şahid ifadəsi, hadisə yerinə baxış protokolundan müəyyən olunur ki, Əhmədova Səyyara avtobusa minən uşaqlar kartdan istifadə etmədikləri üçün onlara kartdan istifadəyə dəvət etmiş, bu zaman Zərərçəkmiş şəxs uca səslə ona Təqsirləndirilən şəxs səs tonunu qaldıraraq yəqin pulları olmadığı üçün kartdan istifadə etmədiklərini dedikdə, sonradan adının Səyyarə olduğunu öyrəndiyi həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş və bununla da avtobusda olan məsələ bitmişdir. İttiham irəli sürülən hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Xəzər kafe”nin yaxınlığında baş verməsinə münasibətdə isə ifadələrdən mübahisəsiz görünür ki, Təqsirləndirilən şəxs avtobusdan düşərək evinə doğru hərəkət edir ki, bu zaman qisas almaq üçün Zərərçəkmiş şəxs onun arxasınca yaxınlaşaraq saçından tutaraq dartmış, həmin vaxt Səyyarə çevrilərək onun saçından tutmuş və digər şəxslər onları aralamışlar. Hadisənin baş verməsini özündə əks etdiriən “01 dəqiqə 35 saniyəlik” video yazıdan görünür ki, Təqsirləndirilən şəxs öndə asta addımlarla hərəkət edir və arxadan iti addımlarla Zərərçəkmiş şəxs ona çatmağa çalışır və qaçaraq Səyyara Əhmədovanın saçından tutaraq dartmağa başlayır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutur və qarşılıqlı surətdə saçlarından dartmağa başlayır. Aralarında əl-qol hərəkləri baş verir, bir-birilərinə qarşı əl-qol hərəkətlərindən istifadə edirlər. Hadisə yerində olan başqa şəxslər müdaxilə edərək onları ayırırlar. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş video yazıdan və ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham olan ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai yer olan “Xəzər kafe”nin yaxınlığında, yəni küçədə kənar şəxslərin gözü qarşısında tanımadığı Zərərçəkmiş şəxs ilə mübahisə edib, qəsdən hər iki qol və boyun nahiyələrindən bir neçə dəfə əli ilə vuraraq, ona ağrı simptomu ilə müşayiət olunan boyun nahiyəsinin dərialtı hematoması və sıyrığı, ənsə nahiyəsinin qançırı, sağ bazu və sol said nahiyələrinin sıyrıqları kimi xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməmişdir. Əksinə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs avtobusdan düşərək öz yolu ilə hərəkət edir, arxadan əvvəlcə iti addımlarla, daha sonra qaçaraq Zərərçəkmiş şəxs ona yaxınlaşaraq arxadan saçından tutaraq yolmağa başlayır. Bundan sonra Təqsirləndirilən şəxs çevrilərək qarşılıqlı surətdə Zərərçəkmiş şəxs saçından tutur. Əl qol hərəkətləri ataraq Zərərçəkmiş şəxs özündən aralamağa çalışır. Digər şəxslərin müdaxiləsindən sonra onlar aralanırlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəllər Səyyara Əhmədovanı tanımamışdır. Avtobusa Neftçilər ərazisində minmiş, uşaqlar avtobusa minərkən Səyyarə xanım dillənmişdir ki, “gedin kartınızı vurun”, vicdanı əl vermədiyi üçün səs tonunu qaldıraraq etiraz etmiş, “xala nə olub onlar uşaqdırlar” demiş, səsini özü bilə-bilə qaldırmışdır ki, Səyyarə onu eşitsin. Bunun qarşılığında Səyyarə ona nəlayiq ifadə işlətdiyi üçün pis olaraq ağlamaq istəmişdir. Qisas almaq üçün qadının avtobustan düşməyini gözləmiş, təxminən 8 dəqiqə sonra qadın avtobusdan düşmüş və o da, qadının arxasınca getmişdir. Xəzər kafesinə yaxınlaşanda arxadan qadının saçından tutaraq dartmışdır ki, elədiyi hərəkəti ona qaytarsın. Həmin vaxt Səyyarə çevrilərək onun saçından tutmuş və onun qollarına xəsarətlər yetirmişdir. Daha sonra onları bir qadın və bir kişi ayırmışdır. Özü həmin dayanacaqda deyil, başqa dayanacaqda avtobusdan düşür, sadəcə Səyyarədən qisas almaq üçün onun düşdüyü dayanacaqda düşərək arxasınca getmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyan hərəkətlər mövcud olmamışdır. Ümumiyyətlə hadisə ilkin olaraq Təqsirləndirilən şəxs avtobusda kartdan istifadə etməyən uşaqlara onların kartdan istifadə etməsi ilə bağlı dediklərindən sonra Zərərçəkmiş şəxs səs tonunu qaldıraraq müdaxilə etməsindən sonra başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs qisas almaq üçün Təqsirləndirilən şəxs avtobusdan düşməsini gözləmiş, Təqsirləndirilən şəxs avtobusdan düşüb gedərkən, Zərərçəkmiş şəxs onun arxası ilə düşərək getmiş və Xəzər kafesinə yaxınlaşanda arxadan Təqsirləndirilən şəxs saçından tutaraq dartmış, bundan sonra Təqsirləndirilən şəxs çevrilərək qarşılıqlı surətdə Zərərçəkmiş şəxs saçından tutmuş və bir-birilərinə qarşı əl-qol atmışlar. Digər şəxslərin müdaxiləsindən sonra onlar aralanırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyan hərəkətlər olmadığından baş vermiş hadisənin başqa şəxslərin şahidi olması hazırki əmələ təsir göstərən amil deyildir. Məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, yekun protokolda istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrini təhlil edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin əməli törtmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-428/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-428/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver