Məhkəmə qərarları › İş №1(008)-430/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-430/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-430/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,157 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 16 dekabr 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində xidmət aparılarkən narkotik vasitələrin istifadəsində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşımasında əsaslı şübhələr yarandığından həmin tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edilərək aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 0,157 qram olan həmin narkotik vasitə heroin 1 ədəd bükümdə olmaqla onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 16 saylı cəza çəkmə müəssisənin yanında gəzərkən yerdən bir ədəd ağ rəngli selofana bükülmüş içərisində kakos kimi tanıdığı narkotik vasitə olduğunu görmüş, həmin narkotik vasitədən istifadə etdiyi üçün yerdən götürərək üzərində saxlamış, 16 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüş, həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişlər. O, üzərində narkotik vasitə heroin olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamış, ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmiş, polis əməkdaşları onun hərəkətlərindən şübhələnib Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmiş, düşünmüşdür ki, üzərindəki narkotik vasitə heroini təqdim edərkən müdafiəçisi görməsin və gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etsin. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videoçəkilişlə şəxsi axtarış başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşulmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmiş, polis əməkdaşları üzərindən aşkar edilmiş həmin bükümü kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni bir gün əvvəl, yəni 15 dekabr 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 16 saylı cəza çəkmə müəssisənin yanında gəzərkən yerdən taparaq götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2022- ci il tarixdə saat 13 radələrində Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində xidmətdə olan zaman həmin qəsəbədə Samir Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evinin yanında bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar tanımadıqları həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olubolmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş, onlardan da yayınmağa çalışmışdır. Ona görə də, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər və qeyd olunan şəxs etiraz etməmişdir. Onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, tanımadıqları şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş etmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış, Təqsirləndirilən şəxs şəxsi axtarışın videçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin kütləni 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rənfli maddəni təqdim edərək həmin maddənin kakos olduğunu, 01 gün öncə Sabunçu rayonu, Ramana qəsəbəsi, 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerdən tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir ( i.v. 26-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 6/7077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs: imza, iştirakçılar -iki imza; Tərtib etdi: Təhqiqatçı- E.Abbasov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,157 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış naskotik vasitə - heroindir (i.v. 32-36). “Əşyanın maddi sübut kimi tanıması haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,107 qram hissəsinin Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i.v.84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 fevral 2023-cü il tarixli, 1151 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 105-106). “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.138-143). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 16 dekabr 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v. 15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.66-67). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.68- 69). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2000-ci il tarixli hökmünə əsasən AR CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsinə əsasən təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay müddətə azadlıqdan şərti məhkum edilmiş, 11 oktyabr 2000-ci il tarixdə cəzasının çəkilməmiş hissəsi 4.950.000 manat cərimə cəzası ilə əvəz edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 aprel 2012-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir (i.v.118-119). Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(010)-272/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.121-127). Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 122615-21-1/3- 10579-9 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 3(010)-3851/23 saylı qərarı ilə 20 gün müddətə inzibati qaydada həbsdə saxlanılmış, 24 may 2023-cü il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 29 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 27 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(010)-272/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(010)-272/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 05 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 03 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(010)-272/2023 saylı hökmü üzrə təyin edilmiş cəzanın icrası ilə əlaqədar 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,107 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar