Məhkəmə qərarları › İş №1(008)-43/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-43/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-43/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 15.000 manat cərimə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, həbsdə saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “**********98708” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və həmin mobil telefondan daxilində olan danışıq kartı vasitəsi ilə anası Şahid4 Müseyib qızının istifadəsində olan ***-***-**-** saylı, arvadı Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə və ailə üzvlərinin yaşadıqlara ünvana məxsus ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 06 mart 2024-cü il tarixdə saat 11:10 radələrində təcridxananın əməkdaşları tərəfindən qeydiyyatda olduğu 5 saylı rejim korpusunun 25 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman yataq çarpayısının üzərindəki döşəyin altından gizlədilmiş vəziyyətdə həmin daxilində danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbsdə saxlanıldığı kameradan aşkar edilərək götürülmüş daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə xx.xx.2023-cü il tarixdə şikayəti əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində olarkən orada məhkumlar üçün nəzərdə tutulmuş saxlanma yerindən taparaq üzərində gizlədərək səhəri günü, yəni 29 iyul 2023-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin X4 təcridxanaya gətirilən zaman öz istifadəsi üçün təcridxanaya keçirmişdir. Həmin mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsi ilə bir neçə dəfə istifadə edərək anası və həyat yoldaşı ilə əlaqə saxlayıb danışmışdır. 06 mart 2024-cü il tarixdə təxminən saat 11:10 radələrində həbsdə saxlanıldığı təcridxananın əməkdaşları tərəfindən saxlanıldığı 5ci rejim korpusunun 25 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. O, Bakı İstintaq Təcridxanasının bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını və CPM-nin 102.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsini məhkəməyə dəvət edərək, barışığı təsdiq etdiyi halda əməlin ilk dəfə böyük ictimai təhlükə törətməyən əməl olmağını, zərərçəkmiş şəxslə barışmağını nəzərə alaraq AR CPM-nin 39.1.9-40.3-cü maddələrinə əsasən cinayət işinə xitam verilməsini, əks halda ona hər hansı bir cəza təyin edilərsə CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilməli, CPM-nin 353.4.8-ci maddəsinə əsasən məhkəmə hökmü tərtib olunan zaman təqsirləndirilən şəxsin həbsdə saxlandığı halda ibtidai həbs müddətinin cəza müddətinə daxil edilməsi və CM-nin 69.3-cü maddəsinə əsasən cəza hesablanmasının hökmün qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanması kimi maddələri rəhbər tutaraq və xx.xx.2023-cü il tarixdən artıq 1 il 11 aydır ki, həbsdə olmağı nəzərə alınaraq həbsin başlanğıc müddətinin həmin vaxtdan hesablanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR ƏN PX-in Bakı İstintaq Təcridxanasının böyük nəzarətçisi Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işlədiyi təcridxanada həbsdə saxlanılan şəxs kimi tanımışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən 06 mart 2024-cü il tarixdə saat 11:10 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə təcridxananın 5-ci rejim korpusunun 25 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs yataq çarpayısının üzərindəki döşəyin altından gizlədilmiş vəziyyətdə sonuncuya məxsus “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya sayılan - daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatının aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR ƏN PX-in Bakı İstintaq Təcridxanasının nəzarətçisi Şahid3 digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. AR ƏN PX-in Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq dövründə Şahid1 ifadəsində Təqsirləndirilən şəxs işlədiyi təcridxanada həbsdə saxlanılan şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 06 mart 2024-cü il tarixdə saat 11:10 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə təcridxananın 5ci rejim korpusunun 25 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada həbsdə saxlanılan Təqsirləndirilən şəxs yataq çarpayısının üzərindəki döşəyin altından gizlədilmiş vəziyyətdə sonuncuya məxsus “Cəza- çəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya sayılan - daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatının qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, 06 mart 2024-cü il tarixdə, təxminən saat 11:10 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında 5 saylı rejim korpusunun 25-ci kamerasında qəfləti axtarış-baxış tədbiri keçirilən zaman, həmin kamerada saxlanılan, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırkı iş üzrə AR Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayının üzərindəki döşəyin altından ona məxsus daxilində “Cin” danışıq kartı olan 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, zərfdəki daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı daxilində danışıq kartı olan mobil telefonun içərisində olduğu, üzərində prosesdə iştirak edən şəxslərin adları və soyadları, imzaları və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının “zərflər üçün” möhürü ilə möhürlənmiş ağ rəngli zərfi açılmış, həmin zərfin içərisində olan bir ədəd mobil telefon aparatının ön tərəfi sensor ekrandan və yuxarı hissəsində isə video və şəkil çəkmək üçün istifadə edilən kamera vardır. Telefonun arxa hissəsi isə qara rəngli metal gövdədən ibarətdir. Metal gövdənin üzərində video və şəkil çəkmək üçün istifadə edilən üç ədəd kamera və aşağı hissədə “Samsung” yazısı vardır. Mobil telefonun yan tərəfində iki ədəd düymə və GSM danışıq kartının telefona daxil olması üçün istifadə edilən yuva vardır. Mobil telefonu işə salmaq üçün yan tərəfində olan düymədən istifadə edilməklə telefon işlək vəziyyətə gətirilsə də, qeydiyyat və ip adreslər tələb olunduğundan telefonun imei kodunu, həmçinin içərisində olan hər hansı məlumatları müəyyən etmək mümkün olmamışdır. Telefonun GSM danışıq kartının daxil olması üçün istifadə edilən yuvasında "xxxx" operatoruna məxsus loqo olan danışıq kartı müəyyən olunmuşdur. Həmin GSM danışıq kartının nömrəsini müəyyən etmək üçün başqa bir mobil telefona qoyularaq https://WWW.baksell.com/az/ səhifəsində nömrəni müəyyən etmək üçün istifadə edilən *540# kodunu yığmaqla zəng edilsə də danışıq kartının nömrəsini müəyyən etməkdən və kimə məxsus olmasından ötrü zərfə qoyularaq aidiyyatı üzrə operatora göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kompüter texniki ekspertizasının 5/371 nömrəli 17 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32” markalı, arxa markalanma göstəricisinə görə “SM-A325F/DS” modelli, “3545xx/xx/169870/8” “imei” kodlu mobil smartfon olmaqla, halhazırda işək vəziyyətdədir.

2. Rəyin “tədiqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A32” markalı, arxa markalanma göstəricisinə görə “SM-A325F/DS” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsviri ilə (parol, password) mühafizə olunan ekran klidini ləğv etmək mümkün olmadı.

3. Rəyin “Tədqiqi hissəsi”nin 2-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A32” markalı, arxa markalanma göstəricisinə görə “SM-A325F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, qəbul olunmuş zəng, çıxan zəng, buraxılmış zəng, sms mesaj, audio, foto, video fayllar və.s) məlumatın olubolmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Baxış keçirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli “BKC/LGL-0421/24” saylı məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, AR ƏN PX Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı təcridxanada aşkar olunaraq götürülmüş bir ədəd “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “3545xx/xx/169870/8” “imei” kodlu mobil telefon aparatından daxilində olan ***-***-**-** saylı “Cin” danışıq kartı vasitəsilə 2024-cü ilin yanvar və fevral aylarının müxtəlif vaxtlarında ***-***-**-**; ***-***-**-** saylı mobil və ***-***-**-** saylı telefon nömrələrinə zəng etməsi barədə məlumatlar vardır. Qeyd edilən məlumata baxış keçirdikdən sonra həmin nömrəyə dair müvafiq çıxarışlar edilərək cinayət işinə əlavə olunmuşdur. Maddi sübut kimi tanımaq haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş daxilində ***-***-**-** saylı “Cin” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “3545xx/xx/169870/8” “imei” kodlu mobil telefon aparatı və "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, “BKC/LGL- 10421/24” saylı məktub və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixli X8, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il tarixli X7 adlı üç uşağı vardır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, AR CM-nin 66.5-ci və 66.2-ci maddələrinə əsasən barəsində qəti olaraq 15000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 15.000 manat cərimə məbləğindən heç bir ödəniş etməməsi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-31/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə hazırki cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-95/2023 saylı qərarı ilə həbsdə olması nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində olan hazırki cinayət işinə AR CPM-nin 39.1.9-cu maddəsinə əsasən xitam verilməli olmasına dair xahişinə münasibət bildirərək məhkəmə qeyd edir ki, hazırki cinayət işi AR CM-nin 317-2.1-ci maddəsi ilə idarəetmə qaydası əleyhinə olan və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibinə aiddir. AR CPM-nin 39.1.9-cu maddəsində nəzərdə tutulan əsasla, yəni zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması əsası ilə cinayət təqibinə xitam verilməsi isə cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə tətbiq oluna bilər. Bundan başqa AR CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət idarəetmə qaydası əleyhinə olan cinayətlərə daxil olduğundan Bakı İstintaq Təcridxanasının zərərçəkmiş şəxs qismində tanınması və onunla barışıq əldə olunaraq iş üzrə icraata xitam verilməsi mümkün deyil. Təqsirləndirilən şəxsin barəsində cəza təyin olunduğu halda cəzasının əvvəlinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəlindən yəni, xx.xx.2023-cü il tarixdən hesablanmasına dair mövqeyi ilə bağlı məhkəmə bildirir ki, həmin qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar seçilmiş və həmin vaxt hazırki cinayət əməlini törətməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Belə ki, CMnin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, o, barəsində təyin edilmiş cərimə cəzasını ödəməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi hazırki cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini və hökm üzrə təyin olunmuş cərimə cəzasının ödənilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hazırki cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq təyin olunmuş cəzadan çıxılmaqla cəza hesablanmalı (CM-nin 69.3), Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-11/2022 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 15000 manat cərimə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, “BKC/LGL-10421/24” saylı məktubun və iş üzrə çıxarış olan diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, “Samsung Galaxy A32” markalı, “SM-A325F/DS” modelli, “3545xx/xx/169870/8” “imei” kodlu mobil telefon, 1 ədəd cin danışıq kartı olan ***-***-**-** nömrəli danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hazırkı iş üzrə həbsdə olması nəzərə alınaraq üzərində 1 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-11/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 15000 manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 15000 manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Samsung Galaxy A32” markalı, “SM- A325F/DS” modelli, “3545xx/xx/169870/8” “imei” kodlu mobil telefon və 1 ədəd cin danışıq kartı olan ***-***-**-** nömrəli danışıq kartı dövlət nəfinə müsadirə edilsin. "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, “BKC/LGL-10421/24” saylı məktub və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar